Şuşada ulduzlar
doğulardı
Şuşanın
işğalından 20 il ötür
Azərbaycanın mədəniyyət tarixinə xidmətləri əbədi həkk edilən elə şəxsiyyətlər var ki, onların adları çəkilən kimi yada həm də doğulduqları yurd yerləri düşür. Hələ qədim dövrlərdən üzü bəri Şuşanı "Cənubi Qafqazın konservatoriyası" adlandıranlar bəlkə də heç ağıllarına gətirməyiblər ki, əslində, bu dilbər guşə müsəlman Şərqinin mədəniyyət beşiyidir. Unudulmaz Xanın səsində cilvələnən Şuşa Azərbaycanın teatr və kino tarixinə çox dəyərli insanlar bəxş edib. Onların yaradıcılıqları ilə tanış olanda heyrətini gizlədə bilmirsən. Çünki Şuşa elə bir elm, mədəniyyət, sənət, musiqi dəryasıdır ki, sahilləri görünmür. Bir şəhərdən pərvazlanan görkəmli simaların təkcə adlarını yazsaq, böyük bir siyahı yaranar. Bu ümmandan seçdiyimiz bir neçə şuşalı sənətkar haqqında oxuculara məlumat veririk.
İlk peşəkar
rejissor
Görkəmli teatr rejissoru, xalq artisti Mehdi Məmmədov sənət yanğılı, vətəndaş mövqeli bir şəxsiyyət idi. 1918-ci ilin may ayında sənətkar ailəsində anadan olan Mehdi Məmmədovun atası Əsədulla kişi tanınmış papaqçı idi. Şuşanın adlı-sanlı bəyləri, tanınmış ziyalıları Əsədulla kişinin həm müştəriləri, həm də müsahibləri olardılar. Deyilənə görə, Əsədulla kişi papağı məhz o şəxslərə tikərmiş ki, onun dəyərini, mənasını anlamış olsunlar. Şuşalılar üçün papağın, atın, qadının qeyrət ölçüsü olması bəlli idi.
Dövrün müəyyən qarmaqarışıqlıqları nəticəsində bu ailə 1922-ci ildə Bakıya köçmək məcburiyyətində qalıb. İlk təhsilini paytaxtın müxtəlif məktəblərində alan Mehdinin kiçik yaşlarından teatra böyük marağı olub. Onun qəlbində cücərən arzuları ilə Azərbaycan teatrının təşəkkülü, demək olar ki, eyni vaxta düşüb. Teatr Texnikumunda oxumaq istəyən Mehdinin qarşısını əvvəllər çox maneələr kəsib. İlk növbədə ailə vəziyyəti, atasının fanatikliyi onu istəklərinin səmtini dəyişməyə məcbur etsə də, varlığında sənət eşqi hər şeyə üstün gəlib. Hətta elə olub ki, Mehdini Teatr Texnikumuna götürmək istəməyiblər. Amma bir təsadüf köməyinə çatıb. "Sevil" tamaşasında Gündüz rolunu oynayan Əziz adlı məktəbli oğlan Mehdi ilə bir məhəllədə yaşayırmış. Bir gün Mehdi ürəyini ona açaraq aktyor olmaq arzusunu bildirib. Məhz Əzizin köməyi ilə Mehdi Məmmədova "1905-ci ildə" tamaşasındakı kütləvi səhnələrdə iştirak etməyə icazə veriblər. Beləliklə, Mehdinin sənətə uzanan yoluna yaşıl işıq düşüb. Doğrudur, Mehdi Məmmədov birdən-birə aktyorluq etmədi, amma arzuladığı mühitə düşdü, texnikumda da oxudu. Rejissor Həbib İsmayılov Seyid Hüseynin "Kölgə" tamaşasını hazırlayırdı. Bəxtiyar rolunu İsmayıl Əfəndiyev oynamalı idi. Xəstələndiyi üçün rolu Mehdiyə həvalə ediblər. Gənc aktyorun bəxti gətirdi. Dövrün iki böyük sənətkarı ilə - Abbas Mirzə Şərifzadə və Fatma Qədri ilə tərəf-müqabili oldu. Bu hadisə də onun həyatında mühüm rol oynadı.
Hələ tələbəlik illərindən dərin zəkası ilə seçilən Mehdi Məmmədov sevdiyi sənətə daha səriştəli yiyələnmək üçün Moskvada A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində təhsil aldı. 1940-cı ildə ali məktəbi bitirən Mehdi Məmmədov Azərbaycanın ilk peşəkar rejissoru kimi Gəncə Dövlət Teatrında işə başlayıb. Beş il bu teatrın səhnəsində müxtəlif əsərlərə quruluş verən Mehdi Məmmədov Məmmədhüseyn Təhmasib, Mirzə İbrahimov, Mehdi Hüseyn, Sabit Rəhman, Səməd Vurğun, İlyas Əfəndiyev kimi dramaturqlarla birlikdə yeni tamaşalar işləyib.
Mehdi Məmmədov 1945-ci
ildə indiki Akademik Millli Dram Teatrına
göndərilib. Bu teatrda ilk işi
V.Şekspirin "On ikinci
gecə" pyesi üzərində olub. Tamaşada o dövrün
məşhur aktyorları
- Ağasadıq Gəraybəyli,
Hidayət Vəlixanlı,
Mustafa Mərdanov və
başqaları iştirak
edirdilər. Mehdi Məmmədov
bu tamaşa ilə Azərbaycan teatrında yüksək peşəkarlıq, istedad,
bilik və müasir səhnə quruluşu nümayiş etdirdi.
Mehdi Məmmədovun ikinci tamaşası isə Cəfər Cabbarlının "Yaşar" pyesi olub. Bundan sonra bir-birinin ardınca sıralanan tamaşaların sayı çoxdur. Onun quruluş verdiyi əsərlərin adlarına diqqət yetirsək, bir daha bu şəxsiyyətin necə tələbkar, yüksək zövq sahibi olduğunu anlayırsan. Bütün ömrü boyu ancaq məzmunlu əsərlər üzərində işləyən rejissorun yaradıcılığında zəif əsərə qətiyyən yer yox idi.
Mehdi Məmmədov həm də böyük aktyor idi. Teatr aləminə elə aktyorluqla da cığır açan Mehdi Məmmədov sənətin sıra nəfəri deyildi. Azərbaycan teatrının, eləcə də kinosunun inkişafında Mehdi Məmmədovun fəaliyyəti əsl tədqiqat obyektidir. Uzun illər Milli Dram Teatrında baş rejissor işləmişdir. Yaradıcılığı çoxşaxəliyi ilə diqqət çəkir. Müxtəlif mədəniyyət ocaqlarında, Azərbaycan Dövlət Opera və Balet, Gənc Tamaşaçılar teatrlarının səhnəsində neçə-neçə əsərin quruluşçu rejissoru olub. Tamaşa və kinofilmlərdə maraqlı rollar yaradıb. Bu gün gözlərimiz qarşısında canlanan "Onu bağışlamaq olarmı?" bədii filmi, eləcə də televiziyanın ekranlaşdırdığı "Alov" əsəri Mehdi Məmmədovun ömrünü yaşadan, onun sənətini bizə canlı şəkildə təqdim edən ən qiymətli mənəvi xəzinədir.
O, çox bacarıqlı, cəsarətli, qeyri-adi istedada malik rejissor, aktyor, pedaqoq olmaqla bərabər, həm də ömrünü elmə həsr edən cəfakeş alim idi. Vaxtilə onun zehnindən, düşüncəsindən, təcrübə və qələmindən ərsəyə gələn monoqrafiyaları bu gün də öz təzəliyini, dəyərini saxlamaqdadır. Mehdi Məmmədovun kitablarından gələcək aktyorlar, rejissorlar bəhrələnməkdə davam edirlər. İncəsənətin nəzəri məsələləri, milli teatrın tarixi və estetikası, rejissorluq sənəti onu daim düşündürərdi. Ali məktəbdə dərs deyib. Özündən sonra gələcək neçə-neçə rejissorun həm həqiqi, həm də mənəvi müəllimi olub. Ötən əsrin 70-ci illərində Azərbaycan televiziyasında müntəzəm olaraq "Sənət düşüncələri" adlı bir veriliş nümayiş olunardı. Proqramın yaradıcısı və aparıcısı sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov idi. Bu verilişi izləyənlərin əksəriyyəti Mehdi Məmmədovun səsinin, diktəsinin sehrinə düşərdi. Bu, həqiqətdir ki, həyatda gözəl səsli xanəndələr, aktyorlar çox olub. Həyəcanlı səs məsələsi ancaq Mehdi Məmmədova məxsusdur. Onun səsinin ahəngindəki titrəyiş, həyəcan sözün, ifadənin bütün çalarlarına qəribə rəng, cazibə və zəriflik gətirərdi.
Sənət fədaisi
Bacarıqlı operator və istedadlı kinorejissor olan Cavanşir Məmmədov Azərbaycan mədəniyyətinin unudulmaz simalarından biridir. O, 1915-ci ilin payızında Şuşada anadan olub. Atası Musa kişi Qarabağda xanəndə kimi tanınırdı. Gözəl və məlahətli səsə malik olan Musanı həmişə toy-düyünlərə dəvət edərdilər. Oxuduğu muğamların, təsniflərin sayı-hesabı yox idi. Həmişə də kasıbların toyunda pulsuz oxuyardı. Günlərin birində toyda iştirak edən Musa kişi yanıqlı bir səslə "Qaçaq Nəbi" el havasını özünəməxsus şəkildə zilə çəkdi. Onun səsindəki cazibə, təsir eşidənləri elə hala salardı ki, ən səs-küylü məclisdə belə qeyri-adi sükut yaranardı. Yalnız havalanan Musa kişinin zəngulələri olardı. Bax belə bir zamanda bir neçə silahlı adam mağara girərək məclisə qarışıqlıq salıb. Xanəndənin də əl-qolunu bağlayaraq özləri ilə aparıblar. İttiham ondan ibarət olub ki, Musa oxuduğu mahnılarda hökumətin əleyhinə təbliğat aparır. Onun Şuşada yaşamasına qadağa qoyublar. Hacı Yusifli məhəlləsində ev-eşik sahibi olan Musa kişi ailəsini də götürərək el-obasından həmişəlik ayrılmalı olub. O dövrdə şuşalıların ən çox pənah apardıqları ünvanlardan biri də Aşqabad şəhəri idi. Yerindən-yurdundan didərgin düşən ailədə ananın qucağında bir yavru da vardı. Qundaqda təbəssümlə əzizlərinin üzünə məsum-məsum baxan körpə Cavanşirin isə baş verənlərdən xəbəri yox idi.
Aşqabadda böyüdü, oxudu Cavanşir Məmmədov. Kino Texnikumunu bitirdikdən sonra Aşqabad kinostudiyasında operator işlədi. Sənədli-xronikal filmlərin çəkilişində ilk addımlarını atdı. Əvvəlcə operator assistenti işlədi, sonra müstəqil surətdə kiçik süjetlər çəkməyə başladı. Başı işə qarışsa da, hər axşam evə qayıdanda ailədə başlanan xiffətli söhbət ruhuna hopurdu. Heç cür xatırlamadığı Şuşa yuxusuna gəlirdi. Qəflətən başlanan İkinci dünya müharibəsi Cavanşir Məmmədovun çox arzularını yarımçıq saxladı. Kinokamerasını "süngüyə" çevirərək Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunun tərkibində cəbhəyə yollandı. 416-cı Taqanroq diviziyasının tərkibində Avstriya torpağına qədər gedən Cavanşir müharibə səngərlərində igidlik məktəbi keçdi. O, bu ağır illərdə də vətənini, soydaşlarını unutmadı. Cavanşir Məmmədovun çəkdiyi "416-cı" sənədli filmi azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının keçdiyi şanlı döyüş yoluna həsr olunub. Cəsur operatorun "Xəzərlilər", "Əbədi odlar diyarı", "Vyana" sənədli filmləri müharibə illərinin ən gözəl kinematoqrafiya nümunələri kimi bu gün də böyük əhəmiyyət daşıyır. Cavanşir Məmmədov, əslində, sənədli kinofilmlər tariximizdə bu sahənin yaradıcısıdır. Ağır döyüşlərdə çəkdiyi filmlərə, göstərdiyi igidliyə görə elə müharibə illərində də "Qırmızı ulduz" ordeninə layiq görülmüşdü. Onun ağır döyüşlərdə, səngərlərdə lentə aldığı süjetlərdən sonra "Böyük Vətən müharibəsi" epopeyasının yaradılmasında istifadə olunmuşdur.
Müharibə bitdikdən sonra
Cavanşir Məmmədov Aşqabada
yox, Azərbaycana qayıtdı və
Bakı kinostudiyasında sənətini davam
etdirdi. Kino tariximizi araşdıranda bir
məsələni əminliklə demək mümkündür
ki, Azərbaycan kinosu Cavanşir Məmmədovun şəxsində
istedadlı rejissorunu tapdı. O, həm
operator sənətinin dərin
bilicisi, həm də rejissor kimi istedadlı idi. Yaradıcılıq diapazonu olduqca
geniş olan Cavanşir Məmmədov respublikamızda xronika və sənədli filmlərin əsasını
qoydu. Onun çəkdiyi müxtəlif
filmlər mövzu, sənətkarlıq cəhətdən
seçilirdi. Bir rejissor
kimi təbiiliyi, dəqiqliyi, milli koloriti yerli-yerində işlətməyi, maraqlı
detallar tapmağı bacarırdı.
Belə bir fikir var
ki, rəssam Səttar Bəhlulzadə öz fırçası ilə təbiətin poeziyasını kətana
köçürüb. Bu sözləri müəyyən
dəyişikliklə Cavanşir
Məmmədov haqqında
da demək olar. O da
Azərbaycan təbiətinin
gözəlliklərini lentlərdə
əks etdirib. Məsələn, "Qızılağac",
"Dərbənd", "Mavi qızıl",
"Bakı", "Lənkəran",
"Kür boyunca",
"Şamaxı buludlar
altında şəhərdir",
"Lahıc", "Şuşa"
filmləri bu qəbildəndir. Cavanşir Məmmədov
əsl sənət fədaisi idi. Sünilikdən çox uzaq,
təbiiliyi sevən, çətinlikdən qorxmayan,
həm də cəsarətli sənətkar
kimi diqqət çəkirdi. Deyirlər ki,
çəkiliş zamanı
qurulmuş hündür
dayaqdan qəflətən
yıxılıb. Bərk əzilib,
amma bunu həmkarlarından gizlədərək
ayağa qalxaraq işini davam etdirib.
Tanınmış operator və rejissor Cavanşir Məmmədov özünü bədii filmlərdə də sınayıb. 1955-ci ildə rejissor Tofiq Tağızadə ilə birlikdə çəkdiyi "Görüş" kinokomediyası onun fərdi yaradıcılıq xüsusiyyətlərinin qabarıq şəkildə üzə çıxmasına səbəb oldu. "Mahnı belə yaranır" filmi isə istedadlı kinooperatorun ən uğurlu işlərindən sayılır. Cavanşir Məmmədov bir operator kimi Dağıstanın böyük xalq nəğməkarı Süleyman Stalskinin həyat və yaradıcılığını milli cizgilərlə və məharətlə əks etdirə bilib. Əlbəttə, onun çəkdiyi filmlərin sayı çoxdur. O, həm də Mərkəzi Elmi Kütləvi Filmlər Studiyasında "Kino səyahəti" almanaxının yaradıcılarındandır. 1954-cü ildə Kann festivalında iştirak edən Cavanşir Məmmədov 1960-cı ildə Lenin mükafatı laureatı olub. İlk azərbaycanlı kinorejissor və operatordur ki, belə bir təltifə layiq görülüb. Ayrı-ayrı vaxtlarda həm Türkmənistanın, həm də Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adını aldı. 67 yaşında Azərbaycanın xalq artisti fəxri adına layiq görülən Cavanşir Məmmədov 1997-ci ildə vəfat edib. Mədəniyyət tariximizə adını kinorejissor, operator kimi həkk edən bu sənət fədaisi həm də ssenari müəllifi kimi fəaliyyət göstərib.
Cizgi filmlərinin
yaradıcısı
Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Vaqif Behbudov ömrünü kino sənətinə bağladığı gündən onun ən aparıcı simalarından sayılıb. Azərbaycan televiziyasında cizgi filmləri istehsalının təməlini qoyan Vaqif Behbudov 1961-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Kino Mühəndisləri İnstitutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kinooperator kimi başlayan Vaqif Behbudov çox keçmir ki, kinorejissor kimi filmlər çəkib. 1961-ci ildən 1991-ci ilə qədər çalışdığı 30 il ərzində 20-dən çox cizgi, 100-dən artıq sənədli film çəkmişdir. Uşaqlar üçün ekranlaşdırdığı "Gözlük", "Danışan işıqlar", "Qız qalası", "Qara leylək", "Göyçək Fatma", "Analar və laylalar", "Qurbanəli bəy", "Sehrli lampa" və s. filmlərə nəinki balacalar, hətta böyüklər də maraqla baxırlar. Onun sənədli filmləri də özünün mükəmməlliyi və məzmunu ilə diqqət çəkir. Vaqif Behbudovun "Üzeyir Hacıbəyli", "Bülbül", "Şövkət Məmmədova", "Müslüm Maqomayev", "Zeynəb Xanlarova", "Rəşid Behbudov", "Əzizə Cəfərzadə", "Kamil Əliyev", "Əziz Əliyev" və başqa sənətkarlar, elm xadimləri haqqında çəkdiyi filmlər də kino sənətimizin ən qiymətli nümunələridir.
Uzun illər "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində operatorlar qrupuna rəhbərlik etmiş Vaqif Behbudovun müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq televiziya filmləri festivallarında priz və mükafatlara layiq görülmüşdür. Onun çəkdiyi "Deportasiya" filmi isə yeddi bölümdən ibarətdir. Burada da soydaşlarımızın üzləşdiyi ağır həyat, haqsızlıq öz əksini tapıb. Yarım əsrə qədər kino sənətinin çiçəklənməsinə çalışan xalq artisti Vaqif Behbudov Prezident təqaüdçüsüdür.
İndi ömrünün ahıl çağını yaşayan Vaqif Behbudovun bir operator, kinorejissor, eləcə də vətəndaş kimi ən böyük arzusu erməni faşistləri üzərində qələbəmizi əks etdirən "Qalibiyyət" filminin çəkilməsidir. Onun üçün bu filmi həmkarlarından kimin çəkməsi maraqlı deyil. Vacib olan budur ki, görkəmli sənət xadimi həmin filmi seyr etmək arzusuna qovuşsun.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 4 may.- S. 10.