Professor Misir Mərdanovun Azərbaycan təhsil tarixi üçcildlik kitabının təqdimatı olmuşdur

 

 Mayın 3-də "Hilton Baku" otelində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə təhsil naziri professor Misir Mərdanovun "Azərbaycan təhsil tarixi" üçcildlik kitabının təqdimatı olmuşdur.

Nəşr müasir Azərbaycan dövlətinin banisi və yaradıcısı, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf edilmişdir. Kitabın ön səhifəsində ulu öndər Heydər Əliyevin bu kəlamları verilmişdir:

"Azərbaycanın təhsili, məktəbləri sona çatan XX əsrdə çox böyük nailiyyətlər əldə edib. Əsrin əvvəllərində Azərbaycanın mütəfəkkir şəxsləri, maarifçiləri, ziyalıları, müəllimləri xalqımızı savadsızlıqdan, ətalətdən çıxarmaq, maarifləndirmək, təhsili inkişaf etdirmək üçün çox işlər görmüşlər. Əgər Azərbaycan Respublikasının təhsil tarixi yazılsa (bu tarix yazılmalıdır), şübhəsiz ki, hər mərhələdə görülən işlər orada əksini tapacaqöz qiymətini alacaqdır".  

AzərTAc xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin, Milli Məclis deputatlarının, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, parlamentin deputatı Əli Əhmədov ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Azərbaycanda mühüm nailiyyətlər qazanıldığını xatırladan Ə.Əhmədov bildirmişdir ki, ölkəmizdə gedən sürətli inkişaf prosesləri elm, təhsil sahələrini də əhatə etmişdir. Natiq respublikamızda həyata keçirilən təhsil islahatları və onun uğurlu nəticələrindən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycanın bugünkü təhsili, sözün tam mənasında, yeni bir inkişaf mərhələsinə yüksəlmişdir.

Təhsilimizin inkişafında məktəblərin rolundan bəhs edən Ə.Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan islahatlar nəticəsində bu sahənin daha da inkişaf edəcəyinə əminliyini söyləmişdir.

Azərbaycan təhsilinin tarixinin araşdırılmasının və öyrənilməsinin vacibliyini xatırladan Ə.Əhmədov bu baxımdan  professor Misir Mərdanovun təqdim olunan "Azərbaycan təhsil tarixi" kitabının əhəmiyyətindən danışmış, onun Azərbaycan tarixinə, Azərbaycan təhsilinə çox dəyərli töhfə olduğunu bildirmişdir. 

Milli Məclis Sədrinin müavini Bahar Muradova müdrik rəhbər Heydər Əliyevin təhsil sahəsinə daim xüsusi qayğı göstərdiyini xatırlatmışdır.

"Azərbaycan təhsil tarixi" kitabı barədə fikirlərini bildirən B.Muradova qeyd etmişdir ki, bu nəşrin hər bir cildində  doğma Vətənini,  doğma torpağını sevən bir insanın qəlb çırpıntıları duyulur. Bu, kitabın müəllifi Misir müəllimin qəlbinin çırpıntılarıdır.

Təhsil tariximiz üzrə tədqiqatların aparılmasının üç əsas prinsipə - tarixilik, varislik və müasirliyə əsaslandığını diqqətə çatdıran B.Muradova bildirmişdir ki, kitabda təhsil tarixi, onun keçdiyi yollar real şəkildə əksini tapmışdır. Birinci cilddə XIX əsrədək keçən müddət ərzində Azərbaycan təhsilinin tarixi cəmi 35-40 səhifəlik material təşkil edir. Bunun səbəbi həmin dövr üçün kifayət qədər arxiv materiallarının olmamasıdır. Həmin dövrlər üçün Azərbaycan təhsilinin formalaşması barədə materiallar xeyli az olmuşdur. Lakin buna baxmayaraq, o dövr üçün əldə olunan bütün materiallar dərin maraq doğurur.

Çoxcildliyin birinci cildi təhsilimizin ən qədim dövrlərdən 1920-ci ilin aprel işğalına qədərki tarixini əhatə edir. Bu böyük zaman ərzində təhsilimizin keçdiyi bütün mərhələlər - qədim məktəblərin, mədrəsələrin, dünyəvi təhsil ocaqlarının yaranması, ilkin dərslik nümunələrinin meydana gəlməsi və ümumilikdə Azərbaycan xalqının mənəvi mədəniyyət tarixində təhsilin yeri bu cilddə olduqca dolğun işıqlandırılmışdır.

İkinci cilddə 1920-1991-ci illərdə Azərbaycanda təhsil quruculuğundan, təhsil sisteminin mahiyyətindən, həmin dövrün təhsil-tərbiyə ilə bağlı konseptual problemlərindən bəhs edilir.

Həmin illərdə Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, təhsili, elmi və mədəniyyəti də böyük inkişaf yolu keçmişdir. Kitabın müvafiq fəsillərində təhsilin ayrı-ayrı pillələrinin inkişaf tarixi, bu tarixi yaradan insanlar, həmin dövrün təhsillə bağlı mühüm dövlət sənədləri, pedaqoji mətbuat, elmi-pedaqoji kitabxanaXalq Maarifi Muzeyi barədə məlumat əksini tapmışdır.

Üçüncü cilddə müstəqillik illərində Azərbaycanda milli təhsil sisteminin inkişafından bəhs olunur. Kitabın ayrı-ayrı fəsillərində Azərbaycanda təhsilin təşəkkülü, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və orta ixtisas təhsili pillələri üzrə inkişaf amilləri, habelə pedaqoji mətbuatın inkişaf tendensiyaları əksini tapmışdır.

B.Muradova ümummilli lider Heydər Əliyevin göstərdiyi böyük diqqət nəticəsində Azərbaycan təhsilinin inkişaf etdiyini vurğulamışdır. Azərbaycan təhsilində qazanılan uğurlardan danışan  B. Muradova təhsilimizin dünya təhsil sisteminə inteqrasiya olunduğunu, ölkəmizdə müvafiq sahə üzrə 16 Dövlət Proqramının reallaşdırıldığını, məktəblərin maddi-texniki bazalarının möhkəmləndiyini diqqətə çatdırmışdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanov, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov və digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini bildirmişlər.

Cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu vurğulayan natiqlər təqdim olunan kitab barədə fikirlərini bildirmiş, onu yüksək dəyərləndirmiş, müəllifə elmi araşdırmalarında uğurlar arzulamışlar.    

Kitabın müəllifi, təhsil naziri, professor Misir Mərdanov ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğıdan danışmış, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.

Müəllif ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsil tarixinin yazılmasına xüsusi əhəmiyyət verdiyini xatırlatmışdır.

Professor M.Mərdanov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 4 may.- S. 7.