“Eurovision” yarışması Azərbaycanın nüfuzunun yüksəlməsinə növbəti
töhfə olacaq
Son illərdə böyük inkişaf yolu keçən respublikamız bir çox sahələrdə mühüm uğurlara imza atıb. Ulu öndər Heydər Əliyevin sayəsində siyasi sabitliyin əbədi olaraq bərqərar edildiyi Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir və bu yüksəlişdən, eləcə də dünyanın enerji təhlükəsizliyinə, sülhün qorunmasına verdiyi böyük töhfələrdən irəli gələrək beynəlxalq mövqelərini möhkəmləndirir.
Təbii ki, hər bir ölkəni çağdaş dövrümüzdə dünya nizamı üçün əhəmiyyətli edən meyarlardan biri məhz beynəlxalq imicdir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar da hansısa ölkədə öz tədbirlərini keçirərkən onun imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi tədbirləri keçirilib. Eyni fikirləri idman yarışları barədə də demək olar. Bu sıraya müxtəlif mövzulu beynəlxalq konfransları, simpoziumları da aid etmək olar. Bunun özu göstərir ki, bütövlükdə Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir məkandır. Araşdırsaq görərik ki, işğalçı Ermənistan indiyədək cəmi bir neçə belə tədbir keçirib ki, onlarda da məhdud sayda insan iştirak edib.
Çoxlu sayda siyasi, mədəni, idman və digər səpkili beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən respublikamız növbəti möhtəşəm tədbir ərəfəsindədir. Bu, may ayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsidir. Çoxlu xalqların, mədəniyyətlərin bir araya gəldiyi, bütün Avropanın yaxından izlədiyi musiqi yarışmasına bu il Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfələr verəcək, sivil dünyanın ayrılmaz hissəsi olan ölkəmizin mütərəqqi bəşəri dəyərlərə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək.
"Eurovision" mahnı yarışmasının Azərbaycanda keçirilməsi ölkəmizin öz halal haqqıdır. Azərbaycan ötənilki yarışmada qalib gələrək bu tədbirə ev sahibliyi etmək hüququnu qazanıb. Son illər bir sıra beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək sahəsində zəngin təcrübə toplamış ölkəmizdə bu mahnı müsabiqəsinin də əsl mədəniyyət bayramının təntənəsinə çevrilməsi üçün aparılan genişmiqyaslı hazırlıq işləri artıq başa çatıb. Bayraq meydanı yaxınlığında "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Kristall Hall"ın tikintisi artıq yekunlaşıb və şou hazırlıqları üçün təhvil verilib. Mayın 13-dən burada mahnı müsabiqəsinin məşqləri başlayacaq.
Təbii ki, mahnı müsabiqəsinə hazırlıq işlərinin yüksək səviyyədə aparılmasında UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın zəhmətini xüsusilə qeyd etməliyik. Elə müsabiqənin Azərbaycanın dünyada təbliği və nüfuzu baxımından daşıdığı əhəmiyyəti də ən gözəl şəkildə Mehriban xanım Əliyeva dəyərləndirib: "Bu müsabiqənin ölkəmizdə keçirilməsi faktının özü duetimizin qazandığı parlaq qələbənin nəticəsi, eləcə də ifaçıların özlərinin, onların qalib çıxışının hazırlanmasında iştirak edənlərin böyük uğurudur. Lakin bu gün qarşımızda artıq başqa tapşırıq durur: "Eurovision-2012"ni layiqli keçirmək. Bu, müsabiqənin iştirakçılarının, qonaqların, tamaşaçıların əksəriyyəti üçün ölkəmizlə ilk tanışlıq olacaq. Əminəm ki, qarşıdakı müsabiqə bir çoxlarına Azərbaycanı daha yaxşı tanımağa, onun tarixi və mədəniyyəti ilə tanış olmağa kömək edəcək. Çoxsaylı qonaqlarımız görəcəklər ki, Bakı necə gözəldir, tarixi və mədəniyyət abidələrini ziyarət edəcək, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrdən keçəcəklər. Onlar xalqımızın mehribanlığına və qonaqpərvərliyinə əyani şəkildə əmin olacaqlar. İnanıram ki, onların əksəriyyəti qədim və sürətlə inkişaf etməkdə olan Azərbaycan barədə şəxsi təsəvvürlərini formalaşdıracaqlar. Və bir çoxları Odlar Yurdunu tərk edərkən öz qəlblərində buradan alov zərrəciyi aparacaqlar. Axı, "Öz məşəlini alovlandır" sözləri nahaq yerə müsabiqəmizin devizi olmayıb".
"Eurovision-2012" yarışaması ilə bağlı Bakının qonağı olacaq əcnəbilər təkcə bu mahnı müsabiqəsinin deyil, həmçinin zəngin tarixi izlərin yaşadığı doğma Bakımızın gözəlliyinin, müxtəlif mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrimizin, azərbaycanlıların səmimi qonaqpərvərliyinin şahidi olacaqlar.
Qeyd edək ki, yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlanıb, həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə aparılıb. Avropa Yayımları Birliyinin mütəxəssisləri də görülən işləri yüksək qiymətləndiriblər. Müsabiqənin təşkilatçıları olan beynəlxalq və Avropa qurumlarının, o cümlədən Avropa Yayımları Birliyi rəhbərlərinin və mütəxəssislərinin də dönə-dönə qeyd etdikləri kimi, Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq sahəsində indiyədək görülmüş işlər qarşıdakı şounun möhtəşəmliyi və ecazkarlığı ilə özündən əvvəlkilərdən qat-qat üstün olacağı qənaətinə gəlməyə tam əsas verir.
Müsabiqə ilə bağlı həyata keçirilən bütün tədbirlərin Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılması isə tam əminliklə deməyə əsas verir ki, bu möhtəşəm musiqi bayramı ölkəmizə gələcək bütün qonaqların yaddaşlarında silinməz iz qoyacaq. Təbii ki, istərdik Azərbaycan bu mahnı yarışmasında da qalib olsun. Amma bu olmasa belə, mahnı yarışmasının Bakıda keçirilməsi bizim üçün başucalığıdır. Ölkəmiz bu beynəlxalq tədbiri yüksək səviyyədə təşkil edəcək və nəticə etibarilə dünyadakı imicinin yüksəlməsinə töhfə verən növbəti uğura imza atacaq.
"Eurovision-2012" yarışaması həm də bəzi maraqlı məqamlarla əlamətdar olacaq. Məsələn, Böyük Britaniyanı müsabiqədə təmsil edəcək Engelbert Hamperdinkin 76 yaşı var. Rusiyanı isə "Buranovskiye babuşki" qrupu təmsil edəcək. 40 il əvvəl yaranan qrup 8 nəfərdən ibarətdir: onların ən gəncinin 43, ən yaşlısının isə 76 yaşı var. Bundan başqa, ayrı-ayrı ölkələrin təmsilçiləri Bakıda çıxışları zamanı qeyri-adi şou nümayiş etdirəcəklər. Bütün bunlar "Eurovision-2012" yarışamasının bütövlükdə bu müsabiqənin tarixində ən maraqlı və gözəl məqamlarla yadda qalacaq.
"Eurovision" mahnı müsabiqəsinə dünyada olan marağın nəticəsi olaraq, ölkəmizlə bağlı xarici ölkələrin kütləvi informasiya vasitələrində məqalələr işıq üzü görür. Lakin bir sıra hallarda həmin yazılarda ölkəmizlə bağlı qərəzli mövqelər ortaya qoyulur ki, bunun da sifarişinin haradan gəldiyini bilmək çətin deyil. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu, inkişafını və son illərdə qazandığı misilsiz uğurlarını gözü götürməyən bəzi üzdəniraq dairələr - erməni lobbisi və onları himayə edən antiazərbaycançı qruplar "Eurovision" yarışmasının Bakıda keçirilməsinə də son dərəcə qısqanclıqla yanaşır, həyata keçirilən hazırlıq işlərinə qara yaxmağa, bununla da Azərbaycanın dünyada olan nüfuzuna kölgə salmağa çalışırlar.
Əslində, bunların keçirdiyi narahatlıq bizim üçün yenilik deyil. Zaman-zaman antiazərbaycançı şəbəkə respublikamızın uğurlarına kölgə salmaq üçün saysız-hesabsız cəhdlər göstərib. Elə "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də ölkəmizlə bağlı məkrli planların antiazərbaycan şəbəkəsi tərəfindən təşkil və idarə edilən proses olduğunu görmək olar. Əsas məqsəd Azərbaycanın nüfuzuna xələl gətirmək, əsası olmayan məsələrlə əlaqədar dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb etməkdir. Lakin Azərbaycanı bu cür yersiz və əsassız mövzularla məşğul etmək mümkün deyil.
Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizə qarşı çirkin kampaniya aparanlara münasibət bildirərək dedi: "Nəhayət, "Eurovision" mahnı müsabiqəsi ilə bağlı ölkəmizə qarşı mətbuatda çirkin kampaniya əfsuslar olsun ki, davam edir. Biz bu kampaniyanın arxasında hansı qüvvələrin dayandığını yaxşı bilirik. Yaxşı bilirik ki, hansı ölkənin mətbuatında bu kampaniya daha sürətlə gedir. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycan ilə bağlı çirkin, böhtan xarakterli yazılar gedir. Təbii ki, bu, əlaqələndirilmiş şəkildə aparılan bir siyasətdir. Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaqdır. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm, heç vaxt olmayacaqdır. Biz öz yolumuzla gedəcəyik. Müstəqillik yolumuzla, azadlıq yolumuzla gedəcəyik!"
Antiazərbaycançı şəbəkə də unutmamalıdır ki, bu cür yollarla Azərbaycana təsir etmək, öz yolundan döndərmək, uğurlarına qara yaxmaq mümkün deyil. Ona görə həmin dairələrin məkrli planları elə beşikdəcə iflasa uğradı. Bir məqamı da qeyd etməliyik ki, antimilli dairələrin ölkəmizə qarşı başladıqları çirkin kampaniya dünyanın heç bir sivil dövləti tərəfindən qəbul olunmur. Təbii ki, Ermənistan bu sıraya daxil deyil.
Arzuman MURADLI
Azərbaycan.- 2012.- 3 may.- S. 9.