Çernobıl əlilləri ilə görüş keçirildi

 

 Mayın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlilləri ilə görüş keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir Füzuli Ələkbərov 11 nəfər Çernobıl əlilinə "Liffan" markalı minik avtomobillərinin açar və sənədlərini təqdim edərək onların daim dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu, bu sahədə tədbirlərin davam etdiriləcəyini bildirib.

Qeyd olunub ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl AES-də baş vermiş qəzanın ləğvində 8000 nəfərə yaxın Azərbaycan vətəndaşı iştirak edib ki, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə ümummilli lider Heydər Əliyev tərəfindən başlanılıbdır. Bu təbəqədən olan vətəndaşlara göstərilən diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

1993-cü ildə ulu öndərin təşəbbüsü sayəsində Milli Məclis tərəfindən "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statususosial müdafiəsi" haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və Çernobıl əlillərinin hərtərəfli dövlət qayğısı ilə təmin olunması işlərinə başlanılmışdır.

2000-ci ildən 2012-ci ilədək nazirliyin sifarişi ilə respublikanın müxtəlif bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarındakı mənzillərin bölgüsü zamanı növbədə olan Çernobıl əlilləri də nəzərə alınıb və bu təbəqədən olan 134 nəfər əlil mənzillə təmin olunub. 1998-ci ildən 2012-ci ilədək ölkəmizə əlillər üçün alınıb gətirilmiş avtomobillərdən 44 ədədi növbəyə dayanmış Çernobıl əlillərinə təqdim olunubdur.

"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilibdir. 2012-ci ildə nazirliyin vəsaiti hesabına 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilibdir. Həmçinin cari ildə 1441 nəfər Çernobıl əlilinin 2469 nəfər övladının hər birinə aylıq müavinət, 2770 nəfər Çernobıl əlilinə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilibdir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı, Çernobıl əlilləri də sanator-kurort putyovkaları (yollayışları) ilə təmin olunur və 2011-ci ildə belə putyovkalar ilə təmin edilən Çernobıl əlillərinin sayı 35 nəfər olub. Əlillərin istirahətinin təşkili zamanı imtiyazlı əlillərə, o cümlədən Çernobıl əlillərinə üstünlük verilərək 2011-ci ilin yay mövsümündə 50 nəfərin Nabran istirahət zonasına göndərilməsi təmin olunub. 2012-ci ildə isə Nabran, Lənkəran və İsmayıllı istirahət mərkəzlərinə 80 nəfər Çernobıl əlilinin göndərilməsi nəzərdə tutulub.

Çernobıl əlillərinin tibbi reabilitasiyası sahəsində də məqsədyönlü işlər görülür. Bu məqsədlə Mingəçevir şəhərində radioloji tipli Reabilitasiya və Bərpa Mərkəzinin tikintisi nəzərdə tutulmuşdurbu istiqamətdə işlər aparılır.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 3 may.- S. 8.