Qələbənin qazanılmasında Bakının həlledici rolu olub

 

Mayın 3-də Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində qələbənin 67-ci ildönümünə və 416-cı Azərbaycan Milli Diviziyasının yaradılmasının 70 illiyinə həsr olunmuş geniş toplantı keçirildi. Toplantıda İtaliya müqavimət hərəkatında iştirak etmiş partizan Xançoban Cəfərov və partizan Məşi Elyazov, veteranlar Kərim Məmmədzadə, Qara Sarıyev, Bakı şəhər Veteranlar Şurasının nümayəndələri və 416-cı diviziyanın Veteranlar Şurasının üzvləri də iştirak edirdilər. Muzeyin rəisi polkovnik Rüfət Əmirov müharibə dövründə həm ön, həm də arxa cəbhədə xalqımızın göstərdiyi əfsanəvi qəhrəmanlıqlardan danışaraq təəssüflə bildirdi ki, Berlinədək Bakı nefti ilə gedib çıxılmasına baxmayaraq, hələ də ədalət yerini tapmayıb, Bakı, haqqı olduğu "Qəhrəman Şəhər" adını almayıb. Qələbənin qazanılmasında Bakının həlledici rolu olub.   

Çıxış edənlər daha çox İkinci Dünya müharibəsi dövründə Azərbaycan xalqının rolundan danışdılar. Muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nuru Məmmədov bildirdi ki, bu müharibədə 600 mindən artıq azərbaycanlı gənc iştirak edib və onların yarıdan çoxu - 420 mini qəhrəmancasına həlak olub, 145 soydaşımız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın elm və mədəniyyət xadimləri qələbə qazanılmasında misilsiz fədakarlıqlar göstərmiş, elm adamlarımız aviasiya benzini istehsalının yeni texnologiyasını hazırlamışdılar. İncəsənət xadimləri həyatlarına risk edərək döyüşlərin ən qızğın nöqtələrində konsert proqramları təşkil etmişlər.

 Muzeyin ekspozisiya hissəsinin rəisi Lalə Hüseynova əfsanəvi 416-cı Milli Azərbaycan Diviziyasının keçdiyi döyüş yollarından danışaraq qeyd etdi ki,  bu əfsanəvi diviziya 1942-ci ilin noyabrından 1945-ci il mayın 2-nə - Berlinin Brandenburq qapılarını ələ keçirənədək rəşadət göstərib.

Tədbirdə Bakı şəhəri 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin bir qrup dərnək üzvləri müharibənin ağrı-acılarını, insanların həyatlarına gətirdiyi müsibətləri ifadə edən bədii kompozisiya ilə çıxış etdilər. "Günəş" rəsm studiyasının üzvlərinin müharibə mövzusunda çəkdikləri rəsm işləri də maraq doğurdu.

Tədbirin sonunda İkinci Dünya müharibəsinə və 416-cı Taqanroq diviziyasının yaradılmasına həsr olunmuş sənədli film nümayiş etdirildi.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 4 may.- S. 9.