ABŞ konqresmeni Cerri Konnoli: Azərbaycan “Ərəb baharı”ndan çıxan ölkələr üçün model ola bilər
Xəbər verdiyimiz kimi, ötən həftə Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr edilən böyük konfrans keçirilmişdir. 600 nəfərdən çox iştirakçını bir araya toplayan konfransın işinə ABŞ Senatı və Konqres üzvləri, bir neçə ştatın qubernatoru və şəhər merləri, Birləşmiş Ştatlar hökumətinin yüksək səviyyəli nümayəndələri qatılmışdılar.
ABŞ-ın Virciniya ştatından Nümayəndələr Palatasının üzvü, demokrat konqresmen Cerri Konnoli "ABŞ-Azərbaycan tərəfdaşlığının iki dekadası: 20 illik birgə əməkdaşlıqdan öyrənilən dərslər" devizi altında keçirilən bölmə iclasında çıxış edərək demişdir: "Məncə, Azərbaycan qurmağa çalışdığı təsisatlara və dəstəklədiyi dəyərlərə görə yüksək diqqətə layiq olan ölkədir. Bu konfransda Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibinin müxtəlifliyini görərkən, bu ölkənin "Ərəb baharı"ndan çıxan dövlətlər üçün model ola biləcəyini düşünürəm. Suriyada baş verənləri təhlil edərkən, o bölgədə modellər axtararkən, əvvəl Türkiyə, son zamanlar isə həm də Azərbaycan modeli qarşımızda durur. Bu modellər işləkdir, öz icmalarında müxtəlifliyə ehtiramla yanaşaraq dünyəvi idarəetmə təsisatları qurmaq istəyir. Eyni zamanda, dini etiqad azadlığına hörmətlə yanaşır. Bildirmək istəyirəm ki, ABŞ ilə Azərbaycan arasında inkişaf edən münasibətlər Konqresdə yüksək qiymətləndirilir. 11 sentyabr faciəsindən sonra Azərbaycanın ABŞ-a göstərdiyi dəstək çox vacib idi. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF), ABŞ-ın digər bölgələrdəki hərbi qüvvələrinə Azərbaycanın təchizat dəstəyini Birləşmiş Ştatlarda yüksək qiymətləndirir və minnətdarlıqla qarşılayırlar. Möhkəmlənən bu dostluq, humanitar-iqtisadi və xarici siyasətdə inkişaf edən əlaqələr olduqca əhəmiyyətlidir. ABŞ Əfqanıstanda birbaşa hərbi mövcudluğunu azaldandan sonra mühüm strateji bölgədə yerləşən Azərbaycan Əfqanıstanda ümid etdiyimiz gələcəyin formalaşmasında önəmli rol oynayacaqdır. Biz Azərbaycan xalqına və hökumətinə tutduğu mövqeyə görə təşəkkür edir, bu əlaqələri çox vacib sayırıq. Mən özüm, bu münasibətlərin artması istiqamətində çalışacağımı bəyan edirəm. Biz həm xalqlarımız, həm parlamentlərimiz arasında təmasları artırmalıyıq. Bu konfrans üçün sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasında strateji əhəmiyyət daşıyan bu münasibətlər gələcəkdə yalnız artacaqdır".
Şəfəq AKİFQIZI
Azərbaycan.- 2012.- 4 may.- S. 7.