Aqşin MEHDİYEV: “Azərbaycanın
xarici siyasətinin prioritetləri onun BMT-nin Təhlükəsizlik
Şurasında sədrlik etdiyi dövrdə
də əvvəlki kimi qalacaqdır”
Azərbaycanın xarici siyasətinin prioritetləri əvvəlki kimi qalacaq, onun BMT-nin Təhlükəsizlik Şurasında sədrlik etdiyi dövrdə də öz aktuallığını saxlayacaqdır.
AzərTAc xəbər verir ki, bu fikri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev söyləmişdir.
Bu gündən etibarən Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına başçılıq edir. Azərbaycan bu estafeti aprel ayında sədrlik etmiş ABŞ-dan qəbul etmişdir və bir aydan sonra onu Çinə verəcəkdir. Azərbaycan tarixdə ilk dəfə 2011-ci ilin oktyabr ayında BMT Baş Məclisində keçirilmiş seçkilərdə bu təşkilatın Təhlükəsizlik Şurasına seçilmiş, 2012-ci il yanvarın 1-də isə bu orqanın qeyri-daimi üzvü səlahiyyətlərini əldə etmişdir.
A.Mehdiyev vurğulamışdır ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında üzv olması onun sabit, permanent xarakter daşıyan xarici siyasətinin prioritetlərinə əsla təsir göstərməyəcəkdir. Yaxın 31 gün üçün BMT-nin Təhlükəsizlik Şurasının iş proqramı hələ təsdiq edilmədiyindən, səfir bu məsələnin təfərrüatına varmamağı üstün tutmuşdur.
Diplomat qeyd etmişdir ki, Azərbaycanın sədrliyi dövründə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması ilə əlaqədar məsələlər, terrorizm, Balkanlarda və təbii ki, Yaxın Şərqdə və Asiyada vəziyyət məsələləri gündəmdə olacaqdır.
BMT Təhlükəsizlik Şurası müntəzəm olaraq, Katibliyin Yaxın Şərqdə vəziyyət, o cümlədən Fələstin məsələsi barədə hesabatını dinləyir. A.Mehdiyev demişdir: "Təbii ki, bu məsələlər bizim proqramda da öz əksini tapacaqdır. Bundan əlavə, Suriyada vəziyyət, əvvəlki kimi, Təhlükəsizlik Şurasının işində əsas yerlərdən birini tutacaqdır".
Diplomat Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının və Bloklara Qoşulmamaq Hərəkatının üzvü olduğunu qeyd edərək vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurasının gündəliyindəki bir sıra məsələlər barədə Azərbaycanın öz mövqeyi vardır. Səfir demişdir: "Əgər bəzi məqamlarda bizim fikrimiz başqa ölkələrin baxışları ilə eynidirsə, bu, çox yaxşıdır. Əgər fərqlidirsə, onda bizim öz prinsiplərimiz var və biz onlardan geri çəkilməyə hazırlaşmırıq".
A.Mehdiyev qeyd
etmişdir ki, Azərbaycan
BMT Təhlükəsizlik Şurasının üzvü
olduğu ilk dörd ayda çox qiymətli təcrübə
toplanmışdır. Azərbaycan ilk dəfədir
ki, Təhlükəsizlik Şurasına seçilmişdir və öz
tarixində ilk dəfədir ki, bütün beynəlxalq
məsələlərin həll edildiyi orqanda sədrlik edir. Bu, hər bir diplomat üçün çox böyük məktəbdir.
Azərbaycan.- 2012.- 2 may.- S. 4.