4 ay
ərzində dünyada 35 jurnalist
peşə fəaliyyətini yerinə yetirərkən həlak
olmuşdur
Mayın 3-də Azərbaycan Mətbuat Şurası (MŞ) və Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin birgə təşəbbüsü ilə Ümumdünya Söz və Mətbuat Azadlığı Günü münasibəti ilə "dəyirmi masa" keçirilmişdir.
MŞ-dən AzərTAc-a bildirmişlər ki, şura sədrinin müavini, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu hər il dünyada qeyd edilən Ümumdünya Söz və Mətbuat Azadlığı Gününün özünəməxsus tarixi olduğunu bildirmişdir.
U.Rəhimoğlu bu ilin ötən 4 ayı ərzində dünyada 35 jurnalistin peşə fəaliyyətini yerinə yetirərkən həlak olduğunu, keçən il 105 jurnalistin həyatını itirdiyini qeyd etmişdir. O, iştirakçıları BMT-nin baş katibi Pan Gi Munun və UNESCO-nun baş direktoru İrina Bokovanın 3 may tarixi ilə bağlı birgə müraciəti ilə də tanış etmişdir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, MŞ İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və digərləri mövzu ilə bağlı fikirlərini bölüşmüş, istər beynəlxalq, istərsə də yerli miqyasda söz və mətbuat azadlığı sahəsindəki müxtəlif spesifik xüsusiyyətlərdən, ölkəmizdə mediaya göstərilən diqqət və qayğıdan danışmışlar.
Bildirilmişdir ki, 3 may Ümumdünya
Söz və Mətbuat Azadlığı
Günü BMT-yə daxil
olan bütün
ölkələrdə qeyd edilsə də,
qurumdakı dövlətlərin heç
də hamısında söz və mətbuat
azadlıqları lazımınca dəyərləndirilmir.
Bu mənada 3 may tarixi onların bəziləri üçün
yalnız təqvim hadisəsidir. Azərbaycanda isə bu, bir bayramdır.
Azərbaycan.- 2012.- 4 may.- S. 7.