Sabit inkişafın təminatı
olan mükəmməl ideyalar
Azərbaycanın özü qədər
əbədi
XX əsr
Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyət
- ümummilli lider Heydər Əliyev müasir Azərbaycan
dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində
yaradaraq praktik surətdə gerçəkləşdirmiş
dahi strateqdir! Azərbaycanı canı qədər sevən,
ürəyi daim xalqının səadəti, xoşbəxtliyi
uğrunda döyünən, ölkəsini azad, müstəqil
və inkişafda görmək istəyən, vətəninin,
xalqının yolunda həyatını qurban verməyə
hazır olan Heydər Əliyev dühasının mənalı
ömür yolunun hər anı, hər səhifəsi
bugünkü və gələcək nəsillərə
nümunə olacaq canlı və unudulmaz tarixdir.
Ulu öndərin əbədiyyətə
qovuşmasından ötən illər bizə bu dövrün
əzəmətini, möhtəşəmliyini tam mahiyyəti
ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik
qarşısındakı əvəzsiz xidmətlərini
mahiyyəti üzrə dərk etmək imkanı verir. Ümummilli
liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə
xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər,
məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik
ənənələrinin formalaşması prosesi sürətlənmişdir.
Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin
əbədi, daimi və dönməz xarakter alması, sabit
dövlət quruluşunun yaranması, xalqın təbii və
konstitusion haqlarına sahib çıxması, milli-mənəvi
yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir.
Ümummilli liderin respublikanın ağır iqtisadi,
siyasi, mənəvi böhran keçirdiyi bir vaxtda - 1969-cu ilin
iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilməsi isə
ölkəni işıqlı gələcəyə doğru
aparan yolun başlanğıcına çevrildi. Həmin il
iyulun 14-də keçirilən plenumda geniş nitq söyləyən
yeni rəhbər elə ilk gündən köhnə stereotipləri
dağıdaraq milli ideallara bağlı lider olduğunu
nümayiş etdirdi. Heydər Əliyevin ədalətə,
qanunçuluğa tapınaraq respublikada rüşvətxorluğa,
dövlət əmlakının mənimsənilməsi
hallarına qarşı kəskin mübarizəyə
qalxması, paralel olaraq yüksək yenilikçiliyi, təşəbbüskarlığı,
islahatlara meyilliliyi geniş ictimaiyyət arasında nikbinliyi,
sabaha inamı artırdı. Hələ
ötən əsrin 70-80-ci illərindən respublikada
böyük uzaqgörənliklə
formalaşdırdığı sənaye və istehsal
potensialı bugünün özündə də davamlı
iqtisadi yüksəliş üçün möhkəm
özülə çevrilmişdir. O dövrdə
keçmiş SSRİ-nin ən geridə qalmış
respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji
böhranla üz-üzə duran Azərbaycan sanki taleyin
ümidinə buraxılmış kimi görünürdü.
Ulu öndər onu da yaxşı bilirdi ki, xalqın
siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi
azadlığı şərtləndirir. Bu baxımdan
Heydər Əliyev qısa müddətdə ölkədə
mədəni və mənəvi intibahı təmin etməklə,
bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla
üzvi surətdə əlaqələndirdi. Təsadufi deyil ki, 1969-1982-ci illərdə həyatın
bütün sahələrində baş vermiş köklü
dəyişikliklər miqyasına görə Azərbaycanın
şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli
səhifələrini təşkil edir. Müstəqil
Azərbaycanın keçid dövrünü başa vuraraq
dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən
qüdrətli dövlətə çevrilməsinin
hazırkı möhkəm təməli də məhz Heydər
Əliyevin respublikaya birinci rəhbərliyi dövründə
formalaşdırdığı güclü iqtisadi
bünövrəyə söykənir. Ulu
öndər ölkənin gələcəyini, müstəqilliyini
düşünərək SSRİ rəhbərliyi
qarşısında təkidli tələblər irəli
sürür, strateji əhəmiyyətli bir sıra sənaye
və istehsal müəssisələrinin respublikada
inşasına nail olurdu. Həyata
keçirdiyi səmərəli islahatlarla çox qısa
zamanda - artıq 1970-ci illərin ortalarında Azərbaycanın
iqtisadi inkişaf göstəricilərinə görə
keçmiş İttifaq miqyasında ilk yerlərdən birini
tutmasını təmin etdi. Sovet
imperiyası kimi böyük bir dövlətin zəngin
iqtisadi potensialından və geniş imkanlarından istifadə
edərək respublikanı tərəqqi yoluna çıxaran
ümummilli lider Heydər Əliyev yeni və mütərəqqi
sənaye sahələrinin yaradılması istiqamətində
mühüm tədbirlər həyata keçirdi. Respublikanın bütün bölgələrinin
inkişafı yönümündə ardıcıl
addımlar atıldı, istehsalla bilavasitə bağlı
elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində
kompleks tədbirlər görüldü. Elmi-texniki tərəqqinin
nailiyyətləri, mütərəqqi texnologiyaların
istehsalatda tətbiqi Azərbaycanın bütün ittifaqda
qabaqcıl mövqelərə çıxmasına, ölkənin
sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi. Ümumilikdə, 1970-1985-ci
illərdə Heydər Əliyevin təşəbbüsü
və ciddi səyləri nəticəsində respublikada onlarca
zavod, fabrik, istehsalat sahələri yaradıldı, 250-dən
çox sənaye müəssisəsi fəaliyyətə
başladı. Azərbaycan bir sıra
istehsal sahələrinə görə Sovet İttifaqında
aparıcı yer tutdu, istehsal etdiyi 350 adda məhsul
dünyanın 65 ölkəsinə ixrac edildi.
Böyük strateq son dərəcə işgüzar
olduğu kimi, həm də tələbkar rəhbər idi. 1970-ci illərdə
tez-tez bölgələrdə olur, sadə zəhmət
adamları ilə görüşür, onlarla söhbətləşir,
problemlərinin yerində həlli üçün addımlar
atır, ədalətsizliyə və məsuliyyətsizliyə
yol verən məmurları cəzalandırırdı. Həmin
illərdə yüksək ixtisaslı kadr kimi yetişərək
dövlət idarəçiliyində mühüm postlar tutan
insanlar ulu öndərin ali məktəblərdə
hökm sürən acınacaqlı vəziyyətin aradan
qaldırılması, qəbul prosesində şəffaflığın
təmin edilməsi sahəsindəki qətiyyətli və
prinsipial addımlarını bu gün də ehtiramla
xatırlayırlar. Ulu öndər hələ o
dövrlərdən milli inkişafın yeganə yolunu
xalqın yüksək təhsil almasında, maariflənməsində
görür, respublikada elmin inkişafı üçün
bütün zəruri tədbirləri həyata keçirirdi.
Ümummilli liderin yeritdiyi siyasətin dərinliyi
və uzaq hədəflərə hesablanması da məhz onun
elmi prinsiplər üzərində qurulması, zəngin
intellektual potensiala söykənməsi ilə şərtlənirdi.
Həmin illərdə respublikamızda məktəb tikintisi
prosesinin sürətlənməsi, maarif işinin yüksək
səviyyədə təşkili, ixtisaslı kadrlar
hazırlayan yeni ali məktəblərin
açılması, fundamental və humanitar elmlərin
inkişafı, əldə olunan kəşflərin
iqtisadiyyatda tətbiqi ulu öndərin təhsil siyasətinin əsas
leytmotivini təşkil edirdi. Məhz ümummilli liderin şəxsi
müdaxiləsi və qayğısı ilə ötən əsrin
70-ci illərindən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul
olunan gənclərin sırasında azərbaycanlıların
sayı intensiv şəkildə artmağa başlamış,
bu sahədə milliləşdirmə prosesinə start
verilmişdi.
Milli-mütərəqqi
fikrin və ictimai düşüncənin başlıca mərkəzi
kimi çıxış etməklə flaqman ali məktəb
statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas
yükü üzərinə götürən Azərbaycan
Dövlət Universitetinə (indiki Bakı Dövlət
Universiteti) diqqət və qayğının
artırılması, bu təhsil ocağının fəaliyyətinin
gücləndirilməsi ulu öndərin xüsusi diqqət mərkəzində
olmuşdur. Heydər Əliyev hakimiyyətə gəlişindən
dərhal sonra universitetin 50 illik yubileyinin keçirilməsinə
qərar vermiş, 1969-cu il noyabrın 1-də
bu təntənəli tədbirdə iştirak etmişdir. Ümummilli lider yubiley mərasimində totalitar sovet
rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan
dilində nitq söyləmiş, onun dərin məzmunlu
çıxışı sonrakı mərhələdə
milli təhsil manifestinə çevrilmişdir. Həmin çıxışda bir çox
maraqlı məsələlərə toxunulmuş, adları
ehtiyatla çəkilən şəxsiyyətlər
haqqında geniş bəhs olunmuşdur. Heydər Əliyev
ilk dəfə olaraq Azərbaycan filosofu Bəhmənyarı, adlarını
çəkmək qadağan edilən digər insanları yada
salmışdı. Bu çıxışla o,
bir növ, qabaqcıl və vətənəpərvər
universitet ziyalılarına mənəvi ruh vermişdi. Bir faktı da qeyd edək ki, BDU-nun onillik yubileyi
1929-cu ildə keçirilmişdi. Sonrakı
illərdə belə əlamətdar hadisələrin qeyd
olunmasına o qədər də əhəmiyyət verilməmişdi.
Yalnız 40 ildən sonra - 1969-cu ildə
ümummilli liderin təşəbbüsü ilə 50 illik
yubileyin keçirilməsi BDU-nun şanlı tarixinin
böyük və əlamətdar mərhələsini təşkil
etmişdir. Təhsil ocağının fəaliyyətinin
ən məhsuldar dövrü Heydər Əliyevin Azərbaycana
rəhbərliyi ilə üst-üstə
düşmüşdür. Əsl hesabat
yubileyləri də məhz bu dövrə təsadüf
etmişdir. Ulu öndər 50, 60, 75, 80
illik yubiley komissiyalarının sədri olmuşdur. Universitet kollektivi öz hesabatını xalqın
böyük oğlu Heydər Əliyevə vermişdir.
XX
yüzilliyin 70-80-ci illərində Azərbaycanın
inkişafını və intibahını məhz bu ali təhsil ocağında axtaran ümummilli
lider BDU-da layiqli kadrların yetişdirilməsi
üçün əlindən gələni əsirgəməmişdir.
Böyük strateq universitetə hər zaman
müqəddəs məbəd kimi baxmış, bu müqəddəsliyə
xələl gətirə biləcək mənfi təzahürlərin
aradan qaldırılması üçün yeri gələndə,
hətta sərt addımlardan belə çəkinməmişdir.
1970-ci illərin əvvəllərindən etibarən
Heydər Əliyev hüquqşünas kadrların hazırlanması
işinin keyfiyyətini birbaşa nəzarətə
götürmüşdür. Geniş
imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin
övladlarının hüquq fakültəsinə daxil
olmasını yasaqlayan qərar imzalamışdır. Bununla da təhsil sistemində özünü
qabarıq göstərən neqativ tendensiyalara son
qoyulmuşdur.
Ulu öndər Bakı Dövlət Universitetinin 60 illik
yubileyinin təşkilinin də əsas təşəbbüskarı
olmuş, 1980-ci ildə keçirilmiş həmin mərasimdə
iştirak edərək təbrik nitqi söyləmişdir. Sovetlər
birliyi dövründə təhsil ocağının beynəlxalq
əlaqələrinin genişlənməsi məhz Heydər Əliyevin
respublikaya rəhbərliyə gəlişindən sonra
mümkün olmuşdur. Universitet bir sıra dövlətlərin
analoji ali təhsil müəssisələri
ilə əməkdaşlığa başlamış, bu əlaqələr
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur. Ulu öndərin himayəsi və
qayğısı sayəsində universitetin 40-dan çox
müəllimi xarici ölkələrə pedaqoji işə
göndərilmişdir. 300-dən çox
müəllim və tələbə Asiya və Afrika ölkələrində
tərcüməçi işləmiş, 30 müəllim və
elmi işçi Avropa, ABŞ və Yaponiyada elmi ezamiyyətdə
olmuşdur. Ulu öndərin diqqət və
qayğısı ilə universitetin maddi-texniki bazası,
iş şəraiti əsaslı şəkildə
yaxşılaşdırılmış, yeni ixtisaslar üzrə
fakültələr, kafedralar açılmış, kabinet və
laboratoriyaların sayı 115-i keçmiş, 15
ixtisaslaşmış laboratoriya yaradılmış, təhsil
ocağının ikinci korpusu tikilərək istifadəyə
verilmişdir. Eyni zamanda, professor-müəllim heyətinin
sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində mühüm addımlar atılmış,
onların yeni mənzillərlə təminatına xüsusi
diqqət yetirilmişdir.
BDU-dan pərvazlanan,
təhsil sahəsində böyük uğurlar əldə edən
tələbələrin keçmiş SSRİ-nin bir sıra
qabaqcıl universitetlərinə oxumağa göndərilməsi
ənənəsi də ulu öndərin respublikada milli kadr
potensialının formalaşdırılması istiqamətində
atdığı mühüm addımlardan biri kimi
xatırlanır. Heydər Əliyevin Azərbaycanın gələcəyini
düşünərək uzaqgörənliklə əsasını
qoyduğu bu ənənə elmi potensialımızın
yüksəlməsinə, ixtisaslı kadrlara olan ehtiyacın
ödənilməsinə hesablanmışdır. Ümummilli
liderin dövlətçilik fəlsəfəsinə görə
elmə, təhsilə göstərilən qayğı
xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı
sərmayədir. Ötən əsrin 60-cı illərində
SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər
üçün yalnız 50 yer ayrıldığı halda,
80-ci illərin əvvəllərində bu göstərici 1000
nəfəri ötmüşdü. Həmin illərdə ulu
öndərin qayğı və diqqəti ilə 10 minədək
azərbaycanlı gənc respublikamızdan kənarda -
keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə
təhsil almağa göndərilmişdir. Məhz həmin
dövrdə prioritet istiqamətli ixtisaslara yiyələnmiş
yüksək səviyyəli kadrlar bu gün Azərbaycanda
hüquqi dövlət quruculuğu prosesində yaxından
iştirak edirlər. Xüsusi vurğulamaq lazımdır ki,
elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə
həssas münasibət məsələləri müstəqil
Azərbaycan Respublikasına rəhbərliyi dövründə
də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas
qayəsini təşkil etmişdir.
Tarixən
böyük siyasi liderlər ən böhranlı, çətin
anlarda məsuliyyəti çiyinlərinə götürərək
bütöv bir xalqın, millətin xilaskarına
çevrilirlər. Ulu öndərin diqqəti çəkən
fitri idarəçilik keyfiyyətləri sırasında onun ən
ekstremal, çətin və millətin taleyi baxımından
məsuliyyətli dönəmlərdə qətiyyətli,
eyni zamanda, yaranmış şərait üçün ən
optimal qərarlar qəbul etmək məharəti heç zaman
xatirələrdən silinməyəcək. Tale 1993-cü ildə
respublikanı növbəti dəfə çətin
sınaqlarla üz-üzə qoyanda xalq yeganə xilaskar kimi
Heydər Əliyevi hakimiyyətdə görmək istədi.
1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev
yorulmaq bilmədən, qətiyyətlə Azərbaycanın
başı üstünü almış vətəndaş
müharibəsi alovunu söndürdü, ölkədə
baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirildi,
ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və
hüquq qaydalarının möhkəmləndirilməsinə,
cəbhə bölgəsində atəşkəs rejiminə
nail olundu.
Ulu
öndər xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra hələ 1970-80-ci illərdə
respublikada formalaşdırılmış zəngin
elmi-intellektual potensiala istinad edərək özünün təkmil
təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi
baxımından strateji əhəmiyyət daşıyan bu sahənin
problemlərini diqqətdə saxladı, elm sahəsində
hökm sürən tənəzzülün qarşısı
alındı, təhsilin öz məcrasına düşməsi,
inkişafı üçün əlverişli iqtisadi şərait,
hüquqi və mənəvi-əxlaqi mühit
formalaşdırıldı. Bu böyük şəxsiyyətin
müstəqil Azərbaycan xalqı və dövləti
qarşısındakı misilsiz xidmətləri, eyni zamanda,
ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal
maarifçilik siyasətində parlaq surətdə təcəssümünü
tapdı. Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin
milli əsaslar üzərində çağdaş dünya təhsil
sisteminə inteqrasiyasını başlıca vəzifə
kimi aktuallaşdırdı, elm-təhsil sahəsində
mütərəqqi islahatları ardıcıllıqla həyata
keçirdi. Ümummilli liderin təhsil konsepsiyasının əsas
qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi,
demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin
yüksək dinamizmlə həyata keçirilməsi, dövlətin
iqtisadi potensialının gücləndirilməsi kimi ümdə
prinsiplər təşkil etmişdir.
Zaman
sübut edir ki, hər bir xalqın vahid məqsədlər
uğrunda toparlanması üçün zəruri olan milli
ideologiya da böyük siyasi liderlərin dövlətçilik
konsepsiyasında real əsaslarını tapır. Ulu öndər
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik
etdiyi dövrdə tarixi ənənə və təməl
üzərində milli ideologiyanın formalaşması və
inkişafı naminə misilsiz xidmətlər göstərmiş,
milli düşüncənin düzgün məcrada
inkişafına nail olmuş, xalqa məxsus ənənə və
dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən
qorumuşdur.
Heydər
Əliyevin siyasi lider kimi gücü və qüdrəti, ilk
növbədə, onun elan etdiyi məqsəd və vəzifələrin
real həyatda praktik tətbiq imkanları ilə
ölçülür. Bununla da dahi rəhbər yeni
dövrün gerçəkliklərini nəzərə almaqla
müstəqil Azərbaycanın perspektiv iqtisadi, siyasi,
hüquqi inkişaf prioritetlərini açıqlamış,
demokratik inkişafa doğru sürət götürmüş
dövləti qısa müddət ərzində möhkəmlənən,
qüdrətlənən, regionda, həlledici təsir məkanına
çevirmişdir. 1996-cı ildən uğurla
reallaşdırılan bu strategiya sayəsində ölkə
iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi
baxımdan köklü surətdə dəyişdirilmişdir. Ümummilli liderin milli dövlətçilik
qarşısında ən böyük, misilsiz xidmətlərindən
biri də müstəqil Azərbaycanın yeni neft
strategiyasının hazırlanması və 1994-cü ildən
uğurla həyata keçirilməsi olmuşdur. Eyni zamanda
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə
qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının Konstitusiyasında hakimiyyət
bölgüsü prinsipi, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunun hüquqi əsasları, insan
hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin
olunmasının bünövrəsi qoyulmuşdur. Azərbaycan
demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə
olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət
bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçmişdir. Bundan sonra müstəqil
Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm,
söz, mətbuat və sərbəst toplaşmaq
azadlığı bərqərar olmuş, dövlət idarəçilik
sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq
islahatları aparılmışdır. Ulu öndərin
müstəqilliyin bərpasından sonra respublikaya rəhbərlik
etdiyi illərdə ölüm cəzasının, mətbuat
üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi,
respublikada üçpilləli məhkəmə sisteminin
formalaşdırılması, Konstitusiya Məhkəməsinin
fəaliyyətə başlaması, İnsan Hüquqları
üzrə Müvəkkil (Ombudsman) İnstitutunun
yaradılması, Konstitusiyaya mütərəqqi ruhlu əlavə
və dəyişikliklərin edilməsi və digər məsələlər
demokratik inkişaf yolunda mühüm nailiyyətlərdir.
Ulu öndər böyük siyasi təcrübəsi
və səriştəsi sayəsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı danışıqlar prosesinin milli maraqlara
uyğunlaşdırılmasını da təmin etmişdir.
Bütün bunlarla yanaşı, xalqın milli mədəniyyətinin
və mənəvi-əxlaqi dəyərlərinin də
qorunub saxlanılması üçün daim böyük səy
göstərmişdir. Elm, mədəniyyət, ədəbiyyat,
incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili
istiqamətində atılan addımlar, dövlət büdcəsindəki
artımlar hesabına bu sahələrə yönələn vəsaitlərin
yüksəlməsi yeni bir intibah mərhələsinin əsasını
qoymuşdur. Vətəndən uzaq düşən, xaricə
üz tutan istedadlı alimlərimiz tədricən geri
qayıtmağa başlamışdılar. Akademiyanın fəaliyyətində
yeni istiqamətlər müəyyənləşdirilmişdir.
Ulu
öndər təkcə milli elmin inkişafı
üçün lazımi maddi texniki təminat, alimlərin
sosial problemlərinin həlli qayğısına qalmır,
eyni zamanda, cəmiyyət üçün xüsusi
aktuallığa malik elmi problemləri də özünəməxsus
fəhmlə müəyyən edərək alimlərin diqqətinə
çatdırır, onları daha ciddi araşdırmalar
aparmağa ruhlandırırdı. Hər dəfə
keçirdiyi görüşlər zamanı Heydər Əliyev
Azərbaycan elmi qarşısında duran əsaslı problemlərə
toxunmuş, onların aktuallığını nəzərə
alaraq alimlərimizə Azərbaycan dövləti, xalqı
üçün daha gərəkli strateji məsələlərlə
məşğul olmağı tövsiyə etmiş, ölkədə
elmin inkişaf strategiyasının əsas müddəalarını
irəli sürmüşdür. Geniş kütlə, xalq,
millət üçün humanitar elmlərin xüsusi əhəmiyyətə
malik olduğunu vurğulayan ulu öndər ədəbiyyat, mədəniyyət
tarixinin yazılması zəruriliyi barədə söhbət
açmış, çoxəsrlik Azərbaycan tarixinin dərindən
öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında
şərhinin dövlət üçün mühüm əhəmiyyətini
xüsusi qeyd etmişdir.
Ümummilli
lider Heydər Əliyev müstəqillik illərində elmin,
ali təhsilin əsas mərkəzlərindən olan Bakı
Dövlət Universitetini qətiyyən unutmamış, ilk
gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi
problemlərin həllini diqqətdə saxlamışdır.
1994-cü ildə BDU-nun 75 illik yubileyi təntənəli
şəkildə qeyd olunmuşdur. Ümummilli liderin yubiley mərasiminə
gəlişi bu böyük təhsil müəssisəsinə
sanki yeni həyat vermiş, çətinliklərə rəğmən
onu yeni dövrün tələbləri səviyyəsində
kadr hazırlığına sövq etmiş, dəfələrlə
demişdir ki, universitetin başlıca məqsədi gələcəyin
vətəndaşını, yüksək səviyyəli
mütəxəssisini yetişdirməkdən ibarətdir.
"Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam"
- deyən ulu öndər Heydər Əliyev BDU-ya olan rəğbətini
daim büruzə verməklə yanaşı, bu ali təhsil
ocağının qarşısında bir sıra məsul vəzifələr
müəyyənləşdirmişdir. BDU daim dünya
şöhrətli məzununun xüsusi
qayğısını hiss etmiş, onun qarşıya
qoyduğu ali ideyalar universitetin tələbə və
professor-müəllim heyətinin əsas fəaliyyət
stimulvericisinə çevrilmişdir. Bakı Dövlət
Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli
səhifələri məhz Heydər Əliyevin böyük
diqqət və qayğısı sayəsində
yazılmışdır. Görkəmli dövlət xadimi ilə
Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür
etmək mümkün deyil. Ən azı, o səbəbdən
ki, universitet təhsildə də, elmin inkişafında da,
maddi bazasının möhkəmləndirilməsi, yeni
ixtisasların açılması sahəsində də ən
möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin
Azərbaycana rəhbərliyi dövründə
qazanmışdır. Ümummilli liderin təşəbbüsü
ilə universitetin 80 illik yubileyinin təntənəli şəkildə
qeyd olunması da həmin diqqətin əyani təzahürü
olmuşdur. BDU-nun 69 alimi mükafatlandırılmışdı
- "Şöhrət" ordeni, əməkdar elm xadimi, əməkdar
müəllim adı, "Tərəqqi" medalı ilə
təltif olunmuşdu.
Ulu strateq
yalnız Azərbaycanın davamlı inkişaf
strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənməmiş,
həm də bu strateji kursu qloballaşma dövrünün
diktə etdiyi şərtlər müqabilində davam etdirməyə
qadir, yüksək istedadlı, praqmatik və rasional təfəkkürlü,
xalqını, dövlətini sevən, yüksək idarəçilik
keyfiyyətlərinə malik siyasi davamçı və lider
yetişdirmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin
fəaliyyəti onun ulu öndərin əsasını
qoyduğu proqressiv elm və təhsil ənənələrini
uğurla davam etdirdiyini və yeni dövrün tələblərinə
uyğun zənginləşdirdiyini göstərir. Ötən
müddətdə Azərbaycanda dinamik iqtisadi inkişafın
sürətləndirilməsinə, cəmiyyət həyatının
bütün sahələrində mütərəqqi
islahatların aparılmasına etibarlı təminat yaradan cənab
İlham Əliyev elm və təhsil problemlərini də diqqət
mərkəzində saxlamış, ulu öndərin bu sahədə
müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin
etmişdir. Milli təhsilin inkişafı məsələsi
öz məzmununu dəyişərək artıq həm də
Azərbaycanın gələcək inkişaf modelinin əsasını
formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş,
insan kapitalının formalaşmasına xidmət edən
ümumtəhsil hərəkatı başlanmışdır.
Ölkəmizin
hərtərəfli inkişafını elm və təhsildə,
güclü insan kapitalının
formalaşdırılmasında görən dövlət
başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki
yeri və rolunu, ictimai əhəmiyyətini daim yüksək
dəyərləndirmiş, onun davamlı yüksəlişi,
tərəqqisi naminə bütün zəruri tədbirləri
həyata keçirmişdir. Universitetin 90 illik yubileyinin
respublika miqyasında geniş qeyd olunması, bu prosesin ümumən
təhsil sistemində son illərin ən əlamətdar hadisələrindən
birinə çevrilməsi də məhz dövlət
başçısı İlham Əliyevin xidmətləri ilə
bağlıdır. Azərbaycan Prezidentinin 30 oktyabr 2009-cu il
tarixli sərəncamları ilə Bakı Dövlət
Universitetinin ümumilikdə 107 nəfər professor-müəlliminə
müxtəlif fəxri adlar, mükafatlar, fərdi təqaüdlər
verilmişdir.
Respublikamızda
dünya ölkələrinin heç birinə bənzəməyən
inkişaf modelinin formalaşması faktı tam təsdiqini
tapmışdır. 70 il inzibati-amirlik sistemində
yaşamış, iqtisadiyyatı səmərəsiz, köhnə
texnologiya və infrastruktur üzərində qurulmuş bir
respublikanın qısa müddətdə qazandığı
nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı
əməkdaşlığa maraq göstərən beynəlxalq
təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində
də böyük maraq doğurur. Son illərdə ictimai fikir
tarixinin ayrı-ayrı tədqiqatçıları,
tarixçilər, sosioloqlar və filosoflar Azərbaycanın
unikallığı ilə fərqlənən milli inkişaf
modelini konkret elmi postulatlar üzərində əsaslandırmağa,
respublikamızda modernləşmə və demokratikləşmə
xəttinin spesifik cəhətlərini, habelə növbəti
inkişaf mərhələləri üçün
qarşıda duran strateji vəzifələri müəyyənləşdirməyə
çalışırlar.
Ölkəmiz
qlobal böhranı inamla geridə qoyaraq sürətli
sosial-iqtisadi inkişafını qoruyub saxlayır,
böyük infrastruktur layihələri, regional proqramlar həyata
keçirir, Avropanın enerji təhlükəsizliyində
sözünü deyir. Əminliklə demək olar ki, müstəqil
Azərbaycan bu gün beynəlxalq miqyasda cərəyan edən
proseslərə də fəal təsir imkanlarına malikdir.
Sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində
mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının
(BMT) Təhlükəsizlik Şurasına Azərbaycanın
üzv seçilməsi bütövlükdə müasir
tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən
biri kimi yadda qalmışdır.
2012-ci
ilin dövlət büdcəsi Azərbaycanın davamlı tərəqqi
və yüksəliş yolunda olduğunu bir daha təsdiqləyir.
Büdcə xərcləri dövlətin orta və
uzunmüddətli prioritetlərini özündə birləşdirən
iqtisadi xəttin həyata keçirilməsinə,
sosial-iqtisadi inkişaf sürətinin qorunub
saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə
və stimullaşdırılmasına, milli maraqların beynəlxalq
miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və
sahibkarlığın inkişafına, istehsal və sosial
infrastrukturun müasir tələblər səviyyəsində
qurulmasına, xalqın rifah halının daha da
yaxşılaşdırılmasına maliyyə təminatı
yaradacaqdır. Təhsil, səhiyyə və digər sahələrdə
çalışanların əməkhaqlarının
qaldırılması 2012-ci ilin fəal sosial siyasət ili olacağını əminliklə söyləməyə
ciddi əsaslar verir.
Ümumilikdə, indi müstəqil Azərbaycanda milli
dövlətçilik dəyərlərinin əsasını
sağlam cəmiyyət təşkil edir. Cəmiyyətin
sağlamlığı əsasən bir göstəricidə
- iqtisadi və mənəvi tərəqqi amilində
özünü daha qabarıq büruzə verir. Hazırda biz Azərbaycanda baş verən sürətli
iqtisadi tərəqqinin şahidiyik və bu sürət
dünyanı heyran qoymuşdur. Azərbaycan
Respublikası Prezidentinin 29 noyabr 2011-ci il
tarixli "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə sərəncamı bunun bariz təcəssümüdür.
Belə bir konsepsiyanın siyasi, iqtisadi və
sosial əhəmiyyəti təkcə ölkəmizin
müasir dövrünə ünvanlanmamışdır, eyni
zamanda yaxın onillikdə dövlətimizin,
xalqımızın inkişafında əsaslı müsbət
keyfiyyət dəyişikliklərinin əldə olunmasına
yönəlmişdir. Hazırlanacaq
konsepsiya Azərbaycanı inkişaf etmiş dövlətlər
sırasına çıxarmaq iqtidarında olan tarixi sənəddir.
Dövlət başçısının sərəncamında
bu gün ölkəmizin yeni inkişaf mərhələsinə
qədəm qoyması xüsusi vurğulanır. Bu mərhələnin əsas
hədəfi çoxşaxəli, səmərəli və
innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə qabaqcıl
inkişaf məzmununun təmin olunması və əhalinin maddi-mənəvi
rifahının yüksəldilməsi, beynəlxalq standartlar səviyyəsinə
çatdırılması, habelə elmin, təhsilin, mədəniyyətin
inkişafında, ictimai həyatın bütün istiqamətlərində
yeni nailiyyətlərin əldə olunmasından ibarətdir. Başqa sözlə, insan kapitalının hər
vasitə ilə canlandırılmasıdır. Bu
baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin qarşıya qoyduğu "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının əsas məqsədinə haqlı olaraq
uzunmüddətli perspektivdə vətəndaşların
maddi və mənəvi rifah halının davamlı şəkildə
yüksəldilməsi, ölkənin milli təhlükəsizliyinin
gücləndirilməsi, sosial-iqtisadi inkişafın
dinamikliyinə nail olunması və Azərbaycanın müstəqil
dövlət kimi dünya arenasındakı mövqeyinin
möhkəmləndirilməsi aid edilmişdir.
Bütün bunlar göstərir ki, Heydər Əliyev
ideyalarını hər sahədə uca tutan, onları praktik
şəkildə gerçəkləşdirən Azərbaycan
Prezidenti İlham Əliyevin yeritdiyi siyasətin qayəsində
xalqın milli-mənəvi, mədəni və elmi-intellektual
potensialının gücləndirilməsi ön planda
dayanır. Bəli,
Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə
Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir!
Bu siyasəti inamla davam etdirən dövlət
başçısı İlham Əliyev isə ulu öndərin
yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm
də artıq yeni dövlətçilik məktəbinin
banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir
tarixi epoxanın əsasını qoymuşdur.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin
rektoru, akademik, Milli Məclisin
deputatı, YAP İdarə Heyətinin
üzvü
Azərbaycan. - 2012.- 4 may.- S. 4.