Azərbaycan Koreyanın gömrük sahəsində təcrübəsini öyrənəcəkdir

 

Mayın 1-də Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Yung-sup Joo ilə görüşmüşdür.

Komitə sədri Azərbaycan Dövlət Gömrük Xidmətinin fəaliyyəti, son 20 ildə bu sahədə əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir.

Bildirmişdir ki, Koreyanın gömrük sahəsində böyük təcrübəsi vardır və bu sahədəki təcrübəsini Azərbaycanla bölüşmə istəyi təqdirəlayiq haldır.

Yung-sup Joo Azərbaycan ilə Koreya arasındakı iqtisadi əlaqələrdən məmnunluqla danışmışdır. O qeyd etmişdir ki, təkcə ötən il iki ölkə arasında ticarət dövriyyəsində 18 faiz artım müşahidə olunmuşdur. Qonaq gömrük sahəsindəki əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə Azərbaycan ilə Koreya arasında gömrük sahəsində qarşılıqlı yardım, idarəetmə modeli, birgə əməkdaşlıq, sərhədlərə nəzarət kimi məsələlər müzakirə edilmişdir. Gələcəkdə ölkələrimiz arasında gömrük sahəsində birgə əməkdaşlığa dair sazişin imzalanması da nəzərdə tutulur.

Görüşdə Koreya Gömrük Xidmətinin fəaliyyətinə dair təqdimat olmuşdur.

Sonra qonaqlar DGK-nın Risklərin İdarə edilməsi Mərkəzi ilə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 2 may.- S. 2.