Əli HƏSƏNOV: Biz bütün dünyaya çatdırdıq ki, Azərbaycanda söz, mətbuat, məlumat azadlığı Konstitusiya normasıdır

 

 Azərbaycanda mətbuat azadlığı ilə bağlı İsveçrənin Cenevrə şəhərində Avropa Yayım Birliyinin (EBU) təşkilatçılığı ilə keçirilən seminarda medianın, jurnalistlərin vəziyyəti, söz, fikir azadlığı sahəsində Avropanı və dünyanı narahat edən məsələlərə dair qaranlıq məqamlara aydınlıq gətirildi, suallar cavablandırıldı.

Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 2-də Cenevrədə AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində söyləmişdir.

Əli Həsənov demişdir ki, altı saatdan çox davam edən seminarda beynəlxalq təşkilatların, xarici jurnalistlərin Azərbaycan ilə bağlı subyektiv şəkildə formalaşmış rəyini dəyişdirməyə müyəssər olduq. Biz bütün dünyaya çatdırdıq ki, Azərbaycanda söz, mətbuat, məlumat azadlığı Konstitusiya normasıdır. Bu gün Azərbaycan fikir plüralizmi sahəsində postsovet məkanında ən qabaqcıl ölkələrdən biridir.

Şöbə müdiri qeyd etmişdir ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da mövcud xırda problemlər ölkəmizdə söz və mətbuat azadlığını məhdudlaşdıra, bu sahədə görülən işlərin üzərinə kölgə sala bilməz. Azərbaycan hakimiyyəti belə hadisələrlə bağlı iradəsini nümayiş etdirir, bütün problemlər müvafiq orqanlar tərəfindən araşdırılır.

Azərbaycanın Avropanın azad dövlətlərindən biri olduğunu deyən Prezident Administrasiyasının rəsmisi qeyd etmişdir ki, seminarda antiazərbaycan qüvvələrinin subyektiv fikirlərinə qarşı layiqli cavab verildi, bu qüvvələrin məqsədlərinin nədən ibarət olduğuna aydınlıq gətirildi.

Əli Həsənov demişdir: "Bu tədbirdə müxtəlif təşkilatları təmsil edən nümayəndələr iştirak edirdi. Biz ölkəmizdə söz və mətbuat azadlığının təmini ilə bağlı onlarda obyektiv rəy formalaşdıra bildik. Belə bir ortaq məxrəc əldə olundu ki, Azərbaycan doğru yoldadır, mövcud kiçik problemlər isə araşdırılır və həll edilir. EBU baş direktoru İnqrid Deltenrebu problemlərin həlli istiqamətində dövlətin fəaliyyətindən razı qaldığını bəyan etdi".

Professor Əli Həsənov bildirmişdir ki, Avropa Şurasının media bölməsi və EBU ilə belə bir razılıq əldə olundu ki, Azərbaycanda və dünyada jurnalistlərin peşəkarlığının artırılması, azad medianın dairəsinin genişləndirilməsi, jurnalistlərlə cəmiyyət və dövlət arasında münasibətlərin təkmilləşdirilməsi, mənfi hallara qarşı mübarizənin aparılması sahəsində birgə fəaliyyət göstərilsin, dünyanın tanınmış ekspertləri ilə bu qəbildən tədbirlər gələcəkdə davam etdirilsin.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 may.- S. 1.