Paytaxtdan uzaqda şəfa ocağı

 

Cəbhə bölgəsindəki Ağdam xəstəxanası region əhalisinin ümid yerinə çevrilib

 

Dövlətin sosial siyasətinin uğurları respublikamızın bütün regionlarında olduğu kimi, cəbhə bölgəsi olan Ağdam rayonunda da diqqət çəkir. Ərazisinin dörddə üç hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Ağdama respublika Prezidenti İlham Əliyevin xüsusi qayğı və diqqəti bölgə əhalisi tərəfindən razılıq və minnətdarlıqla qarşılanır. Bu böyük qayğının məntiqi nəticəsidir ki, uzun illərdən bəri çadır şəhərciklərində, yük vaqonlarında zillət çəkən məcburi köçkünlərin məişət problemlərinə birdəfəlik son qoyulmuşdur. Rayon ərazisində salınmış yeni qəsəbələrin sayı artıq 17-yə çatır. Bu qəsəbələrin hər birində rahat evlərlə yanaşı, müasir tələblərə cavab verən infrastruktur şəbəkəsi də yaradılmışdır.

Düşmənlə təmas xəttinin beş addımlığında yaşayan əhaliyə nümunəvi səhiyyə xidməti göstərilməsini təmin etmək cəbhə bölgəsinə dövlət qayğısının əsas istiqamətlərindəndir. Bu davamlı qayğı rayon səhiyyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm şərtdir. Mərkəzi rayon xəstəxanasının, doğum evinin, təcili tibbi yardım stansiyasının tikilib istifadəyə verilməsi, müasir avadanlıqlarla təchiz edilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşmışdır. Təsadüfi deyil ki, Quzanlı qəsəbəsində inşa olunmuş mərkəzi rayon xəstəxanasının açılış mərasimində Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak etmiş, burada yaradılmış nümunəvi şəraitlə tanış olmuşlar.

Mərkəzi rayon xəstəxanasının baş həkimi Gülnar Abbasova söhbət zamanı dedi ki, Prezident İlham Əliyev yeni xəstəxananın açılışında iştirak edərkən burada görülmüş işlərdən, əhalinin sağlamlığı üçün yaradılan nümunəvi şəraitdən razı qaldı. Dövlətimizin qayğıkeş başçısı, eyni zamanda, dəyərli tövsiyələrini də verdi. Qarabağ müharibəsində böyük qurbanlar vermiş, məhrumiyyətlər yaşamış Ağdam əhalisinə nümunəvi tibbi xidmət göstərilməsinin zərurətini ciddi şəkildə nəzərə almağı tibb işçilərinə tapşırdı.

Ağdam səhiyyəsi, Ağdam həkimləri hələ sovetlər dönəmində böyük nüfuz, şöhrət sahibi olublar. O dövrdə də qonşu rayonların əhalisi sağlamlıq problemi ilə qarşılaşanda paytaxt Bakıya yox, Ağdama üz tutar, bu rayonun peşəkar həkimlərindən şəfa umardılar. Çox zaman istəkləri gerçəkləşər, naümid qalmazdılar. Müstəqillik dövrünün ilk illərində səriştəsiz ölkə rəhbərliyinin xalqa yaşatdığı xaos, müharibənin bölgəyə vurduğu ağır yaralar, təbii olaraq, Ağdam səhiyyəsinin şöhrətinə də kölgə saldı. Doğma yurdundan, isti ocağından perik düşüb məcburi köçkün kimi respublikanın bütün bölgələrinə səpələnən rayon əhalisinin taleyini təbii ki, ağxalatlı həkimlər də yaşamalı oldular. Həyatda heç nəyin əbədi olmadığı sadə bir məntiqdir. Qara günlərin, ağrı-acıların, məhrumiyyətlərin bir sonu olmalıydı. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli mənim fəaliyyətimin prioritetidir deyən dövlət başçısının qayğısı  bu bölgədə də günəş kimi doğdu. Uzun illərdən bəri həsrət qaldığı mənzil rahatlığına qovuşan, hər cür qayğı və diqqətlə əhatə olunan insanların üzü güldü, könülləri açıldı. Beləcə, bütün başqa sahələrdə olduğu kimi, səhiyyədə də işlər tədricən ahəngdar axara düşdü.

Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasovanın dedikləri:

- Bu doğma diyarın suyu, havası, torpağı, ən başlıcası isə sadə, mehriban və qayğıkeş adamları mənim üçün həyatda hər şeydən qiymətlidir. Narahat bölgədə yaşayan adamların həkim şəfqətinə ehtiyacı olduğunu bilə-bilə onlardan uzaqda yaşamağı təsəvvür edə bilmirəm. Bakıda normal yerim, ailəmizin rahat yaşaması üçün yaxşı evimiz var. Ümummilli lider Heydər Əliyev futbolçu olan həyat yoldaşım Elburus Abbasova genişrahat mənzilli ev hədiyyə etmişdir. Bütün bunları xatırlatmaqla demək istəyirəm ki, bu gün doğmalarımın arasında olmaq, cəbhə bölgəsində çətin şəraitdə yaşayan adamların ağrı-acısını azaltmaq üçün gücüm çatanı etmək məndən ötrü, sözün həqiqi mənasında, şərəfli həyat tərzidir və Bakıda yaşayıb işləməkdən çox üstündür. Burada hər gün 10-12 saat xəstəxanada oluram. Dərdinə əlac etdiyimiz bir xəstənin minnətdarlığını eşitmək adama yaşamaq həvəsi verir, könüldə xoş duyğular oyadır. Belə məqamlar çox olur, özülap çox. Ancaq çarəsiz xəstəliyə tutulmuş bir insanı ölümün caynağından almağa gücümüz çatmayanda üzülürük. Gözlərdə həyat işığının sönməsini müşahidə etmək çox ağırdır. Bəzən özünü günahkar sayırsan, xəstənin doğmalarına təsəlli verməyə söz tapmırsan. Neyləyəsən ki, həkimlik şərəfli peşə olmaqla yanaşı, həm də əzablı, ağrılı-acılıdır.

Son illər Ağdam səhiyyəsi əsl intibah dövrünü yaşayır. Əlbəttə, bu inkişafın mayasında dövlət qayğısı durur. Bu qayğının göstəricisidir ki, ən müasir avadanlıqlarla təmin edilmiş mərkəzi rayon xəstəxanası bölgə əhalisinə nümunəvi səhiyyə xidməti göstərir. Ruhi əsəb, vərəm dispanserləri üçün binalar tikilib istifadəyə verilmişdir. Dövlət vəsaiti hesabına Quzanlı qəsəbəsində inşa edilən doğum evi, uşaq xəstəxanası, təcili tibbi yardım stansiyası keçən ildən fəaliyyətə başlamışdır. 2011-ci ildə rayon mərkəzi xəstəxanası sistemində 1270 xəstə stasionar müalicədə olmuş, onlardan 868 nəfərində cərrahiyyə əməliyyatı aparılmışdır. Rayon xəstəxanasının artan imkanlarının göstəricisidir ki, əvvəlki illə müqayisədə artıq 105 cərrahiyyə əməliyyatı edilmişdir. Ölkənin ucqar bir guşəsində, cəbhə bölgəsində yerləşən Quzanlı qəsəbəsində il ərzində 868 cərrahi əməliyyatın edilməsi bu rayon xəstəxanasında çalışan həkimlərin peşəkarlığını, yüksək bacarığa malik olmasını təsdiq edən faktdır. Bu rəqəmin arxasında gərgin və narahat anların yaşandığını, böyük əmək sərf olunduğunu təsəvvür etmək də çətin deyildir.

Hazırda rayon əhalisinin sağlamlığının keşiyində 286 həkim, 1070 nəfər orta ixtisas təhsilli tibb işçisi dayanır. Söhbət zamanı Ağdam səhiyyəsinin maddi-texniki bazasının möhkəmlənməsinə yönələn dövlət qayğısını dönə-dönə vurğulayan baş həkim Gülnar Abbasova kadr çatışmazlığını da təəssüflə bildirdi. İndi rayonda tələb olunduğundan 3 dəfə az mama-ginekoloq çalışır. Gülnar xanım Bakıda yaşayan, Səhiyyə Nazirliyində illərlə yeri üçün növbə gözləyən həkimləri rayona işləməyə dəvət etdi. Dedi ki, burada onlara böyük ehtiyac var. Qoy gəlsinlər, xalqa xidmət etməyin necə şərəfli bir olduğunu öz xeyirxah fəaliyyətləri ilə təsdiq etsinlər.

Ağdamda imtiyazlı xəstələrə xüsusi qayğı ilə yanaşılır. Keçən il 485 nəfər Qarabağ müharibəsi əlilinə, 80 nəfər Böyük Vətən müharibəsi veteranına, 82 nəfər Çernobıl əlilinə, 1942 nəfər şəkərli diabet, 351 nəfər vərəmli, 5 nəfər hemofiliyalı, 10 nəfər talassemiyalı xəstəyə pulsuz tibbi xidmət göstərilmişdir. Son bir il ərzində sayı 82 nəfər artan şəkərli diabet xəstələrinin davamlı olaraq zəruri dərman preparatları ilə təmin olunmasında yaranan çətinliklərə görə Ağdam Rayon İcra Hakimiyyətinin respublika Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyinə ünvanlanan müraciətləri müsbət həllini tapmış, bu məqsədlə əlavə olaraq 180 min manat vəsait ayrılmışdı.

Mərkəzi rayon xəstəxanasının fəaliyyəti təkcə rayon ərazisində məskunlaşan əhaliyə göstərilən stasionarambulator xidmətlə məhdudlaşmır. Qonşu rayonlarda kontakt şəkildə məskunlaşan ağdamlı məcburi köçkünlərin sağlamlıq qayğıları da həmişə kollektivimizin diqqət mərkəzindədir. Yaradılmış səyyar tibbi xidmət briqadaları qrafik əsasında Tərtər rayonunun Mamırlı və İsmayılbəyli sahələrində davamlı olaraq xəstələrin müalicə və müayinəsini həyata keçirirlər. Vaxtaşırı gerçəkləşən xeyirxah tədbirlər də mərkəzi rayon xəstəxanasının şöhrətini artırır. Keçən il Quzanlı qəsəbəsində iki dəfə qanvermə aksiyası keçirilmiş, tədbirdə rayonun əmək kollektivlərinin geniş şəklidə iştirakı təmin olunmuşdur. Mərkəzi rayon xəstəxanasının və "Tərəqqi" İctimai Birliyinin birgə təşəbbüsü ilə keçən il rayonun Dördyol və Baharlı qəsəbələrində 679 məcburi köçkün uşağının sünnət mərasimi rayon ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılanmışdır.

Atəşkəsin Ermənistanın silahlı qüvvələri tərəfindən tez-tez pozulduğu bu cəbhə bölgəsində yaşamaq və işləmək olduqca çətin, həm də şərəflidir. Burada adamların bir xoş sözə, isti baxışa da ehtiyacı var. Bunu doğma mövqedən yüksək dəyərləndirən Ağdamın ağxalatlı şəfavericiləri torpağı kimi ürəkləri də yaralı olan rayon əhalisindən öz şəfqətlərini əsirgəmir, bir xəstənin dərdinə dərman, bir yaralının yarasına məlhəm olmaqdan qürur duyurlar.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 3 may.- S. 10.