Sabirşünaslığa layiqli töhfə

 

Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun ədəbiyyatımızın müxtəlif problemləri ilə yanaşı, Şamaxı ədəbi mühitinə və onun ayrı-ayrı görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş sanballı elmi-tədqiqat və araşdırmaları Azərbaycan ədəbiyyatşünaslığı üçün mühüm əhəmiyyət kəsb edir.

 Həmin tədqiqat və araşdırmalar içərisində alimin Şamaxıda doğulub ərsəyə yetən və bu qədim diyarda böyük sənət yolu keçən dahi satira ustası M.Ə.Sabirlə bağlı qələmə aldığı və "Elm" nəşriyyatı tərəfindən çapdan buraxılmış "Bənzərəm bir qocaman dağa ki..." adlı kitabında küll halında oxuculara təqdim etdiyi çoxlu sayda elmi oçerk və məqalələri xüsusi maraq doğurur.

Kitabda toplanmış elmi oçerk və məqalələr böyük şairin həyatı və zəngin ədəbi irsi ilə bağlı ən müxtəlif problemləri əhatə edir. Söz yox ki, M.Ə.Sabirin düzgün elmi tərcümeyi-halının işlənməsi Azərbaycan ədəbiyyatşünaslarının qarşısında duran son dərəcə vacib və ümdə vəzifələrdən biridir. A.Bayramoğlu gərgin zəhmət və uzunmüddətli axtarışlar hesabına əldə etdiyi yeni arxiv materialları, sənədlər və fotoşəkillər vasitəsilə qüdrətli söz ustasının mürəkkəb və keşməkeşli ömür yolunun bir sıra mübahisəli məqamlarına aydınlıq gətirmiş, ölməz sənətkarın elmi portretini bir sıra yeni çizgilərlə daha da dolğunlaşdırmağa müvəffəq olmuşdur.

Sabir və mətbuat uzun illərdən bəri böyük sənətkardan bəhs edən elmi-tədqiqat əsərlərində başlıca yer tutan əsas məsələlərdən biridir. Heç şübhəsiz ki, XX əsrin əvvəllərində Azərbaycanda milli demokratik mətbuatın təşəkkülü və inkişafı bir sıra başqa amillərlə yanaşı, həm də dövri nəşrlərdə cəsarərli və güclü istedad sahiblərinin kəskin ruhlu, realist üslubda yazılmış müxtəlif səpkili bədii və publisistik qələm məhsullarının dərc olunması ilə bağlıdır. Bu cəhətdən M.Ə.Sabironun digər müasirlərinin rolu və xidməti əvəzsizdir. M.Ə.Sabir mətbuata cəmiyyət həyatını əks etdirməyin, xalqla canlı ünsiyyət yaratmağın ən mühüm və əlverişli vasitələrindən biri kimi baxmış, hər bir xoşməramlı, mütərəqqi ideyalar aşılayan qəzet və ya jurnalın meydana çıxmasını alqışlamış və onunla hərtərəfli əlaqə yaratmağa çalışmışdır. Qeyd olunan məsələlər A.Bayramoğlunun tədqiqatlarında konkret faktlar əsasında nəzərə çarpdırılmış, şairin müxtəlif mətbu orqanlarla əlaqələrinin indiyə qədər Sabirşünaslığa məlum olmayan yeni səhifələri bütün təfərrüatı ilə işıqlandırlmışdır.

M.Ə.Sabirin həyatının mühüm bir mərhələsi onun müəllimlik fəaliyyəti ilə bağlıdır. Tədqiqatçının qənaətinə görə, M.Ə.Sabir xalqın inkişafında, onun ümumi tərəqqisində elm və savadın, müasir biliklərə yiyələnməyin müstəsna rolunu aydın görürdü və elə buna görə hər vəchlə öz həmvətənlərinin, xüsusilə gənc nəslin maariflənməsinə çalışırdı.

M.Ə.Sabirin şəxsiyyət və dünyagörüşünün, ətraf aləmə, predmet və hadisələrə bədii-fəlsəfı münasibətinin əsl mahiyyətinin daha düzgün dərk olunmasında bir şair kimi onun dini mövqeyinin və baxışlarının müasir elmi əsaslar üzərində təhlili mühüm rol oynayır. Ümumiyyətlə, M.Ə.Sabir yaradıcılığının bu mühüm problemdən kənarda tədqiqi tamamilə səhv və yanlış nəticələrə gətirib çıxara bilər. Ona görə də A.Bayramoğlunun öz kitabında sözügedən məsələyə ayrıca bir məqalə həsr etməsi təsadüfı deyil. Müəllif, haqlı olaraq, bəzi tədqiqatçılar tərəfındən şairin idealistya ateist adlandırılması ilə razılaşmır.

Məlumdur ki, Sabirin bir neçə şeiri uzun müddət başqa müəlliflərə aid edilmişbu məsələ bir neçə onillik ərzində üstüörtülü qalmışdır. Alim öz araşdırmalarında həmin şeirlərin bəziləri üzərində ətraflı dayanmış, mətnlərdəki konkret ideya-məzmun və üslubi çalarların, habelə digər faktorların təhlili yolu ilə onların məhz Sabirə məxsus olduğunu sübuta yetirmişdir. A.Bayramoğlu hər bir araşdırıcıdan mükəmməl tədqiqatçılıq bacarığı, yüksək ədəbi-bədii zövq və fəhm, Sabirin zəngin poetik aləminə dərindən bələdlik tələb edən  son dərəcə çətin və mürəkkəb işin öhdəsindən bacarıqla gəlmişdir. O, Sabirlə bağlı həmin dolaşıqlığın əsl səbəblərini açıqlayır və bunun bütövlükdə ədəbiyyat tariximizdə yanlış nəticələr doğurduğunu dərin təəssüf hissi ilə qeyd edir.

Sabir bir şair kimi daim ana dilimizin keşiyində dayanmış, onu yeni söz, ifadə və deyim tərzi ilə daha da zənginləşdirməklə mümkün qədər yad təsirlərdən qorumağa çalışmışdır. A.Bayramoğlunun tədqiqatlarından öyrənirik ki, Sabir bu cəhətdən tərcümə sənətinə də çox böyük tələbkarlıqla yanaşmış, xarici ölkə xalqları ədəbiyyatından ayrı-ayrı bədii materialların dilimizə çevrilməsində maksimum ehtiyatlı olmağı, dilimizin daxili saflıq və gözəlliyini qoruyub saxlamağı tövsiyə etmişdir.

Müəllif kitabında Sabir və müasirləri probleminin araşdırılmasına da geniş yer ayırır. Əlbəttə, bu, təsadüfı deyil. Sabir öz dövrünün bir sıra görkəmli söz adamları, xüsusilə Molla Nəsrəddinçi şair və yazıçılarla səmimi dostluq etmişdir.

A.Bayramoğlu Sabirlə bağlı hər hansı bir məsələ barədə şərh verərkən özünəqədərki elmi mənbə və məxəzləri bir daha nəzərdən keçirir, müxtəlif vaxtlarda söylənmiş yanlış və qeyri-obyektiv fikir və mülahizələri kəskin polemika və sərrast elmi-analitik təhlil yolu ilə alt-üst edir. Sovet ideologiyasının başlıca istiqamət və müddəalarını özündə ehtiva edən sovet ədəbiyyatşünaslığı başqa klassiklərimiz kimi M.Ə.Sabir yaradıcılığının obyektiv elmi-nəzəri dərkinə ciddi ziyan vurmuşdur. A.Bayramoğlu Sabir ədəbi irsinə bir çox məqamlarda həmin dövrün zərərli və qüsurlu bədii-estetik meyarları ilə yanaşılmasından doğan yanlış və səhv nəticələri Sabirşünaslığın müasir elmi-metodoloji prinsipləri mövqeyindən kəskin tənqid edir.

Haqqında söhbət açdığımız kitabı bütövlükdə Sabirşünaslığa layiqli töhfə hesab edirbunun təkcə alim və mütəxəssislərin, pedaqoqların, ali məktəblərin filologiya fakültələrində təhsil alan tələbələrin deyil, bütövlükdə Sabir şeiri pərəstişkarlarının da dərin marağına səbəb olacağına inanırıq.

 

 

Sahib İBRAHİMLİ,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2012.- 3 may.- S. 11.