Nyu-Yorkda Prezident
İlham Əliyevin adından Azərbaycanın BMT-yə
üzv qəbul olunmasının 20-ci ildönümü və
2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə
rəsmi qəbul təşkil edilmişdir
Xüsusi müxbirimiz xəbər verir ki, mayın 3-də Nyu-Yorkda Prezident İlham Əliyevin adından Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, ABŞ-ın nüfuzlu siyasi və ictimai xadimləri mərasimdə iştirak etmişlər.
Bu tədbir Azərbaycan-BMT əməkdaşlığının verdiyi töhfələri təhlil etmək, onun nəticələri barədə müzakirələr aparmaq baxımından xüsusi əhəmiyyəti ilə diqqəti cəlb etdi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edən BMT-nin baş katibi Pan Gi Mun ilə görüşdü.
Mərasimə dəvət olunan qonaqlar da Azərbaycan Prezidenti ilə görüşərək ölkəmizin BMT-yə üzv qəbul olunmasının 20 illiyi və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırdılar. Bu, bir daha ölkəmizin dünya birliyində tutduğu mövqenin möhkəm təməllər üzərində qurulduğunu göstərdi. Həmçinin bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə səmərəli əməkdaşlıq quran Azərbaycanın beynəlxalq aləmdə qazandığı etimadın və dəstəyin nümayişinə çevrildi.
Bu il ölkəmizin BMT-yə qəbul olunmasının 20-ci ildönümüdür. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilmişdir. Nyu-Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırılmışdır. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır. Ötən müddətdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasına nail olmaq və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır.
Dövlət başçısı mərasimdə çıxış etdi.
Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışı
- Xanımlar və cənablar!
Hörmətli qonaqlar, hörmətli dostlar!
Dəvətimizi qəbul edib bu gün axşam bizimlə olduğunuza görə, sizə çox minnətdaram. Belə bir möhtəşəm ziyafəti təşkil etməkdən və sizin hamınızı burada görməkdən böyük şərəf hissi duyuram.
Burada uzun illərdən bəri tanıdığım insanları, bir çox dostları, o cümlədən yeni dostları görürəm. Əminəm ki, hamımız bu günü hələ çox xatırlayacağıq. Bu gün biz Azərbaycanın müasir tarixində iki mühüm hadisəni qeyd edirik. İyirmi il öncə Azərbaycan BMT-nin üzvü oldu. Ötən il isə ölkəmiz bu təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi. Həmin iki əlamətdar hadisə bu gün qeyd olunur. Bir neçə gün öncə Azərbaycan Təhlükəsizlik Şurasında sədrliyi qəbul etdi.
Mən bizə səs verən və etimad göstərən, xüsusilə seçki prosesinin ən mühüm məqamında bizi dəstəkləyən şəxslərin hamısına təşəkkürümü bildirmək istəyirəm. Rəqabət isə çox güclü və ədalətli idi. Azərbaycan səslərin çoxunu topladı. Bu, müstəqillik illərində göstərdiyimiz səylərin qiymətləndirilməsidir. Bu, son iyirmi il ərzində kəskin surətdə dəyişmiş, qarşısında olduqca böyük məqsədlər qoymuş və bu məqsədlərə çatmağa çalışan müasir gənc ölkəyə göstərilən dəstəyin rəmzi oldu. Biz iyirmi il öncə müstəqil ölkəyə çevrildik. Xalqımızın böyük tarixi, mədəniyyəti və adət-ənənələri vardır. Lakin biz müstəqil deyildik. İyirmi il öncə dövlətimizi, dövlətçiliyi qurmaq, qonşularımız və dostlarımızla sülh və dostluq şəraitində həyatımızı yaşamaq fürsəti bizə nəsib oldu.
İyirmi
il ərzində baş verən dəyişikliklər göstərdi
ki, Azərbaycan böyük uğurlar əldə edib. Biz
siyasi sistemdə böyük dəyişikliklərə nail
olduq və köklü siyasi islahatlar həyata keçirdik. Bu
gün Azərbaycan bütün
siyasi azadlıqları - mətbuat azadlığını,
ifadə azadlığını, azad interneti, dini
azadlığı təmin edən müasir, demokratik və
açıq ölkədir.
Azərbaycan çoxmillətli və
çoxkonfessiyalı ölkədir. Biz bundan qürur hissi duyuruq. Bu, bizim
keçmişdən qalan irsimizdir. Siyasi sistemdən
asılı olmayaraq, həyatımızın bütün
dövrlərində Azərbaycan dinlərin və xalqların
qovuşduğu, bir ailə kimi yaşadığı məkan
olub. Biz çox fərəhlənirik ki, həmin iyirmi il ərzində
biz keçmişimizin bu mühüm irsini nəinki qoruyub
saxlamağa, o cümlədən əməkdaşlıq,
qardaşlıq və tərəfdaşlıq ruhunu gücləndirməyə
nail olduq.
Biz
multikulturalizm ideyasına, müxtəlif mənşəyə
və dini köklərə malik olan insanların birgə
yaşamasına və müasir ölkənin qurulmasına həsr
olunmuş bir çox beynəlxalq tədbirləri də
keçiririk.
Biz olduqca
ciddi iqtisadi layihələri həyata keçirmişik. Bu isə gündəliyimizin çox
mühüm hissəsi olub. Çünki biz planlı
iqtisadiyyatdan bazar iqtisadiyyatına keçməli idik.
İyirmi illik dövr ərzində bazar iqtisadiyyatının
payı ümumi daxili məhsulda 80 faizi ötüb. Bu gün
isə biz inkişafı və iqtisadi islahatların nəticələrini,
həqiqətən, hiss edirik. Son on ildən az müddətdə
ümumi daxili məhsul 3 dəfə artmışdır. Sənaye
istehsalı da 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsi
təxminən 50 faizdən 7,6 faizə
düşmüşdür. İşsizlik səviyyəsi 5,4
faizdir. Biz "Holland sindromu"na məruz qalmadıq və
yalnız enerji sektorundan
asılı olmamaq məqsədilə
iqtisadiyyatımızı şaxələndirdik.
İqtisadi
islahatlarımızı davam etdirəcəyik. Çünki
ölkə əhalisi üçün bu islahatların
faydasını görürük. Çox məmnunuq ki, beynəlxalq
maliyyə təsisatları ölkəmizdə görülən
işlərə dəstək verirlər və bunu qiymətləndirirlər.
Xüsusən də, iqtisadi və maliyyə
böhranının baş verdiyi illərdə "Standard
& Poor", "Fitch" və "Moody's" kimi əsas
beynəlxalq maliyyə təsisatları kredit reytinqimizi
yaxşılaşdırmışlar. Bu gün
iqtisadiyyatımız əvvəlki illərə nisbətən
daha rəqabətədavamlıdır. Bu gün
iqtisadiyyatın şaxələndirilməsi artıq
reallıqdır.
Biz
İKT-nin inkişafı kimi məsələlər üzərində
işləyirik, kosmos sənayesini yaradırıq, bir sözlə,
iqtisadiyyatımızı müasir və inkişaf edən
iqtisadiyyata çeviririk. Məqsədimiz dünyanın
inkişaf etmiş ölkələri sırasında
olmaqdır. Artıq 3 dəfə artmış ümumi daxili məhsulu
gələn 10 il ərzində daha 2 dəfə artırmaq və
yüksək gəlirli ölkəyə çevrilmək məqsədimiz vardır.
Biz, həmçinin
sosial problemlərin həlli üzərində
çalışırıq. Əsas sosial problemlərdən
biri qaçqın və məcburi köçkünlərlə
bağlı vəziyyətdir. Artıq 20 ildir ki, Ermənistanın
təcavüzündən və torpaqlarımızın
işğalından əziyyət çəkirik. Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazisinin
20 faizi hələ də işğal altındadır. BMT-nin Təhlükəsizlik
Şurası məsələ ilə bağlı 4 qətnamə
qəbul edib. Əfsuslar olsun ki, onlar hələ də icra
olunmayıb. Ermənistan onlara məhəl qoymur. Həmin qətnamələrdə
erməni silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz
və dərhal çıxarılması tələb olunur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi regional sabitliyə əsas təhlükədir.
Bu, regionda böyük ədalətsizlikdir və beynəlxalq
hüquq normalarının kobud şəkildə pozulması
deməkdir. Azərbaycan BMT-yə 20 il öncə suveren və
bütöv ölkə kimi daxil oldu. Dağlıq Qarabağ
Azərbaycanın tarixi ərazisidir. O, hər zaman Azərbaycanın
tarixi hissəsi olub. O, hüquqi baxımdan Azərbaycanın
ayrılmaz hissəsidir. Əlbəttə ki, biz ərazi
bütövlüyümüzün bərpasını,
qaçqın və məcburi
köçkünlərimizin doğma yerlərinə
qayıtmasını istəyirik.
Ölkəmizin
problemləri və nailiyyətləri haqqında çox
danışa bilərəm. Lakin ən vacibi odur ki, bizdə 20
il öncə yaranmış fürsətdən düzgün
istifadə olunmuşdur. Biz müstəqilliyimizi gücləndirə
bildik, iqtisadiyyatımızda dəyişiklik etdik, siyasi təsisatları
qurduq, dostlarımızla yaxşı tərəfdaşlıq
əlaqələri yaratdıq.
Bu gün
gözəl Nyu-York şəhərində
çıxış edərək bildirmək istəyirəm
ki, biz Birləşmiş Ştatlarla ikitərəfli
münasibətlərimizə
böyük əhəmiyyət veririk. Bu münasibətlərin
böyük tarixi var və onlar bir çox sahələri əhatə
edir. Biz siyasi inkişaf, iqtisadi əməkdaşlıq, enerji
təhlükəsizliyi və bütövlükdə təhlükəsizlik
məsələləri və antiterror əməliyyatları
ilə bağlı fəal əməkdaşlıq edirik. Azərbaycan
Birləşmiş Ştatların etibarlı tərəfdaşıdır
və 20 illik dövr ərzində bu münasibətlər hər
iki tərəf üçün strateji tərəfdaşlıq
münasibətlərinə çevrilib. Əminəm ki, əlaqələrimizin
gələcəyi də çox uğurlu olacaqdır.
Hazırda biz regional miqyaslı mühüm məsələlər
üzərində işləyirik. Regionun aparıcı
ölkəsi kimi güclü
iqtisadiyyata malikik. Təhlükəsizlik Şurasının
üzvü olan Azərbaycan qlobal işlərdə öz
rolunu oynamağa hazırdır.
Əlbəttə
ki, regional səviyyədə irəli sürdüyümüz
istər siyasi, istər iqtisadi, istərsə də enerji və
digər sahələrdə təşəbbüslər yeni vəziyyət
yaradır. Enerji təşəbbüslərimiz regional enerji xəritəsini
dəyişir və regionda çiçəklənməyə,
proqnozlaşdırmaya doğru aparır. Biz
qonşularımızla sülh şəraitində yaşamaq
istəyirik və dostlarımızla əməkdaşlığı
gücləndirmək arzusundayıq. Bir neçə ay öncə
beynəlxalq ictimaiyyət və BMT ailəsi bizə öz
böyük dəstəyini verdi. Biz Təhlükəsizlik
Şurasına seçildik. Bu gün mən bizə dəstək
verən bütün ölkələrə minnətdarlığımı
bildirmək istəyirəm. Seçilmək üçün
biz 16 turdan keçməli olduq. Çox güclü rəqiblərimiz
var idi. Bu, güclü, lakin ədalətli rəqabət oldu.
155 ölkənin dəstəyini almaqdan qürur hissi duyuruq.
Mən
bizə səs vermiş bütün tərəflərə
bir daha təşəkkürümü bildirmək istəyirəm.
Bu dostluq, dəstək, eləcə də ölkə daxilində
və qlobal səviyyədə
gördüyümüz işlərə verilən qiymətin
rəmzidir. Bu, həmçinin böyük məsuliyyətdir.
Gələn iki il ərzində biz bu məsuliyyəti Təhlükəsizlik
Şurasındakı tərəfdaşlarımızla
bölüşəcəyik. Sizi əmin edə bilərəm
ki, Azərbaycan Təhlükəsizlik Şurasının fəal
və konstruktiv üzvü olacaqdır. Seçildiyimiz zaman mən
bəyanat verərək xalqımızı təbrik etdim və
bildirdim ki, Azərbaycan Təhlükəsizlik Şurasında ədalət
və beynəlxalq hüququ müdafiə edəcəkdir. Bir
daha sizi, dostlarımızı əmin etmək istəyirəm
ki, biz bu prinsiplərə sadiqik, sülh və beynəlxalq əməkdaşlığa,
sabitlik və inkişafa töhfə vermək
üçün əlimizdən gələni edəcəyik.
Çox
sağ olun, əziz dostlar. Bizimlə olduğunuza görə
minnətdaram. Sizə ən xoş arzularımı
çatdırıram. Sağ olun.
***
Sonra
Prezident İlham Əliyevin adından Azərbaycanın BMT-yə
üzv qəbul olunmasının 20-ci ildönümü və
ölkəmizin 2012-2013-cü illər üçün BMT-nin
Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsi münasibətilə ziyafət verildi.
AzərTAc
Azərbaycan.- 2012.- 5 may.- S. 1; 2.