Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 93   Bakı şəhəri, 2 may 2012-ci il

 

"Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

 

"Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. "Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Resrublikasının Baş naziri

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmişdir  

 

 

Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi qaydası

 

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə uyğun hazırlanmışdır və məhkəmə ekspertlərinin (bundan sonra - ekspert) attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsinə dair məsələləri tənzimləyir.

1.2. Ekspertə ixtisaslaşmasından, nəzəri və peşə hazırlığı səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir. Məhkəmə tibb ekspertlərinə ixtisas dərəcəsi onların praktik tibb və ya əczaçılıq fəaliyyəti üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikasiyası həyata keçirildikdən sonra verilir.

1.3. İxtisas dərəcəsinin verilməsində məqsəd elmi və texniki nailiyyətlər əsasında məhkəmə ekspertizalarının aparılmasında ekspertlərin maddi və mənəvi marağını gücləndirmək və onların peşəkarlıq səviyyəsini təsdiq etməkdir.

1.4. Ekspertə ixtisas dərəcəsi Ekspert-ixtisas komissiyası tərəfindən keçirilən attestasiyanın nəticələrindən asılı olaraq verilir.

2. Ekspert-ixtisas komissiyası

2.1. Ekspert-ixtisas komissiyasının (bundan sonra - komissiya) tərkibi məhkəmə ekspertizası idarəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən formalaşdırılır.

2.2. Komissiyanın tərkibinə məhkəmə ekspertizası idarəsinin rəhbəri (komissiyanın sədri) və onun müavinləri, struktur qurum rəhbərləri, müvafiq ixtisas üzrə 5 ildən az olmayan iş stajına malik olan mütəxəssislər və yerli həmkarlar təşkilatının nümayəndəsi daxil edilirlər.

2.3. Komissiyanın işinə nüfuzlu mütəxəssislər də cəlb edilə bilərlər.

2.4. Komissiyanın işini sədr təşkil edir, iclasları çağırır, həmin iclaslara sədrlik edir.

2.5. Sədr olmadığı hallarda komissiyanın iclasları onu əvəz edən müavininin sədrliyi ilə keçirilir.

2.6. Komissiya üzvlərinin aşağıdakı hüquqları vardır:

2.6.1. komissiyanın iclaslarında iştirak etmək, təklif və suallar vermək;

2.6.2. komissiyanın qərarları, protokolları və digər materialları ilə tanış olmaq;

2.6.3. qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;

2.6.4. qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.

2.7. Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:

2.7.1. komissiyanın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;

2.7.2. komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;

2.7.3. komissiya üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;

2.7.4. komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək.

2.8. Komissiya öz üzvlərinin sırasından katib seçir. Komissiyanın katibi komissiyanın iclaslarını təşkil edir, iclasların protokollarının aparılmasını, onların surətlərinin maraqlı şəxslərə təqdim edilməsini təmin edir, komissiyanın kargüzarlıq işlərini aparır.

3. Ekspertlərin ixtisas dərəcələri

3.1. Peşə hazırlığı, apardığı ekspertizaların keyfiyyəti, ekspert kimi iş stajı nəzərə alınmaqla, ekspertlərə üç ixtisas dərəcəsinin verilməsi müəyyən olunur:

3.1.1. yüksəkdərəcəli ekspert;

3.1.2. birinci dərəcəli ekspert;

3.1.3. ikinci dərəcəli ekspert.

3.2. Yüksəkdərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 15 il iş stajı olan, məhkəmə ekspertizasının nəzəri və praktiki problemlərini mükəmməl bilən, yüksək peşə hazırlığına malik olan, elmin müasir nailiyyətlərinə əsaslanan tədqiqat metodikalarına yiyələnmiş, mürəkkəb və çoxobyektli ekspertizaları aparmağı bacaran, profilaktik və metodik işləri fəal yerinə yetirən ekspertlərə verilir.

3.3. Birinci dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 10 il iş stajı, zəruri nəzəri və praktiki hazırlığı olan, ekspert ixtisası üzrə mövcud metodikaları mənimsəmiş və onları praktikada tətbiq edən, mürəkkəb ekspertizaları yerinə yetirən, profilaktik və metodik fəaliyyətlə məşğul olan ekspertlərə verilir.

3.4. İkinci dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 5 il iş stajı olan, hazırlıqlı, ekspert ixtisası üzrə mövcud metodikaları ekspertiza tədqiqatları zamanı tətbiq etməyi bacaran, mürəkkəb ekspertizaları yerinə yetirən, profilaktik və metodik fəaliyyətlə məşğul olan ekspertlərə verilir.

3.5. Ekspertin hazırlıq səviyyəsi və yerinə yetirdiyi ekspertizaların keyfiyyəti nəzərə alınmaqla, məhkəmə ekspertizaları idarələri rəhbərinin müavinlərinin, yaxud idarənin müvafiq struktur qurum rəhbərinin təqdimatı əsasında komissiya ona vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi məsələsinə baxa bilər.

4. Attestasiyanın keçirilməsi qaydası

4.1. Ekspert ixtisas dərəcəsi almaq üçün komissiyaya ərizə ilə müraciət edir.

4.2. Ərizəyə aşağıdakılar əlavə edilməlidir:

4.2.1. ekspertin işlədiyi struktur qurum rəhbərinin, struktur qurum rəhbəri üçün isə idarə rəhbərinin müavininin təqdimatı;

4.2.2. ekspertin son 3 il ərzində fəaliyyətinə dair hesabat.

4.3. Komissiya ekspertin şəxsi işini tələb edə bilər.

4.4. Komissiya ərizəyə 30 gün müddətində baxmalı və müvafiq qərar qəbul etməlidir. Komissiyanın iclas gününü komissiyanın sədri müəyyən edir.

4.5. Komissiyanın iclası komissiya üzvlərinin azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar komissiya üzvlərinin açıq səsverməsi yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledici olur.

4.6. İxtisas dərəcəsi almaq üçün namizəd komissiyanın iclasına dəvət edilir.

4.7. Attestasiya hər bir namizədlə fərdi qaydada və 30 dəqiqəyədək aparılır.

4.8. Attestasiya zamanı hər bir namizədə iddiasında olduğu ixtisas dərəcəsinin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədi ilə 5 sual verilir.  

4.9. İclasın gedişində təqdim edilmiş materiallar və verilən suallar vasitəsilə ekspertin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:

4.9.1. məhkəmə ekspertizasının nəzəri və praktiki problemləri sahəsində biliyi, ekspert tədqiqat metodikalarını mənimsəmə qabiliyyəti, müvafiq ekspertizaları aparmaq bacarığı, profilaktik və metodik işləri yerinə yetirmək səviyyəsi;

4.9.2. vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarını, habelə digər hüquqi aktları tətbiq etmək sahəsində biliyi və bacarığı, o cümlədən elmi-məntiqi təhlil və analiz aparmaq, məsələləri ən səmərəli metodlar seçməklə həll etmək qabiliyyəti, texniki avadanlıqlardan istifadə etmək, tədqiqatlar aparmaq bacarığı və digər peşə keyfiyyətləri;

4.9.3. fikrini və rəyini ifadə etmək qabiliyyəti;

4.9.4. analitik düşünmək qabiliyyəti, hadisələri hərtərəfli təhlil etmək və obyektiv qiymətləndirmək, problemin həlli ilə bağlı qərar çıxarmaq bacarığı.

4.10. Attestasiya zamanı namizədin verdiyi hər bir cavab komissiyanın üzvləri tərəfindən ən çox 5 balla qiymətləndirilir və sonra komissiya üzvlərinin verdiyi qiymətlər toplanılaraq söhbətdə iştirak edən komissiya üzvlərinin sayına bölünür. Söhbətin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.

4.11. Yüksəkdərəcəli ekspert ixtisas dərəcəsinin verilməsi üçün namizəd 20 və daha çox bal, birinci və ikinci dərəcəli ekspert ixtisas dərəcələrinin verilməsi üçün isə namizəd 15 və daha çox bal toplamalıdır.

4.12. Attestasiya zamanı namizəd müvəffəqiyyət qazanmadığı halda, ixtisas dərəcəsinin verilməsi üçün yalnız 1 ildən sonra ümumi əsaslarla yenidən müraciət edə bilər.

4.13. Ekspertin işinin göstəricilərinin pisləşməsi ilə əlaqədar idarə rəhbərinin, onun müavinlərinin təqdimatına əsasən komissiyada baxılmaqla, ixtisas dərəcəsi aşağı salına və ya verilmiş sonuncu ixtisas dərəcəsi ləğv edilə bilər.

4.14. Komissiyada bu məsələyə baxılarkən, ekspert üzrlü səbəblər olmadan komissiyanın iclasına gəlmədikdə və ya gəlməkdən imtina etdikdə, ona verilmiş ixtisas dərəcəsinin aşağı salınması və ya verilmiş sonuncu ixtisas dərəcəsinin ləğv edilməsi məsələsinə onun iştirakı olmadan baxıla bilər.

4.15. Komissiyanın iclasının gedişi barədə protokol tərtib edilir, attestasiya zamanı verilən sualların və cavabların qısa məzmunu, komissiya üzvlərinin qiymətləri və komissiyanın qərarı protokolda əks etdirilir. Protokol sədr, katib və komissiyanın iclasında iştirak etmiş digər üzvlər tərəfindən imzalanır (1 nömrəli əlavə).

5. Yekun müddəalar

5.1. Komissiyanın qərarı onun əsasında tərtib edilmiş təqdimatla birlikdə məhkəmə ekspertizası idarəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə təqdim edilir.

5.2. İxtisas dərəcəsinin verilməsi, həmçinin aşağı salınması və ya verilmiş sonuncu ixtisas dərəcəsinin ləğv edilməsi məsələsi məhkəmə ekspertizası idarəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən həll edilir.

5.3. Komissiyanın qərarı (komissiyanın iclas protokolundan çıxarış) və ona əlavə edilmiş sənədlər ayrıca qovluqda yığılır, nömrələnir və məhkəmə ekspertizası idarəsində saxlanılır.

5.4. Barəsində komissiyanın qərarı çıxarılan və ekspert dərəcəsi verilən hər bir ekspert üçün komissiyanın katibi tərəfindən ixtisas dərəcəsi vərəqəsi doldurulur və komissiyanın kartotekasında saxlanılır (2 nömrəli əlavə).

5.5. Başqa ekspertiza idarələrindən işə qəbul edilən ekspertin ona əvvəl müvafiq qaydada verilmiş ixtisas dərəcəsi saxlanılır və müəyyən ixtisas üzrə ekspert kimi əvvəlki iş stajı, bu Qaydaya uyğun olaraq ixtisas dərəcəsi məsələsinə baxılarkən nəzərə alınır.

5.6. Ekspert komissiyanın qərarından qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər.

 

 

 

 

                                               “Məhkəmə  ekspertlərinin  attestasiyasının

 

                                               keçirilməsi və onlara ixtisas dərəcəsinin

 

                                               verilməsi Qaydası”na

 

                                             1 nömrəli əlavə

 

 

 

Ekspert-ixtisas komissiyasının iclas protokolunun nümunəsi

 

 

 

“______”_________201_il                                                               ___________şəhəri

 

 

 

İclasda iştirak etdilər

 

__________________________________________________________________________________________________________________________

 

_____________________________________________________________

 

_____________________________________________________________

 

Ekspert-ixtisas komissiyası aşağıdakıları nəzərdən keçirdi:

 

_____________________________________________________________   (ekspertin adı, atasının adı, soyadı, vəzifəsi, ixtisası)

 

_____________________________________________________________

 

_____________________ixtisas dərəcəsinin verilməsi ilə əlaqədar     

 

(ekspert ixtisas dərəcəsinin adı)

 

sənədləri, o cümlədən:

 

_____________________________________________________________

 

_____________________________________________________________

 

namizədə iddiasında olduğu ixtisas dərəcəsinin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədi ilə aşağıdakı suallar verildi:

 

 

 

Komissiya üzvü__________________ verdiyi sual____________________

 

                                        (soyadı, adı)                                                                          

 

_____________________________________________________________

 

 

 

Namizədin cavabı______________________________________________

 

(qısa məzmunu göstərilir)

 

___________________________________________________________

 

 

Yekun qiymətləndirmə balı   ____________________________________

 

 

Ekspert-ixtisas komissiyası qərara alır:

 

_____________________________________________________________

 

_____________________________________________________________

 

Ekspert-ixtisas komissiyasının sədri     _____________________________

 

Ekspert-ixtisas komissiyasının üzvləri   ____________________________

 

Ekspert-ixtisas komissiyasının katibi    ____________________________

 

 

 

                                               “Məhkəmə  ekspertlərinin  attestasiyasının

 

                                               keçirilməsi və onlara ixtisas dərəcəsinin

 

                                               verilməsi Qaydası”na

 

                                             2 nömrəli əlavə

 

 

İxtisas  dərəcəsi  vərəqəsi

 

 

A.A.S.____________

 

Doğulduğu il _______

 

Milliyyəti  _________

 

 

Məhkəmə ekspertizası idarəsinin Ekspert-ixtisas

 

komissiyasının 201__il “__”___________

 

tarixli qərarı əsasında____________________

 

                                                 (müvafiq mərkəzi icra hakimiyyəti orqanı)

 

Təhsili _____________

 

(hansı təhsil müəssisəsini və nə vaxt qurtarmışdır)

 

201__il “___” ______ tarixli “_______”

 

      nömrəli əmri ilə _______________________

 

                        ixtisas dərəcəsi verilmişdir.

 

Elmi dərəcəsi _______          

 

Vəzifəsi ___________

 

Ekspertiza idarəsində iş stajı___  

 

Müəyyən ixtisas üzrə iş stajı___    

 

Məhkəmə ekspertizası idarəsinin Ekspert-ixtisas

 

komissiyasının 201__il “__”_______________

 

tarixli qərarı əsasında_____________________

 

                                                        (müvafiq mərkəzi icra hakimiyyəti orqanı)

 

 

 

201__il “___” ______ tarixli “_______”

 

                             nömrəli əmri ilə _________________________

 

                             ixtisas dərəcəsi verilmişdir.

 

 Məhkəmə ekspertizası idarəsinin Ekspert-ixtisas

 

                              Komissiyasının 201__il “__”___________                                                        tarixli qərarı əsasında___________________

 

                                                      (müvafiq mərkəzi icra hakimiyyəti orqanı)

 

 

 

201__il “___” ______ tarixli “_______”

 

                             nömrəli əmri ilə __________________________

 

                             ixtisas dərəcəsi verilmişdir.

 

 

Məhkəmə ekspertizası idarəsinin Ekspert-ixtisas

 

                             komissiyasının 201__il “__”_____________

 

                             tarixli qərarı əsasında_____________________

 

                                                       (müvafiq mərkəzi icra hakimiyyəti orqanı)

 

 

 

201__il “___” ______ tarixli “_______”

 

                             nömrəli əmri ilə __________________________

 

                             ixtisas dərəcəsi aşağı salınmışdır.

 

 

 

Məhkəmə ekspertizası idarəsinin Ekspert-ixtisas

 

                             komissiyasının 201__il “__”___________                                                         tarixli qərarı əsasında____________________

 

                                                      (müvafiq mərkəzi icra hakimiyyəti orqanı)

 

 

 

201__il “___” ______ tarixli “_______”

 

                             nömrəli əmri ilə_________________________

 

                             sonuncu ixtisas dərəcəsi ləğv edilmişdir.

 

 

 

Azərbaycan.- 2012.- 4 may.- S. 2.