Uğurlu
inkişaf strategiyası
Azərbaycanın özü qədər
əbədi
Azərbaycanın
ən yeni tarixi şəxsiyyətin və liderin
ictimai-dövlət həyatındakı rolunun əsrlər dəyişdikcə
nəinki azalmadığı, hətta effektiv çalarlar
qazanaraq praqmatik məzmun və mahiyyət kəsb etdiyini bir
daha təsdiqləyir. Təbii ki, politoloji anlamda lider dediyimiz
şəxs tarixi inkişafın obyektiv
qanunauyğunluqlarını dərindən dərk edən, cəmiyyətin
dinamik güclərini vahid ideya ətrafında səfərbər
edərək addım-addım hədəfə
çatmağı bacaran, strateji və proqressiv
düşüncə tərzinə malik rəhbər modelini
ehtiva edir. Belə rəhbərin fəaliyyəti möhkəm
sosial-iqtisadi və ideoloji bazaya, elektoratın sonsuz inamına
söykənən bir sistemə malikdirsə və
bütün bu komponentlərin məcmusu yeni və qüdrətli
liderə transformasiya edirsə, daha əzəmətli və
uzunömürlü olur. Ümummilli lider Heydər Əliyevin
layiqli varisi, möhtərəm Prezident İlham Əliyevin
timsalında xalqımız öz taleyində məhz belə
uğurlu fenomenə şahidlik etməkdədir.
Əsrimizin
ilk prezident seçkilərində xalqımızın iradəsinə
arxalanan, siyasətini milli maraqlarımızın tam təmin
olunması üzərində quran, ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi dinamik inkişaf
strategiyasını rəhbər tutan və regionda çox
böyük nüfuza malik olan İlham Əliyevin dövlət
başçısı seçilməsi ilə müasir
tariximizdə keyfiyyətcə yeni mərhələnin
başlanğıcı qoyulub. Bütün sahələrdə
köklü dəyişikliklərlə, xalqın rifah
halının daim yaxşılaşdırılması, Azərbaycanın
dünyadakı rolunun yüksəlməsi ilə müşayiət
olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda
möhtəşəm uğurlarla, nəhəng abadlıq və
quruculuq işləri və dünyada bənzəri olmayan
sıçrayışlı iqtisadi inkişafla yadda qalıb.
Azərbaycanın
hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin
açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft
sektorunun tərəqqisinə nail olmaq, milli
sahibkarlığın formalaşması və inkişafı,
əhalinin aztəminatlı hissəsinin, bütövlükdə
isə hər bir vətəndaşın maddi rifah
halının yüksəldilməsi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları çərçivəsində ədalətli
həlli, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi,
Azərbaycanın milli mənafeyinə cavab verən
balanslaşdırılmış xarici siyasətin
yürüdülməsi, Qərbə inteqrasiya prosesinin
sürətləndirilməsi vahid siyasi platformaya söykənən,
çoxşaxəli və genişmiqyaslı bu qlobal strateji xəttin
prioritet istiqamətləridir.
2008-ci
ildə Azərbaycan xalqı cənab İlham Əliyevi təkrar
Prezident seçməklə bir daha Heydər Əliyev siyasi
kursuna inamını, etibarını ifadə etdi. Ötən
dövr xalqın öz inamında yanılmadığına,
bu tarixi seçimin Azərbaycanın taleyində nə qədər
böyük rol oynadığını əyani şəkildə
təsdiqlədi. Prezidentliyinin ilk günlərindən
özünü görkəmli dövlət xadimi kimi təsdiqləyən
İlham Əliyevin siyasi-psixoloji portretinin əsasını təşkil
edən komponentlər onun Azərbaycan siyasi arenası
üçün son dərəcə uğurlu dövlət
başçısı olduğunu sübut etdi.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin
idarəçilik məktəbindən bəhrələnərək
bu məktəbin daha da təkmilləşdirilməsinə təkan
vermiş, onu müasir tələblər səviyyəsinə
qaldırmışdır. Ümummilli liderin xalqın
etimadına və dəstəyinə arxalanaraq
apardığı uğurlu daxili siyasət təcrübəsindən
öyrənən cənab İlham Əliyev həmin yolu məharətlə
davam etdirir. Onun bölgələrə səfərləri, ictimaiyyətin,
sadə peşə adamlarının və əhalinin müxtəlif
təbəqələri ilə görüşləri deyilənlərə
misal ola bilər. Mütəmadi keçirilən belə
görüşlər zamanı dövlət
başçısı sadə xalqla təmasda olub problemlərini
öyrənir, onların həllinə bilavasitə özü
yardım göstərir. Prezident özünün əsas vəzifələrini
açıqlayarkən bəyan edib ki, bizim əsas arzu və
istəyimiz insanlarımızın daha firavan
yaşamasını təmin etməkdir. Odur ki, görülən
bütün işlər məhz qüdrətli Azərbaycan
dövləti və xalqı naminədir.
Ölkəyə rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini özündə əks etdirib. Azərbaycan dövlətinin daxili və xarici siyasəti dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilib.
Qloballaşma, sivilizasiyalararası dialoq, ümumbəşəri dəyərlərin tərkib hissəsi olan demokratik prinsiplər, eləcə də cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələn məsələlər İlham Əliyevin yürütdüyü siyasətin nəzəri bazasını və konseptual əsaslarını təşkil edib. Dövlət başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslərə, həm də Azərbaycanın dünyada daim möhkəmlənən mövqeyi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasət düzgün istiqamətdədir.
Ulu öndərin möhkəm təməllər üzərində həyata keçirdiyi müstəqil dövlət quruculuğu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir. Müstəqil dövlət quruculuğunun əsas amillərindən biri olan dövlətin iqtisadi qüdrətinin artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərmanlar, onun sərəncamı ilə təsdiq olunmuş regional inkişafa dair dövlət proqramları ölkəmizin hərtərəfli inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, 2003-cü il keçirilən prezident seçkilərindən sonra iqtisadi siyasətin yeni prioritetləri, inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Bu istiqamətdə qlobal konsepsiya işlənib hazırlanmış, konkret dövlət proqramları qəbul olunmuşdur. Uğurlar göz qabağındadır. Son səkkiz il ərzində iqtisadiyyatımızın artım tempi dünyada analoqu olmayan səviyyəyə yüksəlmişdir.
Dövlət başçısı neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın inkişafını ən ümdə məsələ kimi, prioritet vəzifə kimi qarşıya qoyub. Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Regional sosial-iqtisadi inkişaf dövlət proqramı bütün bölgələrin, hətta ən ucqar kəndlərin belə tərəqqisi, müasir infrastrukturun formalaşması üçün bütün zəruri məqamları özündə əks etdirən mühüm sənəddir. Beş illik dövlət proqramının demək olar ki, 4 ilə yerinə yetirilməsi sayəsində bölgələrimizin siması büsbütün dəyişib, şəhərlə kənd arasında kəskin fərqlər sürətlə aradan qaldırılır. Son illərdə yüz minlərlə yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin dəfələrlə aşağı düşməsi rayon və kəndlərdə minlərlə sənaye və emal müəssisələrinin, yüksək standartlara cavab verən təhsil və səhiyyə ocaqlarının, xidmət obyektlərinin inşası uğurlarımızın yalnız bir hissəsidir.
Sahibkarlığın inkişafına güclü dövlət dəstəyi sayəsində Azərbaycanda yerli iş adamlarının fəaliyyəti son illər genişlənib. Hazırda onlara güzəştli kreditlərin verilməsi ilə yanaşı, sahibkarlara texniki yardımların göstərilməsi, "bir pəncərə" sisteminin tətbiqi və digər vacib məsələlər ölkədə bizneslə məşğul olmaq üçün gözəl şərait yaradıb. Son illər özəl sektora maliyyə yardımı iki dəfə artırılıb. Dövlət iqtisadiyyatı hökumətin hansısa iqtisadi layihəyə birbaşa müdaxiləsi yolu ilə deyil, lazımi infrastrukturun və özəl sektorun sərmayəsi hesabına maliyyə mənbələrinin yaradılması vasitəsi ilə stimullaşdırır. Prezident İlham Əliyevin təbirincə desək, "Əgər biz qarşıya böyük vəzifələr qoyuruqsa, yoxsulluqla mübarizə aparmaq, yeni iş yerlərinin açılmasına nail olmaq istəyiriksə, mütləq və mütləq dövlətlə özəl sektor çiyin-çiyinə işləməli, fəaliyyət göstərməli, bir-birinə kömək etməlidir".
Son illərin nəticələri tam qətiyyətlə deməyə əsas verir ki, qazanılmış möhtəşəm nailiyyətlər möhkəm təmələ və iqtisadi potensiala söykənir. Aparılan geniş quruculuq və abadlıq işləri ölkəmizin hərtərəfli tərəqqisinə, dünyada lider səviyyəyə yüksəlməsinə səbəb olub. Qarşıda duran istər iqtisadi-sosial sahədə, istərsə də digər istiqamətlərdə bütün vəzifələr öz həllini tapır. Son 8 ildə Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada lider ölkədir. Bu liderliyi əldə etmək və onu qoruyub saxlamaq çətin məsələdir. İldən-ilə iqtisadi potensialın artımına nail olmaq, onu yüksək səviyyədə saxlamaq çox böyük fədakarlıq tələb edir. Dövlət başçısının vurğuladığı kimi, bu inkişaf bizim üçün çox böyük imkanlar açıb. Azərbaycan xalqı bu gözəl imkanlardan artıq bəhrələnir.
İqtisadi imkanları yüksək qiymətləndirilən Azərbaycan bu gün həyata keçirdiyi sosial-iqtisadi siyasətlə öz vətəndaşlarının rifah halını yüksəltməklə yanaşı, həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkəmizdə gələn il üçün nəzərdə tutulan büdcə gəlirləri 16 milyard 436,4 milyon manat təşkil edir ki, bu da 2010-cu ilin icrası ilə müqayisədə 5 milyard 33,4 milyon manat və ya 44,1 faiz, 2011-ci ilin proqnozu ilə müqayisədə isə 882,2 milyon manat və ya 5,7 faiz çoxdur. Məhz bu amil qlobal maliyyə böhranının yenicə dəf olunduğu bir şəraitdə, eləcə də dünya bazarında neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycan üçün inkişaf tendensiyasının yüksək təzahürü kimi dəyərləndirilir.
Sözsüz ki, artan iqtisadi imkanların əsas göstəricisi dövlət büdcəsində əksini tapan rəqəmlərdir. Belə ki, Azərbaycanın 2012-ci il büdcəsində xərclər 17 milyard 72 milyon manat nəzərdə tutulub ki, bu da iqtisadiyyatın bütün bölmələrində layihələrin davamlılığı üçün əhəmiyyətli dərəcədə zəmin yaradır. Gələn il dövlət büdcəsi xərclərinin 2010-cu illə müqayisədə 44,4 faiz, 2011-ci ilin proqnozu ilə müqayisədə isə 6,5 faiz artacağı nəzərdə tutulub. Dövlət büdcəsinin xərclərinin ÜDM-ə nisbəti isə 39,1 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da 2011-ci ilə nisbətən 1,5 faiz çoxdur. Eyni zamanda qeyd etmək yerinə düşər ki, ölkəmizin valyuta ehtiyatları da 40 milyard ABŞ dollarını keçmişdir.
Gələn ilin büdcə zərfində xərclərin strukturuna diqqət yetirsək burada sənaye, sosial müdafiə və hərbi xərclərin böyük üstünlük təşkil etdiyini görmək olar. İqtisadi fəaliyyətlə bağlı bölmələrdə də xərclərin artırılması nəzərdə tutulur. Belə ki, 2012-ci ildə büdcənin iqtisadi fəaliyyət xərcləri 2011-ci illə müqayisədə 56,3 faiz artırılmaqla 185,9 milyon manata çatdırılacaq. Bu bölmə üzrə ən böyük artım sahibkarlığın inkişafı ilə bağlı tədbirlərə ayrılan vəsait olacaq - 2012-ci ildə büdcədən Sahibkarlığa Kömək Milli Fonduna 90,1 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da 2011-ci illə müqayisədə 2,6 dəfə, 2010-cu ildə olduğundan isə 2 dəfə çoxdur. Eyni zamanda, dövlət digər mənbələr və Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına kiçik və orta sahibkarların maliyyə təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.
Göründüyü kimi, Azərbaycanın iqtisadi imkanlarının gündən-günə artması sosial proqramların icrasına zəmin yaradır. Bu gün ölkəmizin hərtərəfli inkişafı hər bir vətəndaşın həyatında, maddi güzəranında özünü aydın şəkildə göstərir. Ölkədə aparılan sosial siyasət uğurla davam etdirilir. Rəqəmlərə nəzər salaq. Ötən dövrdə əhalinin pul gəlirləri 19 faiz artıb. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir. Bu il 900 minə yaxın pensiyaçının təqaüdü orta hesabla 40 faiz artıb. Bütövlükdə götürsək, 9 ayda Azərbaycanda pensiyaların səviyyəsi 35 faiz artıb.
Ünvanlı dövlət sosial yardımı üzrə proqram da yüksək səviyyədə icra olunur. Belə ki, əhalinin aztəminatlı təbəqəsinə verilən ünvanlı sosial yardım davam etdirilir, yeni təhsil, səhiyyə, idman-sağlamlıq ocaqlarının tikintisinə ara verilmir. Həmçinin ölkə iqtisadiyyatının inkişafına söykənən quruculuq, abadlıq işləri geniş vüsət alıb. Son illərdə dövlət büdcəsinin 10 dəfə artırılması, yoxsulluq səviyyəsinin qısa müddətdə 49 faizdən 9 faizə endirilməsi ürəkaçan sosial göstəricilərdir. Bu onu göstərir ki, hətta böhranlı ildə ölkədə yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb.
Əməkhaqlarının, pensiyaların mütəmadi artırılması, aztəminatlı ailələrə müavinətlərin verilməsi, şəhid ailələrinə və müharibə veteranlarına edilən maddi yardımların çoxalması dövlətin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür. Aztəminatlı təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə minimum aylıq əməkhaqqının məbləği, işsizlik müavinətinin, peşə hazırlığı müddətində işaxtaran və işsiz vətəndaşlara ödənilən təqaüdün minimum məbləği, işləməyən əmək pensiyaçılarına ödənilən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddi mütəmadi olaraq artırılır. Dövlət başçısı İlham Əliyevin əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə imzaladığı sərəncama əsasən, minimum əməkhaqlarının məbləği 2011-ci il dekabrın 1-dən etibarən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilib. Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən bir çox sahələrdə çalışan insanların aylıq vəzifə maaşlarının dekabrın 1-dən 10 faiz artırılması barədə də sərəncam imzalayıb.
Ümumiyyətlə, hər il dövlət büdcəsinin xərcləri bölümünün tərtibi zamanı sosial müdafiəyə ehtiyacı olan təbəqəyə xüsusi diqqət göstərilir. Bu kateqoriyaya aid insanların sosial müdafiəsinə ayrılan məbləğ ildən-ilə artırılır. 2010-cu ilin dövlət büdcəsində sosialyönümlü xərclərin çəkisi 34,4 faiz (3 milyard 878 milyon manat) təşkil edib ki, bu da 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. 2011-ci ildə isə sosialyönümlü xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 33,3 faiz (4 milyard 234 milyon manat) təşkil edib ki, bu da ötən illə müqayisədə 8,8 faiz çoxdur.
Müstəqil Azərbaycan dövləti bu gün regionun reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam gücü ilə işə düşməsi Azərbaycanın həm də dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsi sayılmalıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar Azərbaycanın gələcəyi üçün tarixi məna daşıyır və vaxt keçdikcə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir.
Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqlarına sülh, əmin-amanlıq, rifah və iqtisadi inkişaf gətirməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycanı nəinki regionda, eləcə də dünyadakı siyasi nüfuzunun, iqtisadi qüdrətinin bariz nümunəsidir. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan bu layihənin həyata vəsiqə almasına nail oldu. Bununla da regionda yalnız enerji layihələri ilə deyil, həm də nəhəng nəqliyyat infrastrukturu ilə birləşəcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya üçün həm enerji, həm də əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir.
Azərbaycan müstəqil xarici siyasət yürüdür. Ulu öndərin əsasını qoyduğu, formalaşdırdığı və müəyyənləşdirdiyi xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun olaraq keyfiyyətcə yeni məzmunda uğurla davam etdirilir. Bu baxımdan Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət nəinki keçmiş ittifaq respublikaları, eləcə də bütün region üçün bir nümunə, model sayıla bilər. Son illərdə qazanılan nailiyyətlərdən danışarkən Azərbaycanın regionun şəksiz lideri olduğunu xüsusi qeyd etmək lazımdır. Ölkəmiz siyasi və iqtisadi güc mərkəzi kimi hətta regional çərçivədən daha kənara çıxmağa başlayıb. Azərbaycan bir tərəfdən ABŞ, Avropa dövlətləri, həmçinin MDB ölkələri ilə, digər tərəfdən Şərq, İslam dünyası ilə qarşılıqlı, faydalı əməkdaşlığa söykənən ikitərəfli münasibətlər qurub. Eyni zamanda Azərbaycan dünya dövlətləri ilə əlaqələrini müxtəlif beynəlxalq təşkilatlar, xüsusən də Avratlantika çərçivəsində, yəni çoxtərəfli formatda da uğurla inkişaf etdirir. Təbii ki, bunu müəyyənləşdirən və formalaşdıran müxtəlif amillər mövcuddur. Azərbaycan müstəqil, tarazlaşdırılmış, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdür. Bu siyasət dünya ölkələri, beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmlənməsinə, inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib. Xarici siyasətimizin əsas missiyalarından biri məhz bundan ibarətdir ki, Azərbaycan bu əməkdaşlığı özünün maraqlarının təmin edilməsinə, qarşısına çıxan problemlərin həllinə istiqamətləndirir, bununla da öz məqsədinə çatır. Əminlliklə qeyd edə bilərik ki, müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən ölkəmizin bu il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması dövlət başçısı tərəfindən həyata keçirilən müstəqil xarici siyasət xəttinin gələcək uğurlarının yalnız başlanğıcıdır. Bu mühüm tarixi hadisə - Azərbaycanın dünyanın seçilmiş 15 ölkəsi sırasına yüksəlməsi qüdrətli lider tərəfindən idarə olunan dövlətin qısa müddətdə necə nəhəng uğurlara imza ata biləcəyini bir daha təsdiq edir.
Prezidentin yürütdüyü həm daxili, həm də xarici siyasət kursunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həlli mühüm yer tutur. Məhz dövlət başçısının apardığı gərgin iş sayəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın bir çox beynəlxalq təşkilatlar tərəfindən işğalçı dövlət kimi tanınması, təcavüzkar siyasətinin pislənilməsi ölkəmizin diplomatik qələbəsidir. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyini bütün dünyaya bəyan edib. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır.
Prezident İlham Əliyevin ötən illər ərzində gördüyü işlər və hazırkı fəaliyyəti deməyə əsas verir ki, o, Heydər Əliyevin parlaq ideyalarının sadəcə davamçısı yox, eyni zamanda bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan liderdir. Bu baxımdan Azərbaycanda elm, mədəniyyət, incəsənət, ədəbiyyat sahələrində, həmçinin milli-mənəvi, dini dəyərlərin qorunması və möhkəmləndirilməsi sahəsində görülən mühüm işlər də xüsusi qeyd olunmalıdır. Hazırda Azərbaycanda elm və təhsil sürətlə inkişaf etdirilir, onun keyfiyyəti dünya səviyyəsinə yüksəldilir. Azərbaycanlı tələbələr dövlət hesabına dünyanın aparıcı ölkələrinin ən yaxşı universitetlərində təhsil alırlar. Onlar gələcəkdə yüksək peşəkar mütəxəssislər kimi Azərbaycanın inkişafına, güclü, qüdrətli Azərbaycan quruculuğuna öz töhfələrini verəcəklər.
Ölkəmizin sosial-mədəni sahəsinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir və həm respublikamızda, həm də onun hüdudlarından çox-çox uzaqlarda böyük nüfuz qazanmışdır. Fondun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Heydər Əliyev Fondunun xətti ilə insanların sosial şəraitini yaxşılaşdırmaq məqsədilə respublikanın şəhər və rayonlarında yüzlərlə məktəb tikilib, uşaq evləri, mədəniyyət obyektləri təmir edilib, qəsəbələrdə yeni yollar və su xətləri çəkilib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinin UNESCO-nun proqramına salınması, respublikada qlobal əhəmiyyət kəsb edən beynəlxalq konfransların keçirilməsi olduqca təqdirəlayiqdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyik etdiyi illər ərzində Azərbaycan mədəniyyətinin, incəsənətinin və idmanının qazandığı nailiyyətlər göz qabağındadır. Azərbaycanın bu il dünyanın mötəbər "Eurovision-2011" musiqi müsabiqəsində parlaq qələbəsi mədəniyyətimizin dünyaya tanıdılması baxımından dəyərli töhfə olmuş və ölkəmizin təbliği istiqamətində misilsiz imkanlar yaratmışdır. Bütün bu uğurlar milli-mədəni dəyərlərimizin daha da inkişaf etdirilməsinin, bütün sahələrdə aparılan demokratik islahatların, vətəndaş cəmiyyətinin bərqərar olunmasının və ölkəmizin əldə etdiyi digər böyük nailiyyətlərin məntiqi nəticəsidir.
Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Bu, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Ölkəmiz sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi, milli modelini formalaşdırıb. İnkişafın Azərbaycan modeli adlanan bu model sayəsində ölkəmiz gündən-günə qüdrətlənən bir ölkəyə çevrilib. Qazanılan uğurların miqyasının davamlı olaraq genişlənməsi Azərbaycanı yeni böyük nailiyyətlərə doğru aparır. Başqa sözlə, sürətli, davamlı inkişaf ölkəmizdə sosial-iqtisadi tərəqqinin prioritet istiqamətini təşkil edir. Məhz bunun sayəsində ölkəmiz gündən-günə inkişaf edir, insanların rifahı getdikcə yaxşılaşır.
Qlobal iqtisadi məkanda iki il əvvəl başlayan maliyyə böhranı 2011-ci ildə davam etsə də, Azərbaycan müsbət sosial-iqtisadi inkişaf təmayülünü qorumağa və möhkəmləndirməyə müvəffəq olub. Bu, o deməkdir ki, ötən illərdə sosial-iqtisadi, siyasi, mədəni, hərbi və digər sahələrdə qarşıya qoyulan vəzifələr böyük uğurla yerinə yetirilib. Ümumilikdə, 2011-cı ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi ilə yadda qalıb. Bu mənada, Azərbaycan davamlı, uğurlu inkişafa nail olan islahatçı dövlət kimi öz reytinqini, nüfuzunu bir qədər də möhkəmləndirib. Bütün bunlar tanınmış beynəlxalq qurumların müvafiq hesabatlarında və qiymətləndirmələrində öz dolğun ifadəsini tapıb.
Göründüyü kimi, Prezident İlham Əliyev dövlətin, cəmiyyətin sosial rifahını, gələcəkdə əldə edəcəyi faydaları nəzərə alaraq, böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini gerçəkləşdirməyi vacib sayır. Dövlət başçısı hər zaman vurğulayır ki, Azərbaycan vətəndaşlarının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi yüksəldilməli, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmalıdır. İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə daha da artması Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyir.
Bu baxımdan, 2011-ci ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramının icrası çərçivəsində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, vətəndaşların kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.
Dövlət investisiya siyasətinin başlıca məqsədi vəsaitləri sosial və iqtisadi cəhətdən zəruri, lakin özəl sektor üçün cəlbedici olmayan layihələrə yönəltməkdir. Bu səbəbdən, qarşıdakı illər özəl sektorun inkişafı üçün əhəmiyyətli olan Azərbaycanın infrastruktur sahələrinin sürətli inkişaf dövrü hesab edilir. Qarşıdakı illərdə ölkənin mühüm infrastruktur obyektlərinin, o cümlədən, beynəlxalq magistral və daxili əhəmiyyətli yolların yenidən qurulması, içməli su və suvarma sistemlərinin bərpası və genişləndirilməsi, regionların qazla təminatının yaxşılaşdırılması, kanalizasiya sistemlərinin bərpası üzrə investisiyaların həyata keçirilməsi nəzərdə tutulur.
Bütün bunlar onu göstərir ki, strateji xarakterli infrastruktur layihələrinin gerçəkləşməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib ünsürünə çevrilib. Bu tədbirlər ümumilikdə əhalinin bütün təbəqələrinin, insanların daha firavan və rahat yaşayışının təmin edilməsinə, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına yönəlib.
Beləliklə, yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli tarixi sınaqlardan uğurla çıxmaqda və ölkəmizin gələcək inkişaf perspektivləri baxımından qarşıda yeni imkanlar açmaqdadır. Dövlət başçısı İlham Əliyevin əməli fəaliyyətə söykənən qalib və uğurlu lider obrazı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən növbəti illərdə də uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaqdır. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daim sadiq qalacaqdır.
Siyavuş
NOVRUZOV,
Milli Məclisin
İntizam
komissiyasının
sədri,
YAP İdarə
Heyətinin üzvü
Azərbaycan.- 2012.- 4 may.- S. 5.