Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət göndəriləcək

 

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyində (İB) Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı QHT-lərin toplantısı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, İB-nin üzvləri, QHT-lərin rəhbərləri iştirak etmişlər.

İyirmi ildir ki, Azərbaycanın Şuşasız olduğunu təəssüf hissi ilə qeyd edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirmişdir ki, hər bir azərbaycanlı Qarabağa daha da yaxın olmaq üçün əlindən gələni etməlidir. Şuşa siyasi, mədəni və mənəvi baxımdan Azərbaycan üçün çox önəmlidir.

Vurğulanmışdır ki, "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" Azərbaycan Prezidentinin imzaladığı sərəncam ölkəmizin Şuşanı heç vaxt unutmadığını bir daha sübut edir.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, İB-nin sədri Bayram Səfərov Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciətin hazırlandığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, 8 may - işğal günü ərəfəsində beynəlxalq təşkilatlara göndəriləcək müraciətdə Şuşanın işğalından ötən dövr ərzində baş vermiş proseslər, ermənilərin işğalçılıq siyasətinin davam etməsi, Şuşada Azərbaycana məxsus tarixi-mədəni abidələrin dağıdılması və digər məsələlər öz əksini tapacaqdır.

Tədbirdə Şuşanın işğalı ilə bağlı film təqdim edilmişdir.

Sonda dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanat  qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 3 may.- S. 8.