Ekranın Cahandar ağası
Ələddin Abbasov – 90
Haqqında söz açmaq istədiyimiz sənət aşiqlərindən biri də təkcə oynadığı obrazları ilə deyil, həmçinin öz xarici görkəmi - boy-buxunu, qədd-qaməti, əzəməti ilə tamaşaçıların yaddaşına yazılan, ömrünün 90-cı fəslində də səhnəyə bağlı olan, daha çox Azərbaycan kinosunun Cahandar ağası kimi sayılıb-seçilən xalq artisti Ələddin Abbasovdur.
Yaradıcılığı romantik və realist aktyor məktəbinin poetika göstəriciləri çərçivəsində formalaşan sənətkar kimi tanınan xalq artisti Ələddin Abbasovu həmkarlarından fərqləndirən cəhətlərdən biri əyalətdə parlayıb sənət kəhkəşanına şəfəq saçmasıdır. Səs tembri, ifadəli üz cizgiləri, cazibəli səhnə görkəmi də onu tamaşaçıya çox sevdirib.
Adətən, deyirlər ki, sənət adamlarının tərcümeyi-halı olmur. Onlar bir insan ömrünü deyil, müsbət və mənfi xarakterli obrazların həyatını yaşayırlar. Bu mənada Ələddin Abbasovun da tərcümeyi-halı onun yaratdığı obrazlarınkı ilə eynidir desək, daha doğru olardı. Özfəaliyyətdən peşəkar sənətkarlıq zirvəsinə qədər keçdiyi yol o qədər uzun və çətin, əzablı və dolama olub ki, onu yığcam halda çatdırmaq asan deyil. Obrazdan-obraza dəyişmək sənətkardan təkcə nəzəri bilik deyil, fitri istedad və qabiliyyət də tələb edir. Bunu bacaran aktyorlar lirik-psixoloji tamaşalarda məhəbbət qəhrəmanlarını necə yaradıblarsa, satira, gülüş doğuran tipləri də eyni dərəcədə sevib, ona qarşı "nifrət oyadıblar".
Azərbaycan teatr və kino sənətində parlayan sənət kəhkəşanının ulduzları, təbii ki, səhnəyə fitri istedadları və güclü həvəsləri ilə gəliblər. Peşəkarlığa onlar bəzən aktyorluq təhsili almadan belə nail olublar. Ələddin Abbasov kimi. Ancaq kimsə deyə bilməz ki, bu müdrik, səhnənin və ekranın əzəmətli aktyoru sənət və peşə təhsili almayıb, qətiyyən inandırıcı deyil. Lakin...
Ələddin Abbasovun həyat və sənət yoluna işıq salan da məhz onun obrazlarıdır. Sanki o öz ömrünü deyil, özgələrinin həyatını yaşayıb. Bu kiçik qeydlərdəkilər isə sənətkarın ömürnaməsindən sətirlərdir. O, 5 may 1922-ci il tarixində qədim Gəncədə dünyaya gəlib. On beş yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olub. Burada iki il təhsil aldığı müddətdə o, teatrın yardımçı heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb.
Sənətə məhəbbətin bariz nümunəsidir ki, o, 1939-cu ildən Gəncə Dövlət Dram Teatrındakı aktyor truppasının üzvüdür və yaradıcılığı yalnız bu kollektivlə bağlıdır. O, burada xalq artistlərindən Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, əməkdar incəsənət xadimləri Yusif Bağırovla Həsən Ağayev kimi sənət korifeyləri ilə səhnə məsuliyyətini bölüşüb, tərəf-müqabil olmaqdan şərəf duyub.
Ömrünün müdrik çağlarında nəvələrinə ötüb-keçənlərdən nağıla və əfsanəyə bənzər xatirələrini danışdıqca nisgillə dolu qəlbi döyünür. Səhnəyə necə gəldiyini və bundan sonra hansı duyğularla yaşadığını və nələrə nail olduğunu Ələddin Abbasovun təbəssümlənən baxışlarından da hiss etmək olur. Deyir ki, Gəncə Dövlət Dram Teatrının binası 1868-ci ildə tikilib. 1895-ci ildə isə şəhərdə ilk tamaşa qoyulub. Bu hesabla artıq Gəncə teatrının 117 yaşı var...
Fikri, xəyalı ötən əsrin əvvəllərinə qayıdıb dolaşıq kələfə dönür. Xatırlayır ki, onun səhnəyə gəlişinə səbəb "Qaçaq Nəbi" ilə "Qatır Məmməd" tamaşaları olub. Aktyor olmaq həvəsi onu bu müqəddəs sənət ocağına çəksə də, ailədə artistliyin əleyhinə olanların təpkisi və təsiri onu bəzən ümidsizləşdirib. Xüsusən atası və özündən böyük qardaşları onun arzularının əksinə olublar. Lakin Moskvada təhsil alan qardaşı onun səhnəyə və sənətə məhəbbətini duyduqdan sonra tale Ələddinin üzünə gülüb. İlk dəfə uşaq rolunun ifaçısı olub. Böyüdükcə rollarının sayı da artıb, sanbalı da. İlk rolunu xatırladığı kimi, səhnəyə sonuncu dəfə çıxdığı da şirinli-acılı xatirəyə çevrilib. Sonuncu obrazı İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" əsərindəki Böyük bəy olub. Qəlbində nisgili qalmayıb, nəyi və kimi istəyibsə, onu oynayıb və obrazı canlı yaratmağı bacarıb. Ən əsası isə odur ki, uşaqlıqdan istədiyi arzularına qovuşub. Cəfər Cabbarlının əsərlərindəki əsas rolların hamısını da o oynayıb. Təəssüfləndiyi bir neçə məsələ də var: atası ilk vaxtlar onun aktyor olmaq həvəsini gözündə qoymaq istəsə də, sonralar razılıq verməsinə rəğmən, oğlunun sənət uğurlarını görmədən, 1949-cu ildə dünyasını dəyişib.
Sənətə məhəbbətlə xidmət etdikdə o, insanı ucaldır. Sənət uğurlarına görə Ələddin Abbasovu xoşbəxt insanlardan saymaq olar. O, 1958-ci il may ayının 20-də əməkdar, 1971-ci ildə isə xalq artisti kimi yüksək fəxri adlara layiq görülüb.
Ələddin Abbasovun ötən günlərinə gətirdiyi aydınlıqdan məlum olur ki, o, 1941-1945-ci illər müharibəsinin od-alovundan da keçib. Beş il ön cəbhədə faşistlərlə üz-üzə dayanan sıravi Ələddin özünü sonralar səhnədə general kimi aparacaqmış. Akademik Dram Teatrına dəfələrlə dəvət alsa da, doğma Gəncəsindən uzaq düşmək ona çətin gəlib. Ona görə də ömrünü C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına bağlayıb.
Adətən, aktyordan ilk soruşulan onun hansı obrazı daha çox sevməsidir. Ələddin Abbasovun bu suala cavabı birmənalı olub: onun üçün yaratdığı bütün obrazlar doğma və əziz balası kimidır. Lakin bir dəfə ənənəni pozaraq o, C.Cabbarlının "Aydın" pyesindəki əsas qəhrəmanın adını çəkib. Deyib ki, onun yaratdığı Aydına görə C.Cabbarlının həyat yoldaşı Sona xanımla sevimli bəstəkarımız Şəfiqə Axundovanın təşəkkürünü qazanıb. Ona görə də Aydın onun ən çox sevdiyi obraz olaraq yaradıcılıq bioqrafiyasına yazılıb. Məhz buna görə o, "Aydın" əsərini əzbər bilir. Elə bu istəklə də o, böyük oğlunun adını Aydın qoyub. Yaxud Ələddin Abbasovun sənətə məhəbbətinin və obrazlarını doğma bilməsinin bariz nümunəsidir ki, kiçik oğlunun adı Oqtay, nəvələrininki isə Cahandar və Ziyaddır.
Ələddin Abbasov təkcə səhnədə deyil, həyatda da Cahandar ağa kimi tanındı və sevildi. O, sevimli tamaşaçılarının məhəbbətini qəlbində bu gün də daşıyır və bundan qürur duyur: "Heç inanmazdım ki, Cahandar ağanı oynayacağam. 1969-cu il idi. Tiflisdə qastrol səfərində idik. Filmin rejissoru Hüseyn Seyidzadədən teleqram aldım ki, təcili Bakıya gəl. Əvvəl inanmadım ki, məni Cahandar ağa roluna çəkərlər. Elə bir böyük rol üçün mən balaca aktyor idim. İkinci teleqramı kinostudiyanın direktoru Adil İsgəndərovdan aldım. Bakıya getdim və sınaq çəkilişi oldu. Günorta baxış keçiriləcəkdi. Rejissorun otağında idim. Birdən İsmayıl Şıxlı daxil oldu. Rejissora dedi ki, ay seyid, bu boyda Azərbaycanda Cahandar ağanı oynayacaq bir adam tapmadın? Rejissor məni göstərib dedi ki, bax, bu oğlan oynayacaq. O, mənə birtəhər baxıb, narazı halda içəridən çıxdı. Amma sınaqdan mənim ifam keçdi. Ən çox da İsmayıl Şıxlı mənim ifamı bəyəndi..."
Hətta həmin sınaqdan uğurla çıxan Cahandar ağanın həyat yoldaşı rolunu oynamaq istəyini xalq artisti Leyla Bədirbəyli də dilə gətirib. Beləliklə, 47 yaşında Cahandar ağa obrazını yaratmaq üçün seçilmiş 6 aktyordan biri ona nəsib olub. Oynadığı obrazı sevsə də, onun bəzi xarakter xüsusiyyətlərini qəbul etmədiyini də gizlətmir. O, Cahandar ağanın özgəsinin həyat yoldaşını qaçırmasını (Allahyardan qisas almaq naminə) bağışlaya bilmir. Bununla yanaşı, o, Cahandar ağanın öz bacısını bağışlamadığına heyifsilənmir. Kino ilə pyesin eyni sonluqla bitmədiyini dilə gətirən Ələddin Abbasov onu da deyir ki, əsərdə Cahandar ağa bacısını güllə ilə vurub sonra qucaqlayıb ağlayır. Filmdə isə əsərin qəhrəmanının öz qürurunu qoruyub saxlamasını göstərmək üçün sonluq tamamilə başqa cür bitir.
Xalq artistinin ən çox sevdiyi və sənətinə pərəstiş etdiyi korifeylərin arasında Ələsgər Ələkbərovun xüsusi yeri və çəkisi var. "Böyük dayaq" filmində Ələsgər Ələkbərovun yaratdığı Rüstəm kişi obrazını əsl sənətkarlıq nümunəsi sayır.
Obrazlar qalereyasına nəzər salsaq, qocaman sənətkarın yaradıcılığında dramatikliklə komikliyin paralelliyini görərik. Teatrda 300-dən artıq obraz yaradan xalq artistinin kino sahəsində də xidmətləri az olmayıb. "Həmişə təmizlikdə", "Kişilər" tamaşalarında oynadığı komik obrazlar sanki onun xarakterinə biçilib. "Koroğlu", "Torpaq, dəniz, od, səma", "Mən ki gözəl deyildim" kimi 20-dən çox məşhur filmdə isə yaddaqalan rolların müəllifi sayılan Ələddin Abbasovun ailəsində onun sənətinə təkcə maraq yox, məhəbbət də boy atıb. Həyat yoldaşı uzun müddət teatrda kassir işləyib. Böyük oğlu teatrda rəssam kimi çalışır. Kiçik oğlu peşəkar aktyor olmasa da, bəzi tamaşalarda oynayır. Nəvəsinin isə Kukla Teatrının aktyorlarından biri kimi tanınması onu çox sevindirir.
Sənət müəllimi kimi Mehdi Məmmədovu, Kazım Ziyanı, Əşrəf Abbasovu daim xatırlayacağını deyir. Maraqlıdır, əyalət teatrının səhnəsindən şəfəq saçan bu sənət ulduzu, görəsən, özünü oynadığı rolların arasında ən çox hansı obrazda tapdı? İstədiyi obrazları yaradan Ələddin Abbasov istəmədiyini də oynadımı?
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 4 may.- S. 11.