Türkiyənin nüfuzlu Todays Zaman qəzetində Azərbaycanın tərəqqisindən bəhs edən məqalə dərc olunmuşdur

 

Türkiyənin ingilis dilində nəşr olunan nüfuzlu "Today"s Zaman" qəzetində Azərbaycanın tərəqqisindən bəhs edən məqalə dərc olunmuşdur.

Süleyman Ünalın qələmə aldığı "Azərbaycanı anlamağın yolu Azərbaycanı tanımaqdan keçir" başlıqlı məqalədə bildirilir ki, bu gözəl ölkə hazırda xoş bir həyəcan yaşayır. Avropanın əsas mahnı müsabiqəsi olan "Eurovision - 2012" Bakıda keçiriləcəkdir. Dünyanın bütün ölkələrindən gələcək qonaqları qarşılamaq üçün hazırlıq işləri başa çatmışdır.

İki ildən çoxdur Azərbaycanda yaşadığını qeyd edən müəllif ölkəmizdə əyani şəkildə gördüklərinin daha fərqli olduğunu bildirir. Məqalədə deyilir ki, iki mədəniyyətin sintezini və ən yaxşı cəhətlərini ehtiva edən Azərbaycan turistlərin sevdiyi ölkədir. Sovet İttifaqının süqutundan sonra bu ölkə sürətli inkişaf yolu keçmişregionun ən zəngin ölkəsinə çevrilmişdir. Son on ildə Azərbaycanın inkişaf modeli digər ölkələr üçün bir örnəkdir. Bakıdakı xarici ölkə səfirliklərinin əməkdaşları və ölkəyə gələn əcnəbilər bu inkişafdan heyrətləndiklərini bildirirlər. Qərbdə bəzi mətbuat orqanlarında mənfi hesabat və şərhlərdən sonra Azərbaycana gələn jurnalistlər bu inkişafı gördükdə  onların yanlış olduğunu anlayırlar. Bir müddət Azərbaycanda qalan media nümayəndələri zəngin neft-qaz sərvətinin insan kapitalına çevrilməsi, şəhərlərin yenidən qurulması, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün görülən tədbirlərin şahidi olurlar. Bütün bunlar Prezident İlham Əliyevin hər il qarşıya yeni vəzifələr qoyması və mütəxəssisləri təcrübə mübadiləsi üçün xarici ölkələrə göndərməsinin nəticəsidir.

Məqalədə vurğulanır ki, Azərbaycan Şərq və Qərb arasında bir körpü kimi öz yolu ilə inkişafını davam etdirir. Dünya ilə inteqrasiya istiqamətində işlərin təməlini də bütün sahələrdə sürətli inkişaf təşkil edir. Bəllidir ki, bu yolda Azərbaycan əleyhinə ədalətsiz tənqidlər də olacaqdır. Bu yerdə bir kəlamı xatırlatmaq olar: "Uca ağac küləkləri daha çox hiss edər".

 

 

 Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 2 may.- S. 4.