Heydər Əliyev siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır

 

Azərbaycanın özü qədər əbədi

 

Milli Məclisin deputatı kimi müntəzəm olaraq bölgələrə yolum düşür. Deputatı olduğum Qəbələ rayonuna daha tez-tez baş çəkirəm. Hər səfərdə də böyük yeniliklərin, göz oxşayan, qəlbi riqqətə gətirən möhtəşəm mənzərələrin şahidi olur və qürur hissi ilə düşünürəm: İlahi, insan əzmi və zəkası zamanın sürətini necə də qabaqlaya bilərmiş!

İstər-istəməz buna adət etmişik - günlərimiz vaxtla mübarizədə keçib. Nə yazıqlar ki, bu mübarizədə çox vaxt özümüzü məğlub hiss etməli olmuşuq. Zamanın nəbzini tutmaq sələflərimiz üçün qərinələr boyu müşkülə çevrilib. İnkişafa, müasirlik və tərəqqiyə meyillilik bir xalq kimi ruhumuzda olsa da, onilliklər boyu "gedən qatarın" arxasınca həsrət və nisgil dolu nəzərlərlə baxmışıq. Lakin şükürlər ki, o əyyamlar artıq geridə qalıb. Biz azərbaycanlılar indi zamanın keşməkeşlərinə, təzadlarına, ziddiyyətlərinə yenilməyən bir məmləkətin vətəndaşları olmağımızla qürur duyuruq!

Hər bir uğuru ilə öyündüyümüz müstəqil Azərbaycan bu gün sürətli inkişafı ilə sanki zamanı da qabaqlayır. Ola bilər ki, kimlərsə bunu adi, qanunauyğun hal kimi qarşılayır. Təbiidir, insan bəzən öz taleyində yaşadığı, içərisində olduğu yenilikləri nəinki tam mahiyyəti üzrə dəyərləndirə bilmir, hətta bunlara vərdiş edir. Buna görə kimisə qınamaq, məzəmmət etmək də olmur. Biz artıq ölkəmizin sürətli inkişaf və tərəqqisini, müəyyən mənada, labüd, qaçılmaz, dönməz proses kimi qiymətləndirməyə başlamışıq!

Azərbaycanın son illərdəki inqilabi nailiyyətləri fonunda hər bir yeniliyi, uğuru ictimai həyatın reallığı kimi dəyərləndiririk. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin ani bir zamanda real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib.

Fəqət, nə yaxşı ki, bir qədər fərqli düşünən, bugününə dünənin baxış bucağından daha düzgün qiymət verən adil insanların da sayı az deyil. Bir müddət əvvəl Qəbələdə seçicilərimlə keçirdiyim görüşdə buna tam əmin oldum. Rayonun nurani simalı ağsaqqallarından biri dövlətimizin uğurlarını müdrikliklə qiymətləndirməklə yanaşı, insanları yaxın keçmişi unutmamağa, hamını müqayisə aparıb nəticə çıxarmağa çağırdı. "Belə olsa, biz bugünkü uğurlarımıza görə daha çox şükranlıq edərik" - deyən ağsaqqal sanki hamını silkələdi.

Bakıya dönərkən yol boyu dərin düşüncələrə dalaraq onu tamamilə haqlı sayırdım. Ahıl bir insanın, sadə kənd adamının çoxlarının fərqində olmadığı bir məsələyə necə böyük müdrikliklə yanaşması məni yaxşı mənada təsirləndirmişdi. Doğrudan da əsl həqiqət müqayisədə üzə çıxır. Və elə bu həqiqət işığında da tarixin hər bir səhifəsinə, keçmişin və bugünün gerçəkliklərinə doğru-dürüst qiymət vermək imkanı yaranır. Çətin və keşməkeşli, fəqət şərəfli müstəqillik tariximizin ötən 20 ilinə nəzər salarkən, düşünməliyik ki, böyük qürur və fəxarətlə qarşılaya biləcəyimiz uğurlarımız həddən ziyadə çoxdur. İllərin müqayisəsi fonunda hansı ağır sınaqlardan, çətinliklərdən, təlatümlərdən çıxdığımızın daha çox fərqində olmalıyıq. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən sürətli inkişafa keçid mərhələlərini özündə ehtiva edir.

Azərbaycan xalqı əsrlər boyu həsrətində olduğu müstəqilliyi son 20 ildə qazanıb və əzmlə qoruyub. Məhz bu baxımdan da dövlət müstəqilliyinin 20-ci ildönümü vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir. Müstəqil Azərbaycan bu illərdə inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. Azərbaycan təkcə sosial-iqtisadi sahədə deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyub. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Respublikamız artıq bütün regional məsələlərdə əsas oyunçulardan biridir. Bölgədəki strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilmir. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar.

Görünür, bu uğurların fonunda müstəqilliyin ilk illərində üzləşdiyimiz acınacaqlı mənzərələr xatırlamaq belə istəmədiyimiz acı tarixə çevrilib. Lakin düşünürəm ki, müəyyən həqiqətləri unutmağa mənəvi haqqımız yoxdur. Çünki keçmişi unutsaq, bugünə qiymət verib gələcəyə doğru inamla addımlaya bilmərik. Bəli, 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaos və anarxiya, özbaşınalıq mühitinin ağrı-acısını hər bir azərbaycanlı öz taleyində qabarıq hiss edirdi. O dövrdə bütövlükdə yeni müstəqil dövlətin müqəddəratı ciddi sual altında idi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi.

90-cı illərin əvvəllərindən fərqli olaraq, bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün "nostalgiyası" ilə yaşamır. Düşünürəm ki, sadaladığım və tam əksəriyyətinə hələ toxunmadığım uğur və nailiyyətlərin əsasında bir vacib məqam dayanır - lider amili! Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən, ilk növbədə, onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynayır, milli tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər. Hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur. Tarixdən çox misallar gətirmək mümkündür. Məsələn, Rusiya Böyük Pyotrun vəsiyyətlərini bu gün də unutmur, onun üç əsr öncəki siyasət metoduna Rusiyanın daxili və xarici siyasəti konsepsiyasında ağırlıqlı olaraq istinad edilir. Hindistan Mhatma Qandinin müəyyənləşdirdiyi ideoloji prinsiplərə söykənərək davamlı inkişafdadır. ABŞ bu ölkənin "bani atalar"ının və İstiqlaliyyət Bəyannaməsinin müəlliflərinin önə çəkdiyi prinsipləri əsas götürür. Mao Tszedunun və Den Syaopinin əsasını qoyduğu "iqtisadi inqilab" Çinin hazırkı uğurlarına, dünyanın ən böyük fövqəlgücünə çevrilmə məramına ciddi təminatdır. Qardaş Türkiyə Cümhuriyyəti məhz böyük Mustafa Kamal Atatürkün ideyaları əsasında əbədiyaşarlıq qazanır.

Biz azərbaycanlılar üçünsə belə alternativsiz lider məhz Heydər Əliyevdir! XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət olan, ümumiyyətlə isə dünyanın ən böyük azərbaycanlısı sayılan Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi yol Azərbaycanın alternativsiz inkişaf strategiyasına çevrilib. Ümummilli liderlik səviyyəsinə yüksəlmiş bu fenomen şəxsiyyət, ilk növbədə, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını mükəmməl konsepsiya halına gətirib. Ümummilli lider Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, xalqın və dövlətin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi.

Ümummilli lider Heydər Əliyev həmin dövrdə məhz azərbaycançılığı milli ideya kimi irəli sürdü. Dövlət müstəqilliyinin möhkəməndirilməsini və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin ideyanın başlıca konturları kimi müəyyənləşdirdi. Bu ideya həm də respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri ön plana çəkdi. Heydər Əliyevin yüksək dövlətçilik təfəkkürü sayəsində həyata vəsiqə alan azərbaycançılıq ideyası hər bir vətəndaşın maraqlarını özündə ehtiva etməklə, xalqın daimi birliyi və həmrəyliyində vacib amil kimi özünü doğrultdu.

Biz bəzən yanlış olaraq Azərbaycanın uğurlarını, sadəcə, ötən 18 illik dövrlə əlaqələndiririk. Halbuki müstəqillik illərində qazandığımız böyük uğurların əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulub. Bizim nəslin nümayəndələri həmin dövrün reallıqlarını daha yaxşı xatırlayırlar. Bu həmin dövr idi ki, Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ respublikalarından geridə qalır, sahibsiz ölkə təəssüratı yaradırdı. İqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan respublikada mənəvi-psixoloji durum da son dərəcə pisləşmişdi. Vəziyyətdən çıxış yolu kimi 1969-cu ilin 14 iyulunda vətənpərvər və enerjili kadrın - ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə irəli çəkilməsi ümumən xalqımızın taleyində yeni səhifəyə çevrildi.

Xalqına bağlı olan Heydər Əliyev çevik təşkilatçı, zamanın nəbzini tuta bilən rəhbər kimi sübut etdi ki, istək, iradə, vətənpərvərlik və milli təəssübkeşlik hissi olan zaman az müddətdə çox uğurlara nail olmaq mümkündür. Və elə bu daxili əminliklə də problemlər məngənəsində çapalayan cəmiyyətin özünəinamını bərpa etdi. İlk növbədə milli ruhu məhv olmaq təhlükəsindən qorudu, xalqı tarixi keçmişinə qovuşdurdu. Ən əsası, hətta imperiya dövründə belə millətə vicdanlı, sədaqətli, ləyaqətli xidmətin parlaq nümunəsini yaratdı. İnanmıram ki, 70 illik sovetlər birliyi dövründə bu imperiya hüdudlarında öz xalqına Heydər Əliyev qədər sədaqətlə, əzmlə xidmət edən ikinci bir rəhbər olub!

Ümummilli lider tez-tez xalq arasına çıxır, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənirdi. Xüsusən hələ çox tanınmadığı ilk aylarda Heydər Əliyev sərbəst qiyafədə dükan-mağazalarda, istehsal müəssisələrində olur, vəziyyətlə yerindəcə maraqlanırdı. Vaxtilə Naxçıvan Muxtar Respublikasının rayon partiya komitələrinə, müxtəlif nazirliklərə rəhbərlik etmiş bir şəxs kimi xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyevin hələ 70-ci illərdə məmurlar qarşısında müəyyənləşdirdiyi ən ciddi tələb xalqa layiqli xidmət göstərmək, insanların inamını doğrultmaq idi. Məhz bu keyfiyyəti ilə Heydər Əliyev hələ o illərdə cəmiyyətin mənəvi bütövlüyünə nail olmuşdu.

Əminliklə deyə bilərik ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycan məhz bu illərdə de-fakto müstəqilliyi üçün etibarlı zəmin formalaşdırdı. Heydər Əliyev SSRİ Nazirllər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkildikdən sonra respublikaya rəhbərlik edən naşı rəhbərlər, təəssüf ki, Azərbaycanı yenidən iqtisadi və mənəvi tənəzzül məngənəsinə sürüklədilər. 80-ci illərin sonuna yaxın bədnam qonşularımız imperiya rəhbərliyinin himayəsi altında Azərbaycana qarşı aşkar ərazi iddiaları ilə çıxış etməyə başladılar. Bütün bunlara göz yuma bilmədiyi üçün SSRİ rəhbərliyindən istefaya gedən Heydər Əliyev hətta təqaüddə olarkən də millətinin haqq səsini ucaltmaqdan çəkinmirdi. 1990-cı ilin qanlı yanvarından dərhal sonra ailəsi ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedən bu fenomen şəxsiyyət imperiya rəhbərliyini Kremlin bir addımlığında ən sərt ittihamlara məruz qoydu. Xalqının faciəsinə vətənpərvərliklə reaksiya verdi, dərdinə şərik çıxdı.

1990-cı ilin iyununda ulu öndərin Moskvadan Azərbaycana dönüşü ilə ölkəmizdə kortəbii xarakter daşıyan xalq hərəkatı tədricən konkret məcraya salındı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin bərpasına xidmət edən ilk hüquqi addımlar atıldı. 1991-ci ildə müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması da tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi. Azərbaycanın taleyini düşünən insanlar həmin dövrdə ölkəni böhrandan çıxara biləcək insanın, xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Tarixi inkişafın gedişinə təsir göstərərək hadisələrin fövqündə dayanan böyük siyasi liderlər ictimai proseslərin ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın nicatına çevrilirlər. Bu gerçəklik fonunda deyə bilərəm ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli istəyinə səs verərək Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yarandı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, hüquqi nihilizmdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Ümummilli lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı.

Hər bir azərbaycanlı bu ideologiya və baxışlar sistemində özünün ictimai dəyərlər dərəcəsinə yüksəlmiş istək və arzularının dolğun ifadəsini tapdı. Özünü inkişaf prosesinin müşahidəçisi deyil, fəal iştirakçısı qismində gördü. Yəni "Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası" ümummilli ideyanın təmin edilməsi ilə yanaşı, hər bir fərdin şəxsi idealının həyata keçirilməsini nəzərdə tutan prinsip və vəzifələri üzvi şəkildə əks etdirdi. Əslində, Heydər Əliyev ideyalarını müstəsna edən və onun uğurunu şərtləndirən başlıca cəhətlərdən biri də məhz bu idi.

Ulu öndər xalqın təkidli istəyi ilə hakimiyyətə qayıtdıqdan dərhal sonra dövlət qulluğu üçün milli kadrların hazırlanması işini daha geniş miqyasda, sistemli şəkildə davam etdirdi. Müdrik rəhbərin idarəçilik metodu, dövlət qulluğunda üstünlük verdiyi meyarlar komandadakı müsbət əhval-ruhiyyəni daha da gücləndirirdi. Ulu öndərin yüksək vətənpərvərliyi, ekstremal situasiyalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgüzarlığı, intuisiyası onun rəhbərlik etdiyi komandanın çevikliyinə və işləkliyinə təkan verdi. Məmurlarda məsuliyyəti, dövlət strukturlarında şəffaflıq və hesabatlılığı gücləndirdi.

Ümummilli liderin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin edilməsi, milli ideologiyanın sistem halında təqdimatı oldu. Bu bir reallıqdır ki, ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan vermədi. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərin reallıqları da bunu təsdiqlədi. 2001-ci ilin noyabrında - Dünya Azərbaycanlılarının I Qurultayında "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam" - deyən ulu öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi.

Heydər Əliyevin misilsiz rəhbər olmasını təsdiq edən çoxsaylı faktlardan biri də aparılan torpaq islahatları idi. Ulu öndər Azərbaycanın çoxminillik tarixində torpağı kəndliyə təmənnasız olaraq bağışlayan yeganə rəhbər oldu. Bir məqamı da vurğulamaq istərdim ki, Heydər Əliyevin torpaq islahatlarına 1996-cı ildə başladığını deyənlər, əslində, böyük yanlışlığa yol verirlər. Hələ 1992-ci ildə Naxçıvan Ali Məclisinə rəhbərlik edərkən Heydər Əliyevin kənd təsərrüfatında kolxoz-sovxoz sisteminin xüsusi mülkiyyətə keçirilməsi ilə bağlı qəbul etdiyi qərar nəinki Azərbaycanda, ümumilikdə ittifaq miqyasında kənd təsərrüfatında ümumi mülkiyyətçiliyin ləğvinə dair ilk təşəbbüs idi. 4-5 il sonra isə ümummilli lider bu düzgün təşəbbüsünü artıq bütün Azərbaycana şamil etdi. Həqiqəti demək lazımdır. Həmin vaxtlar çoxları bu islahatların uğurla nəticələnəcəyinə şübhə edirdilər. Hesab edirdilər ki, kəndli ona verilən torpaqdan istifadə edə bilməcəyək, dövlət də bundan xeyli ziyana düşəcək. Amma Heydər Əliyev bu cür fikirlərə qəti etiraz edir, "Mən Azərbaycan kəndlisinə inanıram, onu torpaq sahibi etsək, o öz təsərrüfatını yaxşı idarə edəcək, ölkəyə də xeyir verəcək" - deyirdi. Ulu öndərin səyi nəticəsində Azərbaycan kəndlisi bazar iqtisadiyyatı dövründə sahibkarlıq təfəkkürünə yiyələndi, torpağına sahibliyi ilə öz ruzisini halallıqla əldə etməyi öyrəndi. Eyni zamanda, respublikamız aqrar sektor üzrə islahatlarda postsovet məkanı ölkələri üçün model dövlətə çevrildi.

Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçını yetişdirməsindədir. Möhtərəm Prezident İlham Əliyevin müəllifliyi ilə son 9 ildə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələri yazılır. Heydər Əliyevin strateji inkişaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin uğurları çağdaş Azərbaycanın şanlı tarixinə çevrilir. Bəli, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün uğurla davam etdirilir. Cəmiyyət dinamik inkişaf edir, müasir dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. İnsanların təfəkkür, düşüncə tərzi hazırkı dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir. Eyni zamanda milli özünəməxsusluq və adət-ənənələr də qorunub saxlanılır.

Düşünürəm ki, cənab İlham Əliyevin əldə etdiyi böyük uğurlarının əsas səbəblərindən biri də məhz onun qətiyyətli və prinsipial rəhbər olmasıdır. Prezident qısa müddətdə Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsddən qorumağa qadir siyasətçi olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirdi. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş bütün cəhdlərin qarşısı xalqın dəstəyi ilə qətiyyətlə alındı, cəmiyyətdə barış, həmrəylik ovqatı gücləndirildi. 2003-cü ilin prezident, 2005-cü ilin parlament seçkilərindən əvvəl və sonra respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş xarici və daxili təzahürləri qətiyyətlə aradan qaldıran dövlət başçısı dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirdi. Cənab İlham Əliyev ən mürəkkəb siyasi şəraitdə birləşdiricilik keyfiyyətləri sayəsində xalqı öz ətrafına, Heydər Əliyev ideyalarının cazibəsinə toplaya bildi.

Dövlət rəhbəri müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış etdiyini haqlı olaraq ilk gündən önə çəkdi. Xüsusi vurğuladı ki, ölkənin və xalqın bütün problemlərinin, - sosial çətinliklərin aradan qaldırılmasından tutmuş, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək, - hər bir maneənin dəf edilməsinin ən başlıca yolu məhz iqtisadi tərəqqidən keçir. Dinamik inkişafda olan iqtisadiyyat əslində, sabitlik, əmin-amanlıq, demokratiya və vətəndaş cəmiyyəti, milli təhlükəsizlik, səmərəli xarici siyasət deməkdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin ötən fəaliyyəti dövründə əsas ağırlıq mərkəzi bu sahənin üzərinə salındı.

İstənilən hər hansı ideya cəmiyyət üçün o vaxt cəlbedici görünür ki, onun praktik tətbiq və reallaşdırılması imkanları olsun. İrəli sürülən məqsədlər, ideyalar nə qədər cəlbedici görünsə belə, bütün bunların real icra mexanizminə əsaslanmaması bəzən onların kağız üzərində qalması, müxtəlif təqdimatlar, müzakirələr səviyyəsindən kənara çıxmaması ilə nəticələnir. Ən əhəmiyyətli ideyaları da sadəcə müzakirələr səviyyəsində saxlamaqla qısa müddətdə gözdən salmaq olar. Çünki, insanları sözdənsə real iş və nəticə daha çox maraqlandırır. Bu mənada, dövlət başçısı İlham Əliyevin ötən illərdə yürütdüyü siyasətin real, əməli fəaliyyətə söykəndiyinə hər bir vətəndaş əmin oldu. Prezident səlahiyyətlərini Heydər Əliyev kimi dahi siyasətçidən sonra uğurla davam etdirmək, xalqın sevimli rəhbərinə çevrilmək üçün İlham Əliyevdə lazımi səriştə, bacarıq, qabiliyyət, intellektual səviyyə, idarəçilik keyfiyyətləri var.

İcra prosesinə dövlət başçısı səviyyəsində ciddi nəzarət az zamanda böyük nəticələrin əldə olunmasına imkan yaratdı. Dövlət başçısı bütün müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident-vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi bacardı. Nəticədə illərdən bəri həllini gözləyən sosial problemlər nizamlandı, xalqın firavan, rahat yaşayışına xidmət edən tədbirlər qətiyyətli liderin iradəsi və təşkilatçılıq qabiliyyəti nəticəsində reallığa çevrildi.

Hələ Sovetlər Birliyi dövründə belə, evində mavi yanacaq görməyən bir sıra kəndlərə, ucqar yaşayış məntəqələrinə qaz çəkildi. Ən müasir tələblərə cavab verən yeni məktəblərin, səhiyyə ocaqlarının, körpülərin, yolların və s. tikintisi - bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb oldu, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgisini və rəğbətini daha da artırdı.

Azərbaycan xalqının düşüncəsində su çəkmək daim savab, halal iş sayılıb. Böyük messenat Hacı Zeynalabdin Tağıyev məhz Bakıya Şollar suyu çəkməklə xalqının qəlbində daim yaşayır, xatırlanır. Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev Kürdən paytaxta su xətti çəkməklə ağır problemi aradan qaldırdı. XXI əsrin əvvəlində isə bu xeyirxah, nəcib, insanpərvər missiyanı xalqını və dövlətini qəlbən, ruhən sevən Prezident İlham Əliyev üzərinə götürdü! Oğuz-İsmayıllı bölgəsindən Bakıya su kəmərinin çəkilməsi ilə bağlı prinsipial qərarın qəbulu İlham Əliyevin xalqına yaxşılıq edən rəhbər olduğunu bir daha göstərdi.

Düşünürəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə qazandığımız minlərlə, on minlərlə uğurlu faktı sadalamağa lüzum yoxdur. Bu siyasətin ən böyük uğuru isə bütövlükdə Azərbaycan insanının təfəkkür və düşüncə baxımından müasirləşməsi, modern baxışlar sisteminə liberal yanaşması, mental və bəşəri dəyərləri uzlaşdıra bilməsidir. Bəli, 20 il bundan əvvəl dünyaya göz açan körpələr indi müstəqil Azərbaycanın 20 yaşlı, yetkin, müasir düşüncəli gəncləridir. Onlar tam olaraq müstəqillik dövründə yaşayıb, formalaşıb, bu nemətin şirinliyini dadıblar. Şəxsi qənaətim belədir ki, onlar yeni ictimai-iqtisadi formasiyada, azərbaycançılıq və müstəqillik ideyası ruhunda formalaşdıqları üçün müstəqilliyin qədrini, qiymətini orta və yaşlı nəsildən daha yaxşı bilməlidirlər. Hər cür nostalgiyadan uzaq olan müasir düşüncəli, kreativ, yenilikçi ruhlu bu gənclik müstəqilliyimizin, ulu öndərin təbirincə desək, əbədi, dönməz olmasının etibarlı təminatçısıdır.

Milli Məclisin deputatı olaraq bu mütərəqqi inkişaf proseslərinə Heydər Əliyev Fondunun əvəzsiz töhfələrini də xüsusi vurğulamaq istərdim. Fond ulu öndərin zəngin siyasi irsinin təbliğatçısı olmaqla yanaşı, milli-mənəvi, mədəni dəyərlərimizi, musiqimizi dünya miqyasında tanıdır. İnanıram ki, Fondun prezidentinin yüksək təşkilatçılığı altında may ayında respublikamız daha bir möhtəşəm musiqi festivalına layiqli ev sahibliyi edəcək. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə son 3 ildə Qəbələ şəhərində təşkil olunan musiqi festivallarını xüsusilə qeyd etmək istərdim. Bu və digər tədbirlər sayəsində dünya müstəqil Azərbaycanın uğurlarını daha yaxından tanımaq imkanı əldə edib. Bir rayonun timsalında dünya Azərbaycanın möhtəşəmliyini, müasirliyini, quruculuğunu, abadlığını, yüksək zövqə malikliyini görür.

Bu gün Milli Məclisdə təmsilçisi olduğum Qəbələ rayonu sanki qələbənin rəmzinə çevrilib. Prezident İlham Əliyevin təbirincə desək, hətta xarici ölkələrin paytaxt şəhərləri ilə müqayisə olunacaq səviyyədədir. Qəbələdə kəndlər qəsəbə, şəhər mənzərəsi alıb. Abad yollar, çoxsaylı sosial infrastrukturlar, məktəblər, xəstəxanalar, idman kompleksləri, müəssisələr, istirahət mərkəzləri, parklar - bütün bunlar kəndlərimizin artıq adi görüntüsünə çevrilib. Bir zəruri fakta nəzər salmaq istərdim. Əgər 20 il öncə Qəbələdən Bakıya və digər ölkələrə kütləvi axın vardısa, son illərdə bu axın geriyə doğru yönəlib. Qəbələlilər öz doğma yurdlarına - artıq abad və gözəl Qəbələyə kütləvi şəkildə qayıdırlar. Təsadüfi deyildir ki, son 15 ildə Qəbələ sakinlərinin sayı təxminən 20 faiz artıb. İnsanlar üçün Qəbələdə iş yeri tapmaq problem deyil. Amma sahibkar üçün işçi tapmaq artıq problemə çevrilir. Buna görə də Qəbələ indi ətraf bölgələrdən olan vətəndaşlarımızın da ruzi qapısına çevrilib.

Ölkəmizdə ən uzun uçuş xəttinə - 3600 metrilik zolağa malik olan Qəbələ Beynəlxalq Hava Limanı isə rayonun artıq Azərbaycan üçün vacib strateji əhəmiyyət daşıdığını nümayiş etdirir. Qəbələ mübaliğəsiz deyək ki, Azərbaycanın turizm paytaxtına çevrilir. 4 beşulduzlu möhtəşəm otelə, eləcə də yüzlərlə mehmanxanaya malik olan rayonun turizm potensialı il ərzində yüz minlərlə insana xidmət etmək imkanındadır və bunu edir də. Qəbələdə fəaliyyət göstərən konserv zavodlarının, digər müəssisələrin məhsulları dünyanın 30-dan artıq ölkəsinə keyfiyyətli Azərbaycan malı kimi ixrac olunur.

Mənim qəlbimi qürur hissi ilə dolduran faktlardan biri də rayonda piano fabrikinin açılmasıdır. Postsovet məkanında yalnız Rusiya və Ukraynada analogiyası olan bu müəssisə həm də Azərbaycanın mədəniyyət, incəsənət, o cümlədən musiqi potensialının müasirliyini, insanlarımızın bəşəri musiqi dəyərlərinə olan sıx bağlılığını aydın nümayiş etdirir.

Bütün bu nailiyyətlərə yalnız və yalnız möhtərəm Prezident İlham Əliyevin böyük qayğısının, himayəsinin nəticəsində nail olunub. Məhz dövlət başçısının diqqəti sayəsində bu gün Qəbələ davamlı inkişaf və yüksəliş yolundadır.

Bir məsələnin də üzərində xüsusi dayanmaq istərdim. Prezident İlham Əliyevin 9 illik fəaliyyəti yalnız yüksək quruculuq, abadlıq, inkişaf, tərəqqi kimi anlayışlarla səciyyələnmir. Dövlət başçısı az müddətdə insan hüquq və azadlıqlarının təmini, ölkədə demokratik proseslərin dərinləşdirilməsi istiqamətində də qətiyyətli addımlar atdı. Bununla da İlham Əliyev demokratiyanın Azərbaycan xalqı üçün qətiyyən yabançı idarəetmə forması olmadığını bütün dünyaya sübuta yetirdi. Demokratiya hayqırtıları ilə bizə təsir göstərmək istəyən dövlətlərə öz yerini göstərərək nümayiş etdirdi ki, əsl demokratiya təkamül yolu ilə, tədricən bərqərar olunur. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, ölkədə demokratik proseslər də dərinləşir, qanunçuluq möhkəmlənir. Yaşayış səviyyəsi, maddi rifah halı yüksələn insanlar demokratiyanın həqiqi mahiyyətini dərk etməyə başlayırlar.

Azərbaycan cəmiyyəti yüksək demokratik inkişafa hər hansı dağıdıcı inqilabla deyil, məhz təkamül yolu ilə nail olmağın zəruriliyini təzahür etdirir. Azərbaycanın demokratik inkişafında yeni mərhələ uğurla davam edir. Xalq məhz bugünkü iqtidarın səmərəli fəaliyyətinin bəhrəsi olan iqtisadi, elmi, mədəni inqilabı dəstəkləyir. Son illərdə ölkədə baş verən möhtəşəm, inqilabi yeniliklər, modernləşmə prosesləri ölkəsini, xalqını sevən hər bir vətəndaş tərəfindən razılıqla qarşılanır. Azərbaycan iqtidarı iqtisadi, siyasi, hüquqi, demokratik islahatları bu gün də inamla davam etdirir. Ölkə ildən-ilə yox, gündən-günə inkişaf edir, müasirləşir, bütün sahələrdə yeniləşmə baş verir.

Bu gün Azərbaycan dünya miqyasında mükəmməl iqtisadi inkişaf modeli olan, heç kəsin vassalı olmayan müstəqil dövlət kimi tanınır!

Bu gün Azərbaycanda həyata keçirilən siyasi-hüquqi islahatlar və modernləşmə kursu keçid dövrünü yaşayan ölkələr üçün örnək-nümunə olaraq qəbul edilir!

Bu gün Azərbaycan müstəqil siyasət yürüdən dövlət olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının üzvü kimi qlobal proseslərə fəal nüfuz edir!

Respublikamız dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələrini verir, regionun ən iri layihələrini maliyyələşdirir!

Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik, həmrəylik var. Bu birlik sayəsində ölkə iqtidarı yaxın illərdə daha böyük iqtisadi-mədəni inqilablara müəlliflik edəcək!

Bəli, məhz İlham Əliyevin fenomenal liderlik keyfiyyətləri sayəsində biz azərbaycanlılar zamanın mənfi təzahürləri ilə mübarizədən qalib çıxdıq. Heydər Əliyev siyasi kursunu müstəqil Azərbaycanın dövlətçilik ideologiyası kimi qəbul edərək, daha böyük zəfərlərə doğru əzmlə addımlayırıq...

 

 

Fəttah HEYDƏROV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2012.- 3 may.- S. 2.