Bakıda
İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin ticarətin təşviqi təşkilatları
rəhbərlərinin II iclası işə
başlamışdır
Mayın 2-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ticarətin təşviqi təşkilatları rəhbərlərinin II iclası işə başlamışdır.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanın qazandığı uğurlar, sosial-iqtisadi nailiyyətlər, aparılan islahatlardan söz açmışdır. Azərbaycan və İƏT arasındakı əlaqələrdən danışan nazir müavini qurumun üzv ölkələrdə ticarət və investisiya mühitinin inkişafı, iş adamları arasında əlaqələrin genişləndirilməsi sahəsindəki rolunu qeyd etmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Adil Məmmədov ilk dəfədir ölkəmizdə keçirilən tədbirin dövlətimizin artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu demişdir.
İƏT baş katibinin müavini Fatih Ünlü tədbirin üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
İclasda İƏT-ə üzv ölkələrin ticarət əlaqələri, ticarətin təşviqi agentlikləri arasında əməkdaşlıq və birgə tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur. Tədbir çərçivəsində İƏT-ə üzv ölkələrin, həmçinin Azərbaycanın iqtisadiyyatı, ticarət və investisiya imkanlarına dair təqdimatlar keçirilmişdir.
İclas işini mayın 3-də davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 3 may.- S. 7.