Şuşanın
azad ediləcəyi gün
uzaqda deyil
Şuşanın
işğalından 20 il ötür
Mayın 2-də Nərimanov Rayon İcra Hakimiyyətində Şuşa şəhərinin Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar toplantı keçirildi. Toplantı iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini yad etdilər.
Tədbiri açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dedi ki, Azərbaycanın dilbər guşəsi olan Şuşa 20 il əvvəl, mayın 8-də ermənilər tərəfindən işğal edilib. Bu işğal nəticəsində 22 min nəfər azərbaycanlı öz yurdundan didərgin düşüb. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə isə 195 nəfər soydaşımız şəhid olub. İşğal nəticəsində Şuşada bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Şuşanı erməniləşdirməyə çalışsalar da, tarixi saxtalaşdırmağa cəhd etsələr də, bu əbəsdir. Bütün dünya Şuşanın məhz Azərbaycan şəhəri olduğunu bilir və bu cür də qəbul edir. Şuşanın azad ediləcəyi gün isə uzaqda deyil. Prezident İlham Əliyevin dediyi kimi: "Biz hər gün qələbə gününü yaxınlaşdırırıq, gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır".
Tədbirdə iştirak edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Bayram Səfərov dedi ki, Şuşa şəhərinin işğalını şərtləndirən səbəblərdən biri də Azərbaycanın o vaxtkı rəhbərliyinin yarıtmaz siyasəti olmuşdur. Bayram Səfərovun sözlərinə görə, ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır" fikrini irəli sürməsi Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli mənafelərini qorumaqla ədalətli şəkildə həll olunacağına inamı artırır. Prezident İlham Əliyevin aprelin 9-da "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" sərəncam imzalaması şuşalılara diqqətin nümunəsi olmaqla yanaşı, Azərbaycanın öz torpaqlarını işğaldan mütləq azad edəcəyi ilə bağlı dünya ictimaiyyətinə ünvanlanan mesaj idi.
Milli Məclisin deputatı Elman Məmmədov çıxışında bildirdi ki, Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu var. Torpaqdan pay olmaz və ölkəmiz özünün imkanlarından istifadə edərək işğal olunmuş torpaqları azad edəcək. İnanırıq ki, növbəti illərdə biz torpaqlarımızın işğalını yox, qələbəni Qarabağda qeyd edəcəyik.
Deputat Adil Əliyev dedi ki, Milli Məclis son iclasında Şuşanın işğalının 20-ci ildönümü ilə ələqadar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə müraciət qəbul edib. Bununla bir daha bütün dünyaya bəyan olundu ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq.
Deputat Rasim Musabəyov bildirdi ki, Şuşanın işğal olunmasının səbəblərindən biri o vaxt ölkədə hərc-mərcliyin hökm sürməsi idi. Onun sözlərinə görə, ermənilər və onların havadarları hesab edirlər ki, vaxt ötdükcə Azərbaycan torpaqlarının işğal faktı ilə barışacaq. Ancaq yanılırlar, Azərbaycan sürətli inkişafı ilə ərazilərini mütləq işğaldan azad edəcək.
Toplantıya yekun
vuran Abdin Fərzəliyev
dedi ki, bölgədə
cərəyan edən bütün proseslər
Ermənistanın təcavüzkar siyasətinin iflasını
günbəgün yaxınlaşdırır. Əminik ki, Ali Baş
Komandan, ölkə Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Şuşanı və işğal altında olan
digər ərazilərini azad edəcək.
O zaman Şuşa
şəhərinin yenidən qurulmasında Nərimanov rayonu da yaxından iştirak edəcək.
Azərbaycan.- 2012.- 3 may.- S. 8.