Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı həyata keçirilir

 

 Aprelin 30-da Pakistanda Heydər Əliyev Fondu tərəfindən bu ölkədə həyata keçirilən silsilə humanitar layihələrlə bağlı tədbir keçirilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, "Mariott" mehmanxanasında keçirilmiş tədbir Pakistanın tanınmış "Saif qrupu"nun nəzdində fəaliyyət göstərən Seyfulla İnkişaf Fondu tərəfindən təşkil olunmuşdur.

Mərasimdə Pakistan Senatının və Milli Assambleyanın üzvləri, dövlət və hökumət nümayəndələri, ziyalılar, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, jurnalistlər iştirak etmişlər.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov birinci xanım,  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələrindən danışmış,  Fondun fəaliyyətinin həyatın bütün sahələrini əhatə etdiyini vurğulamışdır.

Bildirilmişdir ki, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda məktəblər, xəstəxanalar, Talassemiya Mərkəzi, musiqi liseyləri, məscidlər inşa olunmuş, ölkə və dünya mədəniyyəti irsinin qorunub saxlanılması üçün tədbirlər həyata keçirilmişdir. Diplomat 2005-ci ildə zəlzələdən zərər çəkmiş Pakistanın Müzəffərabad şəhərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə qızlar məktəbinin tikildiyini, zəlzələdən əziyyət çəkən insanlara humanitartibbi yardımların göstərildiyini diqqətə çatdırmışdır.

Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramına başladığını vurğulayan səfir qeyd etmişdir ki, ilkin mərhələdə "Saif qrup" nəzdində fəaliyyət göstərən "Kulsum İnternational" xəstəxanasının texniki dəstəyi ilə "Edhi Home" Xeyriyyə Fondunun İslamabadda yerləşən kimsəsizlər evindəki uşaqlar üçün tibbi müayinə təşkil olunacaq, onlara hepatit B virusuna qarşı peyvəndlər ediləcəkdir. Peşavar şəhərində "Akbar Kare" Serebral Paraliç İnstitutunda da imkansızlar üçün pulsuz müayinə təşkil olunacaq,  həmçinin Khayber Paxtunxva əyalətinin Qazni Laki Marvat şəhərindəki qadınlar və uşaqlar üçün xəstəxanada tanınmış cərrah, tibb generalı  Vakar Ahmad tərəfindən açıq ürəkdə əməliyyatlar aparılacaqdır.

Qeyd edək ki, "Edhi Home" Fondu səkkiz xəstəxana, diabet,  göz və xərçəng klinikaları, kimsəsizlər və ahıllar evləri də daxil olmaqla 300 mərkəzdən ibarətdir. Fondun mərkəzlərində hazırda on minlərlə ahıl və 50 min uşaq sığınacaq tapmışdır. Xəstəxanalarda isə bir milyon uşağın pulsuz doğuşu təmin olunmuş, valideynləri tərəfindən atılmış 20 min körpənin həyatı xilas edilmiş, 40 min tibb bacısı təlim keçmişdir.

Tədbirdə "Kulsum İnternational" xəstəxanasının icraçı direktoru  xanım Hur Yusifzay Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən xeyriyyə aksiyasının Pakistan xalqı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Bildirilmişdir ki, hər il on minlərlə pakistanlı hepatit B virusuna yoluxur, minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir. H.Yusifzay ürək-damar xəstəliyindən əziyyət çəkən bir çox pakistanlının maliyyə vəsaiti çatışmazlığından müvafiq cərrahiyə əməliyyatından məhrum olduqlarını vurğulamışdır. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən göstərilən humanitar yardımının yüzlərlə insanın həyatını xilas edəcəyini  bildirmişdir.       

Tədbirdə "Saif qrup"un sahibi, Pakistanın sabiq ticarət və neft naziri Salim Seyfulla Xan pakistanlı uşaqlara və kimsəsizlərə göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan xalqına minnətdarlığını bildirmişdir. S.S.Xan Azərbaycanı yaxından tanıdığını demiş, Prezident İlham Əliyev ilə  görüşünü, o cümlədən ölkəmizə etdiyi səfərləri, ümummilli lider Heydər Əliyev başda olmaqla Azərbaycanın hökumət və dövlət xadimləri ilə keçirdiyi görüşləri xatırlatmışdır.

Tədbir Pakistan mətbuatında geniş işıqlandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 2 may.- S. 4.