Vaqif canlanırdı Cıdır
düzündə
Şuşanın
işğalından 20 il ötür
Şeirimizə ana dilinin şirinliyini cazibə və ustalıqla gətirən Molla Pənah Vaqif bu sahədə öz missiyasını ləyaqətlə yerinə yetirən şairlərin öncüllərindən sayılır. XVIII əsrə qədər şeirimizdə olan ərəb və fars tərkibli sözlərin, demək olar ki, xeyli hissəsi Vaqifin könül rübabına yaxın düşə bilmədi. Bəlkə də elə bu səbəbdən Vaqifin şeirlərini onun ölümündən sonra xalq arasında toplayıb çap etmək mümkün oldu. Vaqif dövrünün sevilən, lirik ovqatlı şairi olmaqla bərabər, həm də çox müdrik, ağıllı fikir sahibi idi. İctimai xadim kimi fəaliyyəti həddən artıq geniş olduğundan adı Azərbaycan ədəbiyyatına, tarixinə təkcə şair kimi deyil, həm də dövrünün dərin düşüncəli şəxsiyyəti kimi düşmüşdür. O, Qazax mahalının Qıraq Salahlı kəndində dünyaya gəlsə də, qədim Şuşanın simvoluna, əbədiyaşar simasına çevrildi. İbrahim xanın sarayında çalışaraq xanlığın daxili və xarici siyasətinin müəyyənləşməsində böyük rol oynadı. Molla Pənah Vaqif həm sənətkar, həm də siyasi xadim kimi xalqına xidmət etdi.
O, sarayda əvvəlcə eşikağası kimi çalışıb. Ağlı, təfəkkürü İbrahim xanın xoşuna gəldiyinə görə sonra onu vəzir təyin edib. Getdikcə şairin bir çox məziyyətlərinə bələdləşdikcə ona daha çox etibar göstərirdi. Çox keçmir ki, Vaqif Şuşa xanlığının əsas simalarından birinə çevrildi. 27 il sarayda çalışan Vaqif xanlığın bütün daxili və xarici işlərinin müəyyənləşdirilməsində İbrahim xanın ən yaxın adamı kimi tanınırdı. Şair haqqında yazan tədqiqatçılar, eləcə də tarixi məxəslər təsdiqləyir ki, Vaqif Qarabağ xanlığının möhkəmlənməsi uğrunda çox fədakarlıqla çalışmışdır. Hətta Şuşanın abadlaşmasında, əsl şəhər simasına bürünməsində məsləhət və tövsiyələri olmuşdur. O dövrdə Şuşanın mədəni həyatında Vaqifin böyük rolu vardı.
Zaman-zaman Şuşa yadelli işğalçıların hücumlarına məruz qalmışdı. İran şahı Ağa Məhəmməd Şah Qacar iki dəfə Şuşaya basqın etmişdir. Birinci hücum zamanı Vaqifin məsləhəti ilə qurulan müdafiə xəttini şahın orduları yara bilməmişdi. Qarabağ xanlığı Şuşa qalasını basqınçıların hücumundan müdafiə edə bilmişdi.
Təəssüf ki, ölkədə baş verən fəlakətlər, qarışıqlar nəticəsində Şuşa ikinci dəfə Ağa Məhəmməd Şah Qacarın amansız hücumu qarşısında tab gətirə bilmədi. 1797-ci ildə Şuşa Qacarın qoşunları tərəfindən işğal edildi. Şahın ilk hədəfi, təbii ki, Vaqif olub. Şair həbs edilərək zindana salınıb. Onun zindan həyatı uzun sürməyib. Qacarın öldürülməsi şairin azadlığına səbəb olub. Amma Vaqifin fəlakətli günləri bununla tamamlanmayıb. İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir hakimiyyətə gəlib. Onun ilk işi əmisinin yaxın adamlarını aradan götürməkdən ibarət olub. Bu səbəbdən də bəhanə taparaq şairi oğlu Əli ağa ilə birlikdə edam etdirib. Ölümündən əvvəl Vaqif ona bəslənən ögey münasibəti çox gözəl duyurdu. Şuşada baş verənləri yazıb İbrahim xana çatdırmaq istəsə də, buna müvəffəq ola bilməmişdi. Üzləşdiyi xəyanətlərdən təngə gələrək "Görmədim" adlı məşhur müxəmməsini yazıb:
Mən cahan mülkündə mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşinalər ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim.
Bivəfadan lacərəm təhsili hacət görmədim.
Doğrudan da, çox təəssüf doğuran hal və tarixin pərişan, xəcalət çəkməli səhifəsidir ki, xanlıq taxtı yolunda öz doğmalarına, soydaşlarına üz çevirərək onların ölümünə fərman verəsən, qətlinə imza atasan. Yəqin ki, Şuşanın yadelli işğalçılardan təmizlənməsində Cavanşir xanın xidməti olub. Amma təkcə Vaqifə qarşı etdiyi xəyanət heç zaman bağışlanmayacaq. Taxt-tac naminə xalqın şairini öldürməklə kifayətlənməmiş, onun evini də talan edərək, əsərləri, divan və əlyazmaları yandırılmışdır. Şairi yaşadan xalq sevgisi olmuşdur. Dillər əzbəri olan şeirləri uzun illər şuşalıların yaddaşından silinməmişdir. Sonralar hafizələrdə qalan nümunələr şuşalı ziyalılar tərəfindən yazıya köçürülərək bizlərə gəlib çatmışdır.
Molla Pənah Vaqif Azərbaycan poeziyasında yeni bir mərhələnin başlanğıcını qoyub. Məhz ilk dəfə Molla Pənah Vaqifin şeirlərində Qarabağ qızları böyük məhəbbətlə və istəklə vəsf edilib. Molla Pənah Vaqif ilk dəfə olaraq dünyanın bütün gözəllərinin məhz Azərbaycan torpağında cücərdiyini şeirlərində məhəbbətlə tərənnüm edib.
Molla Pənah Vaqif özündən sonra yaranan şeirimizə dərin təsir etmişdir. Onun əsərləri 1856-cı ildə toplanaraq ilk dəfə kitab şəklində çap olunmuşdur. Xalq şairi Səməd Vurğun "Vaqif" dramını yazaraq şairin həyatına yeni yozum vermişdi. Azərbaycanın görkəmli aktyorları Vaqifin rolunu yaratmaqla yaddaşlarda yeni obrazın əbədiliyinə nail olmuşdular. Vaxtilə Səməd Vurğunun böyük müdrikliklə söylədiyi bu misralar həqiqətə çevrilmişdir:
Uçan buludlar da çağırır "gəlin"!
Qalxacaq, şairim,
bir gün heykəlin.
Bizim Qarabağın Cıdır
düzündə,
Vaqif canlanacaq
onun üzündə.
Ümummilli lider Heydər Əliyev Molla Pənah Vaqifin şeirlərini yüksək
dəyərləndirirdi. Ulu öndərin
təşəbbüsü ilə 1982-ci ilin qışında Şuşada
- Cıdır düzündə
unudulmaz şairimizin məqbərəsinin açılışı
oldu.
Yanvar ayının
soyuqlu, qarlı günləri olmasına baxmayaraq, şuşalılar
qəlblərində şairə
qarşı olan dərin məhəbbətlə
Cıdır düzünə
gəldilər. Vaxtilə Vaqif Murov və Kirs dağlarının
qarlı zirvəsini buradan seyr edərək
şeirlər qoşmuşdu.
İndi onu sevənlərin ucaltdıqları əzəmətli
məqbərə Qarabağ
dağlarının daha
bir zirvəsinə - poeziya və şöhrət zirvəsinə
zinət verirdi.
O gün hamının
dilinin əzbəri
"Vaqif" kəlməsi
idi. Ümummilli lider Heydər Əliyev, eləcə də respublikamızın
elm, ədəbiyyat və
incəsənət xadimlərinin
böyük bir dəstəsi - yazıçılardan
Mirzə İbrahimov, Anar, şairlərdən Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Nəriman
Həsənzadə, mədəniyyət
xadimlərindən Niyazi,
Rauf Hacıyev, Lütfiyar İmanov, Şəmsi Bədəlbəyli,
Fərhad Bədəlbəyli,
Cahangir Cahangirov, rəssamlardan Lətif Kərimov, Tokay Məmmədov,
Toğrul Nərimanbəyov,
o cümlədən kinostudiyanın
əməkdaşları, televiziya,
mətbuat işçiləri,
Cıdır düzündəki
bu qeyri-adi hadisəni fərəhlə
seyr etdilər.
Məqbərənin açılış mərasimi
çox möhtəşəm
keçdi. Qırmızı lentin kəsilməsi
ilə dahi Üzeyir bəyin "Koroğlu" uvertürasının
dağlarda əks-səda
verməsi hamının
qürurunu artırdı.
Mərasimdə ulu öndər Heydər Əliyevin tarixi çıxışı, mədəniyyətə,
poeziyaya yüksək qiymət verməsi Şuşanın və Şuşa mühitində
yetişmiş şəxsiyyətlərin
Azərbaycan üçün
hansı zirvədə
dayanması fikirləri
soydaşlarımızı sevindirsə də, yan-yörədə fırlanan
yaltaq sifətli, namərd ermənilərin
sinəsinə tikan kimi batırdı.
Vaqif öz şeirlərində Şuşanı
məhəbbətlə vəsf
edərək onun sıldırımlı qayalıqlarına,
uca dağlarına vurulduğunu dəfələrlə
söyləyib. Bu səbəbdən
də onu qayalı təpənin üstündə dəfn etmişdilər. Şairin əzəmətli
məqbərəsi də
orada ucalmışdı.
Qarabağın çox yerindən
görünürdü. Abidənin müəllifləri memar Ə.Salamzadə, heykəltəraş
A.Mustafayevdir. 18 metrdən hündür olan məqbərə dördtilli qüllə şəklində idi.
Divarlara bayır tərəfdən çəhrayı,
içəri tərəfdən
ağ Qarabağ
mərmərindən üz
çəkilmişdi. Məqbərənin içərisinə pəncərələrin
şəbəkəşəkilli barmaqlıqlarının arasından
işıq süzülürdü.
Məqbərənin mərkəzində qara mərmərdən yonulmuş sarkofaq vardı. İçəri
tərəfdən giriş
qapısı ilə üzbəüz səmtdə
Vaqifin ağ
mərmərdən yonulmuş
büstü qoyulmuşdu.
O gündən məqbərə
qədim və gözəl Şuşamızın
simasının ayrılmaz
hissəsinə çevrildi.
Vaqifi yad edəsən, məzarı üstündə məqbərə ucaldasan, şairin şeirlərini dilə gətirməyəsən, bu, mümkün deyildi. Həmin gün Şuşada Poeziya evinin açılışı da oldu. El-obanın bu şənliyində Heydər Əliyev də iştirak etdi. Ulu öndər Poeziya evinə toplaşanlara müraciətlə dedi: "Əlamətdar haldır ki, Şuşada Vaqifin məqbərəsinin təntənəli surətdə açıldığı gün Poeziya evi də açılmışdır. Gərək çalışasınız ki, bu ev şəhərin əsl poeziya mərkəzinə çevrilsin..."
Çevrildi də, amma heç kəsin ağlına gəlməzdi ki, on ildən sonra bu dilbər guşələrdə bayquşlar ulayacaq. Faşist ermənilər şuşalıları öz dədə-baba ocaqlarından didərgin salacaqlar. "Çatladı Vaqifin goru Şuşada" naləsini çəkən şair Şahmar Əkbərzadə yazırdı:
Baxır həsrət-həsrət əsir məzarlar,
Orda Vaqif qalıb, Xan qızı qalıb.
Hayla dəliləri Koroğlu kimi,
Pənah xan nərənə tamarzı qalıb.
Yağı tapdağına çevrilən Şuşanın sinəmizə çəkdiyi dərdin şırımları çox dərin və böyükdür. Bakıda Vurğunun ruhu narahat, Şuşada Vaqifin məzarı yandı, Üzeyirin, Bülbülün, Xan qızının heykəlləri güllələndi. Dolama yolları bizsiz qalan, sinəsində yağılar gəzən Şuşa əliyaylıqlı Natəvan olub övladlarını çağırır. Şuşa qızı çağırır. Şuşa bizi çağırır...
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 3 may.- S. 8.