Elektron xidmətlər şəffaflıq
və səmərəliliyin əsas təminatıdır
Əmlak Məsələləri Dövlət Komitəsi "Əmlak idarəçiliyi və qeydiyyatında elektron xidmətlər: şəffaflıq və səmərəliliyin təminatı" mövzusunda ictimai təqdimat keçirmişdir. Tədbirdə Prezidentin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və arayışların alınması, habelə müsadirə edilmiş əmlakların satışı üzrə komitə tərəfindən həyata keçirilən elektron xidmətləri təqdim edilmişdir.
Təqdimatda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov, Dünya Bankının yerli ofisinin rəhbəri, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, ƏMDK, KfW Bankın, NETCAD, Saybernet, Koreya Respublikasının "SK C & C" Co.LTD və Sumqayıt kadastr layihəsi üzrə podratçı şirkətlərinin, habelə ölkədə daşınmaz əmlak bazarında aktiv fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən ƏMDK-nın sədri Kərəm Həsənov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə çevik və modern dövlət idarəetməsinin inkişaf etdirilməsi, şəffaflığın və səmərəliliyin artırılması üçün informasiya kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkədə aparılan müasirləşmə siyasətinin prioritetlərindən birinə çevrilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən qərarlar əsasında dövlət orqanlarının əhaliyə və biznes qurumlarına beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinin təmin olunduğunu deyən komitə sədri Prezidentin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası istiqamətində ƏMDK tərəfindən müvafiq işlərin həyata keçirildiyini bildirmişdir. Belə ki, komitənin rəsmi internet səhifəsində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın vahid dövlət kadastrı ilə bağlı xidmətlər, dövlət əmlakı üzrə icarə haqlarının ödənişi, dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabatların qəbulu, vətəndaşların elektron müraciətini əhatə edən elektron xidmət bölməsi yaradılmışdır. Həmçinin komitənin internet saytı vasitəsi ilə xidmətlərə görə elektron ödənişlərin həyata keçirilməsi təmin edilmişdir.
K.Həsənov həmçinin qeyd etmişdir ki, tətbiqinə başlanılan elektron xidmətlər son bir neçə ildə komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyat sisteminin inkişafı ilə bağlı görülmüş tədbirlər əsasında mümkün olmuşdur. Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində ölkəmizdə mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin müasirləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində əldə edilmiş səmərəli nəticələr xüsusi vurğulanmalıdır.
Hazırda daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən olan qeydiyyat məlumatlarının elektron arxivinin və məlumat bazasının yaradılması istiqamətində işlər aparıldığını deyən məruzəçi səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatlarının elektron bazaya köçürüldüyünü nəzərə çatdırmışdır. Sədr onu da bildirmişdir ki, görülən tədbirlər nəticəsində daşınmaz əmlakın qeydiyyatı əvvəlki illərlə müqayisədə 1,5 dəfə artmışdır. Yalnız ötən il ölkədə 147 mindən artıq əmlak qeydiyyata alınmışdır.
Sonra çıxış edən Dünya
Bankının (DB) Azərbaycan ofisinin rəhbəri
bildirmişdir ki, Azərbaycanda
daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin təkmilləşdirilməsi üçün 2007-ci ilin
sentyabrından etibarən DB-nin maliyyə
dəstəyi ilə "Daşınmaz Əmlakın
Qeydiyyatı Layihəsi"nin reallaşdırılmasına
başlanıb. Layihənin əsas məqsədi ölkədə
daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli
qeydiyyat sistemini yaratmaqdır.
Bununla
bağlı layihə çərçivəsində kompleks tədbirlər nəzərdə tutulur. Belə ki, bu layihə çərçivəsində əmlak
idarəçiliyi sahəsində dünya
ölkələrinin müsbət təcrübəsi, o cümlədən Avropa
və dünya standartlarına uyğun Kadastr-2014 və İNSPAYRE təşəbbüsləri
Azərbaycana gətirilir. Layihə çərçivəsində
həmçinin elektron hökumət və
IT sahəsinin inkişafı ilə bağlı tədbirlər
həyata keçirilir.
Təqdimat mərasimi E-xidmətlərə həsr olunan animasiya filmlərinin nümayişi, E-qeydiyyat və hərracların keçirilməsində e-xidmətlərin göstərilməsi ilə bağlı təqdimatlarla başa çatmışdır.
Azərbaycan.- 2012.- 4 may.- S. 9.