Uğurlu islahatlar auditin əhəmiyyətini
daha da artırır
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə uğurla həyata keçirilən
uzaqgörən iqtisadi siyasət nəticəsində 2011-ci
ildə də ölkə iqtisadiyyatının dinamik inkişafı
davam etmiş, maliyyə-təsərrüfat fəaliyyətinin
bütün sahələrində mühüm nailiyyətlər
əldə edilmişdir. Bu, həmçinin, ölkə
Prezidentinin möhkəm siyasi iradəsinin ifadəsi olaraq,
biznes mühitinin əhəmiyyətli dərəcədə
yaxşılaşdırılması üzrə hökumətin
qarşısında qoyulmuş vəzifələrin uğurla
həyata keçirilməsinin məntiqi yekunudur. Görülmüş ardıcıl və məqsədyönlü
tədbirlərin nəticəsində sahibkarlıq fəaliyyətində
mühüm inkişaf müşahidə olunmuş,
iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi
istiqamətində ciddi nailiyyətlər əldə
edilmişdir. Eyni zamanda, iqtisadi yüksəliş
əhalinin rifah səviyyəsinin artması üçün
görülən konkret tədbirlər, struktur-texnoloji
müasirləşmənin həyata keçirilməsi və
ölkənin rəqabət üstünlükləri sayəsində
təmin edilmişdir. Sosial-iqtisadi
inkişafda yeni nailiyyətlərin əldə edilməsi
islahatların ardıcıllığı, şəffaflığın
təmin olunması, iqtisadiyyatın müasirləşməsi,
sosial dəyişikliklərin keçirilməsinə kompleks
yanaşma zəminində baş vermişdir.
Bunlar ölkədə bazar infrastrukturlarının, o
cümlədən bütün dünyada maliyyə nəzarətinin
sivil forması kimi qəbul edilən auditor xidmətinin
inkişafı üçün də yeni imkanlar
açmışdır. Ümumilikdə ölkəmiz, xalqımız
üçün növbəti uğur ili
olan 2011-ci il ulu öndər Heydər Əliyev tərəfindən
imzalanmış "Auditor xidməti haqqında" Azərbaycan
Respublikası Qanununa əsasən yaradılmış Azərbaycan
Respublikası Auditorlar Palatasının fəaliyyətə
başlamasının 15-ci ildönümü ili olmuşdur.
Ölkədə milli auditin təşəkkülü və
inkişafı üçün hüquqi baza olan "Auditor
xidməti haqqında" qanunun qəbul edilməsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
"ümummilli liderimiz Heydər Əliyevin bazar
iqtisadiyyatına keçid istiqamətində həyata
keçirdiyi siyasətin, cəmiyyətdə maliyyə şəffaflığının
təmin olunmasında və bazar infrastrukturları sistemində
auditə verdiyi qiymətin parlaq təzahürü" kimi dəyərləndirilmişdir.
Ötən illər ərzində Auditorlar Palatasının
intensiv fəaliyyəti sayəsində Azərbaycanda milli audit
sistemi formalaşmış, auditor xidmətlərinin həcmi və
əhatə dairəsi əhəmiyyətli dərəcədə
yüksəlmiş, şəffaflığın
artırılmasında, korrupsiyaya qarşı mübarizədə
və bütövlükdə ölkə
iqtisadiyyatının inkişafında auditin rolu əhəmiyyətli
dərəcədə dərinləşmişdir.
1996-2011-ci
illərdə qəbul edilmiş 200-dək qanun və məcəllədə,
dövlət başçısının
imzaladığı fərman və sərəncamlarda müstəqil
auditor xidməti bazar infrastrukturu elementi və idarəetmə
sisteminin mühüm zümrəsi kimi təsbit olunmuş,
Palata tərəfindən ölkə ərazisində auditor
xidmətinin təşkilinə, inkişafına və təkmilləşdirilməsinə
yönəldilmiş normativ aktlar, tədbirlər sistemi
hazırlamaq, dövlətin, təsərrüfat subyektlərinin
və auditorların mənafeyinin müdafiəsini təmin etmək,
auditorların fəaliyyətinə nəzarət etmək
istiqamətində müvafiq tədbirlər həyata
keçirilmişdir.
1996-2011-ci
illərdə Palata tərəfindən ölkə ərazisində
auditor fəaliyyəti ilə məşğul olmaq
üçün 400-dən artıq fiziki və hüquqi şəxsə,
o cümlədən 12 xarici hüquqi şəxsə lisenziya
verilmiş, Bakı, Naxçıvan, Sumqayıt, Gəncə,
Lənkəran, Şəmkir və Beyləqan şəhərlərində
50-dən çox auditor təşkilatı, o cümlədən
5 xarici auditor təşkilatının filial və ya nümayəndəliyi,
sadalanan ünvanlarda, habelə Abşeron, Cəlilabad, Zaqatala,
Biləsuvar, Göygöl və Şərur rayonlarında fərdi
sahibkar kimi 42-dən çox sərbəst auditor fəaliyyət
göstərmişdir. Palatanın məqsədyönlü səyləri
nəticəsində son 15 ildə ölkədə auditor xidmətlərinin
göstərilməsinə dair yerinə yetirilmiş
müqavilələrin sayı 21 dəfə, xidmətin həcmi
isə 35 dəfəyə qədər artmışdır.
Palata 15
illik fəaliyyəti müddətində üzvlərinin və
əməkdaşlarının qüvvəsi ilə
hazırlanaraq nəşr etdirilmiş 40-dək müxtəlif
ədəbiyyat, habelə Beynəlxalq Mühasiblər
Federasiyası ilə Auditorlar Palatası arasında
imzalanmış memoranduma əsasən ingilis dilindən Azərbaycan
dilinə tərcümə olunaraq nəşr edilmiş 796 səhifəlik
"Peşəkar Mühasiblərin Etika Məcəlləsi.
Beynəlxalq audit standartları" kitabı təkcə
auditorlar və audit mütəxəssisləri
üçün deyil, həm də iqtisadiyyat profilli təhsil
müəssisələrinin professor-müəllim heyətləri,
tələbə, magistrant və doktorantları
üçün gərəkli mənbə rolunu oynayır.
"Peşəkar Mühasiblərin Etika Məcəlləsi.
Beynəlxalq audit standartları" kitabının nəşri
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya"da nəzərdə tutulmuş və 2007-2011-ci illər
ərzində həyata keçirilməli olan korrupsiyaya
qarşı mübarizə sahəsində mühüm tədbirlərdən
daha birinin icrasına - 2010-cu il yanvarın
1-dən ölkədə beynəlxalq audit
standartlarının tətbiqinə keçməyə imkan
yaratmışdır.
1996-2011-ci
illərdə Auditorlar Palatasının təşəbbüsçüsü
və təşkilatçılarından biri olaraq, həm
ölkə daxilində və həm də onun
hüdudlarından kənarda yüksək qiymətləndirilən
bir neçə irimiqyaslı elmi-praktik konfrans, simpozium və
"dəyirmi masa"lar keçirilmiş, Palata nüfuzlu
peşə qurumlarında - Beynəlxalq Mühasiblər
Federasiyasında (IFAC), Mühasiblərin və Auditorların
"Avrasiya" Beynəlxalq Regional Federasiyasında, Avropa
Mühasiblər və Auditorlar Federasiyasında (EFAA)
tamhüquqlu üzv, Sertifikatlı Mühasiblərin və
Auditorların Avrasiya Şurasında isə assosiativ üzv sifətilə
təmsilçiliyə nail olmuş, habelə 20-dən
çox ölkənin audit və mühasibatlıq
qurumları ilə əməkdaşlıq barədə
saziş və niyyət protokolları imzalamış, intensiv
işgüzar əlaqələr yaratmışdır. Bu isə həm müstəqil maliyyə nəzarəti
sahəsində qabaqcıl dünya təcrübəsinin
öyrənilib ölkəmizdə tətbiqinə, həm də
Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin
müntəzəm olaraq təkmilləşdirilməsi məqsədlərinə
xidmət edir.
Şəffaflığın,
hesabatlılığın və məsuliyyətin
artırılması, dövlət əmlakının
düzgün idarə olunması, antikorrupsiya mədəniyyətinin
formalaşdırılması, korrupsiyaya qarşı
mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi,
iqtisadi və sosial sahədə inkişafa mane olan amillərin
aradan qaldırılması və maarifləndirmə tədbirlərinin
həyata keçirilməsi üzrə Auditorlar
Palatasının fəaliyyəti daim olkə rəhbərliyinin
diqqət mərkəzində dayanmış və layiqincə
qiymətləndirilmişdir. Təkcə bunu demək kifayətdir
ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr
tarixli sərəncamı ilə Azərbaycanda auditor xidmətinin
inkişafındakı xidmətlərinə görə
Auditorlar Palatasının işcilərindən və üzvlərindən
bir qrupu "Tərəqqi" medalı ilə təltif
edilmişdir.
* * *
Auditorlar
Palatası 2011-ci ildə öz fəaliyyətini "Auditor
xidməti haqqında" Azərbaycan Respublikasının
Qanununa, "Azərbaycan Respublikasının Auditorlar
Palatası haqqında" Əsasnaməyə, Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı
ilə təsdiq edilmiş "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya"ya, habelə özünün və
Palata Şurasının 2011-ci il üzrə iş planına,
eləcə də Beynəlxalq Mühasiblər
Federasiyasına (IFAC) həqiqi üzv kimi üzərinə
götürdüyü öhdəliklərə müvafiq
olaraq qurmuş, sahibkarlığın inkişaf etdirilməsi
ilə bağlı Azərbaycan Respublikası Prezidentinin
imzaladığı fərman və sərəncamlarda
icrası tələb olunan məsələlərin auditor xidməti
sahəsində həllinə nail olmaq, bu xidmət
növünün tənzimlənməsini təkmilləşdirmək,
ölkədə auditor xidməti bazarının mövcud vəziyyətini
öyrənmək, bu sahədə gedən prosesləri təhlil
etmək, xidmətin inkişaf problemlərini müəyyənləşdirmək
və auditor xidmətinin inkişafı üzrə kompleks tədbirlərin
hazırlanmasını təmin etmək üçün
müvafiq işlər həyata keçirmişdir.
Auditorlar Palatasının əsas vəzifələrindən
biri Azərbaycan Respublikasında auditor xidmətinin
inkişafına və təkmilləşdirilməsinə
yönəlmiş normativ aktların layihələrini, tədbirlər
sistemini işləyib hazırlamaqdır. Bununla əlaqədar olaraq
beynəlxalq təcrübə və yerli şərait nəzərə
alınaraq auditor xidmətinə dair mövcud normativ hüquqi
aktların təkmilləşdirilməsi, auditin
aparılmasına dair standartların, qaydaların, təlimatların,
metodik göstərişlərin və proqramların,
tövsiyələrin işlənib hazırlanması üzrə
işlər 2011-ci il ərzində də Palatanın fəaliyyətində
xüsusi yer tutmuşdur.
"Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya"nın həyata keçirilməsi
üzrə Fəaliyyət planının (2007-2011-ci illər)
48-ci maddəsinin "Qanunvericiliyə əsasən məcburi
auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən
yayınma hallarının qarşısının
alınması üçün tədbirlərin görülməsi"
barədə 6-cı bəndinə uyğun olaraq, təsərrüfat
subyektlərinin auditdən yayınması hallarının
qarşısının alınmasına nail olmaq
üçün Auditorlar Palatası tərəfindən
hazırlanan "Auditor xidməti haqqında" Azərbaycan
Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə
əlavə və dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Qanunu layihəsinin Milli Məclisin
2011-ci il 11 fevral tarixli iclasında geniş müzakirə edilməsi
qanunyaratma sahəsində irəliyə doğru müsbət
addım kimi dəyərləndirilməlidir: belə ki, Azərbaycan
Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IVQD nömrəli
qanunu ilə "Auditor xidməti haqqında" Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsinin ikinci abzasının
2-ci cümləsi aşağıdakı redaksiyada verilmiş,
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
isə "Məcburi auditdən yayınma" adlı yeni -
247-3-cü maddə əlavə edilmişdir. Həmin maddəyə
görə, qanunla nəzərdə tutulmuş hallarda həyata
keçirilməli olan məcburi auditdən yayınmağa
görə vəzifəli şəxslər üç
yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər
isə min beş yüz manatdan iki min
beş yüz manatadək miqdarda cərimə edilirlər. Buna qədər respublikada məcburi auditin subyekti
olan vergi ödəyicilərinin təxminən 10 faizinin auditdən
keçdiyini nəzərə alsaq, qanunvericilikdə
edilmiş bu yeniliyin necə yüksək nəticələr
verəcəyi şəksizdir.
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli
sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci
illərdə Azərbaycan Respublikasında qiymətli
kağızlar bazarının inkişafı" Dövlət
Proqramında bir sıra vəzifələrlə
yanaşı, maliyyə şəffaflığı prinsiplərinin
və korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi,
maliyyə şəffaflığının artırılması
məqsədilə qiymətli kağızlar bazarında audit
işini həyata keçirən şirkətlərə dair
tənzimləyici tələblərin təkmilləşdirilməsi
nəzərdə tutulmuşdur. Bu vəzifələrin
yerinə yetirilməsini təmin etmək məqsədilə
Auditorlar Palatası tərəfindən müvafiq tədbirlər
planı işlənib hazırlanmışdır.
Auditorlar
Palatası tərəfindən auditor xidmətinin təşkili
və tənzimlənməsi 2011-ci il ərzində
diqqət mərkəzində duran məsələlərdən
biri olmuşdur.
2011-ci il ərzində
Auditorlar Palatası tərəfindən 15 fiziki və 8
hüquqi şəxsə auditor fəaliyyəti ilə məşğul
olmaq üçün, 28 fiziki şəxsə və 8
hüquqi şəxsə lisenziyalarının müddətinin
başa çatması ilə əlaqədar yeni müddət
üçün lisenziya verilmişdir.
"Auditor
xidməti haqqında" Azərbaycan Respublikasının
Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əlavə və dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2011-ci il 11 fevral tarixli Qanununun tətbiqi ilə əlaqədar
kompleks tədbirlərin işlənib hazırlanması" bəndinin
icrasının təmin edilməsi məqsədilə: Azərbaycan
Respublikasının Vergilər Nazirliyi ilə əməkdaşlığın
daha da təkmilləşdirilməsi istiqamətində,
nazirliyin potensialından məcburi auditdən
yayınmaların qarşısının alınması,
regionlarda vergi ödəyicilərinin maliyyə və vergi
hesabatlarının şəffaflığının təmin
olunması, kadr hazırlığı və davamlı peşə
təhsili proseslərinə nazirliyin yüksək ixtisaslı
və təcrübəli əməkdaşlarının cəlb
olunması üzrə tədbirlərin həyata keçirilməsi;
məcburi auditin obyekti olan təsərrüfat subyektləri tərəfindən
vergi orqanlarına təqdim edilən bəyannamələrdə
həmin təsərrüfat subyektlərində audit
aparmış auditor və ya auditor təşkilatının
VÖEN nömrələrinin qeyd edilməsinin təmin edilməsi;
Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə
razılaşdırılaraq təsdiq edilmiş qrafikə
uyğun olaraq respublikanın şəhər və
rayonlarında Vergilər Nazirliyinin, Auditorlar Palatasının,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının, regional şəhər
(rayon) vergi idarələrinin əhatə etdiyi ərazilərdə
yerləşən təsərrüfat subyektlərinin rəhbərlərinin,
müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin
iştirakı ilə seminar-müşavirələrin
keçirilməsi; Azərbaycan Respublikasının Vergilər
və Ədliyyə nazirliklərindən 2011-ci il 1 yanvar
tarixinə qeydiyyatdan keçən təsərrüfat subyektlərinin
dəqiq siyahısının əldə edilərək
Auditorlar Palatasında mövcud olan hesabatlar və kompyuter
uçot məlumatları ilə üzləşdirilməklə,
respublikanın regionları üzrə məcburi auditdən
yayınan təsərrüfat subyektlərinin
siyahısının müəyyənləşdirilməsi və
qanunvericiliklə müəyyən edilmiş tədbirlərin
həyata keçirilməsi məqsədəmüvafiq hesab
edilmişdir.
2012-ci il 1 yanvar tarixinə respublika ərazisində 98
fiziki şəxs auditor lisenziyasına malik olmuşdur. Onların 42 nəfəri sərbəst auditor kimi, 56
nəfəri isə auditor təşkilatlarının tərkibində
fəaliyyət göstərmişdir.
2011-ci il ərzində
42 sərbəst auditor, 56 auditor təşkilatı (o cümlədən
5 xarici auditor təşkilatının filialı (və ya
nümayəndəliyi) və 3 xarici investisiyalı auditor təşkilatı)
tərəfindən Auditorlar Palatasına öz fəaliyyətlərinə
dair təqdim edilmiş hesabatlara əsasən müəyyən
edilmişdir ki, hesabat dövründə təsərrüfat
subyektləri ilə 27729697,8 manat məbləğində 3465
müqavilə bağlanmış, həmin müqavilələrin
5233790,3 manat məbləğində 541-i ilin əvvəlinə
qalıq kimi, 22495907,5 manat məbləğində 2924-ü isə
hesabat dövründə bağlanmışdır.
Bağlanmış müqavilələrin xüsusi çəkisi
xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri
üzrə sayına görə 5,0% və məbləğinə
görə 27,6%, xarici investisiyalı auditor təşkilatları
üzrə sayına görə 7,8% və məbləğinə
görə 31,4%, yerli auditor təşkilatları üzrə
sayına görə 40,6% və məbləğinə görə
33,6%, sərbəst auditorlar üzrə sayına görə
46,6% və məbləğinə görə 7,4% təşkil
etmişdir.
"Auditor xidməti haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən Auditorlar Palatası sərbəst
auditorların və auditor təşkilatlarının maliyyə-təsərrüfat
fəaliyyətini və apardıqları auditlərin keyfiyyətini
yoxlayır və onların işlərinə nəzarət
edir.
Auditor
xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə
beynəlxalq təcrübəyə əsaslanaraq, Auditorlar
Palatası Şurasının qərarı ilə "Azərbaycan
Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət
üzrə Əsasnamə" təsdiq edilmiş, auditin tənzimlənməsi
prosesində şəffaflığın artırılması,
beynəlxalq audit standartlarının tələblərinə
riayət edilməsi, Palatanın üzv olduğu Beynəlxalq
Mühasiblər Federasiyasının, habelə Avropa
İttifaqının 8-ci direktivinin tələblərinə
uyğun olaraq, auditorların və auditor təşkilatlarının
göstərdikləri xidmətin keyfiyyətinə nəzarətin
gücləndirilməsi məqsədilə Auditorlar
Palatasında Keyfiyyətə nəzarət komitəsi
yaradılmışdır. Komitənin 7 üzvü vardır,
onun tərkibi 2 nəfər Auditorlar Palatasından, 2 nəfər
auditor təşkilatının rəhbəri, 1 nəfər sərbəst
auditor, 1 nəfər Azərbaycan Respublikası Vergilər
Nazirliyinin və 1 nəfər Azərbaycan Respublikası Mərkəzi
Bankının nümayəndəsindən ibarətdir. Palata
Şurasının müvafiq qərarları ilə
"Auditor təşkilatlarının və sərbəst
auditorların fəaliyyətlərinin, onların apardıqları
auditlərin keyfiyyətinin audit standartlarına və
mövcud qanunvericilik aktlarına uyğunluğunun
yoxlanmasına dair nümunəvi hesabat formasının tərtib
edilməsi barədə Qayda" və "Sərbəst
auditorun (auditor təşkilatının) fəaliyyətinin
yoxlanılmasına dair bildiriş" təsdiq edilmiş və
2011-ci ildən Əsasnamənin tətbiqinə
başlanmışdır.
Auditorlar
Palatası tərəfindən 2011-ci il ərzində
18 auditor təşkilatının və 8 sərbəst
auditorun maliyyə-təsərrüfat fəaliyyəti
yoxlanılmışdır. Aparılmış yoxlamalar, təhlil
və araşdırmalar nəticəsində müəyyən
olunmuşdur ki, bir sıra sərbəst auditorlar və auditor
təşkilatları işlərini audit standartlarının,
"Auditorların Peşə Etikası Məcəlləsi"nin və digər normativ hüquqi aktların tələblərinə
uyğun quraraq xidmət göstərmişlər. Eyni zamanda, bəzi sərbəst auditorlar və
auditor təşkilatları fəaliyyətlərində
müəyyən nöqsan və
çatışmazlıqlara da yol vermişlər. Belə
ki, bir neçə sərbəst auditor və auditor təşkilatı
Azərbaycan Respublikasının ərazisində göstərilən
auditor xidmətlərinin dəyərinin qərarının tələblərinə
tam əməl etməmişlər, bir sıra müqavilələrin
dəyəri minimum həddən aşağı olmuşdur,
bir gün ərzində iki, üç və bəzən də
dörd təsərrüfat subyektində audit
aparıldığına dair auditor rəyləri təqdim
edilmişdir.
Aparılmış
yoxlamaların nəticəsindən asılı olaraq,
aşkar edilmiş nöqsan və
çatışmazlıqların aradan qaldırılması
məqsədilə 7 sərbəst auditora və 16 auditor təşkilatının
rəhbərlərinə məktub göndərilmiş, bir
auditor təşkilatının və bir sərbəst
auditorun fəaliyyətinin yoxlanılmasının nəticələri
Palata rəhbərliyinin yanında müşavirədə
müzakirə edilmiş və müvafiq qərarlar qəbul
edilmişdir.
Azərbaycanda beynəlxalq tələblərə
uyğun fəaliyyət göstərməyə qadir olan
auditor kadrların hazırlanması, onların peşə-ixtisas
səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi
məsələləri Palatanın fəaliyyətində
mühüm istiqamətlərdən birini təşkil edir.
"Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya"da müəyyən edilmiş vəzifələrin
icrasının, təsərrüfat subyektlərinin maliyyə
və vergi hesabatlarında şəffaflığın təmin
edilməsi, korrupsiyaya şərait yaradan halların aradan
qaldırılması və qabaqlayıcı tədbirlərin
görülməsi üçün auditor və mühasiblərin
peşə biliklərinin beynəlxalq standartlara müvafiq surətdə
və bütün dünyada qəbul edilmiş qabaqcıl təcrübə
əsasında təkmilləşdirilməsi məqsədilə
Azərbaycan Respublikası Auditorlar Palatası ilə
Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı
Mühasiblər Assosiasiyasının (ACCA) Azərbaycanda
akkreditə olunmuş GRBS Beynəlxalq Tədris Mərkəzinin
daha səmərəli birgə fəaliyyətinin təmin
edilməsi məqsədilə yenilənmiş partnyorluq
sazişi, həmçinin, Auditorlar Palatası ilə Azərbaycan
Bank Tədris Mərkəzi arasında strateji tərəfdaşlığa
dair əməkdaşlıq sazişi imzalanmışdır.
Sərbəst
auditorlar və auditor təşkilatlarının əməkdaşları
üçün "Auditin əsasları" üzrə 50
saatlıq tədris proqramı hazırlanmış, auditor təşkilatlarında
çalışan assistent və mütəxəssislərin
ixtisasartırma kursunda iştirakı təmin edilmişdir.
Habelə müxtəlif müəssisə və təşkilatlardan
müraciət etmiş 22 nəfər üçün
"Daxili auditin əsasları" üzrə kurslar təşkil
edilmiş və kursların nəticələrinə görə
onlara sertifikatlar təqdim edilmişdir.
Auditorların ixtisasartırması məqsədilə
"2011-ci il üzrə auditorların ixtisasartırma kursunun
tədris proqramı" hazırlanmış və qrafikə
əsasən 6 qrup üzrə kurslar təşkil olunmuş,
yekunda imtahanlar keçirilmişdir. İmtahanlarda 138 nəfər
iştirak etmiş, onlardan 113 nəfəri imtahanları
müvəffəq qiymətlərlə vermişdir.
Auditor
adı almaq üçün imtahanların beynəlxalq tələblər
səviyyəsində və tam obyektivlik şəraitində
keçirilməsini təmin etmək, auditor peşəsinin
nüfuzunu artırmağa zəmin yaradan yüksək
ixtisaslı auditor kadrları hazırlamaq məqsədilə tədris
və davamlı peşə təhsili proqramlarında
qabaqcıl təcrübə nəzərə alınmaqla beynəlxalq
standartların tələblərinə uyğun olaraq auditor
adı almaq üçün imtahan proqramı təkmilləşdirilmiş,
habelə "Auditor adı almaq üçün
imtahanların keçirilməsi Qaydaları"na və
"Auditor adı almaq üçün Auditorlar
Palatasının İmtahan Komissiyası haqqında" Əsasnaməyə
yenidən baxılmış və Palata Şurasının qərarları
ilə təsdiq edilmişdir.
Ümumilikdə
il ərzində auditor adı almaq
üçün və lisenziyalarının müddəti
başa çatmış auditorlara keçirilən
imtahanlarda 30 nəfər iştirak etmiş, onların
hamısı imtahanı müvəffəq qiymətlərlə
vermişdir. İxtisasartırma kurslarında hər il iştirak edən və bu kursları müvəffəqiyyətlə
bitirən, habelə seminarlarda fəal iştirak etmiş 36 nəfər
auditor imtahan verməkdən və imtahan haqqından azad
olunmuş, onlara növbəti beş il müddəti
üçün yeni lisenziyalar verilmişdir.
Beynəlxalq
standartların tətbiqinə həsr olunmuş tədbirlərin
keçirilməsi ilə əlaqədar olaraq 2011-ci il 23 noyabr
tarixində Auditorlar Palatasında "Məcburi auditin obyekti
olan ASC və MMC-lərdə daxili audit xidmətinin yaradılması
və işinin təşkili" mövzusunda seminar
keçirilmişdir. Seminarda müxtəlif qurumların (Azərbaycan
Respublikasının Vergilər Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Azərbaycan Turizm İnstitutu, "Azərenerji"
ASC, "Kredobank" ASC, "Bank of Baku" ASC, "Credagro
BOKT", "Royal Bank" ASC, "Əmrah Bank" ASC,
"Xalq sığorta" və s.) nümayəndələri
təmsil olunmuşlar.
Respublikamızda aparılan iqtisadi islahatlar,
sahibkarlığın inkişafı ilə bağlı həyata
keçirilən tədbirlər auditor xidmətinin inkişaf
istiqamətlərinin elmi-praktik cəhətdən əsaslandırılmasını
zəruri edir.
Bu məqsədlə Palatanın 2011-ci il
üzrə iş planına uyğun olaraq yaradılmış
işçi qrupu tərəfindən auditor xidmətinin aktual
problemləri üzrə sosioloji sorğu
aparılmışdır. Sorğuda təsərrüfat
subyektlərinin bütün növ təşkilati-hüquqi
formalarını əhatə etməklə 245 respondent -
respublikamızda fəaliyyət göstərən
açıq və qapalı tipli səhmdar cəmiyyətləri,
məhdud məsuliyyətli cəmiyyətlər, qeyri-hökumət
təşkilatları, dövlət müəssisələri
və birgə müəssisələr, bələdiyyələr
və digər təşkilatlar iştirak etmişlər.
Sorğunun nəticələri göstərir ki, bu
gün auditor xidmətinin sürətli inkişafına,
auditor xidmətləri bazarında tələblə təklifin
həmahəng uzlaşmasına, xidmətin keyfiyyətinin
yüksəlməsinə, auditor xidmətinin rolunun və əhəmiyyətinin
bütün səviyyələrdə tanınmasına mane
olan bir sıra amillər, həllini gözləyən problemlər
də mövcuddur. Eyni zamanda, sorğunun nəticəsinə
görə müəyyən edilmişdir ki, ötən illərlə
müqayisədə 2011-ci ildə auditor xidmətinin keyfiyyəti
yüksəlmiş və ona tələbat daha da
artmışdır.
Palataya səlahiyyətli dövlət
orqanlarından, o cümlədən Azərbaycan
Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsi, Daxili İşlər
Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsi, rayon və şəhər
inzibati-iqtisad məhkəmələri və digər orqanlardan
daxil olan müraciətlərlə əlaqədar effektiv
araşdırmaların aparılması təmin edilmiş, il ərzində
20-dək xüsusi audit araşdırması həyata
keçirilmişdir.
Auditorlar
Palatası audit sahəsində inkişaf etmiş qabaqcıl
ölkələrin təcrübəsinin öyrənilməsi
və tətbiq edilməsini, eləcə də beynəlxalq
audit praktikası əsasında respublikada auditin keyfiyyətinin
yüksəldilməsini təmin etmək məqsədilə
müvafiq tədbirlər sisteminin işlənib
hazırlanmasına xüsusi diqqət yetirir.
Bütövlükdə, xarici ölkələrin audit təcrübəsinin
öyrənilməsi Azərbaycanda auditin inkişafına və
keyfiyyətinin yüksəldilməsinə, auditor xidmətinin
qanunvericilik bazasının təkmilləşdirilməsinə
əhəmiyyətli təsir göstərir.
2011-ci ildə
Auditorlar Palatası ilə Baltik Beynəlxalq Akademiyası
arasında əməkdaşlığa dair Anlaşma
memorandumu, Ukrayna Auditorlar Palatası arasında əməkdaşlığa
dair Niyyət protokolu, Moldova Respublikası Peşəkar
Mühasiblər və Auditorlar Assosiasiyası arasında əməkdaşlığa
dair Anlaşma memorandumu və Rusiya Peşəkar Mühasiblər
və Auditorlar İnstitutu arasında strateji əməkdaşlığa
dair müqavilə imzalanmışdır. Hazırda
Çexiya Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa
dair sənədin imzalanması ilə bağlı tədbirlər
həyata keçirilir.
Beynəlxalq
audit və mühasibat qurumları tərəfindən təşkil
olunan tədbirlərdə, o cümlədən Avropa
Komissiyasının Daxili bazar və xidmətlər baş
direktorluğunun Brüsseldə keçirdiyi konfransda; Ukrayna
Peşəkar Mühasiblər və Auditorlar Federasiyası,
Ukrayna Auditorlar Palatası və ACCA ilə birgə təşkil
edilmiş "Maliyyə sabitliyinin gücləndirilməsində
auditin rolu" mövzusunda müzakirədə; TÜRMOB-un
İstanbul Odasında keçirilmiş toplantıda; Rusiya
Peşəkar Mühasiblər və Auditorlar İnstitutu tərəfindən
Riqa şəhərində keçirilən "MDB və
Baltik ölkələrində peşəkar auditorlar təşkilatlarının
irəliyə hərəkət" adlı beynəlxalq
konfransında; Avropa Mühasiblər və Auditorlar
Federasiyasının (EFAA) Berlin şəhərində
keçirdiyi "Kiçik və orta müəssisələrdə
maliyyə hesabatlarının harmonizasiyası"
mövzusunda konfransda və həmin təşkilatın illik
yığıncağında; Belarus Respublikasının Minsk
şəhərində Sertifikatlaşdırılmış
Mühasiblərin və Auditorların Avrasiya
Şurasının ümumi iclasında; Ukrayna Mühasiblər
Federasiyası və Ukrayna Auditorlar Palatasının
"Auditin bu günü və gələcəyi"
mövzusunda keçirdiyi konfransda; Polşa Milli Auditorlar
Palatasının 12-ci illik audit konfransında; İngiltərə
və Uels Sertifikatlı Mühasiblər İnstitutunun və
Beynəlxalq Maliyyə Hesabatları Fondunun təşkilatçılığı
ilə keçirilən seminarda; Maliyyə Hesabatlarının
Beynəlxalq Standartları əsasında Rusiyada mühasibat
uçotunun inkişafı" adlı Rusiya mühasibləri
və auditorlarının beynəlxalq konqresində və s.
Palata təmsilçilərinin iştirakı audit sahəsində
qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq
edilməsini, eləcə də beynəlxalq audit praktikası əsasında
respublikada auditin keyfiyyətinin yüksəldilməsini təmin
edilməsi məqsədlərinə xidmət edir.
Azərbaycan
İqtisadçılar İttifaqı, Polşa Milli Auditorlar
Palatası və Azərbaycan Universiteti ilə birlikdə
"Müasir şəraitdə auditin aktual problemləri"
mövzusunda keçirdiyimiz Azərbaycan-Polşa elmi-praktik
simpoziumunda yeni iqtisadi-maliyyə mühitində auditin rolu və
əhəmiyyəti, auditin müasir problemləri və
onların həlli yolları, Avropa Komissiyasının məcburi
auditlə bağlı Direktivinin tətbiqi və onun praktik nəticələri,
Avropa Komissiyası tərəfindən müzakirəyə
çıxarılmış "Audit siyasəti:
Böhranın dərsləri" mövzularında məruzələr
dinlənilmiş, onların ətrafında
çıxışlar və müzakirələr aparılmışdır.
Simpoziumun təşkilində Polşanın Azərbaycan
Respublikasındakı səfirliyinin böyük dəstəyi
olmuş və tədbir zamanı onların nümayəndələri
də iştirak etmişlər.
"Şəffaflığın
artırılmasında beynəlxalq maliyyə və audit
standartlarının tətbiqi problemləri" mövzusunda
Azərbaycan İqtisadçılar İttifaqı ilə
birlikdə keçirdiyimiz Mühasiblərin və
Auditorların III Avrasiya Forumunda 16 ölkənin audit və
mühasibatlıq qurumlarının nümayəndələri
iştirak etmişlər. Forumun təşkilində əsas məqsəd
şəffaflığın artırılmasında beynəlxalq
standartların rolu və əhəmiyyəti sahəsində
peşəkar müzakirələr aparmaq, mövcud problemləri
təhlil etmək, beynəlxalq təcrübə nəzərə
alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət
istiqamətlərini dəqiqləşdirmək, şəffaflığın
artırılması ilə bağlı qanunvericilik
aktlarının qəbulu və mövcud qanunların icra
mexanizmlərini təkmilləşdirməklə bağlı
konkret əməli təkliflər irəli sürmək,
maarifləndirmə və beynəlxalq əməkdaşlıq
üzrə real nəticələr əldə etməkdən
ibarət olmuşdur.
Ölkədə auditor xidmətinin təşkili və
dövlət tənzimlənməsi ilə bağlı
Palatanın qarşısında duran vəzifələrin həyata
keçirilməsinə müvafiq təbliğat-informasiya və
nəşriyyat fəaliyyəti, təşkilati-protokol tədbirləri
vasitəsilə təminat yaratmaq məqsədilə 2011-ci ildə
də bir sıra işlər görülmüşdür. O cümlədən
Palatanın fəaliyyətə başlamasının 15 illik
yubileyi münasibətilə olan materiallar ayrıca kitab, habelə
32 səhifə həcmində buklet şəklində nəşr
etdirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Elmi-Metodik
Şurasının "İqtisadiyyat" bölməsinin qərarı
ilə ali məktəblər üçün dərs vəsaiti
kimi təsdiq edilmiş irihəcmli "Audit"
kitabının iqtisadi qanunvericilikdə baş vermiş
yeniliklər nəzərə alınmaqla əsaslı şəkildə
yenidən işlənmiş 2-ci nəşrinin çap etdirilərək müvafiq
qaydada paylanması təmin edilmişdir. Həmçinin
ötən il "Audit. Qanunvericilik
və normativ sənədlər" toplusunun 272 səhifə
həcmində 6-cı cildi də nəşr etdirilmişdir.
Bütün
bu işləri isə Azərbaycan Respublikası Auditorlar
Palatası təsərrüfat hesablı müstəqil maliyyə
orqanı olmaqla, Əsasnaməsinə uyğun fəaliyyət
göstərərək, auditor təşkilatları və sərbəst
auditorlar tərəfindən ödənilən üzvlük
haqqı; auditor fəaliyyəti ilə məşğul olmaq
hüququ verən lisenziya almaq üçün keçirilən
imtahanlarda iştirak etmək üçün ödəniş
haqqı; daxili audit kursları üçün ödəniş
haqqı; müxbir üzvlərdən üzvlük haqqı;
auditə dair nəşr edilmiş çap məhsullarından
əldə edilən gəlirlər hesabına həyata
keçirmişdir. Ötən il Palata respublika büdcəsinə
26405,03 manat, Dövlət Sosial Müdafiə Fonduna 53279,59
manat vəsait ödəmiş, həmçinin xeyriyyə məqsədləri
ilə məcburi köçkünlərə 3160 manat məbləğində
maddi yardım göstərmişdir.
* * *
Respublika
Auditorlar Palatasının fəaliyyətə
başlamasının 10 illiyi ilə əlaqədar Auditorlar
Palatasının kollektivinə və üzvlərinə
ünvanladığı 2006-cı il 4 aprel tarixli məktubda cənab
İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın bir
sıra transmilli layihələrin reallaşmasında fəal
iştirakı, xarici investisiyaların ölkəmizə
axını, birgə müəssisələrin uğurlu fəaliyyəti
auditor xidmətinin iqtisadi proseslərdə rolunu və əhəmiyyətini
daha da artırmışdır. Dövlətimizin
başçısı vurğulamışdır ki, eyni
zamanda, "Azərbaycan Respublikasının iqtisadiyyatı
inkişaf etdikcə və onun dünya təsərrüfat
sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə
münasibətlərində şəffaflığın təmin
olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya
qarşı mübarizədə auditin imkanlarından daha
geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti
sahəsində mütərəqqi dünya təcrübəsini
öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini
nəzərə almaqla ölkəmizdə tətbiqini
genişləndirmək çox vacibdir".
Auditorlar
Palatasının fəaliyyət göstərdiyi 15 ilin, o
cümlədən bu illərin sonuncusunun yekunu bir daha təsdiqləyir
ki, kənar audit Azərbaycan Respublikasının bazar
yönümlü iqtisadi strukturları sistemində möhkəm
yer tutmuş, özünü əsl mənada müstəqil,
qərəzsiz maliyyə nəzarəti sistemi kimi təsdiqləmiş,
fəaliyyət göstərdiyi
illər ərzində auditor xidməti ölkədə
maliyyə şəffaflığının təmin edilməsinə
nail olmaq istiqamətində xeyli iş görmüşdür.
Bunu bizə səlahiyyətli dövlət
orqanları və ayrı-ayrı təsərrüfat subyektləri
tərəfindən ünvanlanmış müraciətlər
də sübut edir. Biz bunu da qeyd etməyi lazım bilirik
ki, son illərdə dünya iqtisadiyyatının böhran
xarakterli müxtəlif sarsıntılarla üzləşdiyi
bir vaxtda Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etməsi,
ölkədə bir-birindən əzəmətli quruculuq
planlarının, o cümlədən regionların
sosial-iqtisadi inkişafı ilə bağlı dövlət
proqramlarının həyata keçirilməsi, mühüm
regional layihələrin reallaşmasında dövlətimizin
etibarlı investor kimi iştirak etməsi həm də büdcə-maliyyə
nəzarətinin düzgün təşkilini, korrupsiyaya
qarşı ardıcıl və məqsədyönlü
mübarizə aparılmasını, maliyyə vəsaitlərindən
səmərəli istifadə olunmasını şərtləndirir.
Məhz bu məqamda auditin, o cümlədən
müstəqil auditin rolu və əhəmiyyəti qat-qat
artır. Auditorlar Palatasının üzvü olan auditor
təşkilatları və sərbəst auditorlar müxtəlif
dövlət proqramlarında Palatanın qarşısında
qoyulmuş tapşırıqların məsuliyyətini
çox yaxşı başa düşür, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə
və nitqlərində irəli sürülən proqram
xarakterli vəzifələrə uyğun olaraq daha məsuliyyətlə
çalışmağa, bütün qüvvə və səylərini,
bilik və bacarıqlarını ölkədə uğurla həyata
keçirilən əzəmətli quruculuq işlərinə
səfərbər edirlər.
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.- 2012.- 4 may.- S. 8.