Mükəmməl
Konstitusiyanın banisi
Azərbaycanın özü qədər
əbədi
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Konstitusiyanın 158 maddəsindən 48-nin, yəni üçdəbirinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etdi. Konstitusiya bu deklorativ norma ilə kifayətlənməyərək başqa bir maddədə insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə bir vəzifə olaraq qoydu. Əsas Qanunda bütün növ insan hüquqları - əmək, istirahət, sosial təminat, mənzil toxunulmazlığı, təhlükəsiz yaşamaq, tətil, təhsil, milli mənsubiyyət hüquqları, vicdan azadlığı, fikir və söz azadlığı, sərbəst toplaşmaq hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirak etmək hüququ və s. aydın təsbit edildi.
Müasir hüquq doktrinasında hüquqi demokratik və konstitusion dövlət anlayışları sinonim anlayışlar kimi istifadə olunur və konstitusion dövlət anlayışı konstitusiya quruluşunun bərqərar olduğu dövləti ehtiva edir. Yeri gəlmişkən, dövlətin konstitusiyasının mövcudluğu hələ onun konstitusion və konstitusiya quruluşlu dövlət hesab olunmasına əsas vermir, çünki bu konstitusiya, ilk növbədə, demokratik prisnipləri ehtiva edən konstitusiya olmalıdır və digər tərəfdən, onun nəzərdə tutduğu prinsiplər real xarakter kəsb etməlidir. Dövlətin konstitusiya quruluşu məfhumu isə ilk növbədə, hüququn dövlət hakimiyyətinə münasibətdə aliliyi və insan hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması ilə şərtlənir. Odur ki, respublikamız müasir demokratik dövlət qurmaq üçün Konstitusiyada bu iki başlıca amili nəzərə almaya bilməzdi. Konstitusiyanın 7-ci maddəsinin ikinci hissəsinə görə, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Konstitusiyanın 12-ci maddəsində isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunmasını şərtləndirən dövlətin ali məqsədi bəyan olunur. Bu müddəaların konstitusion təsbiti respublikamızı konstitusiya quruluşlu dövlət kimi xarakterizə etməyə əsas verən ilkin amildir. Konstitusiyanın bu müddəasını insanın, onun hüquq və azadlıqlarının cəmiyyətdə ali nemət kimi dəyərləndirildiyini, dövlətin, onun bütün orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinin son nəticədə insan hüquqlarının və azadlıqlarının təmin olunmasına yönəldilməli olduğunu müəyyən edən norma kimi də xarakterizə etmək olar.
Hər bir demokratik hüquqi dövlət insan hüquqları və azadlıqları sahəsində bir sıra mühüm öhdəliklər götürür. Bunlarsız insan hüquq və azadlıqlarının heç bir əhəmiyyəti ola bilməz. Bu öhdəliklərə insan hüquqları və azadlıqlarının tanınması, insan hüquqlarına və azadlıqlarına riayət olunması, insan hüquqları və azadlıqlarının təmin olunması və insan hüquqları və azadlıqlarının müdafiəsi ilə bağlı məsələlər daxildir.
İnsan hüquqlarının və azadlıqlarının dövlət tərəfindən tanınması onu ifadə edir ki, insanın anadangəlmə təbii, pozulmaz və ayrılmaz hüquqları, həmçinin hamılıqla qəbul edilmiş beynəlxalq normalarla nəzərdə tutulmuş hüquq və azadlıqları tam həcmdə Konstitusiya və qanunlarla təsbit edilməlidir.
İnsan hüquqları və azadlıqlarının təmin olunması dövlət hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən insan hüquq və azadlıqlarının realizəsi üçün zəruri siyasi, hüquqi, iqtisadi və mənəvi-ideoloji təminat mexanizmlərinin, habelə hər bir şəxsin bu təminat mexanizmlərindən sərbəst yararlanması imkanının yaradılması ilə şərtlənir.
İnsan
hüquqları və azadlıqlarının müdafiəsi
dövlət hakimiyyəti və yerli özünüidarə
orqanları və onların vəzifəli şəxsləri
tərəfindən insan hüquqları və
azadlıqlarının pozulması hallarının
qarşısını almağı və müvafiq hüquqi
təminatlar sistemi yaratmağı, habelə pozulmuş
hüquqların bərpası üzrə məhkəmə və
inzibati orqanların təsirli fəaliyyətini nəzərdə
tutur.
Azərbaycan Respublikasının Konstitusiyası hər şeydən əvvəl, insan hüquqları və azadlıqlarının hüquq və azadlıqların universallığı, hüquq və azadlıqların toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı, insan hüquqları və azadlıqlarına dair beynəlxalq hüquq normalarının üstünlüyü, hüquq və azadlıqların təminatlılığı və hüquq və azadlıqların birbaşa qüvvəsi kimi əsas prinsiplərini müəyyən edir. Belə ki, Konstitusiyanın 24-cü maddəsində yazılıb ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyanın bu müddəası insan və vətəndaş hüquqları və azadlıqlarının iki mühüm xüsusiyyətini ifadə edir. Birincisi, hüquq və azadlıqlar universal xarakter daşıyır, cəmiyyətin və dövlətin siyasi sistemindən, sosial-iqtisadi durumundan, dövlətçiliyin tarixi inkişaf xüsusiyyətlərindən asılı deyil. Hüquq və azadlıqların universal xarakteri həm də onların yaranması əsaslarını və mexanizmini ehtiva edir. Belə ki, Konstitusiyaya görə, şəxsin hüquq və azadlıqlarının yaranması onun doğulması faktı ilə şərtlənir, başqa hər hansı şərt tələb olunmur. Başqa sözlə, insan anadangəlmə, yəni doğulduğu vaxtdan etibarən Konstitusiya və qanunlarla elan olunmuş hüquq və azadlıqlara malik olur, onların daşıyıcısına çevrilir.
Konstitusiyada təsbit olunan hüquq və azadlıqların ikinci mühüm xüsusiyyəti isə onların toxunulmaz, pozulmaz və ayrılmaz olmasıdır. Toxunulmazlıq hüquq və azadlıqların ən mühüm xüsusiyyətlərindən biri olub, onlara qarşı hər cür qanunsuz və özbaşına qəsdin yolverilməzliyini ifadə edir. Pozulmazlıq insan hüquqları və azadlıqlarının aliliyini və birbaşa qüvvəsini, onların hər hansı normativ hüquqi akt və ya vəzifəli şəxs tərəfindən ləğv olunmasının, yaxud onların həyata keçirilməsinin qanunla müəyyən edilməyən hallarda məhdudlaşdırılmasının yolverilməməzliyini müəyyən edir. Bu xüsusiyyət, ilk növbədə, onu ifadə edir ki, dövlət heç bir halda insanı onun konstitusiya ilə müəyyən edilən hüquqlarından və azadlıqlarından məhrum edə bilməz. Ayrılmazlıq hüquq və azadlıqların insan iradəsindən asılı olmayaraq mövcud olduğunu, şüura, iradəyə malik ictimai varlıq kimi insanın təbiətindən irəli gəldiyini, onu xarakterizə edən zəruri faktor olduğunu əks etdirir.
Hüquq və azadlıqların toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı Konstitusiyanın 155-ci maddəsində təsbit edilmiş belə bir müddəa ilə də təmin olunur ki, Konstitusiyanın insan hüquqları və azadlıqlarını nəzərdə tutan müddəaların ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda nəzərdə tutulduğundan artıq məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.
İnsan hüquqları və azadlıqlarının universallığı, toxunulmaz, pozulmaz və ayrılmazlığı kimi prinsiplərin konstitusion təsbiti iki başlıca məsələni istisna etmir: birincisi, hüquq və azadlıqlar mütləq, qeyri-məhdud xarakter daşımır. Konstitusiyanın 24-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulduğu kimi, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Bu isə hüquq və azadlıqlara malik olmanın onların həyata keçirilməsi zamanı şəxsə heç nə ilə məhdudlaşmayan davranışı həyata keçirməyə imkan vermir. İnsan hüquq və azadlıqları, ilk növbədə, digər şəxslərin eyni xarakterli hüquq və azadlıqları ilə məhdudlaşır. Yəni, şəxsin öz hüquqlarını və azadlıqlarını həyata keçirməsi, başqalarının müvafiq hüquq və azadlıqlarına heç bir xələl gətirməməli və onları məhdudlaşdırmamalıdır. Hər bir şəxsin öz hüquqlarını və azadlıqlarını müdafiə etmək imkanı qeyd olunan müddəa ilə heç bir ziddiyyət təşkil etmir. Belə ki, müdafiə qanunla müəyyən olunmuş qaydada, qanunla qadağan olunmayan üsul və vasitələrdən istifadə edilməklə həyata keçirilməlidir. İkinci, ondan ibarətdir ki, dövlət yalnız müəyyən şərtlər daxilində insan hüquqları və azadlıqlarını məhdudlaşdıra bilər. Belə məhdudlaşdırmalar ya bilavasitə Konstitusiyanın özündə nəzərdə tutulmalı və ya Konstitusiya müvafiq hüququn qanunlar əsasında məhdudlaşdırılması imkanını müəyyən etməlidir.
Buna görə də Konstitusiyada hüquq və azadlıqlar sadalanarkən bir çox hallarda onların hansı hallarda və hansı şərtlər daxilində qanunla məhdudlaşdırıla bilməsi imkanı da nəzərdə tutulur. Belə məhdudlaşdırmalar qanun əsasında həyata keçirildiyi üçün ümumi və daimi xarakter daşıyır və konkret vəziyyətlərdən asılı deyildir. Digər bir məsələ isə insan hüquq və azadlıqlarının deyil, bu hüquq və azadlıqların həyata keçirilməsinin məhdudlaşdırılması ilə bağlı olan məsələdir. Belə ki, Konstitusiyanın nəzərdə tutduğu konkret vəziyyətlərdə dövlət insan hüquqları və azadlıqlarının həyata keçirilməsini qismən və müvəqqəti məhdudlaşdıra bilər. Bu kimi məhdudlaşdırmalar zamanı dövlət bir sıra şərtlərə riayət etməlidir ki, bu şərtlər də beynəlxalq hüquqi aktlarda, məsələn, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda, habelə milli qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununda öz əksini tapıb. Qanunun 3-cü maddəsində insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair bir sıra tələblər, o cümlədən məhdudiyyətin qanunla müəyyən olunması, hüquq və azadlıqların konstitusion məzmununu dəyişməməsi kimi və sair tələblər nəzərdə tululur.
Bunlarla yanaşı, bir sıra hüquq və azadlıqların məhdudlaşdırılması, ümumiyyətlə, yolverilməzdir. Belə ki, heç bir fövqəladə vəziyyət şəxsin yaşamaq hüququnun, qəddar, insanlıqdan kənar işgəncələrə, insan ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamaq, müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilməmək, törədildiyi vaxt cinayət hesab edilməyən əmələ görə məsuliyyətə cəlb edilməmək kimi hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin üçüncü hissəsinə əsasən, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Bu məhdudiyyətlər digər tərəfdən həm də bir sıra təminatları nəzərdə tutur. Belə ki, bu müddəada, ilk növbədə, insan hüquq və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılması mümkün olan hallar göstərilir, bu məhdudiyyətin müvəqqəti və qismən olması təsbit edilir və bununla bağlı irəlicədən xəbər verilməsi şərti nəzərdə tutulur. Müvafiq məhdudiyyətin tətbiqi zamanı da Konstitusiya Qanununda qeyd olunan tələblər mütləq nəzərə alınmalıdır.
Hüquq və azadlıqların təminatlılığı hər bir insanın əsas hüquqlarından və azadlıqlarından istifadəsi üçün imkan yaradılmasını ifadə edir. Dövlət insan hüquqları və azadlıqlarının bütün mümkün vasitələrlə real surətdə həyata keçirilməsini təmin etməyə borcludur. Hüquq və azadlıqların təminatlılığı dövlət hakimiyyətinin məhdudlaşdırılmasının özünəməxsus xüsusi mexanizmi hesab oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi konstitusiyanın digər maddələrində nəzərdə tutulan xüsusi təminat və müdafiə mexanizmlərindən fərqli olaraq, insan hüquq və azadlıqlarının konstitusion təminatını nəzərdə tutur. Həmin maddənin birinci hissəsində qeyd olunur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Azərbaycan Respublikasının
Konstitusiyası hüquqi demokratik
dövləti xarakterizə edən bir
sıra digər prinsipləri, o cümlədən
xalq suverenliyi, dövlət
hakimiyyətinin təşkilində hakimiyyət bölgüsü, siyasi
münasibətlər sferasında siyasi plüralizm, çoxpartiyalılıq, fikir və söz
azadlığı, iqtisadi münasibətlər
sferasında mülkiyyət müxtəlifliyi, azad
sahibkarlıq və haqsız rəqabətin yolverilməzliyi və
sair bu kimi
digər prinsipləri də təsbit edir.
Lakin bu müddəaların konstitusion
qaydada təsbiti hələ problemin tam həlli deyil, bu yolda
atılan ilk addımdır. İkinci ən mühüm
addım bu prinsiplərin realizəsi mexanizminin formalaşması və onların həyata
keçməsi ilə bağlıdır.
Konstitusiyanın
qəbulundan sonra respublikamızda insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiə mexanizminin
formalaşması bir sıra istiqamətləri, o cümlədən
Konstitusiyanın insan hüquq və azadlıqları sahəsində
təsbit etdiyi prinsip və müddəaların realizəsi
mexanizmini müəyyən edən və insan hüquqları
sahəsində beynəlxalq standartlara cavab verən cari
qanunvericilik bazasının formalaşdırılması,
institusional sahədə, yəni insan hüquq və
azadlıqlarının təmini və müdafiəsi bilavasitə
funksiyasına daxil edilmiş dövlət hakimiyyəti
orqanlarının formalaşdırılması və
onların sisteminin təkmilləşdirilməsi, bu sahədə
beynəlxalq təşkilatlarla əməkdaşlığın
qurulması və inkişaf etdirilməsi, hüquqi maarifləndirmə
işinin təşkili və inkişafı, bu sahədə
qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın
formalaşdırılması və inkişafı, insan
hüquqları sahəsində elmi araşdırmaların
inkişafı kimi istiqamətləri əhatə etdi.
İnsan hüquqları sahəsində beynəlxalq standartlara cavab verən və hüquqi demokratik dövlətin tələblərinə uyğun müdafiə mexanizmlərinin yaradılmasını təmin edən cari qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Bunun üçün 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Hüquqi İslahatlar Komissiyası formalaşdırıldı. Bu Komissiya tərəfindən insan hüquq və azadlıqlarının daha səmərəli təminat və müdafiə mexanizmlərinin yaradılmasına xidmət edən, beynəlxalq standartlara cavab verən fundamental xarakterli bir maddi və prosessual qanunvericilik aktları, o cümlədən yeni məcəllələr, məhkəmələrin, prokurorluğun, polisin və digər hüquq-mühafizə orqanlarının hüquqi statusunu və səmərəli fəaliyyət mexanizmini tənzimləyən qanunlar beynəlxalq hüquqi aktların tələblərinə, o cümlədən Avropaya inteqrasiya gələcək beynəlxalq əməkdaşlığın prioritet istiqamətlərindən biri olduğu üçün "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun şəkildə hazırlandı və qəbul olundu.
İnsan hüquq və azadlıqlarına ali dəyərlər kimi xüsusi önəm verən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildən ölüm cəzasının tətbiqinə qoyulan moratorium bu islahatlar nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsində cəzanın sistemindən ölüm cəzasının çıxarılması ilə nəticələndi. Bu dövrdə "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunların, habelə yeni Mülki və Mülki-prosessual, Cinayət və Cinayət-prosessual məcəllələrin qəbulu insan hüquqları sahəsində cari qanunvericilik bazasının formalaşdırılmasına çox müsbət təsir göstərdi. İnsan və vətəndaşın konstitusion hüquq və azadlıqlarının təminatını gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 22 fevral 1998-ci il tarixli "İnsan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə bu istiqamətdə dövlət siyasətinin başlıca prioritetləri müəyyən edildi. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş İnsan hüquqlarının müdafiəsi sahəsində Dövlət Poqramı bu sahədə qanunvericilik və institusional islahatların həyata keçirilməsinə yeni təkan verdi.
Həyata keçirilən islahatlar demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sisteminin formalaşmasına, konstitusiya nəzarəti funksiyasını həyata keçirən xüsusi məhkəmə orqanının yaradılmasına, insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsinə, hüquq-mühafizə fəaliyyətinin daha da təkmilləşdirilməsinə, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin hüquqi maarifləndirmə və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinin genişləndirilməsinə səbəb olmaqla insan hüquqlarının təmin edilməsi sahəsində səmərəli müdafiə mexanizminin formalaşmasına gətirib çıxardı.
Respublikamızda həyata keçirilən hüquqi islahatların ikinci mərhələsi Azərbaycan Respublikasının 25 yanvar 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunması ilə başladı. Belə ki, Avropa Şurasına üzv olan respublikamız "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmaqla insan hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq öhdəliklər, o cümlədən bu sahədəki qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, məhkəmə sisteminin təkmilləşdirilməsi və s. ilə bağlı öhdəliklər götürdü.
Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi inkişafı, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar, respublikamızın bir çox beynəlxalq təşkilatlara üzv olması və çoxsaylı beynəlxalq hüquqi aktlara qoşulması sayəsində beynəlxalq əməkdaşlığın inkişafı və sair bu kimi amillər konstitusion islahatların davam etdirilməsini şərtləndirdi. Bunun nəticəsində 2002-ci il avqustun 24-də Azərbaycan Respublikası Konstitusiyasının təxminən 24 maddəsində 39 əlavə və dəyişiklik edilməsini nəzərdə tutan layihə referendum yolu ilə qəbul olundu. Referenduma çıxarılan məsələlərin bir blokunu da insan hüquq və azadlıqlarını təsbit edən konstitusion müddəaların daha da təkmilləşdirilməsini nəzərdə tutan əlavə və dəyişikliklər təşkil edirdi.
İnsan hüquq və azadlıqları ilə bağlı konstitusion müddəaların təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar 2002-ci il dekabrın 24-də qəbul olunan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə davam etdirildi. Bu Konstitusiya Qanunu bir tərəfdən referendum yolu ilə konstitusiya müddəlarının təkmilləşdirilməsi işini davam etdirir, digər tərəfdən Avropa İnsan hüquqları Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Konstitusiya Qanununda insan hüquq və azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri müəyyən olunur, məhdudlaşdırılması qadağan olunan insan hüquqları ilə bağlı müddəa təsbit olunur, qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər konkretləşdirilir, şəxsin tutulmasına, həbsə alınmasına və ya azadlıqdan məhrum edilməsinə qoyulan məhdudiyyətlər öz əksini tapıb. Qanunda nəzərdə tutulan müddəalar bir daha insan və vətəndaşın konstitusion hüquq və azadlıqlarının təmininə əlavə imkanlar yaradır və müdafiə mexanizmini daha da təkmilləşdirir.
İnsan hüquq və azadlıqlarının əsas müdafiəçisi olan müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması istiqamətində həyata keçirilən məhkəmə hüquq islahatlarının birinci mərhələsində əgər əsas diqqət konstitusion müddəaların tələblərinə uyğun qanunvericiliyin formalaşdırılması və institusional xarakterli idisə, yeni mərhələ daha çox qismən qanunvericiliyin təkmilləşdirilməsi və əsasən institusional islahatların həyata keçirilməsi ilə müşayiət olunur. Belə ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununa bir sıra əlavə və dəyişikliklərin edilməsi, "Konstitusiya Məhkəməsi haqqında" 23 dekabr 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununun, "Məhkəmə Hüquq Şurası haqqında" 28 dekabr 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun qəbul olunması, Məhkəmə Hüquq Şurasının, Hakimlərin Seçki Komissiyasının yaradılması, Azərbaycan Respublikası məhkəmə orqanları sisteminin təkmilləşdirilməsi, o cümlədən apelyasiya məhkəmələrinin, ağır cinayətlərə dair işlər üzrə məhkəmələrin, yerli inzibati-iqtisad məhkəmələrinin yaradılması məhz yeni mərhələyə təsadüf edir.
Həyata keçirilən hüquqi islahatlar nəticəsində 2001-ci il dekabrın 28-də "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmiş və bununla da insan hüquqlarının yeni qeyri-prosessual müdafiə mexanizmi formalaşdırılmışdır. Sonradan bu istiqamətdə həyata keçirilən islahatlar ombudsman təsisatının respublikanın regionlarında mərkəzlərinin yaradılması və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) institutunun təsis olunması ilə davam etdirilmişdir.
Hüquqi demokratik dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar seçki qanunvericiliyinin də mütəmadi təkmilləşdirilməsi və vətəndaşların ən mühüm siyasi hüquqlarından biri olan seçki hüququnun, habelə fundamental hüquqlar olan vətəndaşların dövlətin və cəmiyyətin siyasi həyatında iştirak etmək, vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək kimi hüquqlarının həyata keçirilməsi üçün lazımi zəmin yaradılması ilə müşayiət olunmuş, bu sahədə aparılan məcəlləşdirmə 2003-cü il mayın 27-də Azərbaycan Respublikası Seçki Məcəlləsinin qəbulu ilə nəticələnmişdir. Avropa Şurasının Venesiya Komissiyası ilə həyata keçirilən əməkdaşlıq sayəsində Seçki Məcəlləsi mütəmadi təkmilləşdirilmişdir. Qeyd edə bilərik ki, bu Məcəllə hazırkı dövrün ən təkmil seçki qanunu kimi təqdim oluna bilər.
Respublikamızda insan hüquqları sahəsində həyata keçirilən islahatlar Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planının təsdiq edilməsi haqqında" sərəncamı ilə davam etdirilmişdir. Sərəncamda ötən illər ərzində Azərbaycan Respublikasının insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla səmərəli əməkdaşlığını inkişaf etdirməsi, insan hüquqları sahəsində bir çox beynəlxalq sənədlərin ratifikasiya olunması və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində bir sıra nailiyyətlərin əldə olunması vurğulanmaqla yanaşı, bu sahədə qanunvericilik və institusional islahatların həyata keçirilməsi, yeni məhkəmə sisteminin formalaşdırılması, konstitusiya nəzarəti və insan hüquqları üzrə müvəkkil institutlarının təsis edilməsi, hüquq-mühafizə fəaliyyətinin təkmilləşdirilməsi, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişlənməsi kimi məsələlər yüksək qiymətləndirilir və yeni mərhələ üçün islahatların davam etdirilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulur.
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planı normativ hüquqi aktların təkmilləşdirilməsi sahəsində, İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafəsinin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi, insan hüquqları ilə bağlı tədris, maarifləndirmə, elmi-analitik və əməkdaşlıq tədbirləri sahələrində dövlət siyasətinin başlıca prioritetlərini nəzərdə tutur. Milli Fəaliyyət planında nəzərdə tutulan bir çox tədbirlərin konkret zaman kəsiyində deyil, mütəmadi xarakter kəsb etməsi respublikamızın bu istiqamətdəki mövqeyinin sabit, dəyişməz olduğunu sübut edir və hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti yaradılması sahəsində uğurlu nəticələr əldə edəcəyinə zəmanət verir.
Ziyafət ƏSGƏROV,
Milli Məclis Sədrinin
birinci müavini, YAP
Siyasi Şurasının
üzvü
Azərbaycan.- 2012.- 2 may.- S. 3.