Müstəqil Azərbaycan Respublikasının banisi

 

Azərbaycanın özü qədər əbədi

 

Mən Azərbaycanı siyasi cəhətdən sabit, iqtisadi cəhətdən səmərəli və sosial baxımdan ədalətli bir dövlət kimi görürəm.

 

Heydər ƏLİYEV

 

 

 Böyük Britaniyanın məşhur dövlət xadimi Uinston Çörçill demişdir: "Dövlət xadimini siyasətçidən fərqləndirən əsas cəhət odur ki, siyasətçi qarşıdan gələn seçkilərə, dövlət xadimi isə gələcək nəsillərə hesablanmış siyasət aparır". Bu parametrlərdən yanaşsaq, ümummilli lider Heydər Əliyev görkəmli siyasətçi olmaqla yanaşı, həm də böyük dövlət xadimi idi. O, dövlət təhlükəsizlik orqanlarında çalışanda da, Sovet Azərbaycanına başçılıq edəndə də, SSRİ kimi fövqəldövlətin rəhbərlərindən biri olanda da, yenidən Azərbaycanda hakimiyyət sükanı arxasına qayıtdığı dövrdə də həmişə milli maraq və mənafelərin real təmsilçisi, fəal qoruyucusu olmuş, bütün qüvvə və enerjisini, təcrübə və zəkasını iqtisadi inkişafa, xalqımızın rifahının yüksəlməsinə və milli tərəqqiyə həsr etmişdir. XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yaradıcılarının qaldırdığı bayrağı əsrin sonlarında Heydər Əliyev yenidən yüksəltdi və enməzliyini təmin etdi. Ümummilli liderimiz böyük dövlət xadimi kimi sələflərimizin arzularını reallaşdıracaq, üçrəngli bayrağımızı gələcək nəsillərə ərməğan aparacaq müstəqil Azərbaycan Respublikasını yaratdı və yaşatdı. Bu gün haqlı olaraq deyirlər ki, müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə, 1969-1982-ci illərdə müdrik siyasət, böyük siyasi iradə nümayiş etdirərək respublikanın İttifaq büdcəsinin imkanlarından maksimum yararlanmasını təşkil etmiş, fövqəldövlətin xammal bazası kimi tanınan Azərbaycanın qısa müddətdə sənaye mərkəzinə çevrilməsinə nail olmuşdu. Respublikanın sənaye və kənd təsərrüfatında, ümumiyyətlə ictimai həyatın bütün sahələrində yüksəliş mərhələsi başlanmışdı. Neft-qaz sənayesi faktiki olaraq yenidən qurulmuş, yeni və mütərəqqi sənaye sahələri yaradılmışdı. Ulu öndər respublika iqtisadiyyatını inkişaf etdirməklə bərabər, cəmiyyətdə də bir saflığın, düzgünlüyün mübarizəsinə qalxmışdı. Sovet dövründə korrupsiyanın tüğyan etdiyi bir vaxtda Azərbaycanda bu bəlaya qarşı mübarizə başlamışdı. Bütün SSRİ-də hamı bu barədə susmağa üstünlük versə də, kiçik Azərbaycanın böyük lideri susmaq istəmirdi. O, problemlərdən qaçmırdı, gələcək nəsillərə saxlamırdı, onları qabartmağa və həllinə nail olmağa üstünlük verirdi. Bu, Heydər Əliyev siyasətinin, idarəçiliyinin əsas prinsiplərindən biri idi.

Heydər Əliyev böyük dövlət xadimi olaraq yalnız bugünkü nailiyyətlərlə kifayətlənmirdi, onun möhtəşəm fəaliyyəti həm də gələcəyə ünvanlanmışdı. Azərbaycanın iqtisadi inkişafı, sosial rifahı ilə bərabər, azərbaycanlı gənclərin yüksək səviyyədə təhsil alması, yaxşı mütəxəssis kimi yetişməsi də ulu öndərin diqqət mərkəzində idi. Onun təşəbbüsü ilə Azərbaycanda onlarla yeni ali və orta təhsil ocağı yaradılır, respublikada yüksəkixtisaslı mütəxəssislərin hazırlanması sahəsində yeni proqramlar, layihələr həyata keçirilirdi. Bu proqramlara uyğun olaraq ilk illərdə yüzlərlə, sonra isə minlərlə azərbaycanlı gənc Sovet İttifaqının qabaqcıl ali təhsil müəssisələrinə göndərilmiş və burada Azərbaycan üçün zəruri olan ixtisaslara yiyələnərək yüksək səviyyəli mütəxəssis kimi vətənə qayıtmışdı.

Ümummilli liderin ölkənin gələcəyinə ünvanlanmış layihələrindən biri də hərbi potensialın yaradılması, milli zabit kadrlarının hazırlanması ilə bağlı idi. Heydər Əliyev sovet dövründə, 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan təhsil müəssisəsinin - general Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin açılmasına nail olmuşdu. Qeyd etmək lazımdır ki, digər  müttəfiq respublikaların heç birində hərbi ixtisaslaşmış orta məktəb yox idi. Oranı bitirən gənclər müxtəlif ali hərbi məktəblərə göndərilir, beləliklə, milli zabit korpusu yaradılırdı. Hazırda ordumuzun zabitlərinin 50-60 faizi həmin məktəbin yetirmələridir. Budur Azərbaycan xalqının gələcəyi üçün ümummilli liderimizin gördüyü işlərin bariz nümunəsi!

Beləliklə, Heydər Əliyev Azərbaycanın müstəqilliyi hələ üfüqlərdə belə görünmədiyi bir dövrdə dahiyanə bir uzaqgörənlik və fədakar vətənpərvərlik nümayiş etdirərək, gələcək müstəqil respublikanın iqtisadi potensialının yaradılmasının, bu potensialı insan kapitalına çevirəcək mütəxəssis və müdafiə edəcək hərbi kadr korpusunun yetişdirilməsinin qayğısına qalmış və bütün bu sahələrdə zəruri bazanın həmin dövrün imkan verdiyi ən yüksək səviyyədə təşkilinə nail olmuşdu. Azərbaycanın müstəqilliyinə və gələcək nəsillərinə ünvanlanmış bu cəsarətli addımların əhəmiyyəti, müstəqil dövlət quruculuğundakı əvəzsiz rolu bugünün zirvəsindən daha aydın, daha qabarıq görünməkdədir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Moskvada işlədiyi, Sovet İttifaqının rəhbərlərindən biri olduğu illərdə də Azərbaycana böyük himayədarlıq edir, respublikanın problemlərinin ölkə rəhbərliyi səviyyəsində baxılması və həll olunması üçün əlindən gələni edirdi. Məhz buna görə də  həmin dövrdə erməni millətçiləri Dağlıq Qarabağ məsələsini ortaya atmağa, qabartmağa cəsarət etmirdilər. Ulu öndər Kremldə tutduğu vəzifələrdən istefa verdikdən sonra isə erməni daşnakları Azərbaycana qarşı xain niyyətlərini həyata keçirməyə imkan tapdılar. Göründüyü kimi, öz millətinin maraqlarını bütün səviyyələrdə təmin etməyə qadir olan Heydər Əliyev dühası hər zaman xalqımızın güvənc yeri olmuşdur.

Azərbaycan xalqının qəlbində yaşatdığı və uğrunda mübarizə apardığı müstəqillik amalı, XX əsrin axırlarında  yenidən real təsdiqini tapsa da, asan başa gəlmədi. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Ölkə daxilində gedən hakimiyyət mübarizəsi və bu mübarizənin fonunda genişlənən xaos və anarxiya respublikanı uçuruma sürükləyirdi. Dövlətə rəhbərlik edən və xalqın taleyini təyin etmək kimi ağır bir səlahiyyəti öz üzərinə götürən siyasətbazlar belə çətin bir zamanda məsuliyyətsiz qərarlar çıxarır, öz hakimiyyətlərini qoruyub saxlamaq xatirinə milli maraqları qurban vermək, hətta ölkədə vətəndaş müharibəsi törətmək kimi dəhşətli xəyanətlərdən çəkinmirdilər. Hüquqi-demokratik dövlət quruculuğunun əsasını təşkil edən ictimai-siyasi sabitliyin bərqərar olunması, demokratik islahatların aparılması, nizami ordunun yaradılması kimi strateji məsələlər taleyin öhdəsinə buraxılmışdı. Ölkədə qanunsuz silahlı dəstələr at oynadırdı, az qala hər imkanlı adamın bir silahlı dəstəsi vardı, hər silahlı dəstəsi olan böyük siyasi ambisiyalarla yaşayırdı. İnsanlar axşam qaralandan sonra evdən bayıra çıxmağa qorxurdular. Nefti və taxılı ilə məşhur olan Azərbaycanda çörək və benzin problemləri yaşanırdı. Xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri ictimai-siyasi durumu daha da ağırlaşdırırdı. 1993-cü ilin yazında başlamış Gəncə hadisələri isə vətəndaş müharibəsi təhlükəsini reallaşdırmış, yeni yaranmış respublikanı "olum, ya ölüm?" dilemması qarşısında qoymuşdu. Müstəqilliyin ilk iki ilinin faktiki olaraq itirildiyi, ölkənin iqtisadi və intellektual potensialının dağıdıldığı 1991-1993-cü illərə təsadüf edən bu dövrü xaos və anarxiya dövrü kimi səciyyələndirmək daha düzgün olardı.

Bu zaman Heydər Əliyev Naxçıvanda, öz sözləri ilə desək, "taleyin ümidinə buraxılmış tənha bir adada" xalqın problemlərinə əlac arayırdı. Məlum olduğu kimi, ulu öndərin siyasi fəaliyyətinin Naxçıvana rəhbərlik dövrü də başdan-başa müstəqil Azərbaycan dövlətinə, müstəqilliyimizin əbədiləşdirilməsinə xidmətdən ibarət olmuşdur. Bu dövr muxtar respublikanın adından "sovet sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması, 1990-cı ilin 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumdan imtina etməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi, nəhayət, Azərbaycandan ayrı salınmış Naxçıvanda özü də amansız məhrumiyyətlər, hərbi və iqtisadi blokadalar şəraitində vətən torpağının düşməndən qorunub saxlanılması ilə yadda qaldı. Bu qısa zaman kəsiyi indi də xalqa xidmətin misilsiz nümunəsi kimi xarakterizə edilir.

Tarixə baxsaq görərik ki, həmişə belə faciəli zamanlarda xalqımızın qüdrətli oğulları vətənin imdadına çatıb, milləti fəlakətdən xilas ediblər. Xoşbəxtlikdən bu dəfə də belə oldu. Xalqın iradəsi və təkidli tələbi ilə təcrübəli dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyev müstəqil dövlətimizin uçurum qarşısında qaldığı vaxtda yenidən böyük siyasətə qayıtdı. 1993-cü ilin iyun ayının 15-də Milli Məclisin Sədri seçilən Heydər Əliyev millət vəkilləri qarşısında çıxış edərək mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Onun proqram xarakterli çıxışında əsas diqqət daxili sabitliyin təmin olunması, respublikanın parçalanmaq təhlükəsindən  xilas edilməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasına yönəlmişdi. Xalqımız haqlı olaraq həmin tarixi müstəqilliyimizin, dövlətçiliyimizin "Qurtuluş günü" sayır və hər il bayram edir. Həmin dövrdə isə millətimiz və dövlətimiz bayram əhval-ruhiyyəsində deyildi. Gəncə hadisələrindən sonra separatçılar tərəfindən ölkənin cənubunda qondarma Talış-Muğan respublikası yaratmaq xülyası, 1994-1995-ci  illərdə dövlət çevrilişinə cəhdlər, dövlət başçısına qarşı sui-qəsd planları - bütün bunlar öz müstəqilliyini elan etmiş gənc Azərbaycan dövlətinə qarşı xarici kəşfiyyat orqanları ilə "sapı özümüzdən olan baltalar"ın birgə fəaliyyəti nəticəsində mümkün olmuşdu. Azərbaycanın silahlı qüvvələrinin böyük bir hissəsi ayrı-ayrı cinayətkar əllərdə cəmləşərək, ölkədaxili çəkişmələrə, hakimiyyət uğrunda mübarizələrə cəlb edildiyi üçün vətən torpağı müdafiəsiz qalır, ərazilərimiz işğal olunurdu.

Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən vətəndaş yanğısı, özünəməxsus tükənməz enerji və sarsılmaz iradə ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətə başladı. Qısa bir zamanda müxtəlif siyasi qurumların qeyri-qanuni silahlı  dəstələri buraxıldı, siyasi təxribatların, dövlət çevrilişi cəhdlərinin qarşısı məharətlə alındı. Uzun sürən daxili çəkişmələrdən sonra, nəhayət ki, respublikada ictimai-siyasi sabitlik yarandı. Müstəqillik haqqında Konstitusiya Aktı 1991-ci ilin oktyabrında qəbul olunsa da, xalqımız müstəqilliyin faydasını 1993-cü ilin iyunundan, millətimizin əvəzsiz lideri Heydər Əliyevin tarixi qayıdışından sonra görməyə başladı. Ümummilli lider sonralar bu barədə deyirdi: "Ən böyük nailiyyətimiz odur ki, biz Azərbaycanda ictimai-siyasi sabitlik yaratdıq... Bu sabitlik Azərbaycanın hər bir vətəndaşı üçün lazımdır. Bu sabitlik Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinin təmin olunması üçün əsas şərtdir. Bu sabitlik Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsi üçün çox vacib bir şərtdir..." Bu gün inamla demək olar ki, o zaman respublikada baş verən hadisələrin qarşısı müdrik dövlət başçımız tərəfindən vaxtında və qətiyyətlə alınmasaydı, bəlkə də dünya xəritəsində Azərbaycan adlı ölkənin varlığı sual altında olardı.

Azərbaycanda ictimai-siyasi sabitlik yaratmaq birinci addım idi, əsas məsələ regionda sabitliyə nail olmaq, Dağlıq Qarabağ müharibəsinə son qoymaq idi. Müharibə dayanmasaydı, xarici neft şirkətlərini Azərbaycana cəlb etmək, yeni neft strategiyasını həyata keçirmək, deməli, respublikanı inkişaf etdirmək də mümkün olmayacaqdı. Heydər Əliyev təcrübəli dövlət xadimi kimi bu reallığı çox gözəl görürdü və bu istiqamətdə yorulmaz fəaliyyət göstərirdi. Məlum olduğu kimi, Ermənistan müstəqil dövlət deyil və güclü dövlətlərin forpostudur. Bu, məsələni daha da çətinləşdirirdi, amma Azərbaycan liderinin diplomatik məharəti və gərgin səyləri öz nəticəsini verdi. Həmin dövrdə Azərbaycan ordusunun əks-hücumlarından qorxuya düşən Ermənistan tərəfi də danışıqlara getdi. 1994-cü ilin mayında Ermənistan - Azərbaycan müharibəsində atəşkəs elan olundu, sentyabrında isə dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanda iqtisadi və siyasi islahatlar aparmaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. 1993-cü ilin ortalarından başlayaraq 1995-ci ilin axırlarına kimi davam edən bu dövrü müasir dövlətçiliyimizin dirçəliş dövrü hesab etmək olar.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan iqtisadiyyatının dirçəlməsi birbaşa Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi ilə bağlı olmuşdur. "Əsrin müqaviləsi"nin bağlanması ilə başlanmış və 20-dən çox sazişin imzalanması ilə müşayiət olunmuş, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələrin həyata keçirilməsi ilə zirvəyə ucalmış yeni neft strategiyası ilk dövrlərdən Azərbaycana böyük uğurlar gətirmişdir. Əldə olunan mənfəətin respublika iqtisadiyyatının şaxələndirilməsinə yönəldilməsi, yeni istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması məhz bu strategiyanın həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Eyni zamanda, neft müqavilələrində iştirak edən beynəlxalq şirkətlər bütün dünyada Azərbaycanın maraqlarının lobbiçisinə çevrilir və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin açılmasına, deməli, həm də erməni yalanlarının ifşa olunmasına və dünya ictimaiyyətinə çatdırılmasına xidmət edirdilər.

Bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın məhz bu idealları reallaşdıracaq ilk demokratik Konstitusiyası ulu öndərin rəhbərliyi ilə hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Yeni Konstitusiyanın qəbulu prosesində dahi dövlət başçımız təkcə müdrik bir siyasi xadim kimi deyil, həm də humanitar elmlərin bütün sahələrinə dərindən bələd olan şəxs kimi ensiklopedik bilik nümayiş etdirmişdir. Avropa standartlarına uyğun olan və böyük peşəkarlıqla hazırlanmış bu sənəd ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq formalaşmış, zamanın tələbi ilə səsləşən demokratik islahatların həyata keçirilməsi üçün fundamental hüquqi baza yaradılmışdır. Konstitusiyada əksini tapmış strateji məqsədlər ilk növbədə hüquqi islahatların aparılmasını və insan haqlarının qorunması prinsipinin reallaşdırılmasını zərurətə çevirmişdir. Bu sənədin qəbul olunması ilə başlayan və 2003-cü ilə qədər davam edən dövrü müasir Azərbaycan tarixinin demokratik dövlət quruculuğu dövrü adlandırmaq olar. Möhtərəm Prezident İlham Əliyev bu barədə demişdir: "1993-2003-cü illər Azərbaycan üçün, dövlətçiliyimiz üçün həlledici illər olmuşdur. O illərdə əldə edilmiş uğurlar bu gün də bizə imkan verir ki, ölkəmizi inamla irəliyə aparaq, bu siyasəti davam etdirək və qarşıda duran bütün vəzifələri layiqincə icra edək".

1995-ci ilin noyabrında Azərbaycanda yeni Konstitusiyaya uyğun olaraq çoxpartiyalı əsasda parlament seçkiləri keçirildi və yeni seçilmiş Milli Məclis qanunvericilik bazasının hazırlanmasına başladı. Ulu öndər təcrübəli dövlət xadimi kimi ölkənin inkişafı üçün bazar iqtisadiyyatının yeganə yol olduğunu görür, amma yeni sistemə keçidin mənfi təsirlərinin azaldılmasına da xüsusi diqqət verilməsini vacib bilirdi. 1996-cı ildə postsovet məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarına başlandı və uğurla həyata keçirildi.  1997-ci ildə Milli Məclisdə Özəlləşdirmə Proqramı qəbul olundu və dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi başladı. 1999-cu ildə ölkədə yerli özünüidarə orqanlarına seçkilər keçirildi və bələdiyyə institutu yaradıldı. Eyni zamanda, sahibkarlığın inkişafı, bu sahəyə maneələrin aradan qaldırılması, əlverişli sərmayə mühitinin yaradılması üçün qanunvericiliyin təkmilləşdirilməsindən, sahibkarlara güzəştli kreditlərin verilməsindən tutmuş lazım olan bütün tədbirlər görüldü. Ulu öndər həmin dövrdə hər il Azərbaycan sahibkarlarının nümayəndələrini qəbul edir, televiziya vasitəsilə bütün ölkəyə yayımlanan bu görüşlərdə mövcud problemlər açıq müzakirə edilir və onların həlli yolları araşdırılırdı.

Müstəqil Azərbaycanın sükanı arxasında olduğu on ildə Heydər Əliyevin dövlətimizin müstəqilliyini möhkəmləndirmək istiqamətində yorulmaz fəaliyyəti və gərgin səyləri öz bəhrəsini vermişdir. Ulu öndərin müdrik və məqsədyönlü siyasəti nəticəsində demokratik dövlət quruculuğu iqtisadi və siyasi islahatların genişlənməsi, dünyaya inteqrasiyanın güclənməsi fonunda həyata keçirilmişdir. Bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllinin hərb müstəvisindən sülh müstəvisinə keçirilməsi, keçmiş rəhbərliyin siyasi səriştəsizliyi nəticəsində yaxın və uzaq dövlətlərlə pozulmuş əlaqələrin bərpa olunması və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinə qaldırılması, iqtisadi tərəqqinin və ordu quruculuğunun başlanması və daha yüksək mərhələyə çatdırılması, respublika ətrafında yaranmış informasiya blokadasının dağıdılması kimi strateji məsələlər öz həllini tapmışdır. Artıq Azərbaycan dünya birliyində özünə layiqli yer tutmuşdur, BMT, MDB, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür, NATO və Avropa Birliyi ilə fəal əməkdaşlıq edir. 

Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın xoşbəxt gələcəyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi titanik siyasi fəaliyyəti barədə söz açarkən ilk növbədə bugünümüzün reallıqlarını qeyd etmək zərurəti yaranır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Heydər Əliyev fenomenal qabiliyyətə malik böyük siyasətçi, millətinin dahi lideri kimi Azərbaycanın gələcəyini fikirləşərək özündən sonra siyasi kursu davam etdirəcək vahid siyasi komandanın və möhtərəm İlham Əliyev kimi müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdır: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu gün bütün xalqımız görür ki, Prezident İlham Əliyev bu ümidləri yüksək səviyyədə doğruldur, ulu öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr onun layiqli davamçısı tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Möhtərəm Prezident Azərbaycanın inkişaf perspektivlərini ilk növbədə qanunun aliliyinin uca tutulmasında, insan haqlarının qorunmasında, iqtisadi, siyasi islahatların paralel, demokratik normalara uyğun aparılmasında, ölkəmizin dünyaya ardıcıl inteqrasiyasında görür.

Dövlət başçımız əsası ulu öndərimiz tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq, dönməz etmişdir. Azərbaycanda ayrı-ayrı sahələrin inkişafı üzrə dövlət proqramlarının qəbul olunmasına və icrasına əsaslanan yeni iqtisadi siyasət strategiyası həyata keçirilir.  Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş və elmi əsaslara söykənən bu strategiya bütün sahələrdə davamlı inkişafı təmin etmiş, qısa müddət ərzində ölkənin iqtisadi və sosial həyatında dünyada analoqu olmayan nailiyyətlər əldə olunmuşdur. Son 10 ildə ümumi daxili məhsul 3 dəfə, dövlət büdcəsi 12 dəfə artmış, strateji valyuta ehtiyatlarımız 43 milyard dollara çatmışdır. Hazırda respublikamız dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedən yenilikçi və islahatçı ölkə kimi tanınır, beynəlxalq nüfuzu sürətlə artır. Eyni zamanda, neqativ hallara, korrupsiya, məmur özbaşınalığına qarşı əsası ulu öndər tərəfindən qoyulmuş sistemli mübarizə möhtərəm Prezidentin nəzarəti altında qətiyyətlə davam etdirilir, iqtisadiyyatın inkişafında və hüquqi dövlətin formalaşmasında öz müsbət nəticələrini verir və ictimai rəydə yüksək qiymətləndirilir. 2003-cü ildən başlayaraq bu günə kimə davam edən, bazar iqtisadiyyatına keçidin başa çatdığı, vətəndaş cəmiyyətinin qurulduğu bu dövrü müasir Azərbaycan tarixində inkişaf və tərəqqi dövrü kimi xarakterizə etmək olar.

Təbii ki, Tanrının Azərbaycana bəxş etdiyi sərvətlər  - neft və qaz ölkəmizin iqtisadi və siyasi həyatında misilsiz rol oynayır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici addımlar oldu. Avropanın və ümumilikdə bütün dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynaya biləcəyini ulu öndər Heydər Əliyev hələ "Əsrin müqaviləsi"nin imzalandığı dövrdə böyük uzaqgörənliklə söyləmişdi. Möhtərəm Prezidentimiz İlham Əliyev isə həmin niyyətin həm tərəfdaşlarımıza, həm də Azərbaycanın özünə böyük iqtisadi və siyasi dividendlər gətirəcək şəkildə reallaşdırılmasına nail olmuş, ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Hazırda respublikada möhtəşəm infrastruktur layihələri həyata keçirilir, beynəlxalq aeroportlar və dəniz limanları tikilir, yeni yollar və müasir körpülər salınır. Bu layihələrin icrası Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir. Mühüm sosial əhəmiyyətə malik olan Oğuz-Qəbələ-Bakı su kəməri artıq istismara verilmişdir. Uğurla icra edilən və 2012-ci ildə açılışı gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu isə nəinki ölkəmiz, bütün region üçün böyük əhəmiyyət daşıyır. Ölkəmizdə neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur, güclü sahibkarlar sinfi və orta təbəqə yaranmışdır. Müdafiə sənayesi sürətlə inkişaf etdirilir, ilk süni peykimizlə bağlı layihə həyata keçirilir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər informasiya cəmiyyətinin qurulması üçün möhkəm zəmin yaradır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, son dövrdə Bakı, sözün əsl mənasında, dünyanın siyasi mərkəzlərindən birinə, faktiki olaraq "siyasi Davos"a çevrilməkdədir. Dünyanın müxtəlif dövlət və hökumət başçılarının rəhbərlik etdiyi nümayəndə heyətləri ardıcıl olaraq respublikamıza səfərlər edir, paytaxtımızda hər həftə yüksək səviyyəli görüşlər, beynəlxalq səviyyəli tədbirlər keçirilir. Səbəblər və niyyətlər, təbii ki, müxtəlifdir. Birinci səbəb, şübhəsiz ki, Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, nəticədə Azərbaycanın müasir dövrün zəngin neft ölkəsi və tranzit qovşağı kimi mühüm əhəmiyyət kəsb etməsidir. Deməli, Azərbaycana səfər edən yüksək səviyyəli qonaqların bir hissəsi enerji məsələsi ilə əlaqədar gəlir. Amma Azərbaycan Xəzər regionunda beş neft ölkəsindən yalnız biridir və bizə gələn qonaqların xeyli hissəsi də enerji təhlükəsizliyini təmin etmiş ölkələrin (superdövlətlərin və neft ölkələrinin) nümayəndələridir. Deməli, neft, tranzit məsələləri burada müəyyən rol oynasa da, əsas səbəb sayıla bilməz. Şübhəsiz ki, burada Azərbaycan Prezidentinin müstəqil siyasət yeritməsi, kiçik Azərbaycanın maraqlarını böyük dünya dövlətlərinin maraqları ilə uzlaşdıra bilməsi, nəinki respublikada, bütün regionda söz sahibi olması daha mühüm əhəmiyyət daşıyır. Məhz buna görə də Azərbaycan hazırda regionda həyata keçirilən beynəlxalq layihələrin yalnız fəal iştirakçısı deyil, həm də əsas təşkilatçısıdır. Məlum olduğu kimi, qabaqcıl ölkələrin maliyyə böhranından əziyyət çəkdiyi 2008-2010-cu illərdə gənc dövlət olan və xarici təcavüzə məruz qalan Azərbaycanın öz iqtisadi inkişaf sürətinə görə lider olması bütün dünyada "Azərbaycan fenomeni" hesab edilir və təcrübəsi öyrənilir. Təbii ki, dünya ölkələrinin diqqətini cəlb edən və onları Azərbaycana gətirən əsas səbəblərdən biri də budur.

Eyni zamanda, qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı yaşadığı Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün əvəzsiz məkandır. Azərbaycan Prezidentinin Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən bir təşkil edilməsi barədə 2011-ci il 27 may tarixli fərmanı Azərbaycanda dünya miqyaslı tədbirlərin keçirilməsinin ənənə şəkli aldığını göstərir. Respublikamız artıq bu sahədə yaxşı təcrübə qazanmış, onlarla beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Mədəniyyət və təhsil sahəsində gördüyü böyük işlərlə artıq bütün dünyada tanınan Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə də respublikamızda bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər keçirilmişdir. "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi isə ölkəmizdə mədəniyyətə, incəsənətə göstərilən dövlət qayğısının nəticəsi, bütövlükdə mədəniyyətimizin, incəsənətimizin qələbəsidir. Azərbaycanda idmanın və idmançıların inkişafı, olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazanılan uğurlar beynəlxalq idman ictimaiyyətinin diqqətini Azərbaycana yönəldir və respublikamız beynəlxalq idman yarışlarının və dünya çempionatlarının keçirildiyi bir məkana çevrilir.

Azərbaycanın müasir diplomatik uğurlarından biri, şübhəsiz ki, birincisi 2011-ci il oktyabrın 25-də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbuludur. Azərbaycan yalnız öz problemlərini dilə gətirmək, regional problemlərə münasibət bildirmək üçün mühüm bir tribuna deyil, planetar əhəmiyyətli məsələlərin həllində iştirak etmək, ümumilikdə türk dünyasının maraqlarını müdafiə etmək üçün real imkan qazanmışdır. Bu, ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaqdır" arzusunun möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin əyani göstəricisidir. Həmin dövrdə nüfuzlu KİV-in bütün dünyaya yaydığı xəbərlərdən bir daha aydın oldu ki, bu möhtəşəm qələbə heç də asan başa gəlməyib. Bəlkə də BMT-nin tarixi ərzində qeyri-daimi üzvlük uğrunda bu qədər kəskin mübarizə olmayıb. Azərbaycan BMT üzvü olan 196 ölkədən 155-nin səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqına müraciət edib və ölkənin müstəqilliyi dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsinin doğrudan da tarixi nailiyyət olduğunu bildirib: "Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü tanıdıb. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

Hazırda Azərbaycanın həlli müşkülə düşən yeganə problemi Dağlıq Qarabağ münaqişəsinin həlli, qaçqınların, köçkünlərin doğma yurdlarına qayıtmasıdır. Prezidentimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları əsasında həll etmək və ərazi bütövlüyünü bərpa etmək üçün həm mənəvi, həm hüquqi, həm də hərbi imkanlara malikdir. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan iqtisadi, siyasi və hərbi cəhətdən sürətlə inkişaf edir. Bu gün qürurla demək olar ki, Azərbaycanın güclü ordusu var və dövlətin, Prezidentin qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirməyə qadirdir. Lakin Prezident İlham Əliyev müdrik siyasətçi, müasir dövlət başçısı kimi qan, müharibə yolunu yox, sülh yolunu seçir, amma haqq yolundan, ədalət yolundan dönmək və güzəştə getmək fikrində də deyil: "Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir".

Bu gün ümummilli lider Heydər Əliyevin amalları, bütün mənalı ömrünü həsr etdiyi, canından artıq sevdiyi müstəqil Azərbaycan Respublikası yaşayır və inkişaf edir. 2008-ci ilin prezident seçkiləri kimi, 2010-cu ilin parlament seçkiləri bir daha göstərdi ki, Azərbaycan xalqı Heydər Əliyevin xatirəsinə böyük ehtiram bəslədiyi kimi, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətə də böyük inam bəsləyir və ürəkdən dəstəkləyir. Çünki möhtərəm Prezidentin həyata keçirdiyi müdrik daxili siyasəti xalqımızın azad, təhlükəsiz və firavan yaşamasına ünvanlandığı kimi, xarici siyasəti də regionda sülh və sabitliyin təmin olunması, yaxın və uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, qlobal enerji-kommunikasiya layihələrinin həyata keçirilməsi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsi, qaçqın və köçkün soydaşlarımızın öz doğma yurdlarına qayıtması kimi xalqımızın və bütün dünyanın dəstəklədiyi məsələlərin həllinə yönəlmişdir. Ümummilli liderin arzusu olan bu məsələlər möhtərəm Prezidentimizin hədəfindədir, Azərbaycanın gələcəyi də bunları tələb edir.

 

 

Ziya YUSİF-ZADƏ,

MTN-in Heydər Əliyev

adına Akademiyasının

rəisi, general-leytenant

 

Azərbaycan.- 2012.- 5 may.- S. 3.