Elektron xəritənin üstün
cəhətləri müzakirə edilmişdir
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) "İnteraktiv elektron xəritələr elektron hökumətin xidmətində" mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə komitənin sədri Qərib Məmmədov son vaxtlar ayrı-ayrı ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycanın ərazi bütövlüyünün, tarixinin, coğrafi adlarının təhrif edilməklə, təxribat xarakterli xəritə, atlas və digər materialların geniş şəkildə yayılmaqda olduğunu diqqətə çatdırmışdır. Ölkə daxilində heç bir səlahiyyəti və təcrübəsi olmayan təşkilatların da xəritə tərtibatı işləri ilə məşğul olduqlarını təəssüf hissi ilə qeyd edən Qərib Məmmədov nəticədə tamamilə yararsız olan və kartoqrafiyanın tələblərinə cavab verməyən xəritələrin ortaya çıxdığını bildirmişdir.
Qeyd etmişdir ki, DTXK tərəfindən 2003-cü ildən etibarən tərtib olunan xəritələr yalnız elektron formatda hazırlanır. Elektron xəritə dedikdə ayrı-ayrı laylara (relyef, hidroqrafiya, bitki və torpaq örtüyü, yaşayış məntəqələri, mühəndis-kommunikasiya xətləri və s.) malik olan, eləcə də istifadəsi, yeniləşdirilməsi və dəyişdirilməsi mümkün olan xəritələr nəzərdə tutulur.
Elektron xəritənin ən üstün cəhətlərindən biri də ondan ibarətdir ki, xəritə üzərində istənilən nöqtənin koordinatları məlumdur. İnteraktiv elektron xəritə verilənlər bazasındakı məlumatlardan real vaxt rejimində istifadə olunmasına imkan verən xəritədir. "Elektron hökumət"in xidmətlərində interaktiv xəritənin məhz bu funksional imkanları müstəsna əhəmiyyət kəsb edir.
Qeyd edilmişdir ki, ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlar tərəfindən elektron xidmətlər sahəsində baza kimi məhz DTXK tərəfindən tərtib olunan kartoqrafik əsaslardan istifadə edilməlidir.
Tədbirdə məlumat verilmişdir
ki, təkcə Abşeron
yarımadası üzrə 35 min parselə
(torpaq sahəsinə) dair
məlumatlar elektron hökumətin
portalında yerləşdirilmişdir. Yaxın zamanlarda bu rəqəm 500
minə çatdırılacaqdır. Bu işlər, eyni zamanda, keçmiş
Sovetlər İttifaqı dövründə
hazırlanmış xəritələrə istinadla
aparılmış torpaq islahatının
nəticələrinin müasir elektron formatda
hazırlanmış xəritələrin üzərinə
köçürülməsinə geniş
şəkildə imkan
yaratmışdır.
Azərbaycan.- 2012.- 3 may.- S. 9.