Demokratik inkişafın yeni modeli: Azərbaycan
nümunəsi
Azərbaycanın özü qədər
əbədi
Demokratik dövlətin formalaşması və
inkişafı hər bir siyasi-sosial şəraitdə fərqli
olur. Milli dəyərlərdən və mentalitetdən
asılı olaraq, formalaşan demokratik idarəçilik
müxtəlif elementləri və faktorları özündə
birləşdirir. Əlbəttə ki,
ümumi mənada real demokratiya xalq tərəfindən
seçilən adamların hakimiyyətidir. Bu da, təbii olaraq, nümayəndəli
demokratiyadır.
Demokratik dəyərlərin və təsisatların təşəkkül
tapması, mütəmadi surətdə yenilənərək
inkişaf etdirilməsi, insan və vətəndaş hüquq
və azadlıqlarının təmin və müdafiə
edilməsi kimi fundamental istiqamətlər müstəqil Azərbaycan
dövlətinin milli siyasət kursunun əsasını təşkil
etməkdədir. Odur ki, bütün bunların fonunda Azərbaycan
demokratik inkişaf yolunda irəliləyən iddialı ölkələr
sırasında yer almaqdadır. Ölkəmizdə
demokratiya və onun başlıca atributları olan vətəndaş
cəmiyyətinin və hüquqi dövlətin komponentlərinin
təşəkkül tapmasını, inkişafını təmin
edən başlıca amil isə mütəmadi surətdə
sistem-struktur islahatlarının həyata keçirilməsi
olub.
Belə ki, müstəqillik əldə etdikdən sonra
ölkəmizin qarşısında duran başlıca vəzifə
totalitar sistemdən çıxıb yeni cəmiyyət və
milli dövlət quruculuğunun həyata keçirilməsi,
həmçinin onun fonunda reallaşdırılacaq
islahatların davamlılığının təmin edilməsi
idi. Bunun üçünsə rasional strateji
konsepsiyanın hazırlanması və praqmatik
addımların atılması zəruri idi.
Amma müstəqilliyin ilk illərində hakimiyyətdə
olan səriştəsiz qüvvələrin irrasional fəaliyyəti
nəticəsində ölkəmizdə, sözün əsl mənasında,
siyasi-hüquqi kataklizmlərlə müşayiət edilən
böhran tendensiyası bəhs edilən vəzifələrin
reallaşdırılmasını mümkün etmədi. Ölkəyə
"rəhbərlik" edən şəxslərin
ümummilli mənafedən uzaq şəkildə korporativ
maraqların təmin olunması uğrunda mübarizəyə
qalxması ölkəni müxtəlif təyinatlı qüvvələrin
mübarizə meydanına və ideoloji qarşıdurma
poliqonuna çevirdi. Bu isə, qeyd etdiyimiz
kimi, demokratik tranzitin başlanmasına imkan vermədi. Nəticə etibarilə sistem dəyişikliyi
avtoritarizmdən oxlokratiya ilə ayaqda duran neoavtoritarizmə
keçid formasında baş tutdu.
Lakin 1993-cü ildən, yəni ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə gəlişindən sonra həyata
keçirilən kompleks islahatlar demokratik transformasiyanı təmin
edən fundamental mexanizm oldu. Ölkə daxilində
ayrı-ayrı şəxslərin və ya siyasi subyektlərin
maraqlarını ifadə edən silahlı qruplaşmalar
neytrallaşdırıldıqdan, 1994-cü ildə "Əsrin
müqaviləsi" imzalandıqdan sonra siyasi-sosial və
iqtisadi stabillik oldu. Bunun davamı olaraq 12
noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum nəticəsində
ölkə Konstitusiyasının qəbul edilməsi demokratik
transformasiyanın əsasını qoyan tarixi addım oldu.
Bundan sonra çoxpartiyalı təmsilçilik
əsasında parlament seçkilərinin keçirilməsi,
qanunvericilik prosesinin rasional və konstitusion şəkildə
təşkil edilməsi hüquqi dövlət quruculuğu
prosesini sürətləndirən mühüm amil oldu.
Beləliklə, hüquqi nihilizmin aradan qaldırılması,
siyasi-hüquqi islahatların həyata keçirilməsi kimi
strateji tədbirlər ölkədə demokratik hüquq və
azadlıqların daha da möhkəmlənməsini şərtləndirmiş
oldu. Bu sırada Ombudsman təsisatının
yaradılması, ölüm hökmünün ləğv
edilməsi, mətbuat üzərindəki senzuranın ləğv
edilməsi və müstəqil medianın
formalaşdırılması kimi islahat xarakterli addımlar
xüsusi vurğulanmalıdır.
Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən
etibarən Prezident İlham Əliyev tərəfindən yeni
keyfiyyətdə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən rasional və praqmatik siyasi
kursun fonunda insan və vətəndaş hüquq və
azadlıqlarının təminatının daha da gücləndirilməsi,
qanunvericilik bazasının zənginləşdirilməsi,
ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik
səviyyəsinin artırılmasına yardım edən
hüquqi islahatların həyata keçirilməsi və digər
bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da
sürətlənməsini şərtləndirir. Nəticə etibarilə Azərbaycan demokratiya yolunda
intensiv irəliləyişini inamla davam etdirir.
Demokratik
transformasiya kursunun uğurla davam etdirilməsi, demokratikləşmə
prosesinin intensiv surətdə həyata keçirilməsi ilə
bağlı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev qeyd edib: "Biz ölkəmizdə demokratiyanın,
insan hüquqlarının inkişafına və qorunmasına
çox böyük əhəmiyyət veririk... Biz, əlbəttə, gələcək fəaliyyətimizdə
də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də
sosial islahatları davam etdirəcəyik, insan
hüquqlarının qorunması üçün
bütün lazımi tədbirləri görəcəyik".
Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu demokratikləşmə siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin
fonunda hüquqi dövlət quruculuğu və vətəndaş
cəmiyyətinin mütləq komponentlərinin təşəkkül
tapması, söz və özünüifadə
azadlığının təmin və müdafiə
olunması kimi başlıca strateji istiqamətlərdə
fundamental uğurlar əldə edilib. Mövcud
uğurların mahiyyətini və əhəmiyyətini
anlamaq üçün bir neçə istiqamətdə
atılan addımlara və əldə olunan nəticələrə
toxunmaq məqsədəmüvafiqdir.
Qeyd etmək lazımdır ki, milli inkişaf
strategiyasının hüquqi dövlət quruculuğu və
vətəndaş cəmiyyətinin mütləq komponentlərinin
təşəkkül tapması istiqamətində insan və
vətəndaş hüquq və azadlıqlarının təmin
və müdafiə olunmasıyla bağlı mühüm
struktur islahatları həyata keçirildi. Belə ki,
hüquqi dövlətin təməl atributlarından və əlamətlərindən
biri kimi, ilk növbədə, insan və vətəndaş
hüquq və azadlıqlarının təmin və müdafiə
olunması istiqamətində kompleks tədbirlər görülüb.
Bəhs edilən sahədə fundamental
institusional mexanizmlərin formalaşdırılması və
mövcud resurslardan səmərəli şəkildə istifadə
edilməsi insan və vətəndaş hüquq və
azadlıqlarının müdafiəsi işinə birmənalı
şəkildə mühüm töhfələr bəxş
edib. Bununla yanaşı, bəhs edilən istiqamətdə
Konstitusiyaya müvafiq surətdə normativ-hüquqi
aktların qəbul edilməsi, müvafiq sərəncam və
fərmanların verilməsi, ölkəmizin milli maraqlar və
dəyərlər əsasında beynəlxalq konvensiyalara və
müqavilələrə qoşulması insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsi
mexanizminin səmərəliliyini təmin edən növbəti
strateji faktor kimi dəyərləndirilməlidir. Bu sıraya
Azərbaycanda insan və vətəndaş hüquq və
azadlıqlarının təmin edilməsi sahəsində
müəyyən olunmuş tədbirlərin əsaslı və
məqsədyönlü şəkildə həyata
keçirilməsi məqsədilə ulu öndər Heydər
Əliyevin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə
"İnsan hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramı"nın təsdiq edilməsini, məhz
bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi
kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamına
əsasən, 18 iyunun Azərbaycanda İnsan Hüquqları
Günü elan edilməsini və sonra da bu sahədə əhəmiyyətli
strateji tədbirlərin görülməsini, 24 avqust 2002-ci il
və 18 mart 2009-cu il tarixlərində keçirilmiş
ümumxalq səsverməsi-referendumlar nəticəsində
insan və vətəndaş hüquq və azadlıqları
istiqamətində qanunvericilik bazasının zənginləşdirilməsini
və digərlərini aid etmək olar. Ötən il isə insan hüquqları sahəsində
Prezident İlham Əliyev milli fəaliyyət proqramını
da təsdiqlədi.
Bundan başqa, siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi
məqsədilə həyata keçirilən siyasi-hüquqi
islahatlar da hüquqi dövlət və vətəndaş cəmiyyətinin
mütləq komponentlərinin bərqərar olunması
işinə fundamental töhfələr bəxş etdi. Belə ki, bu sıraya
ictimai-siyasi institutlaşma tendensiyasının əsasının
qoyulmasını, təsisatların leqal və legitim fəaliyyətinə
əlverişli şəraitin yaradılmasını, hakimiyyətin
hər üç müstəqil qolunun suveren və leqal
substratlarla təsbit olunmuş fəaliyyət mexanizminin səmərəlilik
səviyyəsinin artırılması yönündə
hüquqi mexanizmlərin təkmilləşdirilməsini,
dövlətlə vətəndaşların
qarşılıqlı məsuliyyətinə əsaslanan
leqal münasibətlər sisteminin
formalaşdırılmasını və s. aid etmək olar.
Bütün bunlar mülki şəxslərin
könüllü birləşməsi nəticəsində
yaranan, özünütənzimləmə və
özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi
ilə sivil şəxslər və münasibətlər
sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilən
vətəndaş cəmiyyətinin də
formalaşdırılması üçün xüsusi önəm
kəsb edən təməl strateji substratlar oldu. Məhz
bütün bu tədbirlər və nailiyyətlərin fonunda
vətəndaş cəmiyyəti özünün spesifik
funksiyaları ilə cəmiyyətdə üzvi
bütövlük, ahəngdarlıq və ümumi
inkişafı təmin edən mexanizm kimi
çıxış etdi. Odur ki, məhz
bu cür funksionallığın fonunda eyni təsisat daxilində
mədəni, iqtisadi, sosial və hüquqi münasibətlərdə
olan subyektlər qarşılıqlı surətdə bir-birlərinin
sosiallaşmasına təsir etməklə yanaşı, yeni
münasibətlər sisteminin formalaşmasını da şərtləndirdilər.
Bu isə ümumi sosiumun tərkibində "mərkəzdənqaçma"
meyillərini neytrallaşdırmaqla yanaşı, sosial,
hüquqi, mədəni və iqtisadi münasibətlər
sisteminin aktorları arasında qarşılıqlı əlaqələri
təmin və mühafizə edən mexanizm oldu.
Ötən zaman ərzində söz, fikir və
özünüifadə azadlığının təmin və
müdafiə olunması yönündə fundamental nailiyyətlər
əldə edilmişdir. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə
hakimiyyətə gəlməsindən sonra həyata keçirilən
demokratik transformasiya və milli inkişaf strategiyasının
fonunda media təsisatının təşəkkülü və
inkişafına xüsusi diqqət göstərildi və bu
sahədə strateji səciyyəli fundamental işlər
görüldü. İlk növbədə
kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyəti
üçün qanunvericilik bazası
formalaşdırıldı və müvafiq hüquqi
substratlar təsbit edildi.
Hələ 1995-ci ildə Azərbaycan
Respublikasının Konstitusiyasının qəbul edilməsi ərəfəsində
onun yaradıcısı ulu öndər Heydər Əliyevin səyləri
ilə insan və vətəndaş hüquq və
azadlıqlarının - sərbəst düşüncə və
özünüifadə, dini etiqad və məslək
azadlığının təmin olunması istiqamətində
xüsusi maddələr Ana Qanuna salındı. Ulu öndər
Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi
dövrdə media sektorunun inkişafına, söz, fikir və
özünüifadə azadlığının təmin və
müdafiə olunmasına fundamental töhfələr bəxş
edən çox ciddi addımlar atıldı. 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən
imzalanan "Azərbaycan Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında" fərmana müvafiq surətdə
həyata keçirilən işlər kütləvi informasiya
vasitələrinin fəaliyyət mexanizminin səmərəlilik
səviyyəsinin artırılmasına fundamental şərait
yaratdı. Həmin fərmanla Nazirlər Kabineti
yanında Mətbuatda və digər Kütləvi
İnformasiya Vasitələrində Dövlət Sirlərini
Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi
senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman
və bütün informasiya yayımı üzərində nəzarət
tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli
sərəncam qüvvədən düşmüş hesab
olundu.
1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri
haqqında" yeni qanunun qəbulu media təsisatının
inkişafını şərtləndirən, bəhs edilən
sahəyə müvafiq surətdə sahəvi və
ümummilli münasibətləri tənzimləyən
hüquqi bazanın zənginləşdirilməsi işinə
əhəmiyyətli töhfə oldu.
2000-ci ilin mart ayında ümummilli lider Heydər Əliyevin
sərəncamı ilə "2000-2001-ci illərdə
kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
Proqramı" təsdiq olundu. İdarəçilik
sisteminin islahatı çərçivəsində Mətbuat
və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi
informasiya vasitələrinin yaranması və fəaliyyətinin
hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə
Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına
olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin
qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini
tənzimləyən qurum - Azərbaycan Mətbuat
Şurası yaradıldı. Bütün
bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və
mətbuat azadlığının bərqərar olunması
üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi
dövründə də media sektorunun inkişafı
yönündə fundamental addımlar atıldı, söz,
fikir və özünüifadə azadlığının təmin
və müdafiə olunması yönündə fundamental
nailiyyətlər əldə edildi. Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən rasional siyasət
kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın
maddi probleminin həlli ilə bağlı çox ciddi
addımlar atıldı və müvafiq tədbirlər
görüldü. İlk növbədə
öz peşəsini dürüst və obyektiv surətdə
yerinə yetirən, Azərbaycan mətbuatının
inkişafına xüsusi xidmət edən ayrı-ayrı
jurnalistlərin müxtəlif problemlərinin həlli ilə
bağlı fundamental addımlar atılmağa
başlandı. Bununla yanaşı, Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Konsepsiyasının qəbul olunması ilə bağlı qərarın
qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması,
jurnalistlərə fəxri adların verilməsi, onların
orden və medallarla təltif olunması, qəzet
redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik
maliyyə yardımlarının edilməsi və s. kimi tədbirlər
media sektorunun inkişafını sürətləndirən
fundamental mexanizm qismində çıxış etdi.
Göründüyü kimi, Azərbaycan demokratik
inkişaf yolunda uğurla addımlayır və bu, ölkəmizin
milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Ölkəmizdə
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası
uğurla davam etdirilir. Prezident İlham Əliyevin
rəhbərliyilə həyata keçirilən
siyasi-hüquqi islahatların nəticəsi kimi Azərbaycan
demokratik inkişaf baxımından Qərb dövlətlərilə
eyni sırada durur. Azərbaycan bu gün
dünyada insan haqlarının qorunduğu və qanunun
aliliyinin təmin edildiyi demokratik ölkələrdən biri
kimi qəbul edilir. Artıq Prezident
İlham Əliyev səmərəli və məqsədyönlü
fəaliyyəti nəticəsində ölkəmizdə
konsolidasiyalı demokratiyanın oturuşmasını
labüdləşdirir. Bütövlükdə,
idarəçilik sisteminin təkmilləşdirilməsi, cəmiyyətin
ayrı-ayrı fəaliyyət sferalarında şəffaflığın,
vətəndaşla dövlətin birbaşa dialoqunun təmin
edilməsi Azərbaycanın demokratik dəyərlərə nə
qədər sadiq olduğunu sübut edir.
Bir məqamı
da xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin
sərəncamı əsasında hazırlanan "Azərbaycan-2020:
gələcəyə baxış" İnkişaf
Konsepsiyasının icrası nəticəsində ölkəmiz
demokratik tərəqqi baxımından inkişaf etmiş
ölkələrin sırasında duracaq.
Hüseyn PAŞAYEV,
YAP Mətbuat Xidmətinin
rəhbəri, YAP Siyasi
Şurasının üzvü
Azərbaycan.-
2012.- 5 may.- S. 6.