Şöhrəti
ellərdə, dillərdə gəzən Bakı bulvarı
Son dövrlərdə Azərbaycanın yüksəlişindən, ölkəmizdə həyata keçirilən infrastruktur layihələrindən, tikinti-abadlıq işlərindən söhbət gedəndə "ən böyük", "ən uca", "ən gözəl" söz birləşmələrinə tez-tez rast gəlirik. Məsələn, dünyanın ən böyük neft-qaz terminalı Azərbaycanda tikilib. Paytaxtımızda ucalan Dövlət Bayrağı da dünyada ən uca bayraqlardan biridir. Bu siyahını uzatmaq da olar. Yaxın zamanlarda ən gözəl Dənizkənarı bulvar da bizdə olacaq.
Bakı bulvarının xoş sorağı ellərdə, dillərdə gəzir. Xəzərlə Bakının ana-bala kimi bir-birinə sığındığı bu məkan paytaxtın sakinlərinin də, qonaqlarının da məftunluqla tamaşasına çıxdıqları, istirahət üçün seçdikləri yerdir. Bakı bulvarı şəhərin təkrarsızlığının, bənzərsizliyinin simvollarından biridir. Odur ki, Dənizkənarı bulvarın abadlığı həmişə dövlətin diqqətindədir. Son illərdə onun yenidən qurularaq genişlənməsi də həmin qayğı və diqqətdən qaynaqlanır.
Bu günlərdə dövlət başçısı İlham Əliyev paytaxtın Dənizkənarı bulvarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncamla Dənizkənarı bulvarın genişləndirilməsi ilə bağlı aparılan yenidənqurma və abadlaşdırma işlərinin davam etdiriməsi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat ayrılır.
Dənizkənarı bulvar yaxın zamanlarda daha gözəl və daha böyük olacaq. Elə böyüyəcək ki, Bayıldan Əhmədliyədək Bakı sakininin şəhərin hansı güşəsində yaşamasına baxmayaraq, onun lap yaxınlığında olacaq...
Azərbaycan.- 2012.- 3 may.- S. 1.