Bakıda Azərbaycan
və Türkiyə sənətkarlarının birgə sərgisi
açılmışdır
Mayın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə görkəmli heykəltəraş, akademik Ömər Eldarovun, tanınmış türkiyəli rəssam Abidin Eldaroğlunun və fotoqraf Ozan Sağdıçın birgə sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri və sənətsevərlər iştirak etmişlər.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, Azərbaycan Rəssamlar İttifaqının sədri xalq rəssamı Fərhad Xəlilov, xalq rəssamı Səlhab Məmmədov və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev çıxış edərək sərginin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, iki qardaş ölkəni təmsil edən tanınmış sənətkarların birgə sərgisi Azərbaycan ilə Türkiyə arasında mövcud mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.
Diqqətə çatdırılmışdır ki, bu gün sərgisi keçirilən bu üç sənətkar bir-birilərinə qohum insanlardır. Ona görə də bu sərgi daha çox görüş xarakteri daşıyır. Uzun illərin ayrılığından sonra bu qohumlar bir-birilərini tapmış və belə bir sərginin reallaşdırılmasına müvəffəq olmuşlar.
Bildirilmişdir ki, Azərbaycanın xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarov (1927) müxtəlif respublika, regional, beynəlxalq sərgi və müsabiqələrin iştirakçısıdır. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, professor İhsan Doğramacının, bəstəkar Üzeyir Hacıbəylinin, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və digər tanınmış şəxsiyyətlərin monumental və dəzgah heykəltəraşlığı sahəsində obrazlarını yaratmaqla məşhurlaşmışdır.
Vurğulanmışdır ki, mərhum sənətkar Abidin Eldaroğlunun (1901-1974) rəsm əsərləri bir çox xarici ölkələrdə, Madrid, Brüssel, Paris, Berlin, Vyana, Venesiya və Milan şəhərlərində sərgilənmişdir. Bundan əlavə, rəssam bir çox ölkələrdə təşkil olunmuş biennalelərdə mükafatlara layiq görülmüşdür.
Diqqətə çatdırılmışdır ki, Ozan Sağdıçın (1934) fotoları Ankarada bir çox jurnallarda, nəşrlərdə işıq üzü görmüşdür. O, Ankara Fotoqraf Sənətçiləri Dərnəyinin fəxri üzvü, eyni zamanda, fotoqrafiya bölməsinə xalq rəssamı kimi seçilmişdir. O.Sağdıç hazırda Ankarada işini davam etdirir.
Sonda sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Ömər Eldarov belə bir sərginin açılmasını çoxdan arzuladığını söyləmiş və bu işdə ona yardımçı olanlara təşəkkür etmişdir.
Mayın 8-dək davam edəcək
sərgi iştirakçılar tərəfindən böyük maraqla
qarşılanmışdır.
Azərbaycan.- 2012.- 3 may.- S. 7.