İldən-ilə yüksələn reytinq

 

Bu, Azərbaycanda aparılan iqtisadi islahatların bəhrəsidir

 

Məlum olduğu kimi, "Moody's" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinqini investisiya səviyyəsinə yüksəldib. Ölkəmizin uzunmüddətli yerli və xarici valyutada reytinqinin investisiya səviyyəsinə yüksəldilməsi barədə agentliyin özü və Azərbaycanın Maliyyə Nazirliyi xəbər verib.

Agentlik mətbuat üçün öz açıqlamasında bu nailiyyətin səbəbini belə izah edir: "Azərbaycanın reytinqinin investisiya səviyyəsinə qaldırılması ölkənin son illərdə neftdən daxil olan gəlirlər hesabına maliyyə gücünün əhəmiyyətli dərəcədə artmasını və respublikada qeyri-neft sektorunda gedən sürətli inkişafını əks etdirir". Beləliklə, agentlik Azərbaycanda artıq güclü və çoxsahəli iqtisadiyyatın yaranmasını və ölkənin istənilən iqtisadi, habelə geosiyasi risklərə dayanıqlılığını vurğulayıb.

Qloballaşan dünyada ayrıca götürülmüş hər hansı dövlətin iqtisadi inkişafının təmin edilməsində ən önəmli faktorlardan biri də xarici və daxili investisiyalardır. 2009-cu ildə dünya iqtisadiyyatında kifayət qədər ciddi fəsadlara yol açan, gözlənilməz bir tənəzzülün əsasını qoyan qlobal maliyyə böhranı davamlı iqtisadi inkişafa nail olunmasında investisiyaların nə dərəcədə vacib rol oynadığını əyani nümayiş etdirdi. Dünyanın bir çox ölkəsində qlobal böhran nəticəsində həm daxili, həm də xarici investisiyaların həcmində elə bir azalma qeydə alındı ki, bu, onların iqtisadi inkişafının geriləməsində əsas rol oynayan amillər sırasında xüsusi yer tutdu. Bununla yanaşı, o da faktdır ki, investisiyaların həcminə, xüsusən də xarici mənbələr hesabına yatırılan sərmayələrə təsir göstərən amillərdən biri də biznes mühitinin əlverişliliyi, sərmayədarların hüquqlarının qanunvericilik əsasında nə dərəcədə qorunmasıdır. Daha bir önəmli məqam isə yatırılan investisiyaların mənfəət dərəcəsi, onların dönərliliyi ilə bilavasitə bağlıdır.

Azərbaycanda Dövlət İnvestisiya Proqramı əsas inkişaf mexanizmi sayılır. Bu proqramın tam şəkildə, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bir vəzifə kimi qarşıya qoyulub. Prezident İlham Əliyevin dediyi kimi: "Bugünkü Azərbaycan müasir ölkədir, güclü iqtisadiyyata malik ölkədir, sabit ölkədir, investisiyalar üçün çox məqbul ölkədir. Xarici tərəfdaşlarla bizim əməkdaşlığımız davam edir və bu, çox sevindirici haldır. Biz öz sözümüzə həmişə sadiq olmuşuq, sözümüzlə əməlimiz arasında heç vaxt fərq olmamışdır. Ona görə Azərbaycan dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanınır".

Azərbaycanın inkişafı həqiqətən də hərtərəfli, çoxşaxəlidir. Neftdən daxil olan gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir. Buna görə də təkcə cari ilin üç ayında qeyri-neft sektorunda ümumi daxili məhsul 7,7 faiz artıb. Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev bu barədə belə demişdir: "İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. Əgər sənaye istehsalına nəzər salsaq görərik ki, ümumi sənaye istehsalı 0,3 faiz azalmış, ancaq qeyri-neft sənayemiz 16,5 faiz artmışdır. Bu, səhv etmirəmsə, müstəqillik dövründə ən yüksək, rekord göstəricidir və yenə də son illər ərzində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki qeyri-neft sənayesinin inkişafı ilə bağlı mənim tərəfimdən dəfələrlə müvafiq göstərişlər verilmişdir, konkret addımlar atılmışdır. Dövlət İnvestisiya Proqramında bu məsələlər öz həllini tapmışdır. Özəl sektora göstərilən dəstək - həm siyasi, həm maddi dəstək, kreditlərin verilməsi qeyri-neft sənayesinin inkişafına gətirib çıxarır. Mən çox şadam ki, bu sahə çox yüksək templərlə inkişaf edir".

Ölkəmizdə iri sənaye ocaqları ilə yanaşı, orta və kiçik müəssisələr də fəaliyyət göstərir. Bu isə qarşıya qoyulan sənayeləşmə siyasətinin uğurlu nəticə verməsi deməkdir. Hazırda tikilməkdə olan böyük sənaye müəssisələrinin fəaliyyəti də qeyri-neft sektorunu əhatə edəcək. Şübhəsiz ki, bu, ümumi inkişafa yeni töhfələr verəcək.     

Bütün bunlara görə də dünyanın nüfuzlu reytinq agentliklərinin hamısı Azərbaycan Respublikasının kredit reytinqini investisiya səviyyəsinədək qaldırıblar. Xatırladaq ki, sayca "Moody's" üçüncü belə agentlikdir. Çünki bundan əvvəl, yəni 2011-ci ilin dekabrında "Standard & Poor's" Beynəlxalq Reytinq Agentliyi ölkəmizə bu dəyərləndirməni vermişdi. 2010-cu ilin mayında isə ölkəmizin reytinqini investisiya səviyyəsinə "Fitch" Beynəlxalq Reytinq Agentliyi qaldırmışdı.

Qeyd edək ki, Azərbaycanın kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsi dünya iqtisadiyyatında suveren borc böhranının davam etdiyi bir vaxtda baş verir. Bütün dünya da görür ki, bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və iqtisadiyyatın bütün sahələrini əhatə edən ardıcıl və çoxsahəli islahatların beynəlxalq miqyasda qiymətləndirilməsinin təzahürüdür.

 

 

Azərbaycan.- 2012.- 3 may.- S. 1.