Müstəqil
varlığımızın gələcəyi və milli
humanitariya: çağırışlar, cavablar
Azərbaycan ictimaiyyətşünaslığı müasir elmin optimal inkişafı baxımından alternativi olmayan "innovasiya paradiqmanın" əsasında yeni strateji konsepsiyanın yaradılması və həyata keçirilməsi işində öndə getməli, fəal iştirak etməli, dövlətə ən yaxın dəstəyini təmin etməlidir. Elmimizin inkişafının innovasion əsaslar üzərinə keçirilməsi, milli innovasya sisteminin yaradılması başlıca hədəf olmalıdır. Çünki bu, dünyanın qabaqcıl ölkələrində ən yaxın tarixi praktikada təsdiq olunmuş inkaredilməz paradiqmadır.
İnkişaf konsepsiyasının başlıca məqsədi:
1) Azərbaycan elmini, onun dünyada rəqabətədavamlı inkişafını, xalqın iqtisadi firavanlığını təmin edən təkanverici qüvvəyə cevirmək;
2) Azərbaycan elminin strukturu ilə inkişaf templəri arasındakı sistemli ziddiyyətləri aradan qaldırmaqdır.
Bu baxımdan dünya təcrübəsini və Azərbaycan reallığını nəzərə almadan irəli sürülən istənilən baxışlar sistemi strategiya hesab edilə blməz. Burada yalnız nəzəri sxematizm deyil, milli spesifika, yaxın və uzaq perspektivlərdə islahatların həyata keçirilməsinin konkret mərhələ, faza və ssenariləri, mümkün nəticələr əksini tapmalıdır. Konsepsiya elmin optimal inkişafına dair baxışlar konkret sosial-iqtisadi şəraitdə elmi fəaliyyyətin dövlət tənzimlənməsinin mexanizmləri və prinsiplərinin sistemidir.
Dünya ölkələrində elmin inkişaf strategiyası ilə tanışlıq müasir informasiya texnologiyalarının verdiyi imkanlar şəraitində çətin məsələ deyildir. İstənilən ölkənin bu sahədə təcrübəsi, necə deyərlər, kifayət qədər "hazır strategiyalar" mövcuddur. Lakin onların, sadəcə, imitasiyası ilə Azərbaycan elminin inkişaf modelini müəyyənləşdirmək olmaz. Çünki bütün problemlər kompleksi milli elmi "landşaftda" əks olunduqda tamamilə fərqli, unikal mənzərəni formalaşdırır.
Dünyada milli innovasiya sisteminin formalaşmasına müxtəlif dövlətlər fərqli yanaşırlar. Bəzən konkret modellər, bəzən də bütöv bir modellərin sintezini müşahidə etmək olar. Hesab edirik ki, ikinci yanaşma daha səmərəlidir. Bu gün üçün mövcud olan nəzəri modellər şərti olaraq aşağıdakı kimi fərqləndirilir:
1. Təkamül və islahatlar yolu ilə bazar iqtisadiyyatı münasibətlərinə uyğun milli innovasiya sisteminin (MİS) qurulması; bu halda elmin dövlət tərəfindən maliyyələşdirilməsi öz mövcudluğunu saxlayır. Əsas olan həmin vəsaitin ən səmərəli istifadə olunmasına dövlətin nəzarəti məsələsidir. Lakin dövlət yeni MİS-nin institutsional strukturunun müəyyənləşməsində bilavasitə iştirak etmir. Yeni struktur elementlər "aşağıdan yuxarıya", tələb-təklif prinsipi ilə inkişaf edərək formalaşır. Bu modelin riskli cəhəti MİS-nin dövlət himayəsindən üzaqlaşaraq xarici istehsalçılardan asılılığının artmasıdır.
2. Radikal yolla bazar iqtisadiyyatına uyğun
MİS-nin qurulması; bu variantda dövlət yalnız öz
funksiyalarının həyata keçirilməsinə kömək
edən tədqiqatları maliyyələşdirir. Dövlət
maliyyələşdirməsi öz qüvvəsini saxlasa da, ən
sərt şərtlər əsasında: elmi kollektivlərin
layihə və müsabiqələri nəticəsində həyata
keçirilir. Getdikcə dövlət sektorunun
payının köklü
ixtisarı və özəl sektorun
genişlənməsi baş verir. Bu modelin mümkün riski: fundamental
elmin getdikcə ləğv olunması ehtimalıdır.
3.
İnstitutsional "tamamlama" islahatları: MİS-nin
yaradılmasına bu cür yanaşma belə bir qənaətə
əsaslanır ki, elmin baza
elementləri öz-özlüyündə "pis
deyil", lakin onların arasında əlaqə mexanizmləri
olmadığı üçün işləmir. Müvafiq olaraq çatışmayan elementlər,
yeni təşkilatlanma formaları yaradılır və
"tamamlama" prosesləri həyata keçirilir. Bu variantın qüsuru odur ki, xarici təcrübənin
mexaniki tətbiqi lazımi effekti verə bilmir. Yalnız formalara üstünlük vermək məzmun
və keyfiyyətin arxa planda qalmasına səbəb olur.
4. Fəal
innovasiya modeli - belə bir fikrə əsaslanır ki, tələbin
olması üçün əvvəlcə innovasiyalı təklif
olmalıdır. Bu
məqsədlə əsas diqqət kommersiya təyinatlı
elmi məhsulun istehsalına yönəldilir. Lakin məhsula tələbat
həmişə gözlənilən olmadığı
üçün bu
yanaşmanın riskləri də
böyükdür.
5. Fəal
biliyə əsaslanan model; əvvəlki variantın başqa
forması hesab olunur. Lakin burada vurğu innovasiya
məhsulunun deyil, innovasiyalı təhsil sisteminin üzərindədir.
İnsan kapitalının intensiv maliyyələşdirilməsi
və innovasiyalı şəxsiyyətin
fomalaşdırılması əsas məqsəddir. Əsas
risk isə yeni mütəxəssis hazırlığına
xeyli zaman sərf olunması nəticəsində gözlənilən
effektin uzun müddət sonra əldə edilməsidir.
İnnovasiya siyasətinin spesifikası isə hər bir
ölkədə MİS-nin gerçəkləşdirilməsi
zamanı müəyyən prinsiplərə
üstünlük verilməsindədir. Bu prinsiplər:
1) dövlətin fəal idarəetmə
funksiyasını həyata keçirməsi;
2) elmin və innovasiyaların dövlət maliyyələşməsinin
optimallaşdırılması;
3) fundamental tədqiqatların inkişafı;
4) özəl sektorun cəlb edilməsi;
5) elm və təhsilin, universitet və
korporasiyaların inteqrasiyası;
6) elmdə dövlət sektorunun struktur
islahatlarının həyata keçirilməsi;
7) kiçik və orta biznesin, xarici
investisiyaların cəlbi və s.-dir.
1-ci
prinsip Yaponiya, Norveç və Hindistanda, 2-cisi ABŞ, Fransa,
İngiltərə, Danimarka, İsveç və Tayvanda, 5-ci
ABŞ və Finlandiyada, 7-ci İrlandiya, İngiltərə və
Malayziyada və s. tətbiq edilir. Yalnız
sırf bir prinsipin tətbiq olunmasına rast gəlmək
çətindir. Bununla belə, MİS-nin
formalaşmasında Qərb modeli ilə birlikdə, bizim
üçün qəribə səslənən bir Şərq
modelinin də mövcudluğunu qeyd edə bilərik. Misal kimi deyə bilərik ki, dövlətin, eləcə
də özəl sektorun kommersiya layihələri ilə
müqayisədə, elmin fundamental tədqiqatlarına fəal,
həssas qayğı göstərilməsi Şərq modeli
üçün səciyyəvidir.
Modellərin ümumi təsviri göstərir ki,
qabaqcıl ölkələrdə onlardan yalnız birinin
mütləq tətbiqinə rast gəlinmir. Modellərin
"sintezi və ya konsorsiumu" daha səmərəli effekt
verir. Çünki bu, innovasiyalı
inkişafda şəraitə, dəyişikliklərə
çevik uyğunlaşmağa, "manevrlər etməyə"
imkan verir.
Azərbaycanda da bu yanaşma üstünlük təşkil
etməlidir.
Hələlik isə bəzi mövqe və baxışlarda hər
hansı modelin mexaniki tətbiqinə səy göstərənlər
də az deyil. Bu isə ya
dünya təcrübəsinə bələd olmamaqdan, ya da
neçə illər formalaşan elmi potensialın təkamül
yolu ilə, varislik prinsipi əsasında həm qorunması, həm
də modernləşməsi kimi məsələyə biganə
yanaşmadan irəli gəlir.
Azərbaycanın dünya elminə inteqrasiyası mərhələsində
bu sahədəki islahatların başlıca spesifikasını
müəyyən edən müqəddəm şərtlər
mövcuddur. Reallıq bundan ibarətdir
ki, bu gün Azərbaycan regionda dinamik inkişafın lideridir.
Ölkə prezidentinin bir çox
çıxışları islahatlar starategiyasının hədəfini
müəyyən etməklə yanaşı, XXI yüzillikdə
hər bir ölkənin gələciyinin məhz intellektual cəbhədə
həll edildiyini birmənalı şəkildə göstərir.
Hər bir dövlətin həyata keçirdiyi
bütün islahatların sosial nəticələri, modernləşmənin
ritmi məhz intellekt amilinə, insan kapitalına əsaslanır.
Son illərdə ölkəmiz də çoxşaxəli
novasiyaların həyata keçirildiyi möhtəşəm
məkana çevrilmişdir. Yeni cəmiyyət quruculuğundan irəli
gələn demokratik, hüquqi dövlət, vətəndaş
cəmiyyətinin formalaşması, bazar iqtisadiyyatına
keçid və s. hələ bunların hamısı deyil. Qloballaşma proseslərinin sürətləndirdiyi
mədəni-mənəvi novasiyalar, ictimai şüurun və
təsəvvürlərin "alt-üst" olması da bu
sıradadır. Ölkəmiz çox
önəmli bir mərhələni qət edərək
innovasiyalı cəmiyyət quruculuğu vəzifəsinin
astanasındadır. Yeni mərhələyə
keçid start imkanlarımızı və milli
spesifikamızı, resurs və potensialımızın səfərbər
edilməsini tələb edir.
Biz İS-ni hansı təməllər üzərində
reallaşdıra bilərik? Dünya modellərinin
mexaniki tətbiqi zəruridirmi? Elmin
inkişaf və təşkilatlanmasının akademik və
universitet modellərinin münasibətləri,
doğrudanmı, bu qədər ziddiyyətlidir? Universitet elmini etalon hesab edənlər nə dərəcədə
haqlıdır?
Azərbaycanda
qarşıda duran miqyaslı humanitar islahatları gerçəkləşdirən,
intellektual potensialı səfərbər edə biləcək
qüvvələr həm Milli Elmlər Akademiyasında, həm
də ali məktəblərdə cəmlənmişdir.
Məlumdur ki, hər bir ölkədə
müxtəlif fəaliyyət sahələrinin tarixən
inkişaf etmiş təşkilatlanma formaları və prinsipləri
mövcuddur. Elm vahid və bölünməzdir.
Onun təşkilatlanma formaları isə müxtəlif ola bilər və olmalıdır. Azərbaycanda elmin təşkilatlanmasında dövlət
həmişə ən fəal rol oynamışdır. Azərbaycan reallığında ötən
yüzillikdən bəri elmin təşkilatlanmasında
aparıcı rol akademik elmə məxsus olmuşdur və
böyük uğurlar əldə edilmişdir. Yəni, Qərbdə elmin universitet, bizdə isə
akademik tədqiqat ənənəsi
formalaşmışdır. Bu baxımdan varislik prinsipinə əks
olaraq, ənənəni inkar etmək həmişə uğur
gətirə bilməz. Bizim universitetlərimiz ingilis-amerikan
sistemində olduğu kimi, çoxəsrlik elmi-tədqiqat təcrübəsinə malik deyil. Yeri gəlmişkən, yuxarıda qeyd olunduğu
kimi, orada da dövlətin elm siyasətində rolu
danılmazdır. Elmin təşkilatlanma
formalarının radikal şəkildə yenidən
qurulması xaos yarada, akademik elm hesabına universitet elminin
gücləndirilməsi əks nəticə verə bilər,
onillərlə toplanan zəka potensialının itməsinə
səbəb ola bilər. Hesab
edirik ki, hansı təşkilatlanma forması yüksəkdirsə,
digərini onun səviyyəsinə qaldırmaq və hər
ikisini modernləşdirmək lazımdır. Yeni sistem mövcud təməllər üzərində
qurulmalıdır.
İctimai elmin innovasiyalı inkişaf modelinə
keçməsi qarşıda hansı yeni vəzifələri
ortaya çıxarır və humanitariyamız
özünün hansı istiqamətlərində islahatlar
prosesinin aparılmasını sürətləndirməlidir?
Bu baxımdan bir neçə məsələ prioritet təşkil
edir.
Birincisi - dövlət elm sahəsində innovasiyalı
inkişaf konsepsiyasının müəyyənləşdiriliməsində
bilavasitə iştirak etməli, öz layihələrini verməlidir. İkincisi,
ictimai elmlərdə humanitar islahatların strategiyasını
təqdim etməlidir. Üşüncüsü və ən
vacibi - artıq bu gün cəmiyyətdə innovasiyalara həssas
olan mühitin, yeni məzmunlu humanitar düşüncənin,
ictimai şüurun formalaşması məsələsini Azərbaycan
ictimai elmi ən ciddi şəkildə müzakirə mərkəzinə
gətirməli, dövlətə, ən yaxın dəstəyini
göstərməlidir. Ölkəmizin öz
intellektual-humanitar resurslarını səfərbər etmək,
vəziyyəti real qiymətləndirmək və təxirəsalınmaz
tədbirlər sistemini müəyyənləşdirmək, cəmiyyətşünaslığın
elmi əsaslar üzərinə qoyulması kimi strateji məsələlər
ictimai elmin qarşısına çox böyük vəzifələr
qoyur.
Döğrudanmı belədir və ictimai elmin
MİS-nin formalaşmasında roluna dair təsəvvürlər
həqiqətə uyğundurmu?
Humanitar
islahatların Qərb modelinə birtərəfli, soyuq
münasibət var. Bəziləri hətta artıq
"qeyri-humanitar epoxanın" başlandığıni
"bəyan" edirlər. ABŞ-da texnoloji profilli ali məktəblərdə, ümumi
hazırlıq fənləri içərisində
humanitariyanın payı 45 faiz təşkil edir. İnkişaf
etmiş Qərb ölkələrində təkcə klassik
etikanın müasir ictimai və beynəlxalq həyatın tələblərinə
uyğun yeniləşərək tədris edilən və
ictimai şüurda geniş əks-səda doğuran sahələrini
misal çəkək: insan hüquqları etikası, biznes
etika, iqtisadi etika, əmək münasibətləri
etikası, sosial ədalət etikası, obyektiv borc etikası,
siyasət və ekologiyanın etik əsasları, media-etika və
s. Bu gün Qərbdə yeni əsrin etik problemlərinin həll
edilməsi zamanın fəlsəfə qarşısında
qoyduğu ən çətin vəzifə
hesab olunur və ümidlər buna
bağlıdır. Misalları çox çəkmək
olar və bu, ictimai elmin Qərb modelinə dair təsəvvürlərin
yanlışlığını göstərir. Söhbət humanitar fənlər spektrinin birmənalı
ixtisarından deyil, yeniləşməsindən gedir.
Tam məsuliyyətlə demək olar ki, bu gün elmin
yaxin gələcək üçün konsepsiyasının
hazırlanmasında ictimai elmimizin üzərinə çox
böyük vəzifələr düşür. Çünki,
ilk növbədə, cəmiyyətdə islahatların mənası
və zəruriliyini dərk edən, ona həssas olan innovativ
mühitin formalaşması həyata keçirilməlidir və
burada humanitariya nümayəndələri özlərindən
başlamalıdılar. Müasir
reallıq ictimai elm sahəsindəki islahatların
ideologiyasını, fəlsəfəsini, cəmiyyətdə
rolu və statusunu köklü surətdə dəyişdirmişdir.
Bu sahə nümayəndələri yeni
dünyada taleyin hökmü ilə intellektual elmi rəqabətin,
informasiya müharibəsinin ön cəbhəsində yer
almışlar. Belə bir şəraitdə
humanitar elmlər sisteminin də cəmiyyətdə sosial
funksiyaları və vəzifələri mahiyyətcə dəyişir.
İctimai elm insan və cəmiyyət kimi materiya ilə
işləyir.
Hansı ölkə olur-olsun, islahatların
sürəti, tempi, keyfiyyəti və son nəticəsi ictimai
şüurun yeni düşüncə tərzinə köklənməsindən,
çevik keçid almasından asılıdır. İnnovasiya mühitinin təməl subyektləri onu
təşkil edən dövlət, ictimai institutlar və
strukturlar, ayrı-ayrı vətəndaşlardır. Bu bütün səviyyələrdə ictimai elmə
olan ehtiyacın göstəricisidir. Dünya
təcrübəsi göstərir ki, dövlətin innovasiya
islahatları vətəndaşların həssaslığından
asılı olaraq həyata keçə də, ləngiyərək
tənəzzül də edə bilər. Proseslərin
"sürət vahidi"- iştirakşıların fəallığıdır.
Yeniliklər mövcud düşüncə və
fəaliyyət üsullarını dəyişdirməyi tələb
edir. Bu isə uzunmüddətli prosesdir.
Dünya təcrübəsi sübut edir ki, innovasiyaların
texniki-texnoloji aspektini 20 ilə dəyişmək
mümkün olsa da, kadrların dünyagörüşündə
inersiya ənənəsini dəyişmək üçün
30-50 il, hətta yüz il tələb oluna
bilər. Passiv refleksiya və ya biganəlik bütün səylərin
hədər getməsinə səbəb ola
bilər. Yeni quruculuq kollektiv
yaradıcılıq tələb edir və bunun
üçün ilk növbədə, ictimai elmin təxirəsalınmadan
dünyagörüş və sosial mühit səviyyəsində
kompleks işləri həyata keçirməsi gərəkdir.
Bu funksiyanı heç bir başqa sahə
öz üzərinə götürə bilməz. Bu da ictimai elmin müvafiq ritm və rejimdə işləməsini
tələb edir. Artıq sakit, statik vəziyyətdən
dinamik yaradıcılıq və kreativ təfəkkür tərzinə
keçid alınmalıdır.
Bizi gələcəyə aparan
potensial və resurslarımız
Müstəqil qət edilən illərin yekunları bir
daha aşkar şəkildə göstərir ki, Azərbaycanın
xeyrinə işləyən yalnız zaman deyil. Azərbaycanın son illər
yığdığı milli kapital - xalqın
etimadı, ideyalar, uğurlar, resurslar, kadrlar - hamısı
ümummilli problemin həllinə, dövlətin möhkəmlənməsinə
xidmət edir. Sərəncamdan və dövlət
başçısının daimi olaraq səsləndirdiyi
çıxışlarından bəlli olur ki, bəyan edilən
siyasi xətt dövlət və cəmiyyət həyatının
bütün sahələrində - siyasətdə,
iqtisadiyyatda, sosial-mədəni sahədə, mənəviyyatda,
əhalinin həyat tərzində və səviyyəsində
- dərin dəyişikliklərin reallaşacağından xəbər
verir. İlk növbədə isə bu strateji hədəflərin
- yaxın gəcələyin real obrazının vətəndaşlarımızın
dünyagörüşündə, ictimai şüurda dərk
edilməsinə nail olmaq olduqca önəmlidir. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı indiyə
qədər həyata keçirilən siyasəti ən
yaxından dəstəklədiyi üçün nailiyyətlər
bu qədər böyükdür.
Sərəncam
məhz bu məsələlərin, yəni prioritetlərin son dərəcə aydın
müəyyən edilməsi, inkişafımıza təkan
verən resursların səfərbər olunması ətrafında
milli müzakirələrin başlanğıcını
qoymuşdur. Bu, ictimai şüurda tarixi
zamanın dərki ilə bağlı məsələdir.
Azərbaycan hansı məqsədə və hədəfə
doğru gedir - əsas olan bu məsələnin aydın mənzərəsinin
yaradılmasıdır. Cəmiyyətimizə
gələcək haqqında düşünmək mədəniyyətini
gətirir. Biz dərk etməyə
başlayırıq ki, söhbət ölkəmizin
miqyaslı və nəhəng, eyni zamanda, həlli o qədər
də asan olmayan inkişaf mərhələsinə keçid
almasından gedir. Bu inkişafa gətirilən
dəyişikliklər, ilk növbədə,
dünyagörüşümüzdə, ideologiyamızda əksini
tapmalıdır. Geniş ideoloji maarifləndirmə
işi aparılmalıdır.
Dövlətimizin siyasi, iqtisadi təməllərinin
qurulması, bu gün dünyanın ən dinamik inkişaf edən
ölkəsinə çevrilməsi kimi mövcud olan zəmin
və təməllər üzərində innovasion cəmiyyətin
qurulmasına şərait yaradır. Bunun üçün
dövlətin qayğı və diqqəti də, maddi
imkanları da, mənəvi potensialı da mövcuddur. Azərbaycan həm də möhtəşəm
resurslara malikdir. Unikal coğrafi və
geostrateji mövqe bu resursların sırasındadır.
Tarix boyu üzləşdiyimiz bütün çətinliklərə
baxmayaraq, xalqımızın öz varlığını,
özünəməxsusluğu və bənzərsizliyini
şərtləndirən, müstəqillik illərində
onun sıçrayışlı inkişafını və
Şərq - Qərb arasında ahəngdar sintez statusunu təmin
edən sivilizasion dəyərlərimiz var. Azərbaycanın
bəzi inkişaf etmiş ölkələrlə müqayisədə
üstün təbii sərvətləri, xalqımızın
özünəməxsus mədəni-mənəvi inkişaf
xüsusiyyətləri var.
Təbii ki, çox milli və çoxkonfessiyalı
ölkəmizdə, müxtəlif baxışlar, fərqli
mövqelərin tolerantlığı mövcuddur. Gələcək
inkişafımızın ümumi mənzərəsi bu
baxışların kompromis vəhdətindən yaranır.
Yaxın gələcəyin də arzuedilən mənzərəsi
zəruri potensialın olmasını tələb edir. Bu potensial
sırasında milli ideyanın rolu ilk yerdədir. Konsepsiya milli ideyanın müasir, qüdrətli Azərbaycan
dövlətçiliyinin növbəti mərhələdə
reallaşmasının əsas fazalarından biri kimi
çıxış edir.
Ümumiyyətlə, elmdə perspektiv inkişafa hədəflənmiş
strategiyanın milli ideya ilə müqayisə edilən
nümunəsi mövcuddur. Belə ki, dövlətin
milli ideyasının yaşanılan tarixi mərhələ ilə
əlaqədar konkret fazaları olur. Milli ideyanın
çoxsaylı izahları sırasında bəzi prinsipləri
yada salaq: 1. Xalqın varlığının təməl
prinsiplərini əks etdirir; 2. Xalqın
varlığının onun ruhuna, tarixi yaddaşına və
mənəvi dəyərlərinə uyğun prinsiplərini əks
etdirir; 3. Xalqın gələcək varlığının əsas
prinsiplərini əks etdirir; 4. Xalqın
varlığının hazırkı zamanda lazım və
arzuedilən səviyyədə reallaşması prinsiplərini
əks etdirir;
5. Gələcək
haqqında real və praqmatik idealarzunun ifadəsi olur; 6.
Keçmiş, indiki və gələcək nəsillərin
dövlətçiliyə dair ümumi amalını və missiyasını əhatə
edən milli vəhdət prinsipini əks etdirir; 7. Milli ideya
"bu günün bütün" xalqın arzuladığı
və ideallarında daşıdığı "gələcək
günə" çevrilməsini təmin etməyə
yönəlir;
Azərbaycan tarix boyu həmişə
bölgədə, həm də qlobal miqyasda baş verən
hadisələrin gedişatına təsir edə bilən
ölkələr sırasında olmuşdur. Son
iki əsrdə isə onun bu yöndə fəallığı
dünyanın demək olar bütün qitələrinə
yayılmışdır. Bəşəriyyətin
mədəni-mənəvi irsinə olan töhfələri
ölkəmizi xüsusilə dünyada tanınan dövlətə
çevirmişdir. Təbii ki, belə bir
ölkədə milli ideyaya dair düşüncələrin
tarixi də çox qədimdir. Üstəlik də
xüsusi olaraq vurğulanmalıdır ki, tarixi-obyektiv şərtlər
üzündən həmişə çoxmilli,
çoxkonfessiyalı birgəyaşayış ənənəsinə
malik olan bu məmləkətdə milli ideya həmişə
qüsurlu məzmundan
uzaq olmuşdur.
Bu gün milli ideyanın məzmununda dinamizmi əks etdirən
tezis inkişaf etmiş müasir dövlətlər səviyyəsinə
çatmağı mümkün edən güclü dövlət,
yüksək rifah yaratmaqdır. Həm də uzaq gələcəkdə
deyil, artıq indiki nəslin əksəriyyətinin görə
biləcəyi səviyyənin əldə edilməsidir.
Qloballaşan dünyada yeni birgəyaşayış və
eyni zamanda, ümumbəşəri sivilizasion identiklik
formalarının təzahürü intensivləşmişdir. Şərqin
və Qərbin qovşağında yerləşən ölkəmizdə
insanların da həyat tərzi bu dəyişikliklərin təsirinə
məruz qalır. Yeni üslub və modellər
ortaya çıxır. Məhz belə bir
zamanda azərbaycançılıq ideologiyası milli və bəşəri
dəyərlərin ahəngdarlığını təşkil
edən fundamental resursa çevrilir. Hər
bir xalq dünya birliyi ailəsinə öz töhfəsini
verir. Azərbaycanda millətlərarası
və dinlərarası münasibətlərin azərbaycançılıq
modeli bu töhfələrdən ən
böyüyüdür.
"Azərbaycan-2010: Gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması dövlətçiliyin müasir tarixində
müxtəlif mərhələlər yaşayan milli
ideyanın mahiyyətcə yeni keyfiyyət məzmunu kəsb
etdiyi mərhələyə qədım qoyması deməkdir. Xalqın
müstəqil varlığının daha da güclənməsi,
inkişaf etdirilməsi və həyat keyfiyyətinin
artırılması deməkdir.
Digər fundamental resurs - bütün
uğurlarımızın təməlində duran sabitlikdir. Dünya tarixi
də, Azərbaycan tarixi də sübut edir ki, sabitlik olmadan
heç bir quruculuq işləri gerçəkliyə
çevrilə bilməz. Sabitlik adi söz
deyil, gecə-gündüz çəkilən əziyyət
müqabilində əldə edilən böyük nemət,
inkişafın əvəzsiz resursudur. 20 il
müddətində bərqərar edilmiş sabitliyin qorunub
saxlanılması prioritetlər sırasında birinci
olmalıdır.
Gələcəyin modelini quruculuğun subyekti Azərbaycanın
gələcək vətəndaşının obrazı
olmadan formalaşdıra bilmək nəinki
qeyri-mümkündür, hətta mənasızdır. Yeni gələcək
üçün yeni düşüncəli insan modelini,
strateji təfəkkür vərdişlərinə yiyələnən
Azərbaycan gəncini, onun mənəvi ideal və dəyərlərini,
gələcəyin humanitar modelinin mənzərəsini cəmiyyətə
yalnız ictimaiyyətşünaslarımız təqdim edə
bilərlər.
Hər bir cəmiyyətdə yeniliyin təməli gələcək
modelimizin humanitar siması, yaşadığı və
yaratmaq istədiyi zamanı dərk edən fəal, təşəbbüskar,
dünyada gedən proseslərə həssas şəxsiyyətdir. İstənilən
ölkənin milli inkişafı, ilk növbədə,
arzuedilən, gələcək cəmiyyət modelinin,
konsepsiyasının ideoloji əsaslarının müəyyənləşdirilməsindən,
onun geniş ictimaiyyətə, şüurlara
çatdırılması istiqamətində aparılan
miqyaslı vəzifələrdən başlayır.
Yaponiya möcüzəsinin "atalarından" sayılan
E.Deminqin sözlərini xatırlatmaq istərdik: "Ölkədə
bütün sahələrin kökündən yeniləşməsi,
yalnız müvafiq məqsədlərin milli ideyaya və
ideologiyaya çevrilməsindən sonra
mümkündür".
XXI əsr humanitar, sosial, informasiya və innovasion
texnologiyaların sintezi əsri kimi səciyyələndirilir. Hər bir
ölkədə innovasion cəmiyyət quruculuğu artıq
texnoloji başadüşülən deyil, humanitar - insana
yönümlü prosesdir. Bütün
insanları həyativacib milli məsələyə - Azərbaycanın
yaxın gələcəkdə innovasiyalı inkişaf
üçün səfərbər etmək milli elmi
elitanın hazırkı tarixi mərhələdə
başlıca missiyasıdır. İnnovasiyalara
əsaslanan cəmiyyətin ideoloji əsasları, onlara həssas
ictimai şüurun, mühitin formalaşması
üçün ən mühüm təsəvvürlər
sistemli şəkildə izah olunmalıdır. Belə cəmiyyətin əsas həlqələri,
resursları, institutları, elm, təhsil, mədəniyyət,
təşkilatlanma formaları barədə strateji maarifləndirmə
fəaliyyəti aparılmalıdır.
Bu gün cəmiyyətin də, insanın da fasiləsiz
problemlər məkanında mövcud olduğu diqqət mərkəzində
saxlanılmalıdır. Bu, başlıca olaraq yenilik, sürət
və dəyişikliyin hər şeyə qadir gücü və
təzyiqinə qarşı dura biləcək yeni insanın
formalaşmasıdır.
Qabaqcıl ölkələr səviyyəsinə
çatmaq Qərb təcrübəsinin təqlidi kimi bəsit
başa düşülmür. Bu, hər şeydən
əvvəl, milli inkişaf modelidir. Çünki
onun subyekti də, obyekti də Azərbaycan xalqıdır, vətəndaşıdır.
"Azərbaycan - 2020: gələcəyə
baxış" inkişaf strategiyası təsəvvür
edildiyi kimi, ümumi vəzifələrin: sadəcə, bir
istiqaməti, qolu deyil. Bu, suveren Azərbaycanın
gələcəyi, rəqabətədavamlı perspektivləri,
sabahından əminliyi və milli varlığının, təhlükəsizliyinin
təminatı məsələsidir.
Azərbaycan cəmiyyəti, vətəndaşları gələcək
modelin humanitar məzmun və tərkib hissəsi,
oriyentasiyası barədə geniş təsəvvürlərə
maik olmalıdır. Dövlətimizin XXI əsrdə modernləşmə
xəttinin intensiv surətini, bütün sahələrdə
inkişafın intellektual-elmi əsaslar üzərinə
keçirilməsini, bütün dəyişikliklərin təkanverici
qüvvəsi olan yeni milli elitanın formalaşmasını təmin
edən dinamik strategiyalar əsasında ölkənin
inkişafına düşüncə və intellektin real təsirinin
təmini kimi müəyyən etmək olar. Azərbaycanda
intellektual-elmi, insan resurslarının yeni dövrün tələblərinə
və dünya təcrübəsinə uyğun şəkildə
maksimum səfərbər etməyə imkan verən təkliflərin
hazırlanması, XXI əsrin strateji alyansını -
innovasiya möcüzəsini yaradan intellektual kapital, humanitar
texnologiyalar və sosial energetikanın ölkəmizin
davamlı yüksəlişinin fundamental faktoruna çevrilməsinə
imkan verən amillərin cəmlənməsi önəmlidir.
Demokratik vətəndaş cəmiyyəti, hüquqi
dövlət quruluşu kimi qlobal tarixi vəzifələr
sırasına daha biri - innovasion elm cəmiyyəti qurmaq vəzifəsi
əlavə olunmuşdur. Daha dəqiq deyilsə,
demokratik cəmiyyətin uğuru və tərəqqisi hər
şeydən əvvəl, innovasion inkişaf
paradiqmasının nə dərəcədə müəyyənləşdirilməsindən,
uğurlu tətbiqi və həyata keçirilməsindən
birmənalı asılı olmuşdur.
Bu həyativacib məsələ ölkəmizin milli
intellektual elitası qarşısında olduqca məsuliyyətli,
miqyaslı vəzifələr irəli sürür. Azərbaycan elmində,
ümumiyyətlə, elita problemi, elitologiya mövzusu o qədər
də geniş müzakirələrin mövzusu ola
bilməmişdir. Milli intellektual elita, onun təşəkkülü,
cəmiyyətdə rolu, mövqeyi və funksiyaları və
s. problemlər isə demək olar ki, hələ ictimai elmin
diqqət mərkəzinə gəlməmişdir. Bu isə intellektual kapitalın və insan
resurslarının bir nömrəli məsələyə
çevrildiyi XXI əsrdə narahatlıq doğurur.
Müasir
dünyada inkişaf və idarəetmə məsələlərinin
obyektivlik və elmilik prinsipinə əsaslanması, yüksək
statusa və qabiliyyətə malik ictimaiyyətşünasların, humanitar elitanın
həlledici rol oynaması elmi həqiqətdir. Humanitar
elita intellektual, siyasi, mədəni, iqtisadi, psixoloji, mənəvi,
təşkilatçılıq qabiliyyətləri ilə
başqa qruplarla müqayisədə daha çox dövlətçilik
missiyasına xidmət edən insanların birliyidir.
Modernləşmə və postmodernləşmə
proseslərinin keyfiyyətcə yeni mərhələyə qədəm
qoymasını məhz hər bir ölkənin innovasion
inkişaf strategiyası təmin edir. Dünya innovasiya məkanına
inteqrasiya yolunun alternativi mövcud deyil. Bu
miqyaslı vəzifənin dərki, izah edilməsi və hərtərəfli
konsepsiyasının formalaşdırılması milli
intellektual elitanın üzərinə düşür.
Onu səciyyələndirən başlıca cəhətlər:
yeni şəraitdə cəmiyyətin inkişafının
yeni ideya və konsepsiyalarının irəli sürülməsi;
cəmiyyətin idarə olunması üçün strateji qərarların
qəbulunda dövlətə ən yaxın dəstəyin
göstərilməsi; yeniliklərə həssas və fəal,
təşəbbüskar mövqeyə malik, ictimai
şüurun, innovasion mühitin
formalaşdırılması; xalqın intellektual
potensialının, insan resurslarının səfərbər
edilməsi; cəmiyyət və dövlətin inkişafı
üçün yüksək məsuliyyət hissi; konkret
intellektual-elmi nailiyyətə yönəlmiş novatorluq fəaliyyəti;
milli maraqlara yönümlü olması; milli ideyanı
formalaşdırmaq və onun həyata keçməsinə
xidmət etməsi; ali mənəvi keyfiyyətlərin
daşıyıcısı olması; bütün cəmiyyətin
ideal və dəyərlərinin cəmləşdiyi obraza
malik olması; kütlələrə, emosiyalara deyil,
şüur və zəkaya ünvanlı, düşüncəyə yönümlü fəaliyyət
aparması; cəmiyyətlə dövlət arasında ahəngin,
ünsiyyətin təmin olunmasına xidmət etməsi; yeninin
yaradılması, ənənə və innovasiyalar arasında
optimal sintezin təmin edilməsi, yeni mənəvi
dayaqların müəyyən edilməsidir. Xalqın
düşünən beyni, "mədəni nüfuz
sahib"ləri olan elita üçün, qeyd edildiyi kimi,
mütləq müqəddəs missiyanın
daşıyıcısı olmaq hissi, mənəvi meyar ən
önəmli keyfiyyətlərdəndir.
Müasir
dünyada intellektual və texnoloji tərəqqiyə
yalnız ayrıca bir ölkənin gücü sayəsində
nail olmaq mümkün deyildir. Buna görə də
Azərbaycanın inkişaf etmiş ölkələrdəki
səviyyəyə uyğun modernləşməsi
üçün siyasi, iqtisadi, elmi və mədəni resurslar
hərəkətə gətirilməlidir. Dövrümüzün
çağırışları ölkəmizin
texnoloji-innovasiya alyansları ilə geniş əlaqələr
qurmasını zəruri edir. İnnovativ
iqtisadiyyatın formalaşması Azərbaycan
üçün ön sırada duran məsələlərdən
biridir və dünya birliyinə inteqrasiyanın mühüm
şərtlərindəndir. İnnovasion cəmiyyət,
insan resurslarının və intellektual kapitalın, dəyişikliklərin
hərəkətverici qüvvəsinə çevrildiyi cəmiyyətdir.
Belə cəmiyyət bilik iqtisadiyyatına, təfəkkür
iqtisadiyyatına əsaslanır, ideya və təşəbbüslərin
fasiləsiz təkrar istehsalını, məhsuldar qüvvəyə
çevrilməsini şərtləndirir.
Milli humanitariya dövlət, milli lider ətrafında
birləşə, xalqın potensial enerjisini bir araya gətirə,
quruculuq işlərinə səfərbər edə bilər. Bu gün
inkişaf etmiş ölkələrdə intellekt və siyasət
vahid cəbhədə dövlətçilik maraqlarına xidmət
edir. Bu ölkələrin
qazandığı uğurların təminatçısı
məhz həqiqi intellektualların dövlətçiliyin
inkişafını hər şeydən üstün
tutmasıdır. Dünya inkişafının hazırkı
mərhələsində fatehlik hünərini, sərkərdə
qılıncını, zəka "qılıncı",
ağlın gücü əvəz edir və təbii ki,
intellektual elitanın üzərinə çox çətin
və şərəfli bir missiya düşür. O elə etməlidir
ki, qədim Poma senatorları öz müddətləri
bitdikdə dedikləri bu sözləri deməyə
haqqları olsun: "Mən bacardığım hər
şeyi etdim, qoy başqaları bundan daha
yaxşısını etsinlər".
Hər
şey vətəndaş və onun gələcəyi
üçün
Sərəncamla
demək olar eyni vaxtda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev "İnsan hüquqlarının və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq məqsədilə Milli Fəaliyyət
Proqramını" təsdiq etmişdir. Sadə görünən
bu fakt onu göstərir ki, İnsan hüquqları sahəsində
Milli Fəaliyyət Proqramı "Azərbaycan - 2020: gələcəyə
baxış" inkişaf strategiyasının müəyyən
etdiyi məqsədlərə hədəflənmişdir
Bu sənəd göstərir ki, insan
hüquqlarının müdafiəsi Azərbaycan
Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin
prioritetlərindən biridir.
Eyni zamanda, Milli Fəaliyyət Proqramı ölkədə
insan hüquqlarının müdafiəsi sahəsində
aparılan davamlı tədbirlərin tərkib hissəsidir. Yeni proqram isə
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin
artırılması, hüquq mədəniyyətinin
inkişaf etdirilməsi, normativ hüquqi bazanın və
hüquq müdafiə sisteminin təkmilləşdirilməsi
istiqamətində tədbirlərin
davamlılığının təmin edilməsinə
yönəlmişdir.
Mahiyyət
etibarilə Milli Fəaliyyət Proqramı və "Azərbaycan
- 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyası - hər iki sənəd bir-biri ilə
bağlıdır və Azərbaycanın yeni inkişaf mərhələsinə
qədəm qoymasını göstərir.
İnsan
hüquqları meyarının rəhbər tutulması, Azərbaycan
Respublikasının insan hüquqları sahəsində beynəlxalq
müqavilələrə qoşulması prosesinin davam etdirilməsi,
yeni qanunvericilik aktlarının qəbul edilməsi, ölkədə
korrupsiya ilə mübarizənin gücləndirilməsi,
şəffaflığın artırılması, əhaliyə
göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi
sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti
ilə sıx əməkdaşlıqda davam etdirilməsi
ehtiva olunur.
Bundan əlavə,
proqrama əsasən, gələcəkdə insan
hüquqları sahəsində maarifləndirmə, elmi-analitik
tədbirlərin davam etdirilməsi, beynəlxalq təşkilatlarla,
o cümlədən BMT-nin insan hüquqları sahəsində
ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali
Komissarlıq, UNESCO, UNICEF, Dünya Bankı, habelə Avropa
Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı və digər
regional təşkilatlar ilə birgə əməkdaşlıq
proqramlarının həyata keçirilməsi
planlaşdırılır.
Milli Fəaliyyət
Proqramının hazırlanması zamanı müxtəlif beynəlxalq təşkilatlar
ilə həyata keçirilən əməkdaşlıq
proqramları nəzərə alınmışdır. Bu proqramda, eyni zamanda insan hüquqları sahəsində
beynəlxalq öhdəliklərin davamlı implementasiyası
üçün dövlət orqanlarına konkret
tapşırıqlar verilir.
Bu, bir
daha dəlalət edir ki, İnsan hüquqları sahəsində
yeni Milli Fəaliyyət Proqramı "Azərbaycan - 2020: gələcəyə
baxış" konsepsiyasının hədəflərinə
yönəlmişdir. Burada fikrimi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
sözləri ilə bitirmək istərdim: "Biz ölkəmizi
qanunun aliliyinin bərqərar olduğu, çox güclü
sosial siyasəti, inkişaf etmiş iqtisadiyyatı və
regionda möhkəm mövqeləri olan müasir və
demokratik bir ölkə kimi görürük.
Gələcəyimizi
düşünmək və gerçəkləşdirmək
milli xüsusiyyətə, dövlətçilik ənənəsinə
çevrilir
Sərəncam Azərbaycan dövlətçiliyinə
müstəqillik dövründə rəhbərlik edən
siyasi liderlərə xas olan gələcəyə
hesablanmış siyasi kursun rəsmi dövlət sənədi
ilə strateji planlaşdırma və idarəetmə ənənəsinə
çevrilməsini təmin edir. Müstəqillik təcrübəsi
göstərir ki, dövlətimiz ən çətin problemləri
milli birlik amilinə dayaqlanaraq həll edə bilmişdir.
Bu baxımdan, bütün cəmiyyətin
anladığı və dəstəklədiyi yeni strategiya
labüd olaraq reallaşır.
Dövlət başçısı İlham Əliyev
son illərdə məhz ölkə üçün
taleyüklü, strateji əhəmiyyətli hadisələrin
təşəbbüskarına çevrilmiş, onun
ardıcıl və sistemli surətdə həyata
keçirdiyi islahatlar dövlətimizin daha da güclü
olmasına, cəmiyyətin mənəvi yüksəlişinə
və birliyinə xidmət etmişdir. Əminliklə demək olar
ki, dövlət başçısının özünəməxsus
liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək
məharəti, cəmiyyətin maraq və mənafelərini
ümumi bir nöqtədə birləşdirmək
bacarığı Azərbaycan xalqının öz liderinə
etimadının əsas səbəblərindən
biri kimi çıxış edir.
Prezident
İlham Əliyevin gələcəyə baxışı
yalnız "Azərbaycan - 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması ilə bağlı sərəncamında
deyil, onun həyata keçirdiyi siyasətdə və
bütün çıxışlarında əksini
tapmışdır:
"Bütün bu işlər Azərbaycan
xalqının dəstəyi sayəsində görülür,
bizim bütün uğurlarımız Azərbaycan
xalqının uğurlarıdır. Əgər
xalq bizim təşəbbüslərimizi dəstəkləməsəydi,
onların heç biri yerinə yetirilə bilməzdi. Mən gələcək illərə böyük
nikbinlik hissi ilə baxıram və bilirəm ki, Azərbaycanın
çox parlaq, bundan da gözəl gələcəyi
olacaqdır. Mən tam əminliklə deyə
bilərəm ki, Azərbaycan inkişaf etmiş ölkələrin
sırasına daxil olacaqdır. Bizdə
iqtisadi, siyasi, sosial və digər sahələrdə
bütün meyarlar dünyanın ən inkişaf etmiş
ölkələrinin meyarlarına bərabər olacaqdır.
Belə olan halda ölkəmizin uzunmüddətli
inkişafı təmin olunacaq və Azərbaycan uğurla irəliyə
gedəcəkdir".
Yaxın gələcəyin güclü Azərbaycan
dövlətini milli birlik və həmrəyliklə yaratmaq
kimi böyük vəzifələr, sözün əsl mənasında,
Azərbaycan xalqının bütün mənəvi,
intellektual və əlbəttə ki, maddi resurslarının səfərbər
edilməsini qarşıya qoyur. Vətəndaş cəmiyyətinin,
alimlərin, ziyalıların, gənclərin, sahibkarların,
idarəetmə strukturlarının, dünya azərbaycanlılarının
- bir sözlə, bütün azərbaycançı qüvvələrin
ən fəal töhfəsini tələb edir. Müasir
tariximizin 2003-cü ildən başlayan yüksəliş və
inkişaf göstəricilərinin
davamlılığını 2020-ci ildə də, daha sonra da
təmin etmək yaxın onillikdə də qarşıda duran
ən böyük vəzifələrimizdəndir
.
Rəbiyyət ASLANOVA,
Milli Məclisin İnsan
hüquqları
komitəsinin sədri, fəlsəfə elmləri
doktoru, professor, Bakı Dövlət
Universitetinin "Fəlsəfə
tarixi və
mədəniyyətşünaslıq kafedrası"nın
müdiri
Azərbaycan.- 2012.- 2 may.- S. 5.