Ulu öndərin xatirəsi
Naxçıvan Dövlət Universitetində böyük
ehtiramla anıldı
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Naxçıvan Dövlət Universitetində ənənəvi "Heydər Əliyev ongünlüyü" keçirilir. Silsilə tədbirlərə start verilməzdən öncə çoxsaylı kollektiv ulu öndərin Naxçıvan şəhərindəki abidəsini ehtiramla ziyarət etdi.
Universitetin Xarici tələbələrlə iş üzrə dekanlığının təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev xaricilərin gözü ilə" adlı elmi konfransda çıxış edən rektor akademik İsa Həbibbəyli dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanda müstəqil dövlətin qurulması istiqamətində gördüyü işlərdən danışdı. Sonra Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə II kurs magistr, cənubi koreyalı Myungga Yaung "Heydər Əliyev və Cənubi Koreya", Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi, banqladeşli Khairuz Zaman Abdulhai "Heydər Əliyevin sülh siyasəti" və musiqi təhsili ixtisası üzrə II kurs tələbəsi, türkiyəli Əli Ağırverir "Heydər Əliyev və Türkiyə" adlı məruzələrlə çıxış etdilər. Məruzələrdə qeyd olundu ki, ulu öndər Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Tədbirin bədii hissəsində universitet əməkdaşı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Validə Hüseynovanın bədii rəhbərliyi altında Koreya, Banqladeş, Nigeriya, İran, Türkiyə vətəndaşlarından ibarət birləşmiş tələbə xorunun ifasında müxtəlif mahnılar, rəqslər, ədəbi-bədii kompozisiya nümayiş olundu.
"Ümummilli lider Heydər Əliyev və müasir dövr" mövzusunda elmi konfransda isə rektor akademik İsa Həbibbəyli XX əsrin nüfuzlu siyasi xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçilik tarixində, xalqın milli müqəddəratında, ölkənin dinamik inkişafındakı əvəzsiz rolundan danışdı. Konfransda universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev "Heydər Əliyev və milli-mənəvi dəyərlər", iqtisad fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor Asif Şirəliyev "Ümummilli lider Heydər Əliyev və regionlarda yerli tələbatı ödəyən sənaye sahələrinin formalaşması məsələləri", sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent Qərib Allahverdiyev "Müasir siyasi zamanın böyük lideri", Nigeriya Respublikasının vətəndaşı, universitetin memarlıq ixtisası üzrə III kurs tələbəsi Anthoni Mokvunye "Heydər Əliyev siyasətində xalqlar dostluğu" mövzusunda məruzələr etdilər. Məruzələrdə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, onun milli və bəşəri dəyərlər daşıyıcısı, azərbaycançılıq ideologiyasının təbliğatçısı, unikal şəxsiyyət olmasından bəhs olundu. Qeyd olundu ki, Azərbaycanın bugünkü siyasi-iqtisadi inkişafı məhz Heydər Əliyev siyasətinin uğurlarıdır.
Universitet tarixində ilk dəfə olaraq Tələbə evinin sakinlərinin iştirakı ilə ümummilli liderə həsr olunmuş konsert proqramı təqdim olundu. Tələbələrdən Nazlı Həsənova, Eldar Məmmədov, Hüseyn Səfərov və Əli İmaməliyevin ifaları, universitetin Tələbə Teatr Studiyasının üzvlərinin, xarici tələbələrdən ibarət birləşmiş xorun çıxışları rəğbətlə qarşılandı.
Ümummilli liderin anadan olmasının 89 illiyi münasibətilə təşkil olunmuş rəsm sərgisində isə dahi öndərin böyük ideyalarını, ona olan ümumxalq məhəbbətini əks etdirən əsərlər nümayiş olundu. Tələbələrdən Pərviz Yəhyayev, Adıgözəl Əliyev Çinarə Bayramova, Cəlal Rzayev, Fatma Məmmədlinin müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri üslub və kompozisiya yeniliyi ilə maraq doğurdu. Qeyd edək ki, "Heydər Əliyev ongünlüyü" çərçivəsində Heydər Əliyev Universitetinin növbəti məşğələsi, idman yarışları, viktorina və müsabiqələr, mədəniyyət tədbirləri də keçiriləcək.
Mehriban SULTAN
Azərbaycan.- 2012.- 4 may.- S. 9.