Azərbaycan Diplomatik Akademiyasının və RİTN-in mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması qərara alınmışdır

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşdur. Nazirlikdən AzərTAc-a bildirmişlər ki, ADA-nın rektoru Hafiz Paşayevlə görüşdə akademiyanın gələcək fəaliyyəti, ixtisas istiqamətləri barədə fikir mübadiləsi aparılmış, akademiyada beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, mühəndislik və informasiya texnologiyaları sahələri üzrə kadrların hazırlanmasının vacibliyi vurğulanmışdır.

Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rabitə və informasiya texnologiyaları sahəsinin prioritet elan edilməsi ilə bu sahəyə diqqətin daha da artırıldığını, ölkədə informasiya-kommunikasiya texnologiyaları sektoru üzrə mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırmış, yeni kadrların hazırlanmasının zəruriliyini qeyd etmişdir. Görüşdə informasiya texnologiyaları, mühəndislik fakültələrinin təşkili üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və ADA-nın mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması qərara alınmışdır. İşçi qrupunun beynəlxalq təcrübə, inkişaf istiqamətlərinin öyrənilməsi üzrə ilkin araşdırmalara başlanılması nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 4 may.- S. 7.