ATALAR SÖZÜ

 

(Atalar sözü deyəndə baxın kimin atasının sözünü deyirsiniz)

 

Ürəyimizə girdilər,

Başımızı yedilər.

Ataların adından

Söz uydurub dedilər:

Yox, "İki qoçun başı

bir qazanda qaynamaz".

Ona qoyun deyiblər,

Duymayıb ağlı dayaz.

Qədim Azərbaycanda,

Siyasət ustaları

Bir tamaşa qoyurdu.

 

Mətləb: "AYIR-BUYURDU".

 

Adınızı qoç qoydu,

Sizi qoydu baş-başa.

Siz toqquşa-toqquşa

Öldürdünüz-öldünüz,

düşməni güldürdünüz.

Vətəni dilim-dilim

Xanlıqlara böldünüz.

Deyən olmadı "Dayan!"

Dayanın, durun görək,

Axı deyin gərək?

Bir dehqana neçə xan.

Sərvətin yada gedir,

Vətənin bada gedir.

Səninkidir axan qan,

Qoç deyilsən  - adamsan,

Dayan! Qardaşım, dayan!

Ayrı-ayrı qazanda

başımızı yedilər.

Gülüstanda oturub

Başqa sağlıq dedilər.

İkiyə parçalanıb

Vətən - ağbirçək anam.

Bir torpağın üstündə

iki Azərbaycanam.

O "atalar sözü"nü

Yenə bu torpağa

Qaytarırlar, əkirlər,

Tez-tez misal çəkirlər.

Kimi dindirirsənsə,

Xan qızı, xan oğludu,

Ölkə xanla doludu.

 

İndi xan dəbdə deyil,

Prezident olum deyir.

Kimi hap-gopa basır,

Kimi asır-kəsir.

Kimi ölkədən küsür,

Kimi "mənölüm" deyir,

Qoyun mən olum deyir;

Mənə bir haqq verin,

Şəhər olsun, kənd olsun,

Ayırın torpaq verin,

Orda prezident olum.

Lap olsun cəhənnəmdə -

- Gorda prezident olum...

Lənət, lənət, min lənət,

Bilmirəm sənə deyim,

Yoxsa şeytana deyim...

Ayıq olun, amandı...

İndi başqa zamandı,

İndi Allah da qorxur,

Haqq da, nahaq da qorxur.

Hegemon xalq da qorxur

Zamanın gedişindən.

Hər kəs tutsun işindən.

Can verən Qarabağı

Canavarın dişindən

 

Alaq, ay qızım, oğlum,

Ay sizə qurban olum.

Hamımız yer üzündə

Birləşən bir can olaq.

Can deyək, can eşidək,

Şanlı bir cahan olaq.

Bir bayrağın altında

Bir Azərbaycan olaq!

 

 

Fikrət QOCA

 

Azərbaycan.- 2012.- 4 may.- S. 12.