Heydər Əliyev
Fondu artıq beynəlxalq miqyasda
da böyük nüfuz və etimad
qazanıb
Türkiyənin nüfuzlu "Ekovitrin"
jurnalı tərəfindən keçirilmiş
rəy sorğusu nəticəsində Mehriban xanım Əliyeva "İlin
birinci xanımı" seçilmişdir
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir. 2004-cü ildən ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu xeyirxah və humanist dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmişdir. Xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisi olan Heydər Əliyev Fondu, ilk növbədə, ulu öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir. Qurumun başlıca məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elmin, təhsilin, mədəniyyətin, incəsənətin, səhiyyənin və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.
Heydər Əliyev Fondunun ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması isə ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən icra orqanları üçün nümunə sayıla bilər. Bəzən hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar sonuncu "ümid qapısı" kimi məhz bu ünvana üz tuturlar. Fondda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır, mümkün qədər problemlərinin həllinə qayğı göstərilir. Bu mənada Fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. 2004-cü ildə UNESCO-nun, 2006-cı İSESCO-nun xoşməramlı səfiri seçilən Fondun prezidenti Mehriban xanım Əliyeva nəcib əməllərinə görə çoxsaylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülmüşdür. Hələ 2005-ci ilin iyun ayında xeyriyyəçilik fəaliyyətinə, eləcə də Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif olunmuşdur.
Azərbaycanın birinci xanımı Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq, ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə mükafata, həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə 2007-ci ilin mayında Rusiyada "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülmüşdür. Həmin il mayın 17-də Cenevrədə isə Dünya Səhiyyə Təşkilatının ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında, onların müasir avadanlıqla təchiz edilməsində Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi vurğulanmış və ona İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə də təltif olunmuşdur. Məhz bu fəaliyyətin nəticəsi olaraq Fondun prezidenti 2010-cu ildə iki mötəbər mükafata - Fransa dövlətinin "Şərəf Legionu" ordeninə və UNESCO-nun "Qızıl Motsart" medalına layiq görülmüşdür. Bununla yanaşı, Fondun prezidenti "Türk Dünyasına xidmət" mükafatını, ötən il isə Krans Montana Forumunun Qızıl medalını almışdır.
Rusiya paytaxtında isə bu günlərdə "Birlik ulduzları" dövlətlərarası mükafat laureatlarının təntənəli təltif edilmələri mərasimi olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya humanitar fəaliyyət sahəsində "Birliyin ulduzları" mükafatı təqdim edilmişdir. Bu yüksək mükafat MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilmişdir. Məlumat üçün bildirək ki, "Birlik ulduzları" dövlətlərarası mükafatı hər il elm, təhsil, mədəniyyət və incəsənət sahələrində böyük uğur və töhfələrə, dünya nailiyyətləri səviyyəsinə uyğun olan və MDB ölkələrinin humanitar əməkdaşlığına şərait yaradan humanitar fəaliyyətə görə verilir. Mehriban xanım Əliyevaya məzunu olduğu İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adı da verilmişdir. Fəxri professor xatirə nişanının və diplomunun təntənəli təqdimat mərasimindən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirmişdir: "Mən bütün bu tədbirlərin təşkil olunmasında, məni hər iki mükafatla təltif etmək qərarının qəbul olunmasında iştirak edənlərin hamısına təşəkkür etmək istəyirəm. Demək istəyirəm ki, biz bu gün Azərbaycanda həqiqətən öz ölkəmizlə fəxr edirik. Əminəm ki, buradakıların əksəriyyəti bizim ölkəmizdə olub və onlar mənim nə demək istədiyimi yaxşı başa düşürlər. Çünki 20 il tarixi baxımdan o qədər də böyük vaxt olmasa da, qısa müddət ərzində ölkəmiz böyük nailiyyətlər əldə edib.
Biz azərbaycanlılar fəxr edirik ki, bu gün Azərbaycanın adı beynəlxalq aləmdə səslənir, ölkəmizin insanları daha yaxşı yaşamağa başlayıblar, həyatımızın bütün sahələrindəki tərəqqini elə ilk baxışdan görmək olar. Buna görə də indi mən sizin aranızda olarkən demək istəyirəm ki, hamınızı Azərbaycanda görməyimizə çox şad olardıq. Sizin hamınızı salamlamağa şad olardıq. Bizim ümumi keçmişimiz vardır, bizi çox şey birləşdirir. Hansı proseslər, hansı dəyişikliklər baş versə də, bu keçmişi silmək, unutmaq mümkün deyildir. Onu heç unutmaq lazım da deyildir".
Bu günlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən "İlin birinci xanımı" (First lady) seçilmişdir. Jurnalda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halı, ictimai-siyasi fəaliyyəti, indiyədək layiq görüldüyü mükafatlar, ölkəmizlə bağlı həqiqətlərin təbliği sahəsindəki xidmətləri barədə yazı da verilmişdir.
Heydər Əliyev Fondu dünyada məşhur tarixi şəxsiyyətlərin adını daşıyan, uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, fəaliyyətləri sırf xeyriyyəçiliklə məhdudlaşan analoji qurumlardan tamamilə fərqlənir. Yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi Fond zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Fond qısamüddətli fəaliyyəti dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, böyük ictimai rəğbət qazanmışdır.
Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülmüşdür. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun ötən illərdə milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomu olmuşdur. UNESCO xətti ilə hazırlanmış alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir.
Azərbaycan təmsilçilərinin "Eurovision-2011" musiqi müsabiqəsindəki parlaq qələbəsi də Fondun göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi xüsusi vurğulanmalıdır. Bu parlaq qələbədən sonra yeni müsabiqənin Azərbaycanda təşkili ilə bağlı yaradılmış Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidentinin sədr təyin olunması isə bu möhtəşəm beynəlxalq musiqi yarışmasının may ayında yüksək səviyyədə keçiriləcəyinə hansısa şübhə yeri qoymur. Bundan başqa, Azərbaycan musiqisinin dünyada təbliği məqsədilə 2009-cu, 2010-cu və 2011-ci illərin yay aylarında Qəbələ rayonunda təşkil olunan beynəlxalq musiqi festivalları da ümumən Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu ilin avqust ayında keçirilmiş üçüncü belə festival beynəlxalq miqyasda hələ də aktuallığını itirmir, ölkəmizin yüksək mədəni sivilizasiyasının bariz göstəricisi kimi dəyərləndirilir.
Heydər Əliyev Fondu fəaliyyətində həm də ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir. Ötən 8 ildə Fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərinin məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur.
Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması məsələləri bu baxımdan xüsusi qeyd oluna bilər. Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən hesab edilən "Qarabağ həqiqətləri" silsiləsi də buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılan "Qarabağ həqiqətləri" toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Bu topluların elektron variantları 2007-ci ildə - qanlı soyqırımın 15 illiyində Avropanın 15 dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır.
İslam Əməkdaşlıq Təşkilatının gənclər forumu ilə "Xocalıya ədalət" Beynəlxalq kampaniyasına start verilməsi də Fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Bütün bunlarla yanaşı, Fond həm də regional inkişafa xidmət edən sosial layihələrin gerçəkləşdirilməsinə sanballı töhfəsini verir. Heydər Əliyev Fondunun həyata keçirdiyi sosialyönümlü layihələr nəinki Bakının, ümumilikdə Azərbaycanın regionlarını əhatə edir. Yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin inşası ilə yanaşı, Fond həm də əhalini qayğılandıran lokal xarakterli problemlərin də həllində yaxından iştirak edir.
Elnur HACIALIYEV
Azərbaycan.- 2012.- 4 may.- S. 6.