İnkişafın
Azərbaycan modelinin arxitekturasında mətbuatın yeri və
rolu
Azərbaycanın özü qədər
əbədi
Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın misilsiz inkişaf dinamikası dünya birliyi tərəfindən artıq etiraf edilir. Həqiqətən, qısa tarixi dövrdə - cəmi iyirmi il ərzində gənc müstəqil dövlətimiz elə bir yol keçmişdir ki, bir sıra ölkələrin bu yolu keçməsi üçün yüzilliklər lazım gələrdi. Bu müddətdə Azərbaycan yarıdağılmış, daxili ziddiyyətlərin girdabında boğulan, gələcəyi üçün aydın oriyentirləri görünməyən, dərin siyasi və iqtisadi böhran içində olan bir ölkədən günbəgün çiçəklənən, sabit, dinamik inkişaf edən, bu gün artıq nəinki regional geosiyasətə, hətta müasir dünya nizamının arxitekturasına təsir göstərən dövlətə çevrilmişdir.
Ölkəmizin bu cür sürətli inkişafını təhlil edən nüfuzlu beynəlxalq ekspertlər indi "Azərbaycan fenomeni", "Azərbaycan sıçrayışı", "İnkişafın Azərbaycan modeli" ifadələrini tez-tez işlədirlər. Lakin bu sürətli inkişaf, necə deyərlər, göydən düşməmişdir. O, çox böyük və gərgin əməyin, konseptual və strateji yanaşmaya, perspektivlərin aydın təsəvvürünə əsaslanan səmərəli dövlət idarəçiliyinin nəticəsidir.
Konseptuallıq, strateji məqsədlərin düzgün seçimi, hətta ilk baxışdan əhəmiyyətsiz görünən bütün detalların da nəzərə alınması, irəlini görmək, hər bir konkret tarixi dövrdə Azərbaycana məhz nə lazım olmasını dəqiq bilmək bacarığı ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik üslubuna həmişə xas olmuşdur.
Bunu 1993-cü ilin ortalarından başlayaraq, ümummilli liderin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın necə inkişaf etməsi nümunəsində aydın görmək olar. İlk illərdə bütün qüvvələr sosial-iqtisadi böhrandan çıxmaq, dövlətçiliyin möhkəm təməlini yaratmaq, siyasi sistem formalaşdırmaq, sabitliyi və asayişi təmin etmək məsələləri üzərində cəmləşdirilmişdisə, bu məqsədlərə nail olduqdan sonra əsas diqqət irimiqyaslı sosial və iqtisadi islahatlara yönəlmişdi. Bu halda da qüvvələrin tətbiq vektoru tədricən dəyişirdi. 1990-cı illərin axırları - 2000-ci illərin əvvəlində hökumətin strategiyası iqtisadiyyatın baza sahəsi kimi neft-qaz sənayesinin dirçəlişinə, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun inkişaf etdirilməsinə, ixrac boru kəmərləri şəbəkəsi yaradılmasına yönəlmişdi. 2003-cü ildə, Azərbaycan artıq neftdən sanballı gəlirlər əldə etməyə başlayanda dövlət öz qüvvə və vəsaitlərini iqtisadiyyatın şaxələndirilməsinə və infrastrukturun inkişafına yönəltdi. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafının birinci Dövlət Proqramı qəbul edildi. Sənaye müəssisələrinin, elektrik stansiyalarının, yolların, məktəblərin, tibbi mərkəzlərin, idman komplekslərinin genişmiqyaslı tikintisi, zavod və fabriklərin modernləşdirilməsi, informasiya-kommunikasiya texnologiyaları və başqa sahələrin inkişafı üzrə işlər başlandı. Bu işlər sosial sahədə ciddi dəyişikliklərlə müşayiət olunurdu. Son illərdə isə biz həyatın keyfiyyətinə və insan kapitalının inkişafına sərmayə qoyulmasını getdikcə daha çox müşahidə edirik. Statistik göstəricilər də bunu çox gözəl nümayiş etdirir. Təkcə son səkkiz ildə Azərbaycanda bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 6 dəfədən çox azalaraq 49 faizdən 7,9 faizə düşmüş, minimum əməkhaqqı və pensiya 15 dəfə artırılmışdır.
Bugünkü Azərbaycan bütün Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təmin edir; iqtisadiyyatda keçid dövrü uğurla başa çatmışdır; sürətli sənayeləşmə prosesi gedir, nəhəng müəssisələr yaradılır; şəhər ilə kənd arasında mühüm fərqlər ilbəil azalır; enerji və ərzaq təhlükəsizliyi təmin edilmişdir; regionda ən güclü və döyüş qabiliyyətli ordulardan biri formalaşmışdır; səmərəli sosial proqramlar həyata keçirilir. 20 il bundan əvvəl dövlət xəzinəsi boş olan Azərbaycanda bu illər ərzində 40 milyard dollardan artıq vəsait toplanmışdır. Neft və qaz hesabına əldə edilən gəlirlərin akkumulyasiyası və onların idarə edilməsi şəffaf tərzdə həyata keçirilir, bu vəsaitlərin bir qismi gələcək nəsillər üçün saxlanır, bir qismi isə ölkə üçün ən əhəmiyyətli layihələrin həyata keçirilməsinə, o cümlədən qaçqınların və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılmasına və Azərbaycan gənclərinin xaricdə təhsilinə sərf edilir. Əvvəllər xaricdən sərmayələr cəlb edən Azərbaycan bu gün özü xarici dövlətlərin iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyur.
Beynəlxalq baxımdan ölkəmiz qlobal enerji təhlükəsizliyinin mühüm amilinə çevrilmişdir. Bundan əlavə, artıq bir neçə ildir ki, Azərbaycan özünü mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun mühüm məkanı kimi təqdim edir. "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan nümayəndələrinin qələbəsi və dünyanın 155 dövlətinin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də müstəqillik dövründə ölkəmizin danılmaz nailiyyətləridir.
Müasir Azərbaycanın bu portret cizgiləri artıq formalaşmış inkişafın Azərbaycan modeli - ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış, dövlətimizin başçısı İlham Əliyev tərəfindən zənginləşdirilmiş və daha da konkretləşdirilmiş model haqqında danışmağa əsas verir.
Fikrimizcə, "İnkişafın Azərbaycan modeli" termini dünyanın siyasi leksikonuna daxil olmağa layiqdir və artıq daxil olmuşdur. Ona görə ki, bu, mücərrəd anlayış deyil, real məzmuna malik olan tamamilə konkret anlayışdır. Bu model ucsuz-bucaqsız dünyada itməməyə, özünün mövcudluğunu bildirməyə, qlobal geosiyasətdə öz yerini tapmağa çalışan digər gənc müstəqil dövlətlər, dinamik inkişaf edən, səmərəli iqtisadiyyata və sosial sistemə, hakimiyyətlə cəmiyyət arasında ahəngdar şəkildə tərəqqi tapan münasibətlərə malik olan müasir dövlət qurmağı öz qarşısına məqsəd qoymuş ölkələr üçün nümunə ola bilər.
Məhz belə bir modelin olması Azərbaycanı öz inkişafında kortəbiilikdən və irrasionallıqdan, başqasının təcrübəsini kor-koranə təkrarlamaqdan və deməli, səhv və nöqsanlardan qorumuşdur. İnkişafın Azərbaycan modelinin fəlsəfəsini qısaca ifadə etmək istəsək bu, vətəndaşların rifah halını artırmaqla ölkənin modernləşməyə tam transformasiyası, həyatın bütün sahələrinin ahəngdar inkişafı, milli xüsusiyyətlər nəzərə alınmaqla dünyanın müsbət təcrübəsinin tətbiq edilməsi, universal demokratik prinsiplərin milli-mənəvi dəyərlər kontekstində bərqərar edilməsi, dünya birliyinə daha sıx inteqrasiya deməkdir.
Azərbaycan modeli hərtərəfli düşünülmüş və tarazlaşdırılmış proqramlar, dəqiq siyasi-iqtisadi və sosial proqnozlar əsasında ölkənin inkişafını nəzərdə tutur. Zənnimizcə, belə bir fakt bunu çox gözəl nümayiş etdirir ki, bu gün Azərbaycanda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya həyata keçirilməkdədir. Prezident İlham Əliyevin sərəncamına əsasən hazırda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanır. Belə bir sənədin işlənib hazırlanması zərurəti ölkəmizin inkişafında yeni, qarşımızda duran məqsəd və vəzifələrin daha mürəkkəb və çoxtərəfli olması ilə səciyyələnən mərhələsinə qədəm qoyması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ən müasir, elmi əsaslara söykənən idarəçilik metodları və strateji yanaşmalar tələb olunur. Bu gün ölkə rəhbərliyinin bütün fəaliyyəti həmin metod və yanaşmaların hazırlanmasına yönəlmişdir.
Prezident İlham Əliyev müsahibələrinin birində demişdir ki, əgər gələcək haqqında fikirləşməsək, bugünkü məsələləri həll etmək çox çətin olacaqdır. Dövlət başçısı vurğulamışdır ki, bu gün bizim həyata keçirdiyimiz təşəbbüslərin çoxu gələcəyə yönəlmişdir. O cümlədən, neft-qaz sahəsində hökumətin planları ən azı 100 il üçün nəzərdə tutulmuşdur. Nəqliyyat sferasında və alternativ enerji mənbələrinin yaradılması sahəsində həyata keçirilən dövlət proqramları çərçivəsində reallaşdırılan infrastruktur ölkəyə əsrlər boyu xidmət edəcəkdir. Təhsil, informasiya-kommunikasiya texnologiyaları, turizmin inkişafı sahəsində proqramlar da qarşıdakı onilliklər üçün nəzərdə tutulmuşdur.
Ölkədə reallaşdırılan bütün proqramların təhlili göstərir ki, dövlətimizin qarşısına qoyduğu bütün ambisiyalı məqsədlər və layihələr real əsasa, konkret icra mexanizmlərinə və maliyyə təminatına malikdir. Bu da inkişafın Azərbaycan modelinin xüsusiyyətidir. Bu modelin bir xüsusiyyəti də qarşıya qoyulmuş məqsədlərin aydın, nəzərdə tutulan planların ardıcıl, tarazlaşdırılmış olması, onların həyata keçirilməsi yollarının düzgün təsəvvür edilməsidir.
Məsələn, iqtisadi sahədə neft-qaz sektorundan asılılığı tədricən azaltmaq və innovasiyalı inkişaf modelinə keçmək vəzifəsi qarşıya qoyulmuşdur. Azərbaycan hökuməti bu vəzifəni yerinə yetirmək üçün qeyri-neft sektorunu fəal inkişaf etdirir, neft gəlirləri yeni texnologiyalara yatırılır, sahibkarlığa güclü dəstək verilir. Sosial sahədə əsas məqsəd insanların rifahını yüksəltməkdən ibarətdir. Bu məqsəd davamlı inkişaf üzrə genişmiqyaslı proqramların həyata keçirilməsi, yoxsulluğun azaldılması və işsizliyin ləğv edilməsi hesabına təmin olunur.
Xarici
siyasətdə Azərbaycan regionda liderlik modelini
seçmişdir. Bu məqsəd bütün dövlətlərlə
hüquq bərabərliyi və bir-birinin daxili işlərinə
qarışmamaq əsasında əməkdaşlığın
tənzimlənməsinə və inkişaf etdirilməsinə
yönəlmiş təşəbbüslər, xoş məram,
açıqlıq, dialoqa və zəruri anlarda köməyə
gəlməyə hazırlığın nümayiş
etdirilməsi yolu ilə həyata keçirilir. Azərbaycanın
həyata keçirdiyi tarazlaşdırılmış, əsasını
millətin və dövlətin mənafeləri təşkil
edən xarici siyasət bütün dünyada hamılıqla
qəbul edilmiş nailiyyətdir. Bu siyasət sayəsində
dünya birliyinin hörmət və rəğbətini
qazanmış Azərbaycan regionda və dünyada mövqelərini
möhkəmlətmiş, sülhsevər dövlət və
etibarlı tərəfdaş imici qazanmışdır.
Bu
uğurların informasiya təminatında dövlətimizin
media sahəsində siyasəti də mühüm rola malikdir. Əlbəttə,
dövlətin informasiya siyasəti də inkişafın Azərbaycan
modelinin tərkib hissələrindən biridir.
Ölkəmizdə
kütləvi informasiya vasitələrinin azad olması
haqqında müddəa Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit edilmişdir. Azərbaycan hələ
1998-ci ildə, MDB məkanında birinci olaraq senzuranı ləğv
etmişdir. 2000-ci ildə Mətbuat Nazirliyinin ləğv
olunması KİV-lərin fəaliyyətinin dövlət tərəfindən
tənzimlənməsinin aradan qaldırılmasına, söz
azadlığının təmin edilməsinə yönəlmiş
çox mühüm addım idi. 2001-ci ildə qəbul
edilmiş, beynəlxalq ekspertlərin fikrincə, çox
demokratik və Avropa standartlarına müvafiq olan "Kütləvi
informasiya vasitələri haqqında" qanun medianın fəaliyyəti
üçün qanunverici bazadır. 2005-ci ildə
"İnformasiya azadlığı haqqında" qanun qəbul
edilmişdir. Azərbaycanda nəşr edilən
materialların və yayımlanan verilişlərin məzmununa
total nəzarət, iqtidarın tənqid edilməsinə
görə hər hansı şəkildə təqib, o
cümlədən cinayət təqibi yoxdur. Bu sahədə
plüralizmin bərqərar olmasına belə bir fakt da dəlalət
edir ki, hazırda Azərbaycanda 30-dan çox gündəlik və
100-ə yaxın həftəlik qəzet buraxılır,
respublika əhəmiyyətli 9 telekanal, 15-ə yaxın
regional telekanal verilişlərini yayır, internetdən sərbəst
istifadə edilir. Bütün bunlar müstəqil mətbuat
modelinin əsas elementləridir.
Bununla bərabər,
qeyd etməliyəm ki, Azərbaycanda KİV ilə dövlətin
münasibətləri sintezləşdirilmiş model əsasında
qurulur. Bu model dünyada ümumi qəbul edilmiş
"dövlət-mətbuat" qarşılıqlı
münasibətlərinin bir neçə modelinin elementlərini
özündə cəmləşdirir: mətbuatın sosial məsuliyyəti
modeli, əsasən milli dövlət qurmaqda olan gənc
müstəqil ölkələrdə tətbiq edilən
"inkişaf modeli" və sair.
Sosial məsuliyyət
modeli medianın cəmiyyət qarşısında müəyyən
öhdəliklərini nəzərdə tutur: yüksək
peşəkar standartlara uyğunluq, informativlik,
düzgünlük, dəqiqlik, obyektivlik. Bu model müəyyən
mənada iki prinsipi birləşdirir: medianın
azadlığı və cəmiyyət qarşısında
borcu. Bu halda dövlət ilə mətbuat arasında
münasibətlər müstəqil ictimai təsisatlar vasitəsilə
tənzimlənir. Azərbaycanda belə bir təsisat rolunda Mətbuat
Şurası çıxış edir. Sosial məsuliyyət
modelində KİV-lərə ictimai rəy, peşə
etikası vasitəsilə nəzarət edilir. Bu baxımdan Azərbaycanda
qəbul edilmiş Azərbaycan Jurnalistinin Peşə Davranışı
Qaydaları mətbuat işçilərindən təkcə
yüksək peşəkarlıq vərdişləri deyil, həm
də düzgünlük və qərəzsizlik tələb
edir, müəyyən mənada KİV-lərin tənzimləyicisi
rolunu oynayır.
"İnkişaf
modeli" KİV-lərin ölkədə həyata
keçirilən milli siyasətin məqsədlərinə
kömək etməsinə yönəlmişdir. Demokratik
ölkələrdə KİV-lərin fəaliyyətində
dövlətin rolu barədə fikir ayrılığı
mövcuddur. Adətən belə hesab edirlər ki, bu sahədə
dövlətin rolu minimuma endirilməlidir. Mən isə əksinə,
hesab edirəm ki, informasiya cəmiyyətinə daxil
olmağımız bu rolun artmasını nəzərdə
tutur. Burada bir qeyd-şərtə ehtiyac vardır:
"dövlətin rolu" dedikdə, əsla dövlətin
mətbuatın işinə müdaxiləsini nəzərdə
tutmuruq. Söhbət KİV-lərin fəaliyyətinin səmərəli
qanunvericilik bazasının formalaşmasında dövlətin
konkret iştirakından, onun xüsusən elektron media sahəsində
tənzimləyici rol oynamasından, inkişaf etmiş
telekommunikasiya infrastrukturu yaradılmasından gedir. Bunlar olmasa
müasir kütləvi informasiya vasitələri sadəcə
mövcud ola bilməz. Mediastrukturların texniki təchizatında
dövlətin köməyi və dəstəyi zəruridir.
Dövlət həm də KİV-lərin fəaliyyəti
üçün, əslində bütün cəmiyyət
üçün, universal dəyər oriyentirlərinin müəyyən
edilməsinə görə cavabdehdir.
İnformasiya
siyasəti ölkənin sosial-iqtisadi və mədəni
inkişafının xüsusiyyətlərindən, onun öz
qarşısına qoyduğu məqsədlərdən
asılıdır. Azərbaycan dövləti iqtisadi
inkişafın yetərincə yüksək səviyyəsinə
çatmaqla, innovasiyalara əsaslanan müasir informasiya cəmiyyəti
qurmaqla KİV-lərin inkişafına, media sahəsinə ən
yeni informasiya-kommunikasiya texnologiyalarının cəlb edilməsinə
çox böyük diqqət yetirir. Bu texnologiyaların təsiri
ilə KİV getdikcə daha artıq dərəcədə
biznes sahəsinə çevrilir, bu isə
dövrümüzün tələblərinə tam
müvafiqdir.
Lakin bu məqamın
təhlükəli cəhətləri də az deyildir,
çünki kütləvi kommunikasiyalar sahəsində bazar
münasibətlərinin ifrat dərəcədə tətbiqi
bir sıra hallarda KİV-lərin maarifçilik və
informasiya funksiyasının nivelirlənməsinə gətirib
çıxarır, jurnalistikaya xas olan humanist səsləri
boğur, əhaliyə xalqın milli-mənəvi dəyərlərinə
və mentalitetinə yabançı davranış stereotiplərini
zorla qəbul etdirir. Qloballaşmanın, o cümlədən
informasiya məkanında qloballaşmanın şəksiz
üstünlüklərinə baxmayaraq, bu prosesin sürətlənməsi
də yeni təhdidlər doğurur.
Bu şəraitdə
dövlətin tənzimləyici rolu, xüsusən Azərbaycan
kimi gənc müstəqil ölkələrdə müstəsna
əhəmiyyət kəsb edir. Axı bu gün
sivilizasiyanın doğurduğu modernləşmə, yeniliyə
və tərəqqiyə istiqamətlənmə ilə
yanaşı, bu yeni aləmdə kimliyimizi itirməmək,
milli mənliyimizi qoruyub saxlamaq üçün köklərimizə,
mədəni-mənəvi dəyərlərimizə
bağlılıq bizə hava və su kimi lazımdır.
Azərbaycan
dövləti kütləvi informasiya vasitələri sahəsində
də məqsədyönlü və ardıcıl siyasət
yeridir, modernləşmə və qlobal informasiya məkanına
inteqrasiya xəttini ölkənin milli maraqları ilə
uğurla əlaqələndirir.
Dövlətimizin
medianın inkişafı sahəsində atdığı
bütün addımlar hərtərəfli
düşünülmüş və gələcəyə
istiqamətlənmişdir. 2008-ci ildə Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Konsepsiyasının qəbul edilməsi, Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-lərə
Dövlət Dəstəyi Fondunun təsis edilməsi buna əyani
sübutdur. Hər il qəzet və jurnal
redaksiyalarının, informasiya agentliklərinin inkişafı
üçün sanballı maliyyə vəsaiti
ayrılır. KİV işçilərinin sosial
rifahının yaxşılaşdırılmasına yönəlmiş
tədbirlər görülür.
Bütün
bu illər ərzində ölkənin əsas informasiya qurumu
- Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də
daim dövlətimizin diqqət mərkəzində
olmuşdur. Təkcə bunu demək kifayətdir ki, 1995-ci ildən
bəri agentliyin fəaliyyətinin təkmilləşdirilməsi
haqqında dövlət başçısı səviyyəsində
6 fərman və sərəncam imzalanmışdır. Bu sənədlərdə
agentliyin işinin fəallaşdırılması, onun maddi-texniki
bazasının möhkəmlənməsi, dünya informasiya məkanına
inteqrasiya üzrə mühüm tədbirlər nəzərdə
tutulmuşdur.
Agentliyin
texniki təchizatının təkmilləşdirilməsi
üzrə tədbirlər sayəsində bu gün AzərTAc
səmərəli işləmək üçün zəruri
olan innovativ texnoloji avadanlığa malikdir. Agentlikdə
qoyulmuş ən müasir server qurğusu onun zəngin
informasiya və fotoarxivini saxlamağa imkan verir. AzərTAc-ın
sonuncu dəfə 2011-ci ilin axırlarında yenilənmiş
və təkmilləşdirilmiş saytında təqribən
hər iki dəqiqədən bir Azərbaycan, ingilis, rus, alman,
fransız və ərəb dillərində materiallar yerləşdirilir.
Hazırda AzərTAc-ın internet saytına hər gün 10-12
min dəfə müraciət edilir. Bu isə, heç
şübhəsiz, ölkəmizin populyarlaşmasında
mühüm rol oynayır.
Dövlət
başçısının sərəncamı ilə AzərTAc
üçün yeni, müasir bina tikiləcəkdir. Dinamik
inkişaf edən ölkəmizin imicinə uyğun olacaq bu
bina agentliyin işini daha yüksək səviyyədə təşkil
etməyə, onun fəaliyyətinə informasiya sahəsində
ən yeni texnoloji araşdırmaların nəticələrini
cəlb etməyə imkan verəcəkdir.
Hazırda
xarici ölkələrdə AzərTAc-ın 16 müxbir məntəqəsi
fəaliyyət göstərir. Onların səmərəli fəaliyyəti
üçün hər cür şərait
yaradılmışdır. AzərTAc dünyanın 90-dan
çox ölkəsinin milli xəbər agentliyi ilə
informasiya mübadiləsi aparır. O, Avropa Xəbər
Agentlikləri Alyansı (EANA), Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri Təşkilatı (OANA),
Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA), Müstəqil
Dövlətlər Birliyinin üzvü olan ölkələrin
Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA), Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri
Assosiasiyası (BSANNA) kimi nüfuzlu beynəlxalq və regional
təşkilatların üzvüdür. Bu qurumlarla ikitərəfli
və çoxtərəfli əməkdaşlıq sayəsində
AzərTAc onların informasiya resurslarından istifadə etməklə
Azərbaycan haqqında həqiqətləri daha geniş
coğrafiyada yaymaq və eyni zamanda, Azərbaycan oxucusunu
dünyada baş vermiş son hadisələrlə
tanış etmək imkanına malikdir.
AzərTAc
dövlətimizin modernləşmə və innovasiyalı cəmiyyət
qurulmasından ibarət ümumi fəaliyyət xəttinə
əsaslanaraq, ən yeni informasiya-kommunikasiya
texnologiyalarını fəal tətbiq edir. Bu sahədə son
nailiyyətlərdən biri istifadəçilərə video,
foto və səsli informasiyanı da operativ
çatdırmağa imkan verən multimedia xidmətinin
yaradılmasıdır.
Agentlik
müasir dövrün çağırışlarını
nəzərə alaraq, öz informasiya resurslarının
kibernetik hücumlardan etibarlı şəkildə
qorunmasının təmin edilməsi üzrə ciddi tədbirlər
görür və bu iş yetərincə uğurlu şəkildə
həyata keçirilir. Hazırda biz müasir informasiya məkanında
rolu tədricən artmaqda olan sosial şəbəkələrlə
rəqabətdə üstünlüyə necə nail olmaq barədə
getdikcə daha çox fikirləşirik. Bəzi həmkarlarımızın
fikrincə, sosial şəbəkələr ənənəvi
jurnalistika ilə rəqabət apara bilməz, lakin
reallıqlar bunun əksini sübut edir və hətta
dünyanın ən iri informasiya agentlikləri də artıq
bu amil ilə hesablaşmağa və təsirli tədbirlər
görməyə başlamışlar. Qeyri-peşəkar
jurnalistika - bloqqerlər və sosial şəbəkələr
bazarının get-gedə artan təzyiqi nəzərə
alınmaqla KİV-lər işin yeni formatlarını mənimsəməyə
məcburdurlar. Zənnimcə, əgər biz peşəkarlığımızı,
işimizin keyfiyyətini, operativliyini artırsaq, ən yeni
informasiya-kommunikasiya texnologiyalarını fəal mənimsəsək,
yüksək ixtisaslı, mütərəqqi düşüncəli
gənc kadrlar hazırlanmasına ciddi diqqət yetirsək, bu
rəqabətdə uduzmarıq. Bu məqsədlə
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə
təhsili üzrə Dövlət Proqramının bizim
üçün yaratdığı imkanlardan istifadə edərək,
gənc jurnalistləri, tərcüməçiləri,
proqramçıları xaricdə təhsil almağa göndəririk.
Təbii ki, gələcək bu gənclərindir.
Azərbaycanın
gələcəyinin konturlarına diqqətlə nəzər
salsaq, güclü, firavan, sabit inkişaf edən dövlət
görərik. Azərbaycan Prezidenti İlham Əliyev
qarşımızda dəqiq məqsəd qoymuşdur: Azərbaycan
ən yaxın illərdə dünyanın inkişaf etmiş
ölkələri sırasına daxil olmalıdır. Əminik
ki, biz Azərbaycanın indiki inkişaf modelini tətbiq etməklə
bu məqsədə nail olacağıq.
Aslan ASLANOV,
AzərTAc-ın baş direktoru
Azərbaycan.- 2012.- 3 may.- S. 3.