İnkişafın
yeni hüdudları
Azərbaycanın özü qədər
əbədi
Azərbaycanda son on ildə müşahidə olunan sürətli inkişafın nəticəsi təkcə ölkə həyatının ən müxtəlif sahələrində kəmiyyət göstəricilərinin dəyişməsində ifadə olunmur. Doğrudur, hər bir inkişaf ilk öncə məhz kəmiyyət dəyişikliklərinə səbəb olur. Bu, inkişaf adlandırılan ictimai hadisənin əsas əlaməti sayılır. İqtisadi göstəricilər artmadan iqtisadi inkişafdan, rifah göstəriciləri artmadan rifahın yüksəlməsindən və s. danışmaq mümkün deyil. Bu mənada Azərbaycanın inkişafı fenomeni də, hər şeydən əvvəl, statistikada özünü göstərməkdədir və müəyyən mənada bunu inkişafın özünütəsdiqi kimi qiymətləndirmək olar.
Gələcəyə baxış
Azərbaycan nümunəsində diqqəti cəlb edən digər cəhət haqqında da söhbət açıla bilər. Bunu mən inkişafın hiperdinamikası adlandırardım. Azərbaycanda iqtisadi və digər sahələrdə inkişafın məhz belə parametrlərə malik olduğunu sübuta yetirən kifayət qədər təsirli faktlar mövcuddur. Yalnız bir neçə misal gətirməklə irəliyə sürülən iddianın həqiqiliyi öz təsdiqini tapa bilər. Düşünürəm ki, son 8 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin 16 dəfə, investisiya xərclərinin 10 dəfələrlə, maaşlar və pensiyaların bir neçə dəfə artması faktlarını sadalamaq tamamilə yetərlidir.
Azərbaycanın XXI əsrin birinci onilliyinə təsadüf edən inkişaf mərhələsinin fərqləndirici cəhəti ondan ibarətdir ki, bu inkişaf, dünyanın əksər inkişaf edən ölkələrinin nümunəsindən fərqli olaraq, faizlərlə deyil, dəfələrlə ölçülür. Əlbəttə, inkişafın böyük sürəti iqtisadi göstəriciləri kəskin şəkildə yüksəltməklə yanaşı, həyatın digər sahələrində də ciddi dəyişikliklərin əsaslarını yaratmaya bilməzdi.
Bu məqamda xüsusi olaraq vurğulamaq istədiyim dəyişiklik meyilləri həyat standartları sferasını əhatə edir. Haqqında söhbət açdığımız sürətli iqtisadi artım fonunda qeyri-adi sosial inkişaf müşahidə olunmaqdadır. Bunun ən bariz ifadəsini ilk növbədə yoxsulluq dərəcəsinin təxminən 7 dəfə, başqa sözlə, 49 faizdən 7 faizə qədər azalmasında görmək mümkündür. Təbii ki, bu, maaşların, pensiyaların, əhalinin gəlirlərinin artımının xüsusilə yüksək dinamikasından irəli gəlir. Lakin son illərin sosial sferaya aid olan gerçəkliyi təkcə sadalanan rəqəmlərdən ibarət deyil. Daha əhəmiyyətli məqam həyatın səviyyəsi ilə yanaşı, həyat keyfiyyətinin dəyişməsidir. Artıq qəti şəkildə Azərbaycanda həyatın yeni standartlarının meydana gəldiyini qeyd etmək olar və hətta bunu qeyd etmək zəruridir. Zəruridir ona görə ki, haqqında söhbət açdığımız standartlar təkcə əldə olunan nailiyyət kimi əhəmiyyət kəsb etmir, həm də gələcək fəaliyyətlə bağlı yeni vəzifələr irəli sürür.
İnkişafın yüksək dinamikasının yaratdığı yeni həyat standartları, əvvəla, insanların öz həyatına, həyatın mənasına yeni baxışlarını və onlara uyğun yeni tələbatlar sistemini formalaşdırır, digər tərəfdən isə, sosial siyasətin artıq yeni dövrün xüsusiyyətlərinə uyğunlaşması gərəkliyi meydana çıxmış olur. Bir növ, klassik siyasi iqtisadın fundamental qanunlarından olan, ödənilmiş tələbatların yeni tələbatlar meydana gətirməsi gerçəkliyi müasir Azərbaycanın timsalında özünü qabarıq şəkildə göstərməyə başlayır. Vətəndaşın sosial subyekt kimi özünü yenidən dərk etməsi prosesi baş verir. Cəmi bir neçə il bundan əvvəl özünü kasıb bir dövlətin vətəndaşı sayan insan artıq sürətli inkişaf, qlobal yeniləşmə və modernləşmə, əzəmətli infrastruktur layihələri fonunda artıq həyatını fərqli meyarlar vasitəsilə dəyərləndirir. Başqa sözlə, dəyərləndirmə meyarı olaraq təkcə insanın şəxsi imkanları deyil, həm də, bəzən isə hətta daha çox, formalaşmış yeni həyat standartları çıxış edir ki, bunun özü də sosial siyasətin qarşısında tamamilə yeni vəzifələr qoyur.
Fərdin həyatının yenidən qiymətləndirilməsi mexanizminin Azərbaycanda qəti şəkildə işə düşməsi, heç şübhəsiz, ölkənin inkişafının ən mühüm nailiyyəti sayılmaq haqqına sahibdir. Bu ondan xəbər verir ki, vətəndaşların yeni nəsli meydana gəlməkdədir və bu nəsil həm vətəndaş məsuliyyətinə, həm də həyatda öz yerinə, həyatının mənasına tam fərqli meyarlarla yanaşır. Beləliklə, həyat standartlarının dəyişməsi prosesi baş verir, həyatın dəyərləndirilməsi zamanı həyat səviyyəsi ilə yanaşı həyatın keyfiyyəti anlayışı da dəyərləndirici meyar rolunda çıxış edir. "İşləmək və yaşamaq" həyat modeli ardıcıl olaraq "rahat yaşamaq, mənalı işləmək" modeli ilə əvəzlənir.
Azərbaycanın gələcək inkişaf perspektivlərinə ciddi təsir göstərmək qüdrətində olan reallıqları sırasında demoqrafik dəyişikliklərin mühüm rol oynadığını ayrıca qeyd etməyə dəyər. Hesab edirəm ki, demoqrafik dəyişiklikləri sadəcə əhali artımı kimi qiymətləndirmək düzgün olmazdı. Onun mənası, xüsusilə də sosial-iqtisadi proseslərə təsiri imkanları daha geniş və çoxşaxəlidir. Demoqrafik inkişafın böyük tempini nəzərə alsaq, onun gələcək inkişaf konsepsiyasında nə qədər əhəmiyyətli rol oynadığını başa düşmək çətin deyil.
Son iyirmi il ərzində Azərbaycanın əhalisi 2 milyon nəfər artaraq 7 milyondan 9 milyona çatıb. Bu, əhalinin 30% artımı deməkdir. Deməli, hər 10 ildə əhali təxminən 15 faiz, ildə isə, 1,2-1,3% artmışdır. Əgər bu meyil saxlanılarsa, 2020-ci ildə əhalinin 10 milyonluq həddi aşacağı şübhəsizdir.
Əlbəttə, Azərbaycanda sürətli sosial-iqtisadi yüksəliş fonunda əhalinin məlum artım dinamikası fərəhli rəqəmlərlə ifadə olunur. Elə bunun sayəsidir ki, iqtisadi artım əhali artımını dəfələrlə qabaqlayır. Məsələn, son 10 ildə əhali cəmi 15% artdığı halda, iqtisadi artım 3 dəfə təşkil edib. Fərq təxminən 13 dəfəyə bərabərdir ki, bu da sosial və iqtisadi həyatın strukturunda yuxarıda qeyd etdiyimiz müsbət meyillərin əsasını təşkil etmişdir.
Lakin müqayisəli şəkildə deyil, mütləq artım baxımından yanaşdıqda, həm son 20, həm də 10 ilin demoqrafik inkişafı kifayət qədər ciddi rəqəmlərlə ifadə olunur ki, sonuncunun nəticəsi təkcə əhalinin demoqrafik strukturuna deyil, habelə sosial və iqtisadi strukturuna əhəmiyyətli təsir etmək gücünə sahibdir.
Yüksək demoqrafik dinamika əhalinin tərkibində bir sıra struktur dəyişikliklərini şərtləndirir. Bunlardan ikisi ayrıca qeyd olunmağa layiqdir. Birincisi, əhalinin tərkibində gənclərin xüsusi çəkisi artır. Müxtəlif hesablamalara görə, 35 yaşına qədər vətəndaşlar əhalinin 60%-dən çoxunu təşkil edir. İkincisi isə, əhali artımının sürəti kənd yerlərində daha yüksək olduğundan, kənddən şəhərə axının ciddi rəqəmlərlə ifadə olunmasına baxmayaraq, kənd və şəhər əhalisinin nisbətində o qədər də kəskin fərq müşahidə olunmur. Bu günə qədər ölkə əhalisinin təxminən 45%-i kənddə yaşayır. Müvafiq surətdə, urbanizasiya problemi tam həll edilməmiş qalır ki, bunun da mühüm, həm sosial, həm iqtisadi, həm də mədəni aspektləri mövcuddur.
Beləliklə, səthi şəkildə olsa da, nəzərdən keçirilən reallıqlar 2020-ci ilə hədəflənmiş inkişaf konsepsiyasının başlıca qayəsini başa düşməkdə, həyata keçirilməsi vacib olan islahatların istiqamətlərini müəyyənləşdirməkdə zəruri açar rolunu oynaya bilər.
Hər şeydən əvvəl, 2020-ci ilə yönəlmiş islahatların əsas məqsədini aydın şəkildə ifadə etməyə çalışaq. Aparılan dəyərləndirmələrin ortaya qoyduğu reallıq ondan xəbər verir ki, içində yaşadığımız onilliyin başlıca məqsədi iqtisadi inkişafın davamlılığının təmin edilməsi əsasında yeni standartlara uyğun rifaha və həyat keyfiyyətinə nail olması sayıla bilər. Bu məqsəd, hər şeydən əvvəl, Azərbaycan dövlətinin konstitusion öhdəliklərindən, ideoloji baxışlarından və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlir.
"Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hazırlanması zərurəti məhz bu həqiqətin dərk edilməsindən və dəyərlənməsindən qaynaqlanır. Sözügedən konsepsiyanın hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda qeyd edilir: "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşması, sosial sahədə öncələyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır".
Yeni Azərbaycanın yeni hədəfləri:
bəzi istiqamətlər
Azərbaycanın
dövlət məfkurəsinin başlıca məqsədinin
insan olması sübuta ehtiyac duymayan reallıq kimi
qavranılmaqdadır. İnsan, onun həyatı, rifahı o
ali kateqoriyalardandır ki, onlar Azərbaycan dövlətinin ən
yüksək dəyərləri olaraq qəbul olunur. Bu səbəbdən
ölkəmizdə dövlət siyasəti əhalinin yüksək
rifahının təmin edilməsi kimi ali məqsədin
reallaşmasına yönəldilmişdir.
Müstəqil
dövlətçilik praktikasının 20 ili ərzində
Azərbaycanda insan rifahının təmin edilməsi istiqamətində
əhəmiyyətli işlərin görüldüyü
göz önündədir. İqtisadi islahatlar,
sahibkarlığın inkişafı, təşəbbüskarlığa
geniş meydan verilməsi bir yandan, dövlətin sosial siyasətinin
yaratdığı imkanlar isə digər yandan insanların
rifahının əhəmiyyətli dərəcədə
yüksəldilməsini mümkün etmişdir. Xüsusilə
də Heydər Əliyevin neft strategiyasının həyata
keçirilməsi nəticəsində ölkəyə daxil
olan böyük neft vəsaitlərinin ağıllı istifadəsi
özünün mühüm təsdiqini təsirli sosial siyasətdə,
insanların həyat səviyyəsinin yüksəlməsinə
yönəlmiş dövlət layihələrində
tapır. Rifah sahəsində əldə olunan nəticələrin
xüsusi mənası və dərəcəsi yüksəlişin
faizlə deyil, dəfələrlə olmasında ifadə
olunur. Adambaşına düşən ümumi daxili məhsulun
bir neçə dəfə artması, dövlət sektorunda
maaşların və pensiyaların dəfələrlə
hiss olunan dərəcədə yüksəldilməsi, vətəndaşların
bütünlükdə real gəlirlərinin
çoxalması sosial rifah sahəsində ümumi mənzərənin
köklü surətdə dəyişməsini təmin
etmişdir. Deyilənin bariz ifadəsi əhalinin
istehlakının dinamikasında özünü əyani
şəkildə büruzə verməkdədir. Bu mənada
Azərbaycan cəmiyyətində insanların
istehlakının strukturunda baş verən dəyişikliklər
onun inamla inkişaf etmiş cəmiyyətlərə
yaxınlaşdığı barəsində iddia irəli
sürməyə əsaslar yaradır. Ölkədə son illərdə
təkcə istehlakın səviyyəsi artmamışdır,
baxmayaraq ki, bu, çox vacib göstəricidir. Eyni zamanda, onun
strukturunda mühüm dəyişikliklər baş verməkdədir.
Mənzillərin, avtomobillərin alınması, səyahətlər
və s. istiqamətli xərclərin ardıcıl olaraq
artması meyli söylənilən fikrin əyani təsdiqi
kimi qəbul oluna bilər. Daha çox misallar gətirmək
imkanının məhdudluğu üzündən yalnız bir
misalla kifayətlənməli oluruq. Hazırda Azərbaycanda
ölkə əhalisinin birləşdiyi təxminən 2 milyon
ailənin şəxsi istifadəsində 1 milyondan çox
avtomobil vardır. Orta hesabla, hər iki ailədən birinə
şəxsi avtomobil düşür ki, bu da inkişaf
etmiş ölkə göstəricilərinə
yaxındır.
Beləliklə,
Azərbaycanın nail olduğu iqtisadi göstəricilər
ona XXI əsrin ikinci onilliyini iqtisadi cəhətdən
inkişaf etmiş ölkə kimi başa vurmağa real imkan
yaradır. Hesab edirəm ki, ən ümumi hədəf olaraq
bu, növbəti onilliyin başlıca vəzifəsi
sayılmalıdır. Qarşıya belə bir vəzifənin
qoyulması təbii olaraq sosial inkişaf sahəsində dəqiq
hədəfləri müəyyənləşdirməyə
yardım edir.
Qeyd
edildiyi kimi, Azərbaycan cəmiyyətinin sosial rifah sahəsindəki
mənzərəsi onun inkişaf etmiş cəmiyyətlərə
əhəmiyyətli dərəcədə
yaxınlaşmasından xəbər verir. Deməli,
yaşadığımız onilliyin bu sahədə əsas hədəfi
inkişaf etmiş ölkələr səviyyəsinə
çatmaqdan, sosial rifah cəmiyyəti qurmaqdan ibarət
olmalıdır.
İnkişaf
etmiş ölkələrin sosial cəmiyyət modeli uzun illər
ciddi siyasi və elmi müzakirələrin predmeti olmuş və
bu gün də olmaqdadır. Əsas etibarilə inkişaf
etmiş cəmiyyətlərin sosial modeli kimi qəbul
olunmuş istehlak cəmiyyəti son illərin iqtisadi
böhranlarının təsiri altında ciddi
sarsıntılara məruz qalmaqdadır. Növbəti illərdə
istehlak cəmiyyəti anlayışının əsaslı
surətdə elmi və siyasi dairələrin təftişinə
məruz qalacağı şübhəsizdir. Bir sıra
hallarda əsassız istehlakçı sosial həyat modelinin
indiki iqtisadi böhranlara səbəb olması və nəticə
etibarilə bəzi ölkələrdə sosial gərginliklərə
və qarşıdurmalara gətirib çıxarması
sübuta yetirilməkdədir.
Düşünürəm
ki, Azərbaycanın sosial cəmiyyət modeli
formalaşdırılarkən, istehlak cəmiyyəti
konsepsiyasının həm üstünlükləri, həm də
üzə çıxan ziddiyyətləri nəzərə
alınaraq daha mütərəqqi modelin hazırlanmasına cəhd
göstərilməlidir. Bu zaman, birincisi, insanın layiqli həyatının
təmin edilməsi üçün zəruri şəraitin
yaradılması, ikincisi isə, iqtisadi faktor mütləq
şəkildə nəzərə alınmalıdır ki,
müəyyən mərhələdən sonra hazırda bəzi
ölkələrin üzləşdiyi ziddiyyətlər
üzə çıxmasın və nəticə etibarilə
sosial sahədə "kəmərsıxma" tədbirlərinə
əl atmağa ehtiyac qalmasın. Belə bir model kimi "rifah
cəmiyyəti" anlayışından istifadə
olunması təklif edilə bilər.
"İstehlak
cəmiyyəti" ilə "rifah cəmiyyəti"
arasında fərqi, hər şeydən əvvəl, sonuncunun
daha etibarlı dəyərlərə və iqtisadi qanunlara
söykənməsində görmək mümkündür.
"Rifah cəmiyyəti" də "istehlak cəmiyyəti"
kimi insanı, onun sağlam tələbatlarını və
maraqlarını cəmiyyətin ali məqsədi sayır,
bütün resurslar və səylər ilk növbədə
onların ödənilməsinə yönəlir. Fərq isə
ondan ibarətdir ki, bu məqsədlərə çatmaq
iqtisadi qanunlardan və imkanlardan ayrılıqda təsəvvür
edilmir, deməli, yüksək rifahın təmin edilməsi qəti
şəkildə iqtisadi inkişafa və real imkanlara
bağlanılmış olur.
Bu mənada
"rifah cəmiyyəti" anlayışı bir-biri ilə
sıx bağlı olan, qarşılıqlı münasibətləri
səbəb-nəticə əlaqələri ilə təyin
edilən iki qütbə sahibdir. Birinci qütb insan, onun dərk
edilmiş tələbatları və maraqlarını ehtiva edən
rifah, ikinci qütb isə iqtisadi qanunauyğunluqlar və
imkanlar sistemi şəklində qavranılır. "Rifah"
sosial hadisəsi stimulverici səbəb kimi iqtisadi imkanların
yaradılması üçün fəaliyyəti təmin
edir, yaradılmış iqtisadi imkanlar isə rifahın
reallaşmasının real əsası rolunu oynayır.
İqtisadi imkanlarsız real rifahın təmin edilməsi
mümkün olmadığı kimi, insanın rifahına xidmət
göstərməyən iqtisadiyyat da hər cür sağlam məntiqdən
və dərk edilmiş ictimai mənadan məhrumdur.
"Rifah
cəmiyyəti" mücərrəd anlayış
olmayıb, real parametrlərə sahib olması ilə
seçilməlidir. Onun reallaşması uğurları, hər
şeydən əvvəl, həmin parametrlərin dəqiq
müəyyən edilməsindən və
düşünülmüş xarakter kəsb etməsindən
asılıdır.
Rifah
cəmiyyətinin əsas qayəsi insanın layiqli həyatının
təmin edilməsindən ibarət olduğundan, təbii ki,
sözügedən konsepsiya çərçivəsində
"layiqli həyat" anlayışı da öz təsvirini
tapmalıdır. Hesab edirəm ki, 2020-ci ilə yönəlik
inkişaf strategiyası kontekstində yanaşılsa,
"layiqli həyat" anlayışına daxil olan əsas
meyarlar aşağıdakı kimi sıralana bilər:
sağlam
qida;
mənzil
təminatı;
zəruri
və müasir məişət ehtiyaclarının ödənilməsi;
istirahət,
təhsil və mədəni tələbatların ödənilməsi;
avtomobil
almaq imkanı.
Düşünürəm
ki, izahı çox vacib olan bir məsələyə də
toxunulmasına gərək var. Bu da belə bir suala cavab
axtarılmasından ibarətdir ki, dövlət rifah cəmiyyətinə
xas olan "layiqli həyat"ın təmin edilməsində
hansı rolu oynamalıdır. Dövlətin hər şeyi
öz üzərinə götürüb yerinə yetirə
bilmədiyi sosializm və ya sovet sistemindən fərqli olaraq,
müasir Azərbaycan cəmiyyətində dövlət
insanın bütün həyatını tənzimləmək
və bütün tələbatlarını ödəmək
rolunu öz üzərinə götürmür. Əksinə,
bu cəmiyyətdə daha çox liberal dəyərlərə
istinad edilərək insanın sərbəstliyinə və təşəbbüskarlığına
meydan açılır.
Əlbəttə,
irəli sürülən tezis heç də dövlətin
"rifah cəmiyyəti"ndə rolunu heçə endirmək
məqsədi güdmür. Bu həm də ona görə
mümkün deyil ki, əvvəla, Azərbaycan
Respublikasının Konstitusiyası dövlətin üzərinə
mühüm sosial vəzifələr qoyub, ikincisi isə, Azərbaycan
hökumətinin həyata keçirdiyi sosial siyasət
geniş əhatəsi və ciddi layihələri ilə
insanların rifahının təmin edilməsində əhəmiyyətli
rol oynayır.
Deyilənlərlə
yanaşı, rfiah cəmiyyəti konsepsiyasına uyğun
layiqli həyatın təmin edilməsində insanın şəxsi
iştirak payının artırılması onun uğurla həyata
keçirilməsinin ən mühüm amillərindən biri
kimi qəbul edilməlidir. Eyni zamanda nəzərə
alınmalıdır ki, insanın özünün şəxsi
həyatının təmin edilməsində iştirak əmsalının
artırılması fərdin və dövlətin həm məqsədlərinin,
həm də səylərinin yaxından əlaqələndirilməsini
və birləşdirilməsi tələbini irəli
sürür. Başqa sözlə, rifah cəmiyyəti bir
yandan vətəndaş məsuliyyətini və təşəbbüskarlığını
artırmağı nəzərdə tutursa, digər yandan
dövlətin sosial mahiyyətinin və funksiyalarının təkmilləşdirilməsini
şərtləndirir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin islahatların, o cümlədən
siyasi islahatların daha da dərinləşdirilməsi
haqqında bəyanatları məhz bunları nəzərdə
tutur və hesab edirəm ki, yaşadığımız
onilliyin islahatlar paketində qeyd olunanlar əhəmiyyətli
yer tutacaq.
Beləliklə,
rifah cəmiyyətinin qurulması üçün ilkin şərtlərin
yaradılması məsələsinə aydınlıq gətirilməsi
zamanı çatdı. Yəqin ki, ən əsas şərt
müxtəlif mənbələr və iqtisadiyyatın bir
çox sahələrinin sürətli ahəngdar
inkişafı hesabına adambaşına ümumi daxili məhsulun
iki dəfə artırılması hesab olunmalıdır.
İlkin mənbə kimi karbohidrogen ehtiyatlarından əldə
edilən gəlirlər nəzərdən keçirilə bilər.
Lakin ÜDM-in təxminən 100 milyard ABŞ dolları həddinə
çatdırılmasında bu mənbə yetərli deyil,
digər tərəfdən isə, nəzərə almaq
lazımdır ki, bu gəlirlər dünya enerji bazarında
konyunkturdan asılı olaraq yüksək qeyri-sabitliyini qoruyub
saxlayır.
İkinci
mühüm mənbə qismində iqtisadiyyatın modernləşməsi,
yəni müasir istehsal sahələrinin yaradılması nəzərdən
keçirilə bilər. Bu, Azərbaycanda iqtisadi
islahatların yeni mərhələsini nəzərdə tutur
ki, sonuncunun ən vacib nəticələrindən biri
iqtisadiyyatın əhəmiyyətli struktur dəyişiklikləri
olacaqdır. Hazırda Azərbaycanda həyata keçirilən
iqtisadi islahatlar, xüsusilə də dünyanın
aparıcı iqtisadi qurumları tərəfindən Azərbaycanın
dərin iqtisadi islahatların həyata keçirildiyi ölkə
kimi tanınması sözügedən prosesin aktiv fazada
olmasından xəbər verir.
Yəqin
ki, ÜDM-in kəskin şəkildə artırılması
kimi məsuliyyətli vəzifənin həyata keçirilməsində
daha bir mənbə haqqında söz açmağa dəyər.
Bu, insan resurslarından səmərəli istifadə edilməsidir.
İrəliyə gedərək qeyd etmək yerinə
düşər ki, ÜDM sahəsində ciddi yüksəlişin
təmin edilməsində ən mühüm mənbələrdən
sayılan insan resursları sahəsində istifadə edilməmiş
imkanlar kifayət qədərdir.
Azərbaycanın
9 milyonluq əhalisindən hazırda təxminən 25-30%-i
ictimai dəyər yaradılması prosesinə cəlb edilib.
Deməli, bu gün ölkənin ÜDM-də əməyi
olanlar əhalinin təxminən 13 faizini təşkil edir. Qeyd
etmək yerinə düşər ki, ÜDM-i adambaşına
20 min ABŞ dollarından çox olan ölkələrin əksəriyyətində
milli dəyər yaradılması prosesində əhalinin
yarıdan çoxu iştirak edir.
Doğrudur,
son illərdə Prezident İlham Əliyevin təşəbbüsü
ilə Azərbaycanda təxminən 1 milyon yeni iş yerlərinin
açılması təhlilə cəlb edilən sahədə
vəziyyəti ciddi şəkildə dəyişdirmişdir.
7-8 il bundan əvvəlki dövrlə müqayisədə indi
ÜDM-də payı olan vətəndaşların sayı
xeyli artmış, iqtisadiyyatın və ÜDM-in strukturunda əhəmiyyətli
dəyişiklik baş vermişdir. Bununla belə, bu sahədə
istifadə olunmamış imkanlar, yuxarıda qeyd edildiyi kimi,
yetərincədir.
Əvvəl
ondan başlayaq ki, Azərbaycanın əhalisi, artıq qeyd
etdiyimiz kimi, sürətlə artır. Bu günün qeyd edilən
meyli ondan ibarətdir ki, hər 10 ildə əhali təxminən
1 milyon nəfər artır. Deməli, Azərbaycanın əmək
resursları sferasında hər 10 ildə 1 milyon nəfər
artım müşahidə olunur. Başqa sözlə desək,
resursların illik artımı 100 min nəfərə bərabərdir.
Buradan belə bir mühüm nəticə çıxır
ki, ildə təxminən 100 min, 10 il ərzində isə 1
milyona yaxın iş yerlərinin açılması
sosial-iqtisadi inkişaf strategiyasının qaçılmaz tələbidir.
Həmin tələbin yerinə yetirilməməsi bir yandan
izafi iş qüvvəsinin meydana gəlməsinə səbəb
olacaq, digər tərəfdən isə, işçi qüvvəsinin
tam şəkildə milli dəyərin yaradılması
prosesində iştirakı təmin edilməmiş qalacaq.
Lakin
əmək resurslarından səmərəli istifadə
olunması imkanları bu deyilənlərlə bitmir. Daha bir
istifadə olunmamış resurs mövcuddur ki, onu diqqətdən
kənarda saxlamaq düzgün olmazdı.
Azərbaycanda
əhalinin təxminən 45%-i kənd yerlərində
yaşayır. Sovet təsərrüfat ukladının
sındırılması ilə kənd yerlərində həm
iqtisadiyyatda, həm də əmək resurslarından istifadə
olunmasında ciddi struktur dəyişiklikləri baş
vermişdir. Kənd yerlərində ictimai əməyə cəlb
edilməmiş əmək resursları şəhərlərə
nisbətdə daha çoxdur və bu fərq artmağa
meyillidir. Əsas iki səbəb göstərilə bilər:
a) kənddə iqtisadiyyatın struktur dəyişiklikləri
nəticəsində izafi iş qüvvəsinin meydana gəlməsi;
b) kənd yerlərində əhali artımı tempinin daha
yüksək olması. Nəticədə kənd
özünün mövcud istehsal imkanları ilə kəndin
bütün əmək resurslarından səmərəli
istifadə olunmasını qeyri-mümkün edir. Kənddən
şəhərə əhali axını obyektiv zərurətə
çevrilir. Azərbaycanda bu proses hazırda kənd əhalisinin
müəyyən hissəsinin, xüsusilə də gənclərin
əsas etibarilə Bakıya köçməsi şəklində
baş verir. Az sayda xaricə miqrasiya da müşahidə
olunmaqdadır. Lakin sonuncu az-çox əhəmiyyəti olan
problem kimi qeydə alınmır. Əsas problem kənddən
Bakıya istiqamətlənən miqrasiya sayılır və
etiraf olunmalıdır ki, onun getdikcə geniş miqyas
alması elmi və siyasi dairələrdə intensiv müzakirələrə
səbəb olur. Əksər hallarda isə tənzimləyici
tədbir kimi əhalinin kənddə qalmasını
stimullaşdıran addımların atılması tövsiyə
edilir. Hesab edirəm ki, əhalinin kənddə saxlanması məqsədini
güdən siyasətin aparılması düzgün
olmazdı. Əvvəla, bu, bütün inkişaf etmiş
ölkələrdə müşahidə olunan və
urbanizasiya adlanan sosioloji qanunauyğunluğa ziddir, deməli,
kontrproduktiv tədbir kimi uğur qazanmaq şansından məhrumdur.
İkincisi, dünyanın bütün inkişaf etmiş
ölkələrində kənd təsərrüfatı
istehsalı ÜDM-in 4-10 faizini təşkil edir. Həmin
ölkələrdə kənddə istehsala cəlb olunan əhali
də işlək əhalinin tərkibində təxminən
eyni xüsusi çəkiyə malik olur. Kənd təsərrüfatı
istehsalı öz xüsusiyyətlərinə görə o qədər
məhsuldar deyil ki, əhalinin təxminən yarısına qədərini
həm əmək prosesinə cəlb edə, həm də
onların həyati tələbatını ölkədə qərarlaşmış
standartlara uyğun təmin edə bilsin. Kənddə əhalinin
indiki sayda və ya nisbətdə qalmasının alternativi
mütləq şəkildə burada həyat səviyyəsinin
aşağı olmasıdır. Deməli, ölkə əhalisinin
təxminən yarısının uzun perspektivdə kənddə
yaşaması, birincisi, mümkün deyil, ikincisi isə,
heç lazım deyil.
Beləliklə,
kənddən şəhərə müşahidə olunan
miqrasiya meyli ən azından qarşıdakı onillik ərzində
saxlanılacaq. Bu isə, öz növbəsində, yeni iş
yerlərinin yaradılması prosesinin strukturunda zəruri dəqiqləşdirilmələr
aparılmasını şərtləndirir. Nəticə: a)
şəhər yerlərində iş yerləri daha intensiv
şəkildə açılmalıdır; b) Bakı şəhərinin
sıxlaşmasının qarşısının
alınması üçün yeni iş yerlərinin əsas
ağırlığı digər şəhərlərin
üzərinə köçürülməlidir; c)
bütün ölkə üzrə iqtisadi inkişafın
tarazlığını və əmək resurslarından daha
səmərəli istifadə edilməsini təmin etmək
üçün bütün bölgələri əhatə
edən regional iqtisadi mərkəzlərin
yaradılmasını nəzərdə tutan məskunlaşma
konsepsiyası hazırlanmalıdır. Bu konsepsiya, heç
şübhəsiz, 2020-ci ilə ünvanlanmış
inkişaf strategiyasının əsas tərkib hissələrindən
biri olmaq haqqına sahibdir.
Nəhayət,
yaşadığımız onilliyin əsas hədəfləri
içərisində önəmli yer tutan təhsilə diqqət
yetirək. Təhsil müasir cəmiyyətin mühüm mənəvi
və iqtisadi potensialı, tükənməyən, əksinə,
daim artan maddi resursudur. Bir universitet təhsilli insanın milli dəyər
yaratmaq əmsalı unversitet təhsili olmayan vətəndaşın
eyni əmsalından xeyli yüksəkdir. İstehsalın
müasirləşməsi, ictimai ahəngdarlığın təmin
edilməsi və bu kimi müsbət məqamlar da nəzərə
alınsa, təhsilin cəmiyyətin həyatında müstəsna
rolunu başa düşmək çətin deyil. Bu
baxımdan təhsilin inkişafı, əhalinin təhsil səviyyəsinin
yüksəldilməsi ölkənin iqtisadi potensialının
artmasının ən perspektivli sahələrindən
sayılmalıdır.
Qeyd
edilməlidir ki, bu sahədə istifadə olunmamış
böyük imkanlar mövcuddur. Azərbaycanda məktəbi
bitirən gənclərin təxminən 25-30%-i universitet təhsilinə
cəlb oluna bilir. XXI əsrin müasir cəmiyyətində
universitet təhsili almaq ayrı-ayrı gənclərin
üstünlüyü, imtiyazı olmaqdan gənclərin əksəriyyətini
əhatə edən təhsil prosesinə çevrilmək
zorundadır. 2020-ci ilə ünvanlanmış inkişaf
konsepsiyası çərçivəsində ona nail
olunmalıdır ki, gənclərin universitet təhsilinə cəlb
olunmaq dərəcəsi 45-50 faizə
çatdırılsın, yüksək təhsil və mədəniyyət
Azərbaycan cəmiyyətinin mövcud mənzərəsinin
ayrılmaz ünsürü kimi özünə möhkəm
yer tutmaqla, onun inkişafına əhəmiyyətli töhfəsini
verə bilsin.
Azərbaycan
müstəqilliyinin 20 ili ərzində böyük inkişaf
mərhələsini yaşayaraq növbəti onillikdə daha
əzəmətli yüksəlişə
hazırlaşır. Bu yüksəlişə onu istinad etdiyi
dəyərlər və siyasətə xalqın dərindən
inamı və dəstəyi səfərbər edir.
Şübhə yoxdur ki, indiyədək qarşısına
qoyduğu bütün əzəmətli vəzifələrin
öhdəsindən layiqincə gələn Azərbaycan cəmiyyəti
növbəti hədəflərə doğru irəliləyişində
zəruri nailiyyətləri qazana biləcək. 2020-ci ilin Azərbaycanında
yaşamaq daha rahat, işləmək daha mənalı olacaq.
Azərbaycan xəyalların gercəkləşdiyi ölkələr
sırasında özünə layiqli yer tutacaq.
Əli ƏHMƏDOV,
Yeni Azərbaycan Partiyasının
sədr müavini - icra katibi,
Milli Məclisin deputatı
Azərbaycan.- 2012.- 4 may.- S. 3.