Bakıda dahi lider Heydər
Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr olunmuş
azərbaycanşünaslıq üzrə beynəlxalq konfrans işə başlamışdır
Mayın 2-də Bakı Slavyan Universitetində (BSU) "Azərbaycanşünaslığın aktual problemləri" III Beynəlxalq Elmi Konfransı işə başlamışdır. Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər sektorunun BSU ilə birgə təşkil etdiyi konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuşdur.
Konfransda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Çexiya, Almaniya, Qazaxıstan, Litva, İran və digər ölkələrin alimləri iştirak edirlər. Tədbirin qonaqları arasında Ukrayna və Yunanıstanın Azərbaycandakı səfirləri, Milli Məclisin deputatları, mədəniyyət və elm xadimləri, ölkəmizin müxtəlif ali məktəblərinin müəllim və tələbələri vardır.
Dünyanın 46 ölkəsindən 200-dən çox tədqiqatçı konfransa məqalələrini təqdim etmişdir. Konfrans "Heydər Əliyev və azərbaycançılıq ideyası", "Dilçiliyin aktual problemləri", "Ədəbiyyatşünaslığın aktual problemləri", "Fəlsəfə və kulturologiyanın aktual problemləri", "Beynəlxalq münasibətlər", "Tarix, iqtisadiyyat və hüquq" bölmələrində işini davam etdirəcəkdir.
Konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri qoymuşlar.
Plenar iclasda dahi liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev konfransda çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, ölkənin inkişafında böyük xidmətlərini diqqətə çatdırmışdır. Rektor vurğulamışdır ki, konfrans Azərbaycan elminin dünya elmi birliyinə inteqrasiyasında mühüm rol oynayacaq, Azərbaycanda təhsilin inkişafına, elmi əlaqələrin genişlənməsinə töhfə verəcəkdir.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko çıxışında bildirmişdir ki, Heydər Əliyev hazırda strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilən Ukrayna-Azərbaycan əlaqələrinin təməlini qoymuşdur. Konfrans Azərbaycanın həyatının bütün sahələrində Heydər Əliyevin misilsiz fəaliyyətinin nəticələrini görmək imkanı verəcəkdir. Səfir demişdir: "Heydər Əliyev bütün vəzifələrində yaratmışdır. Bugünkü Ukrayna-Azərbaycan münasibətləri onun yaradıcı işinin nəticəsidir. Biz Azərbaycana regionda başlıca strateji tərəfdaş kimi baxırıq".
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva bildirmişdir ki, konfrans Azərbaycanın son illərdə müxtəlif sahələrdə nailiyyətlərini təhlil etməyə imkan verəcəkdir. O vurğulamışdır ki, Heydər Əliyev şəksiz lider idi və onun sayəsində Azərbaycan sabitlik, inkişaf və rifah yoluna qədəm qoymuşdur.
Rusiya yazıçısı Boris Yevseyev bildirmişdir ki, Azərbaycan 20 ildə çox böyük inkişaf yolu keçmişdir, ölkədə köklü dəyişikliklər baş vermişdir. Yazıçı demişdir: "Bu, Heydər Əliyevin Azərbaycan üçün etdiklərinin ən parlaq sübutudur".
Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş azərbaycanşünaslıq üzrə növbəti konfransı Gürcüstanda keçirməyi təklif etmişdir.
Konfrans mayın
5-dək davam edəcəkdir. Tədbir çərçivəsində
ustad dərsləri, kitab və jurnalların
təqdimat mərasimləri
keçiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 3 may.- S. 1.