Heydər Əliyev
qaçqın və məcburi köçkünlərin
böyük himayədarı və dayağı idi
Azərbaycanın özü qədər
əbədi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycan: qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbirdə həmçinin ideya müəllifi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olan və "Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanan "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyi müzakirə olundu.
Milli Məclisin deputatlarının, Azərbaycanın işğal altında olan rayonlarının icra hakimiyyəti başçılarının, qaçqın və məcburi köçkünlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısından bəhs edən filmə baxıldı.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV bildirdi ki, bu gün yüksəliş və dinamik inkişaf dövrünü yaşayan Azərbaycanda əldə edilən uğurların təməli 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə qoyulub:
- Xalqımız o dövrdə təlatümlü günlərdən, dövlətimiz isə məhv olmaq təhlükəsindən məhz Heydər Əliyevin sayəsində xilas ola bildi. Azərbaycanı fəlakətlərdən qurtaran, ictimai-siyasi sabitliyi bərqərar edən ulu öndər siyasi, iqtisadi, sosial islahatların təməlini qoydu, onları məharətlə həyata keçirməyə başladı. Əgər Heydər Əliyev 1970-ci illərdə Azərbaycanı SSRİ miqyasında öncül respublikalardan birinə çevirməyə nail olmuşdursa, XX əsrin sonu, XXI əsrin əvvəlində ölkəmizi bütün dünyada tanıtdırdı. Onun gördüyü genişmiqyaslı, nəhəng işlərlə böyük nailiyyətlərin etibarlı təməli qoyuldu.
Bu da faktdır ki, müstəqilliyin bərpasının ilk illərindən Azərbaycan erməni separatizmi ilə üz-üzə gəldi. Öz havadarlarına arxalanan Ermənistan etnik təmizləmə, Azərbaycana qarşı hərbi təcavüz kimi məkrli planlarını həyata keçirməyə başladı. Nəticədə bir milyon nəfərə yaxın soydaşımız ata-baba torpağından didərgin salındı, ərazilərimizin 20 faizi işğal olundu. Ona görə ilk günlərdən gənc dövlətimizin qarşısında duran ən başlıca vəzifələrdən biri də məhz qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli olmuşdur. Lakin qaçqın və məcburi köçkünlərə sistemli, məqsədyönlü dövlət qayğısı məhz ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilməyə başlandı. Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Heydər Əliyevin bu problemi ölkənin bir nömrəli problemi adlandırması da təsadüfi deyildi. Onun ən böyük arzusu 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O bunun üçün var qüvvəsi ilə çalışırdı.
Ölkədə iqtisadi problemlərin mövcudluğuna baxmayaraq, ulu öndər yaranan hər bir cüzi iqtisadi imkanı, ilk növbədə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli üçün bütün imkanları səfərbər etmişdi. Məhz onun uğurlu xarici siyasəti sayəsində beynəlxalq ictimaiyyətdə bu problemə olan münasibət Azərbaycan həqiqətlərinə uyğun olaraq dəyişdiyindən münaqişənin əsl mahiyyəti düzgün dərk edilməyə başlandı və tədricən Azərbaycan problemlə əlaqədar öz mövqeyini möhkəmlətdi. Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan prezidenti ilə 25, ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləri ilə 200-dən və 80 ölkənin dövlət başçıları ilə 500-dən çox görüş keçirmiş, 12 dəfə qaçqın və məcburi köçkünlərlə görüşmüşdü.
Ölkəmizdə mövcud olan və məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası Heydər Əliyevə məxsus idi. Ulu öndər tərəfindən yaradılmış Dövlət Neft Fondunda toplanan ilk vəsait də məhz onun müvafiq fərman və sərəncamları ilə qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, çadır düşərgələrinin ləğvinə yönəldilmişdi. Dövlət Neft Fondundan ilkin olaraq ayrılmış 72 milyon manat vəsait hesabına çox qısa bir müddətdə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı.
Bu məsələ ilə bağlı ötən 8 ilin statistikası göstərir ki, Prezident İlham Əliyev ulu öndərin yolunu layiqincə davam etdirir. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsinin 2001-ci ildən başlayan ləğvi prosesi 2007-ci ilin sonunda başa çatdırılıb və beləliklə, cənab İlham Əliyevin vədi vaxtından bir il tez yerinə yetirilib.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas problemi Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğalı, bir milyonadək qaçqın və məcburi köçkünün olmasıdır. Bu səbəbdən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda və həmin proqrama edilmiş Əlavələrdə nəzərdə tutulan tədbirlər vaxtlı-vaxtında icra edilir. 2012-ci ildə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına Dövlət Neft Fondundan ayrılan vəsaitin həcminin əvvəlki illə müqayisədə 3 dəfə artırılması, məcburi köçkünlər üçün salınan yeni qəsəbə və məhəllələrin açılış mərasimlərində cənab Prezidentin şəxsən iştirakı onun bu sahəyə diqqət və qayğısının əyani ifadəsidir.
Bütövlükdə son 7 il ərzində Azərbaycan Prezidentinin Ehtiyat Fondundan, Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 71 qəsəbə və çoxmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər inşa edilib.
Bu gün bizim üçün ən vacib məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri haqqında əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu baxımdan, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə "Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanan və bugünkü "dəyirmi masa"da müzakirəsini keçirdiyimiz "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" adlı ikicildlik ermənilərin XIX əsrdən başlayaraq ən yeni tariximizə qədər xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq siyasəti, soyqırımı cinayətləri ilə bağlı dolğun təəssürat yaradan müfəssəl vasitədir.
Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, ermənilərin öz havadarlarına arxalanaraq xalqımızın başına gətirdikləri faciələrə obyektiv qiymət verilməyib. Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya yaymaq mümkün olmuşdur. Xüsusilə qeyd etməliyik ki, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni cinayətlərinə verilən hüquqi-siyasi qiymət olmaqla yanaşı, soydaşlarımızın məruz qaldıqları müsibətlərin araşdırılması və dünyda tanıdılması baxımından mühüm ideoloji konsepsiyadır. Azərbaycan torpaqlarında ermənilərin törətdiyi vandalizm aktları ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilmiş "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabında bu konsepsiyaya söykənərək faktların dili ilə diqqətə çatdırılır. Belə bir kitabın ərsəyə gətirilməsi erməni vəhşiliyini və xalqımızın üzləşdiyi ədalətsizlikləri dünyada tanıtmaq istiqamətində aparılan təbliğat işinə mühüm dəstəkdir.
Qarşıdan Şuşanın ermənilər tərəfindən işğalının 20-ci ildönümü gəlir. Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur! Azərbaycan özünün bütün imkanlarından istifadə edərək gec-tez işğal altında olan ərazilərini azad edəcək. Quldur Ermənistan hakimiyyəti də bilməli və dərk etməlidir ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaq onlara baha başa gələcək!
Daha
sonra çıxış edən "Azərbaycan" qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV
dedi ki, zaman keçdikcə biz ümummilli lider Heydər Əliyevin
siyasi kursunun əvəzedilməzliyinin daim şahidi oluruq. Azərbaycan
xalqının rifahı naminə həyata keçirilən məqsədyönlü
tədbirlərin nəticələri göz
qabağındadır:
- Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyəti sayəsində bu gün artıq BMT Təhlükəsizlik Şurasının sədrliyi formasında öz təsdiqini tapır. Azərbaycanın ümumi daxili məhsulun istehsalı istiqamətində dünyada öncül mövqeyini qoruması, qısa müddətdə iqtisadi-siyasi modernləşmə prosesinin uğurlu nəticələr verməsi, respublikamızın Cənubi Qafqazın ən güclü dövlətinə çevrilməsi və digər belə nailiyyətlər bu siyasətin təntənəsidir. Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial həyatının elə bir sahəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin təməl prinsiplərinin, siyasətinin izi olmasın. Bu siyasət eyni zamanda qaçqın və məcburi köçkünlərin həyatı, onların problemlərinin həlli ilə də bağlı olub.
Dahi lider xalqın arzu və tələbi ilə yenidən dövlət rəhbərliyinə qayıdanda artıq Azərbaycan ərazilərinin böyük bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycanda 1 milyona qədər qaçqın və məcburi köçkün ordusu yaranmışdı. Ancaq o zamana qədərki ölkə rəhbərliyi, o cümlədən AXC-Müsavat cütlüyü bu qəbildən olan insanların problemləri ilə məşğul olmaq istəmirdilər. Hətta Kəlbəcər, Ağdam işğal olunarkən ev-eşiyindən didərgin düşmüş insanların Bakıya gəlişi qadağan edilmişdi! Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə dönüşündən sonra bu məsələni fəaliyyətində əsas prioritet elan etdi, problemin kompleks şəkildə həllinə nail olmaq üçün bütün istiqamətlər üzrə səmərəli işə başladı və bu proses mərhələ-mərhələ indi də həyata keçirilir.
Bu prosesdə birinci mərhələ Azərbaycanın informasiya blokadasından çıxarılması oldu. Nəzərə alaq ki, 90-cı illərin əvvəllərində postsovet məkanında, ümumiyyətlə isə dünya miqyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tam yanlış informasiyalar verilirdi. Təcavüzə məruz qalan Azərbaycan "xalqların hüquqlarını tapdalayan ölkə", işğalçı Ermənistan isə "sülhə çalışan dövlət" kimi tanıdılırdı. Ermənilərin və onların havadarlarının birbaşa rəhbərliyi altında Azərbaycana qarşı aparılan informasiya savaşı qarşısında ölkəmiz təklənmişdi. Eyni zamanda, düşmənlərimiz vəziyyətdən istifadə edərək uzun illər boyu bu prosesə hazırlaşmış, təşkilatlanmış, saxta sənədlər əldə etmiş, arxivlərdən özləri üçün yalançı "əsaslar" düzəltmiş və beləliklə də dünya ictimaiyyətini ermənilərin guya soyqırımına məruz qalması barədə yalana inandırmışlar. Ancaq bu prosesin qarşısını almaq, dünya ictimaiyyətini əsl həqiqətlərdən agah etmək üçün ümummilli liderimiz əvəzolnmaz işlər gördü. O, böyük bir diplomat və jurnalist ordusunun görə biləcəyi işin öhdəsindən təkbaşına gəldi. Xarici dövlətlərə səfər edərkən əlində çubuq xəritədə Azərbaycan və Dağlıq Qarabağın mövqeyini, harada yerləşdiyini, necə işğal odunduğunu insanlara izah edirdi. Azərbaycan Avropa Şurasına qəbul olunduqdan sonra bu proses beynəlxalq təşkilatlar çərçivəsində davam etməyə başladı. Ulu öndər Heydər Əliyev işğalı törədənlə təcavüzə məruz qalanın əslində kim olduğunu dünyaya bəyan etdi. Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verildi, 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" möhtəşəm fərman verildi ki, bu sənəd həm də tarximizin ağ ləkələrdən təmizlənərək yenidən yazılmasına əsas yaratdı.
İkinci mərhələ isə təxminən 2001-ci ildən başlayır. Həmin ildə Azərbaycan Avropa Şurasına üzv qəbul olundu və beynəlxalq təşkilatlarda ölkəmizin haqq işinin müdafiəsi sahəsində aparılan siyasətin daha effektiv təməli, prinsipi müəyyənləşdirildi. O dövrdə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə cənab İlham Əliyev rəhbərlik edirdi. Həmin mərhələdə həyata keçirilən tədbirlərin məntiqi davamı kimi bu gün artıq ATƏT, Avropa Şurası, Avropa İttifaqı, BMT, İƏT və digər beynəlxalq təşkilatlar Ermənistanı işlağçı dövlət kimi tanıyırlar.
Dahi liderimizin apardığı məqsədyönlü siyasətin növbəti hissəsi isə qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırlması ilə bağlı oldu. Unutmayaq ki, atəşkəs rejimi həm də qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılmasına xidmət etdi. O dövrdə insanlar çadırlarda, palçıq daxmalarda, vaqonlarda yaşayırdılar. Ulu öndər Heydər Əliyev beynəlxalq qurumları bu problemin həllinə cəlb etməklə yanaşı, ən əsası Azərbaycanın bütün imkanlarını səfərbər etdi. Bu sahədə qanunçuluq bazası yaradıldı və məlum kateqoriyalı insanların normal yaşayışı üçün ardıcıl işlər həyata keçirildi. Bu gün artıq qaçqın və məcburi köçkünlər üçün 70-dən çox qəsəbə-şəhərcik salınıb. Bu məsələ ilə bağlı imzalanan Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində tezliklə kommunal şəraiti olmayan yerlərdə bir nəfər də olsun qaçqın və məcburi köçkün ailəsi yaşamayacaq. Bu, dahi lider Heydər Əliyev siyasətinin təntənəsidir və möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir.
Növbəti mərhələ isə ordu
quruculuğu ilə bağlı oldu. Bu gün Azərbaycanda artıq
güclü modern ordu yaradılıb. Bəzi qüvvələr
bundan narahatdır ki, Azərbaycan müharibəyə
hazırlaşır. Fəqət, Azərbaycanın məqsədi
savaş yox, işğal altındakı əraziləri azad
etməkdir. Hansısa beynəlxalq qurumlar Azərbaycanın
silahlanmasından, hərbi qüdrətinin artmasından
narahatdırlarsa, zəhmət çəkib ikili standartdan əl
çəksinlər və bu problemin siyasi yolla həllinə
nail olsunlar! Bu zaman müharibəyə
ehtiyac qalmayacaq! Amma ulu öndər Heydər Əliyev və
möhtərəm Prezidentimiz İlham Əliyev də bunu dəfələrlə
bəyan edib ki, Azərbaycan bir qarış torpağını
belə heç kimə güzəştə getməyəcək!
Əgər sülh yolu ilə danışıqlar alınmasa,
Azərbaycan beynəlxalq hüququn verdiyi üstünlüklərdən
istifadə edərək torpaqlarını işğaldan azad
edəcək!
Bu
günlərdə "Azərbaycan" qəzeti ulu öndər
Heydər Əliyevin əbədiyaşar xatirəsinə həsr
olunmuş 12-ci kitabını nəşr etdirib. Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu "Azərbaycanlıların
soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyi həm
də ulu öndərin 89-cu ildönümünə töhfədir.
Kitab tarixi yaddaşımızın bərpasına xidmət
edir.
Xocalı
soyqırımının 20-ci ildönümü zamanı
möhtərəm Prezidentimiz ümumxalq yürüşünə
qatıldı və xalqın önündə irəliləyərək
dünyaya mesaj verdi ki, Xocalıda soyqırımı baş
verib. Artıq dünya yeni mərhələyə qədəm
qoyduğumuz haqq işi uğrunda mübarizəmizi təsdiq
etməkdədir. Pakistan, Meksika, Kolumbiya parlamentləri
Xocalı soyqırımı haqqında qərar qəbul edib.
BMT Təhlükəsizlik Şurasına Azərbaycan sədirlik
edir və bu, yeni mərhələdir. Yəni, ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi
yolu Prezidentimiz yeni mərhələyə yüksəltməklə
dünya birliyinin diqqətini Azərbaycanda baş vermiş
soyqırımı aktlarına yönəldə bilib.
Bu proseslərə
ideoloji dəstək funksiyasını həyata keçirən
"Azərbaycanlıların soyqırımı: tarixin
qanlı salnaməsi" ikicildliyi siyasətçilərə,
diplomatlara və gənclərimizə faktlarla kömək edə
biləcək kitabdır. Kitabın qayəsi həm də
ondan ibarətdir ki, bu sahə ilə məşğul olan
insanları, xüsusən də gənclərimizi tarixilik
baxımından məlumatlandıraq, ideoloji sahədə
silahlandıraq! Kitabda azərbaycanlıların iki əsr boyu
üzləşdikləri faciələri, cinayətləri təsdiq
edən tarixi sənədlər toplanıb. Ulu öndər
Heydər Əliyevin 20 Yanvar 1990-cı il hadisələri ilə
bağlı Moskvada Azərbaycan nümayəndəliyindəki
məlum bəyanatından başlamış beynəlxalq
qurumların sənədləri və qətnamələri,
Prezident İlham Əliyevin nitq və
çıxışlarından parçalar, arxiv
materialları, ermənilərin cinayətkar mahiyyətini
açan ayrı-ayrı dünya siyasətçilərinin,
yazıçılarının fikrləri, erməni terrorunu
sübut edən fotoşəkillər, fotofaktlar kitaba daxil
edilib.
Çıxışımı
möhtərəm Prezidentimiz İlham Əliyevin 24 dekabr
2011-ci ildə Ağcabədi rayonunda söylədiyi müdrik
fikirlə tamamlamaq istəyirəm: "Adətən öz ad
günümü qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim
ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən
öz ailəmlə birlikdəyəm. Mənim ailəm
sizsiniz. Eyni zamanda, mən çox şadam ki, bu gün ad
günümü hamımız üçün müqəddəs
olan Qarabağ torpağında qeyd edriəm".
Bəli,
Qarabağ torpağı müqəddəs torpaqdır və
bu, dövlət başçısı tərəfindən
daim belə hesab edilib! Azərbaycan Prezidenti qaçqın və
məcburi köçkünləri öz ailə üzvləri
sayır! Qaçqın və məcburi köçkünlər
də Heydər Əliyev siyasi kursuna alternativ görmürlər
və Prezident İlham Əliyevə birmənalı dəstək
verirlər! Bu qarşılıqlı inam və etimad nəticəsində
tam əminik ki, işğalla bağlı yaranmış
bütün problemlər həll olunacaq və biz də
torpağımıza qovuşacağıq!
Qubadlı
Rayon İcra Hakimiyyətinin başçısı Malik
İSAQOV dedi ki, nadir istedad bəxş edilən insanların
üzərinə həm də böyük məsuliyyət,
tarixi missiya düşür. Bunların
reallaşdığı zaman müdrikliyə yol
açılır, pozitiv milli və bəşəri hədəflərə
çatılması məharət və ustalıqla həyata
keçirilir:
- Belə
keyfiyyətlər siyasi liderlərdə olduqda isə ictimai və
siyasi proseslərin, tarixi hadisələrin qanunauyğun
inkişafı təmin edilir. Müasir dünyanın fenomen
istedad sahibi kimi tanıdığı xalqımızın
böyük oğlu Heydər Əliyev belə keyfiyyətlərə
malik siyasi liderlərdən olmuş, xalqının, millətinin
ümummilli lideri zirvəsinə yüksəlmişdir.
Tarixin
gedişinin rəvan, hamar vaxtında xalqı, ölkəni
idarə etmək siyasi liderlər üçün adi bir
iş, çox da çətin olmayan bir prosesdir. Lakin tarixin təlatümü
çağlayanda bunun öhdəsindən adi, naşı, təsadüfi
siyasətçilər gələ bilmir. Xalqın tələbi
ilə müstəqil Azərbaycan Respublikasına rəhbərliyi
qəbul edən ulu öndərin o ağır günlərdəki,
illərdəki fəaliyyətinin xronikasını nəzərdən
keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə,
idarəçilik məharətinə, müdrik qərarlar qəbul
etmək səriştəsinə heyran qalmaya bilmir.
Heydər
Əliyev dühası qısa müddətdə Ermənistanın
Azərbaycana qarşı işğalçılıq
müharibəsinin dayandırılmasına, atəşkəsə
nail olunmasına, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllinin beynəlxalq
hüquq müstəvisinə keçirilməsinə nail oldu.
Azərbaycandan torpaq iddiası ilə bu münaqişəni
yaradan erməni ideoloqlarının, erməni lobbisinin və
Ermənistan siyasətçilərinin dünyada
yaratdıqları yalnış təsəvvürlərin
aradan qaldırılması istiqamətində ideoloji və
diplomatik fəaliyyət gücləndirildi.
Məhz
ulu öndərin təşəbbüsüylə 31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü, Xocalı soyqırımı
ilə əlaqədar dövlət sənədləri qəbul
edildi. Bu sənədlər ermənilərin azərbaycanlılara
qarşı ardıcıl məqsədyönlü törətdiyi
vəhşilikləri tarixi faktlarla ortaya qoymağa imkan verdi.
Ermənilərin yalan, saxtakarlıq üzərində qurulan təbliğatına
qarşı sistemli ideoloji fəaliyyətə əsas
yarandı.
Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin ideya rəhbərliyi ilə "Azərbaycan" qəzeti
tərəfindən ərsəyə gətirilən "Azərbaycanlıların
soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyi də
bu sahədə ulu öndərin müəyyən etdiyi tarixi
faktlara söykənən ideoloji fəaliyyətin nəticəsi
və məhsuludur.
Müstəqil
Azərbaycan dövlətinin memarı olan ulu öndər
ölkə üçün elə təməl prinsipləri
müəyyənləşdirdi, elə strateji xətt
hazırladı ki, bunlar Azərbaycanın sürətli
inkişafına zəmin yaratdı. Bu strategiya bu gün də,
sabah da, uzaq gələcəkdə də dönməz, daimi və
əbədi müstəqilliyimizin qarantıdır.
O çətin,
keşməkeşli illərin prizmasından baxdıqda
düşünmək belə çətin idi ki, dövlət
müstəqilliyi real təhlükə qarşısında
olan bir ölkə az keçməyəcək ki,
dünyanın ən nüfuzlu qurumunda - Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasında sədrlik etmək səlahiyyəti
qazanacaqdır.
Heydər
Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin milli
inkişaf strategiyasını yeni tarixi şəraitə
uyğun yaradıcılıqla həyata keçirməsi
ölkəmizi çiçəklənən bir diyara
çevirmişdir.
Yurd-yuvalarından
didərgin düşmüş qaçqın və məcburi
köçkünlərin həyat səviyyəsinin
yaxşılaşdırılması üçün nəhəng
proqramlar həyata keçirilmiş, qısa müddətdə
100 minlərlə qaçqın və məcburi
köçkünün məskunlaşdığı
çadır şəhərcikləri ləğv edilmiş,
onlar yeni salınmış abad qəsəbə və şəhərciklərdə
yerləşdirilmişdir. Ulu öndər tərəfindən
qaçqın və məcburi köçkünlərə
verilən imtiyazlar - yemək xərci müavinəti, kommunal
güzəştlər, ali məktəblərin ödənişli
fakültələrinə güzəştli qəbul və
digər imtiyazlar Prezident İlham Əliyevin dövründə
də davam etməkdədir.
Tədbirdə
iştirak edən BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Dad SİQURDSON çıxışında
bildirdi ki, BMT QAK Azərbaycandakı fəaliyyətinin
artıq 20 illiyini qeyd edir:
- Bu illər
ərzində qurumumuz Azərbaycanda olan məcburi
köçkünlər və qaçqınlarla bağlı
proqramlara 65 milyon ABŞ dollarından artıq vəsait xərcləmişdir. Azərbaycanın
müstəqilliyinin ilk illərində maliyyə və
humanitar tələbatın, eləcə də çətinliklərin
ölçüsü hökumətin əlində olan imkan və
resurslardan dəfələrlə çox olduğu bir vaxtda
BMT QAK meydana atıldı və çətin vəziyyətdə
qalmış məcburi köçkünlərin təcili
himayə ehtiyaclarını qarşılamaq üçün
qeyri-ərzaq yardımlarını yerlərə
çatdırdı.
Vəziyyət
tədricən sabitləşdikcə ehtiyaclar dəyişdi və
biz uzunmüddətli sığınacaq təminatına və
daha uzunmüddətli özünütəminetmə layihələrinin
həyata keçirilməsinə cəlb olunduq. İqtisadi
inkişaf və neft gəlirlərinin artması ilə paralel
Azərbaycan hökuməti bütün məcburi
köçkünlərin və qaçqınların mənzil
və yaşayış şəraitinin
yaxşılaşdırılması üçün sərmayələri
və sosial müavinətləri sistematik olaraq ildən-ilə
artırdı.
2007-ci ildə
sonuncu çadır düşərgələri ləğv
olundu və indiyədək 110 mindən artıq məcburi
köçkün yüksək keyfiyyətlə inşa
edilmiş mənzillərə
köçürülmüşdür. Yeni layihələr də
davam etməkdədir və təqdirəlayiq haldır ki,
bunlara hərtərəfli yanaşma sayəsində
yaşayış evləri ilə yanaşı, təhsil, səhiyyə
xidmətləri, mədəni fəaliyyət, həmçinin
maddi baxımdan təminat ehtiyacları üçün
binaların tikintisi də daxildir.
Bu
baxımdan, Azərbaycan hökumətinin məcburi
köçkünlərin problemlərinin həllində
nümayiş etdirdiyi möhkəm qətiyyət başqa
ölkələr üçün mükəmməl nümunə
kimi istifadə oluna bilər.
BMT-nin
Qaçqınlar üzrə bir-birini əvəz etmiş
üç Ali Komissarının Azərbaycana səfər etməsi
faktı səmərəli əməkdaşlığın
göstəricisidir. Azərbaycan artıq BMT QAK-ın idarəedici
orqanının tamhüquqlu üzvünə
çevrilmişdir və iyun ayının sonunda Cenevrədə
ilk komitə iclasında iştirak edəcəkdir.
Mən Azərbaycana
ötən ilin iyulunda gəldim və fəaliyyətimin ilk
prioritetlərindən biri məcburi köçkün qəsəbələrinə
səfər etmək və müxtəlif rayonlardakı vəziyyətlə
yaxından tanış olmaq olmuşdur. Yanvar və aprel
aylarında məcburi köçkünlərin
yaşadığı qəsəbələrdə oldum. Məcburi
köçkünlərin üzləşdikləri
ağır çətinlikləri öz gözlərimlə
gördüm. Bir daha əmin oldum ki, hələ hər birimiz
üçün görüləsi çox iş var.
Yeni
yüksək keyfiyyətli mənzillərə və fərdi
evlərə köçürülmüş, minnətdarlıq
və xoşbəxtlik hissi yaşayan məcburi
köçkünlərlə də görüşdüm.
Meyvə ağacları əkilib, arı pətəkləri
qurulub, bağları və eyvanları güllər,
çiçəklər bəzəyir. Bütün icmalarda
olarkən hərarətlə qarşılanma, qonaqpərvərlik
və insanların bölüşdükləri həyat hekayələri
məndə dərin izlər buraxdı. Bütün məcburi
köçkünlər tərəfindən iki vacib məsələ
dönə-dönə təkrarlanırdı: birincisi,
onların öz doğma yurdlarına tezliklə qayıtmaq
üçün bəslədikləri sarsılmaz arzu və
ümidi; ikincisi, hökumət tərəfindən göstərilən
yardım və qayğıya görə səmimi təşəkkür
və minnətdarlıq!
İstərdim
ki, Azərbaycanda BMT QAK-ın himayəsində olan, qorunma və
yardıma ehtiyacı olan didərgin insanların başqa bir
qrupu haqqında bir neçə söz deyim. 18 il əvvəl
Azərbaycan üçüncü ölkələrdən
olan 12 min insanı sığınacaq və himayə ilə təmin
etmişdir. Bu gün bu qaçqınların sayı 1800 nəfərdir.
10 mindən artıq insan üçün problemlərinin həlli
yolu artıq tapılmışdır. Yerdə qalan nisbətən
az sayda ailələr isə qanunvericilikdə və təcrübədə
cüzi dəyişiklik edilərsə, özünütəminetmə
qabiliyyətinə malik ola bilər və Azərbaycan cəmiyyətinə,
iqtisadiyyatına qiymətli töhfə verə bilər.
İnanırıq
ki, məcburi köçkünlərin öz yurdlarına
qayıtdığı gün tezliklə gələcək və
bu insanlar öz doğma yurdlarına qayıdarkən, həyatlarını
yenidən qurarkən biz birlikdə onların yanında olacaq,
onlara dəstək göstərəcəyik. Eyni zamanda, həmin
vaxtadək BMT QAK himayə funksiyasını və Azərbaycan
hökumətinə dəstəyini və didərgin insanlara
yardımını davam etdirəcəkdir.
Tədbirdə
Laçın rayonundan olan məcburi köçkün Əmirxan
ZEYNALOV da çıxış etdi. Bildirdi ki, xalqımzın
ümummilli lideri Heydər Əliyevin irəli
sürdüyü ideyalar, siyasi kurs haqq yoludur və bu gün o
siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev
uğurla davam etdirir:
-
Ümummilli lider Heydər Əliyevin adı bəşər
tarixində müstəsna xidmətlər göstərmiş,
sayılıb-seçilən, ən məşhur və
nüfuzlu şəxsiyyətlərlə bir sırada çəkilir.
Azərbaycanın xalqımıza şərəf və
başucalığı gətirən müasir tarixinin zəfər
salnaməsinin yaradılmasında böyük rəhbərimizin
ölçüyəgəlməz xidmətləri danılmaz
həqiqətdir. O, nəsillərin yaddaşında dövlət
müstəqilliyimizin, milli-mənəvi dəyərlərə,
xalqa, dövlətçiliyə sadiqliyin, azərbaycançılıq
məfkurəsinin rəmzi, ölkəmizi tənəzzül və
vətəndaş müharibəsi təhlükəsindən
azad edən böyük xilaskar, Azərbaycanı beynəlxalq
aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət
olaraq əbədiyyət qazanıb. Heydər Əliyev daim
qaçqın və məcburi köçkünlərin
qayğısına qalır, onların hər bir probleminin həllinə
nail olmağa çalışırdı.
Bu gün
Azərbaycan iqtisadiyyatı sürətlə inkşaf edir,
neft kapitalı insan kapitalına çevrilir. Prezidentimiz bütün
qaçqın və məcburi köçkünlərə
diqqət və qayğı göstərir, yeraltı daxmalarda
olan insanlar indi yeni tikilmiş müasir yaşayış
komplekslərində məskunlaşıblar. Bütün bunlar
Azərbaycan hakimiyyətinin apardığı uğurlu daxili
və xarici siyasətinin məntiqi nəticəsidir. Ona görə də Azərbaycan
xalqı daim möhtərəm prezidentimiz İlham Əliyevlə
birgədir və Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllində Prezidentin
apardığı sülh danışıqlarını dəstəkləyir.
Eləcə də torpaqlarımızın silah yolu ilə
işğaldan azad olunması uğrunda savaşa başlamaq
üçün hər an Ali Baş Komandanın əmrini
gözləyir!
Tədbirə
yekun vuran Azərbaycan Respublikası Baş nazirinin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli HƏSƏNOV qeyd etdi ki, bu gün Azərbaycan Prezidenti
İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət
nəticəsində ölkəmizin beynəlxalq diplomatik
uğurları gündən-günə artır. Ölkəmizin
artıq BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi
bunun təsdiqidir. Azərbaycanın inkişafının və
artan nüfuzunun fonunda isə işğalçı Ermənistanın
beynəlxalq mövqeləri zəifləməkdədir.
Dünya parlamentləri artıq ermənilərin azərbaycanlılara
qarşı törətdikləri soyqırımını
pisləyən və tanıyan qərarlar qəbul etməkdədir.
Bütün bu uğurların hər biri bizi böyük qələbəyə
yaxınlaşdırır. Əminik ki, Azərbaycan
Prezidentinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində
biz ulu öndər Heydər Əliyevin anadan olması ilə əlaqədar
növbəti tədbirlərimizi artıq Qarabağda,
Şuşada keçirəcəyik.
Azərbaycan.- 2012.- 5 may.- S. 5.