Milli təhlükəsizlik və miqrasiya siyasəti
Təhlükəsizlik insanın, cəmiyyətin, dövlətin mövcudluğunun, onun həyati əhəmiyyətli maraqlarının etibarlı qorunması vəziyyətidir. Təhlükəsizlik probleminə əsas diqqət İkinci Dünya müharibəsindən sonra yetirilməyə başlandı. Dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradıldı.
XXI əsrin başlanğıcında planetin siyasi mənzərəsinin geniş vüsət almış qloballaşma prosesləri nəzərə alınmaqla müəyyənləşməsi, dünya iqtisadiyyatının sürətlə transmilliləşməsi bəzi pozitiv cəhətləri ilə yanaşı, dövlətlərin milli maraq və təhlükəsizliyi məsələlərinə xüsusi diqqətlə yanaşılmasını aktuallaşdırmışdır. Dünya düzəninin diktə etdiyi bu qaçılmaz gerçəkliklər fonunda hər bir dövlətin milli təhlükəsizlik konsepsiyası onun iqtisadi və elmi-intellektual potensialından, dünya siyasətindəki yeri və rolundan asılı olaraq müxtəlif məqsədlər üzərində qurulur. Hər bir dövlət özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, müxtəlif istiqamətli daxili və xarici siyasət yeritməklə milli maraq və mənafeyinin, milli təhlükəsizliyinin etibarlı təminatı məqsədini ön plana çəkir.
1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlət, cəmiyyət və bütün vətəndaşlar tərəfindən müstəqil, suveren dövlətin milli təhlükəsizliyinin təmin edilməsi sahəsində daha mürəkkəb və uzunmüddətli problemlərin həllini qanunvericilik əsasında təsbit etmişdir.
Konstitusiyanın müddəalarına müvafiq olaraq dövlətimiz son illərdə milli təhlükəsizlik konsepsiyasının yaradılması istiqamətində mühüm addımlar atmışdır. Milli təhlükəsizlik konsepsiyası özlüyündə mürəkkəb struktura və quruluşa malik olmaqla hər bir halda dövlətin, xalqın, ictimai quruluşun, insan hüquq və azadlıqlarının qorunması məsələlərini özündə ehtiva edir.
Qeyd etmək lazımdır ki, beynəlxalq hüququn müstəqil subyekti olaraq Azərbaycanın da dünyada baş verən sürətli dəyişikliklər, xüsusən terrorçuluq, etnik separatizm və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması, ətraf mühitin çirklənməsi, digər belə təhlükələrin mövcudluğu fonunda analoji sənəd və konsepsiyalara malik olması zəruridir.
Müstəqilliyin ilk dövründə daxili qeyri-sabitlik, iqtisadi böhranla, keçid dövrünün çətinlikləri və digər ciddi problemlərlə üzləşən Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həmin maneələri dəf edə bilmiş, həqiqi dövlət müstəqilliyinə qovuşmuş, düzgün strateji inkişaf yolunu müəyyən etmişdir.
Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd və prinsiplərinin müəyyən edilməsində həlledici addımlar atmışdır. Bu sahədə dövlət başçısının 2004- cü il 17 sentyabr tarixli sərəncamı xüsusi qeyd olunmalıdır. Məhz həmin sərəncama əsasən, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsi, onların qabaqlanması və aradan qaldırılması ilə bağlı ölkənin milli təhlükəsizlik siyasətinin hazırlanması sahəsində işçi qrupu yaradılmışdır. Görülən müvafıq işlərdən sonra ölkənin milli təhlükəsizlik konsepsiyası ərsəyə gəlmiş və Prezident İlham Əliyevin 2007-ci il 23 may tarixli sərəncamı ilə təsdiq olunmuşdur.
Milli təhlükəsizlik konsepsiyası dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avratlantik məkana inteqrasiyanı, habelə tarazlaşdırılmış xarici siyasətini əks etdirən, Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş, siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur. Məhz milli təhlükəsizlik konsepsiyasına əsaslanaraq ölkənin hərbi doktrinasının, eləcə də müdafiə, iqtisadi, mədəniyyət, elm, təhsil, səhiyyə, nəqliyyat konsepsiyalarının hazırlanması zəruri şərt kimi qəbul edilmişdir.
Respublikamızın nəqliyyat, energetika, kənd təsərrüfatı infrastrukturunun yenidən və ən müasir tələblər səviyyəsində qurulması, Milli ordunun möhkəmləndirilməsi, ölkədə müdafiə sənayesinin qurulması və inkişafı, təhsildə, səhiyyədə köklü islahatların aparılması və Azərbaycanın sürətlə qabaqcıl dünya ölkələrinə inteqrasiyası onun dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməsinə gətirib çıxarmışdır.
Dövlət başçısının milli dövlətçilik maraqlarından çıxış edərək balanslaşdırılmış xarici siyasətə üstünlük verməsi, beynəlxalq təşkilatlarla inteqrasiya, beynəlxalq təhlükəsizlik və tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərində atdığı bir çox vacib addımlar Azərbaycanın xarici əlaqələrini daha da genişləndirmiş və ölkəmizin inkişaf etməkdə olan, demokratik dəyərlərə hörmətlə yanaşan sivil, hüquqi dövlət imicini daha da gücləndirmişdir.
Nəticədə bütün bu sadalanan faktorlar ölkəmizdə miqrasiya məsələlərinə də təsir edir. Şübhəsiz, əhalinin miqrasiyası, xüsusilə kortəbii miqrasiya hər bir dövlətin milli təhlükəsizliyinə təsir göstərən mühüm amillərdən biri sayılır.
Azərbaycan bötövlükdə miqrasiya prosesləri ilə indi rastlaşmır. Hələ 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandıqdan sonra neft layihələrinin gerçəkləşməsi, yeni neft və qaz kəmərləri çəkilişinə başlanılması ərəfəsində ölkəmizə xarici investisiyalarla bərabər, əcnəbi mütəxəssislərin və işçi qüvvələrinin miqrasiyasının başlaması, iqtisadi böhrandan yenicə qurtarmağa çalışan, işsizliyin baş alıb getdiyi respublikada bir qədər ehtiyatla qarşılanırdı. Məhz həmin dövrdə ümummilli lider Heydər Əliyev öz müdrik uzaqgörənliyi ilə miqrasiya prosesinin mahiyyətini açıqlayaraq onun təbii proses olduğunu, dünyada bütün ölkələrə, xalqlara aid olduğunu və ümumən müsbət xarakter daşıdığını qeyd etmişdir.
Ölkəmizdə dünya təcrübəsinə söykənən vahid miqrasiya siyasətinin formalaşmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırlanan və dövlət başçısının 2004-cü ildə təsdiq etdiyi "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası" çox mühüm rol oynamışdır. Həmin konsepsiyada qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün hazırlanmış "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı" Prezidentin 25 iyul 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Proqramda əsas fəaliyyət istiqamətləri olaraq miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi, eləcə də digər ölkələrin miqrasiya qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulmuşdur.
Dövlət Miqrasiya Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixdə imzaladığı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərmanı isə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə siyasətinin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədinə xidmət etmişdir.
Son illər mövcud qanunvericiliyə bir sıra əlavə və dəyişikliklər də edilmişdir. Belə ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddətləri müəyyən edilmiş, onların Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamasını reqlamentləşdirən sənədlər təsdiq edilmiş, əcnəbilərin qeydiyyat sistemi təkmilləşdirilmiş, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üzrə əlavə meyarlar müəyyən edilmiş, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib ölkə ərazisində olma və yaşamalarını qanuniləşdirən əcnəbilərlə yanaşı, qanunvericiliyin tələblərinə riayət etməkdən boyun qaçıranlar da az deyil.
Qeyri-qanuni miqrasiyanın qarşısının alınması respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən biridir. Miqrasiya prosesləri üzrə idarəetmə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini, insan hüquq və azadlıqlarının, dövlətin milli maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasını tələb edir. Məhz bu tələblər nəzərə alınaraq ölkəmizdə dövlətlərin müvafiq strukturları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, həmsərhəd dövlətlərlə tərəflərin öhdəliklərini müəyyən edən və məsuliyyət nəzərdə tutan müvafiq sazişlərin bağlanması üzrə tədbirlər görülür.
Ölkədə həyata keçirilən tədbirlər miqrasiya proseslərinin vahid prosedurlar əsasında tənzimlənməsinə, bu sahədə mövcud çətinliklərin tamamilə aradan qaldırılmasına, sənədləşmənin sadələşdirilməsinə xidmət edir. Bu baxımdan, dövlət başçısı tərəfindən "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında imzalanmış 4 mart 2009-cu il tarixli fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin olunmasına, bir sıra problemlərin aradan qaldırılmasına səbəb olmuşdur. 2009-cu il iyulun 1-dən "bir pəncərə" prinsipinin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmiş, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr verilmiş, onların yaşayış yeri üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş, bu sahədə şəffaflığın təmin edilməsinə nail olunmuşdur.
Həmin fərmana əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Dövlət Miqrasiya Xidməti tərəfindən 20 iş günü müddətində baxılır. Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər və Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında ölkəmizə gələ və qayıda bilirlər.
Hazırda dövlət miqrasiya siyasəti həyata keçirilərkən beynəlxalq konvensiyalara və onların tələblərindən irəli gələn məsələlərə də xüsusi önəm verilir. Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Müstəqil Dövlətlər Birliyi ilə sıx əməkdaşlıq edir.
Dünya iqtisadiyyatında qloballaşma proseslərinin sürətlənməsi beynəlxalq əmək miqrasiyası axınının artması ilə müşahidə olunur və bu vəziyyət dünyanın demək olar bütün ölkələrini əhatə edir. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2011-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı 2006, 2007-ci illərlə müqayisədə xeyli artmışdır. Onların əsas hissəsini iş axtarmaq məqsədilə gələn əmək miqrantları təşkil edir.
Göründüyü kimi, əmək miqrasiyası həyatın ayrılmaz hissəsinə çevrilmişdir və gələcəkdə bu proses daha da inkişaf edəcəkdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Bu gün biz miqrasiya məsələlərini daha da ciddi şəkildə tənzimləməliyik. İlk növbədə, ona görə ki, əmək bazarının tənzimlənməsi məsələləri yüksək səviyyədə həll olunsun. Azərbaycan vətəndaşlarının hüquqları daha da ciddi şəkildə qorunsun. Biz miqrasiyanı tənzimləməklə elə etməliyik ki, əlbəttə, xaricdən gələn vətəndaşlar üçün də yaxşı şərait yaradılsın. Ancaq ilk növbədə, Azərbaycan vətəndaşları işlə təmin olunsunlar".
Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin rahatlığının təmin edilməsi, xidmətin fəaliyyətinin genişləndirilməsi, regionlarda miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə qurumun regional idarələrinin təşkili işi uğurla davam etdirilir. Hazırda Xidmətin Şirvan, Yevlax və Lənkəranda regional miqrasiya idarələri fəaliyyət göstərir. Bir sıra digər regionlarda idarə və qanunsuz miqrantların saxlanılma mərkəzlərinin tikintisi davam etdirilir.
Azərbaycan Respublikasının ərazisinə daxil olmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti və daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları, ölkədə olma müddətlərinin uzadılması, vətəndaşlıq və qaçqın statusunun müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı Bakı şəhərində fəaliyyət göstərən Miqrasiya Məlumat Mərkəzinə müraciət edərək müvafiq məlumatları əldə edə bilirlər.
Bütün bunlar bir daha onu təsdiqləyir ki, miqrasiya prosesləri həqiqətən dövlətin milli təhlükəsizlik siyasətinin mühüm tərkib hissələrindən biridir və müvafiq qurumlar, ictimai təşkilatlar bu problemi daim diqqət mərkəzində saxlamalıdır.
Məmmədağa SƏRDAROV,
AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun
aparıcı elmi
işçisi, siyasi elmlər
üzrə fəlsəfə
doktoru
Azərbaycan.- 2012.- 3 may.- S. 11.