Qərb fəlsəfəsi Azərbaycan filosofunun tədqiqatında

 

 Çağdaş humanitar mədəniyyətimizin uğuru sayıla biləcək dəyərli bir görülmüşdür: Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Fərman İsmayılovun "Seçilmiş əsərləri"nin altıcildliyi çapdan çıxmışdır.

Külliyyatın elmi redaktoru Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev "Ön söz"də doğru olaraq göstərir ki, ölkəmizin humanitar siyasətində elmi arsenalın gücləndirilərək dünya səviyyəsinə çıxarılmasına xüsusi önəm verilməsi və bu istiqamətdə akademik Ramiz Mehdiyevin proqram xarakterli əsərlərinin elmi ictimaiyyəti hərəkətə gətirməsi öz nəticələrini verməkdədir. Akademik Ramiz Mehdiyevin son dövrlərdə nəşr olunan proqram xarakterli məqalə və çıxışlarının mərkəzində belə bir ideya mühüm məqsəd kimi vurğulanır ki, dünya sivilizasiyasına, Qərbə inteqrasiya istiqaməti götürən Azərbaycan fəlsəfi proseslərdən kənarda qala bilməz. Təəssüf ki, bu da baş vermişdir ki, ölkəmiz uzun müddət Qərbin fəlsəfi ideyalarından kənarda qalmışdır. Bu, doldurulması tarixən zəruri olan bir boşluq idi və yaxşı ki, bu boşluğu doldurmağa doğru son vaxtlar ciddi addımlar atılmışdır. Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Fərman İsmayılovun "Seçilmiş əsərləri"nin altıcildliyi bunun bariz nümunələrindən biri sayıla bilər.

Professor Fərman İsmayılovun "Seçilmiş əsərləri" Azərbaycanda müasir Qərb fəlsəfəsinin öyrənilməsinə həsr olunmuş ilk sistemli tədqiqatlar toplusudur. Ölkəmizdə və xaricdə maraq doğuracağına heç bir şübhəmiz olmayan bu tədqiqatlar fəlsəfə və digər ictimai-siyasihumanitar elmlər sahəsində öz spesifikası üzrə yeni araşdırmalara yol açacaq əhəmiyyətli işdir. Külliyyatda, demək olar ki, XX əsrin əvvəllərindən yaranmaqda olan bütün Qərb fəlsəfi məktəbləri - analitik fəlsəfə, həyat fəlsəfəsi, neopozitivizm, postpozitivizm, məntiqi atomizm, fizikalizm, epistemoloji anarxizm, fenomenologizm, fundamental ontologizm, ekzistensializm, psixoanaliz, teyyardizm, neohegelizm, neokantizm, intuitivizm, praqmatizm, personalizm, neorealizm, empiriokritisizm, neoatomizm müfəssəl şərhini tapır.

Qərb dünyasının özündə ictimai-siyasi və intellektual-mədəni həyata, maddi və mənəvi münasibətlər sferasına dərindən sirayət etmiş, habelə dünya və eləcə də Azərbaycan mədəniyyətinə güclü təsir göstərmiş yeni çağ Qərb fəlsəfəsinin ölkəmizdə bu cür miqyaslı şəkildə öyrənilməsi sivilizasiyalararası dialoqun da ən dərin qatlarında gücləndirilən prosesin tərkib hissəsidir.

 

 

Rahid ULUSEL,

fəlsəfə elmləri doktoru,

professor

 

Azərbaycan.- 2012.- 4 may.- S. 10.