Günəş şüasını istilik enerjisinə çevirən qurğular

 

Bu il texnoparkların yaradılması istiqamətində çoxtəsirli və ciddi addımlar atılmalıdır. Bütün müvafiq göstərişlər verildi, sərəncamlar imzalandı, torpaq sahələri ayrıldı. Artıq təcrübə də vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir.

 

İlham ƏLİYEV

 

 

Ötən yazımızda Sumqayıt Texnoparkının Kabel Zavodu haqqında məlumat vermişdik. Budəfəki söhbətimizsə Texnoparkın daha bir mühüm müəssisəsi - Günəş Kollektorları Zavodu barədədir.

Müasir dünyada təbii enerji mənbələrindən istifadə edilməsi bəşəriyyəti ekoloji böhranla üz-üzə qoyub. İkinci narahatlıq doğuran hal isə getdikcə dünyada təbii enerji resurslarının tükənməsidir. Bu isə o deməkdir ki, təbii enerji mənbəyi yaxın gələcəkdə dünyanın enerjiyə olan tələbatını ödəyə bilməyəcək. Elə isə nə etməli? Dünyanın inkişaf etmiş ölkələri yaranacaq kritik durumdan çıxmağın yolunu elmmüasir texnologiyaların imkanlarından faydalanmaqda görürlər. Odur ki, hazırda dünyanın inkişaf etmiş ölkələrində alternativ enerjidən istifadə etmək prosesi sürətlə həyata keçirilir.

Azərbaycan təbii enerji mənbələrinə görə dünyanın zəngin ölkələrindən sayılır. Ölkəmiz bir əsr belə bundan sonra özünü təbii enerji resursları ilə təmin edə bilər. Xoşbəxtlikdən zəngin alternativ enerji resurslarına da malikik. İqlim şəraitimiz il boyu günəş və külək enerjisindən istifadə etməyə imkan verir. Alternativ enerji mənbələrindən istifadə etmək iki baxımdan çox önəmlidir. Birincisi, bərpa olunan enerjidən istifadə etməklə ekologiyamızı qoruyub tələbatımızı müəyyən qədər ödəyə bilərik. İkincisi, daxili tələbat üçün istifadə etmədiyimiz təbii enerji resurslarını dünya bazarına çıxarmaqla daha çox gəlir əldə etmək mümkündür.

Azərbaycan Prezidenti İlham Əliyev 21 oktyabr 2004-cü ildə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması haqqında Dövlət Proqramının həyata keçirilməsi barədə mühüm sənəd imzalamışdır. Proqramda günəş və külək, kiçik SES-lər, termal sular, biokütlə enerjisindən istifadə edilməsi qarşıya bir vəzifə kimi qoyulmuşdur.

Günəş enerjisinin istilik enerjisinə çevrilməsi dünya praktikasında geniş yayılıb. Bir çox inkişaf etmiş ölkələrdə bu növ enerjidən istifadə olunması gələcəyin enerji təminatı istiqamətlərindən biri kimi müəyyən edilib. Sumqayıt Texnologiyalar Parkının Günəş Kollektorları Zavodu bu sahədə ölkəmizdə yaradılan ilk müəssisədir. Zavod 2010-cu ilin may ayından fəaliyyət göstərir. Müəssisənin istehsal etdiyi məhsullara böyük tələbat var. Buna görə də zavodun alıcı problemi yoxdur. Burada istehsal olunan qurğularla heç bir təbii enerji vasitələrindən istifadə etmədən mənzillərin, məktəb və bağçaların, iaşə obyektlərinin, fermer təsərrüfatlarının, səhiyyə obyektlərinin və s. sahələrin qaynar suistilik problemini həll etmək mümkündür. Həmin avadanlıqlar eyni zamanda təhlükəsizlik baxımından da çox əlverişlidir.

Müəssisədə istehsal prosesləri tam avtomatlaşdırılıb. Burada istifadə edilən Koreya, Almaniya və Türkiyəyə məxsus istehsal avadanlıq və dəzgahları avtomatlaşdırılmış kompyuter sistemi ilə idarə olunur. Yəni müəssisədə ağır əl əməyindən istifadə edilmir. Dəzgahları isə bu sahədə yaxşı bilik və peşə vərdişlərinə malik yüksək ixtisaslı işçilər idarə edirlər.

Müəssisənin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu başqa bir fakt da təsdiqləyir. Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, bütün dünyada istehsal edilən enerjinin 60 faizindən çoxu yalnız istehlakçıların qaynar suya və istiliyə olan tələbatlarının ödənilməsinə sərf olunur. Belə halda günəş enerjisindən istifadə edilməsi böyük iqtisadi səmərə ilə yanaşı, külli miqdarda tükənən yanacaq ehtiyatlarına da qənaət etməyə imkan verir. Qeyd edək ki, zavodda istehsal olunan günəş kollektorları hava şəraitindən asılı olaraq bir saat ərzində 100-350 litr suyu 40-95 dərəcəyə qədər qızdırmaq gücünə malikdir.

Zavodda kollektorlar ən çətin hava şəraiti nəzərə alınmaqla istehsal olunur. Bu, müəssisəyə məhsullarını müxtəlif iqlim qurşaqlarında yerləşən ölkələrə ixrac etməyə imkan yaradır. Kollektorlar müvafiq beynəlxalq sertifikatlara malikdirşokistilik, donma, təzyiq, mexaniki yük, etibarlıq kimi parametrlər üzrə testlərdən uğurla keçib.

Elmi araşdırmalardan o da məlum olub ki, günəşdən gələn şüaların yalnız 50 faizə qədəri Yer kürəsinə gəlib çatır. Buna görə də günəş enerjisindən istifadə etməklə bir ildə sərf olunan isti suya olan tələbatın 60-80 faizini ödəyə bilərik. Zavodda il ərzində istehsal olunan 12 min kollektordan istifadə etməklə  44 milyon kVı istilik enerjisi almaq olar. İndi təsəvvür edin ki, bu qədər istilik enerjisi almaq üçün hansı miqdarda təbii enerji qaynaqlarından istifadə olunması lazım gələrdi. Üstəlik, bu qədər təbii enerji resurslarından istifadə  ekologiyamıza ziyan vurmağın qarşısını almaqla bərabər, milyonlarla manatlıq neft-qaz məhsullarına qənaət deməkdir. Yuxarıda vurğulanan faktlara nəzər saldıqda Sumqayıt Texnologiyalar Parkının Günəş Kollektorları Zavodunun əhəmiyyətini bir daha aydın görə bilərik.

Zavodun sahə rəisi Natiq Abbasov deyir ki, müəssisə alıcı sarıdan korluq çəkmir. Onların məhsullarından sosial obyektlərdə, turizm mərkəzlərində, Müdafiə Nazirliyinin hərbi hissələrində geniş istifadə olunur. Müəssisə iki ildən çoxdur məhsul istehsal edir. Bu günə kimi alıcılar tərəfindən alınan məhsulun keyfiyyəti ilə bağlı müəssisəyə heç bir şikayət daxil olmayıb.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2012.- 2 may.- S. 1.