Vətəndaşların
sosial rifahı Heydər Əliyevin daim diqqətində olub
Azərbaycanın özü qədər
əbədi
İstənilən, hətta ən
yüksək inkişaf səviyyəsinə malik
iqtisadiyyatın da ortaya qoyduğu nəticələr cəmiyyətin
sosial ehtiyaclarının təmininə yönəlməyibsə,
onda o, özünəqapalı bir sistem olaraq qalır. Burada əsas
məsələ iqtisadi sahədə əldə olunan nailiyyətlərin
effektiv şəkildə sosial dəyərlərə
çevrilməsinə bağlıdır. Ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata
keçirilən sosial siyasət də bu məqsədə
xidmət etmişdir.
Ötən əsrin doxsanıncı illərinin ikinci yarısında ulu öndərin gərgin səyləri nəticəsində Azərbaycanda mövcud olan ictimai-siyasi durumun normal məcraya düşməsinin və iqtisadiyyatda irəliləyiş meyillərinin yaranmasının nəticəsi kimi ölkədə sosial sistemin köklü surətdə yenilənməsi və daha doğrusu, yeni milli modelin yaradılması məsələsi gündəmə gəldi. Aydın məsələdir ki, yeni model bu və ya digər spesifik cəhətlərlə yanaşı, sosial sferada yüksək nəticələr əldə etmiş qabaqcıl ölkələrin ən son təcrübəsini də özündə birləşdirməliydi.
Ulu öndər Heydər Əliyevin müdrikliyi, makroiqtisadi islahatların neqativ hallara yol verilmədən həyata keçirilməsi, mövcud tarazlığı həssas şəkildə qoruma istedadı sayəsində ölkəmiz bu inkişaf mərhələsini arzuolunmaz hallar və sosial sarsıntılar yaşamadan keçdi. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının israrlarına rəğmən, Heydər Əliyev "şok terapiyası"ndan imtina etdi. İqtisadiyyatın modernləşdirilməsi ilə bağlı öz mövqeyini və yanaşımını sona qədər qorumaqla bazar iqtisadiyyatına problemsiz keçidə nail oldu. Nəticədə təkcə 1995-2003-cü illər ərzində Azərbaycanda ümumi daxili məhsul 90 faiz, orta aylıq əməkhaqqı məbləği altı dəfə, pensiyalar isə səkkiz dəfə artdı.
Ümummilli lider Heydər Əliyev həmişə vurğulayırdı ki, dövlətin ən mühüm vəzifəsi öz torpaqlarından didərgin düşmüş vətəndaşların güzəranını yaxşılaşdırmaq, onların problem və qayğılarını həll etmək, ən nəhayət, işğal altında olan torpaqların azadlığını təmin etməklə hər bir məcburi köçkünün isti ocağına qayıtmasına nail olmaqdır. Bu dəyişməz kurs Prezident İlham Əliyev hakimiyyətinin də əsas vəzifəsi olaraq qalmaqdadır. Ümummilli lider Heydər Əliyevin 7 sentyabr 2001-ci il tarixli fərmanı ilə ilk dəfə qaçqın və köçkünlər üçün 500 evdən ibarət 4 qəsəbə salınmışdır. Bu xətt indi də uğurla davam etdirilir. Prezident İlham Əliyev ümummilli lider kimi bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşır.
Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan Protez-Ortopedik Bərpa Mərkəzi Almaniyanın "Otto-Bok" firması ilə əməkdaşlıq şəraitində ixtisaslaşmış xidmət göstərir. Əlilliyi olan şəxslərin protez-ortopedik məmulatlarla, əlil arabaları, eşitmə aparatları və digər reabilitasiya vasitələri ilə təminatında heç bir çətinlik yoxdur. Müharibə əlilləri üçün müalicə pansionatının yaradılması da ulu öndər Heydər Əliyevin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir. Həmin pansionatda bütün qrupdan olan müharibə əlilləri çox yüksək səviyyədə müalicə alırlar.
Son on il ərzində dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının orta aylıq məbləği 7,6 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox yüksəlmişdir. Ötən müddətdə "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş və ümumilikdə son illərdə 10-a qədər qanunvericilik aktı qəbul edilmişdir. Əlillər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin Hüquq Bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.
Ölkəmizin səhiyyə sisteminin getdikcə təkmilləşməsi, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılması, əlillik təyinatlarının aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı, demək olar ki, tamamilə alınmış, reabilitasiya göstəricisi isə 6 faizədək yüksəlmişdir. Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 8 min nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur. Qarşıda duran əsas vəzifələrdən biri sosial reabilitasiyayönümlü tədbirlərin gücləndirilməsi yolu ilə həmin insanların dolğun həyat tərzinin təmin olunması, özlərini cəmiyyətin digər üzvləri kimi hiss etməsi üçün onlara daha geniş şəraitin yaradılmasıdır. Bu məqsədlə tibbi bərpa profilli müəssisələrdə çoxşaxəli sosial reabilitasiya tədbirlərinin tətbiqinə, nəticə etibarilə həmin müəssisələrin tibbi-sosial reabilitasiyayönümlü müəssisələr kimi fəaliyyətinin təşkilinə hazırlıq işləri aparılır.
Əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə 2012-ci ildə ölkədə yeni tipli müəssisənin - Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin inşası başa çatacaq. Bununla yanaşı, digər yeni sosial obyektlərin - Mingəçevir şəhərində Çernobıl əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin, müharibə və əmək əlilləri üçün yeni korpusun, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Penitensiar müəssisələrdə azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqların tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.
Respublikamızda fiziki məhdudiyyətli insanların sosial müdafiəsi istiqamətində tədbirlərin maliyyələşdirilməsi ilə bağlı olaraq hər il müvafiq dövlət proqramı qəbul olunur ki, bu sənəd həmin insanların ictimai həyatın bütün sahələrində fəal iştirakına şərait yaradılmasını nəzərdə tutur. Proqrama uyğun olaraq, əlillərin müalicəsi və bərpası, asudə vaxtının mənalı təşkili, yaradıcı əlillərin maddi və mənəvi dəstəklənməsi, onlara müxtəlif bayramlar və əlamətdar günlər münasibətilə birdəfəlik yardımlar verilməsi, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərdə ardıcıl tədbirlər keçirilir.
Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili sahəsində - əlamətdar günlər münasibətilə tədbirlər davam etdirilir. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 455 nəfər əlil və şəhid ailəsinə, Çernobıl qəzasının ildönümü ilə bağlı həmin qəzada xəsarət almış 500 nəfər əlilə, 15 sentyabr Bilik Günü münasibətilə tərkibində iki və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaq olan imkansız ailələrə birdəfəlik maddi yardımların verilməsi təmin edilmişdir. Bu günlərdə isə Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardım verilməsi barədə sərəncam imzalamışdır.
Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman ölkə rəhbərinin diqqətindədir. Bunun nəticəsidir ki, hər il bu təbəqələrdən olan insanlar üçün 700-dən artıq mənzil inşa edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2009-cu ilin "Uşaq ili" elan olunması ölkəmizdə uşaqların vəziyyətinin yaxşılaşdırılmasında, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsində xüsusi rol oynamış, bu sahədə birgə səylərin artırılması üçün geniş imkanlar açmışdır. Xüsusilə qeyd olunmalıdır ki, Heydər Əliyev Fondunun davamlı dəstəyi ilə 3 və 7 nömrəli internat evlərində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində həmin müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılmış, əlilliyi olan uşaqların bacarıqlarının inkişafı və hüquqlarının müdafiəsi üçün mühüm işlər görülmüş, əlavə dərnək otaqları yaradılaraq xüsusi avadanlıqlarla təmin edilmişdir. Bütün bunlar ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara yüksək diqqət və qayğının real ifadəsidir.
Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi, Heydər Əliyev Fondu və UNICEF-in təşkilatçılığı ilə əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş "İmkanlara məhdudiyyət yoxdur" təbliğat-təşviqat kampaniyasına başlanılmışdır. Görmə məhdudiyyətli insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışlarını təmin etmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən bir neçə regional informasiya mərkəzləri yaradılmışdır.
Ölkəmizdə əlil vətəndaşların tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası məqsədilə görülən işlərdə əlillərlə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərə ciddi şəkildə əməl olunur və Azərbaycan hökuməti bu konvensiyaların tətbiqi istiqamətində qanunvericilik bazasının və proqramların hazırlanmasında əlil təşkilatlarının rəy və təkliflərini nəzərə alır, həmçinin onlarla əməkdaşlıq şəraitində birgə layihələr həyata keçirir. Eyni zamanda, ölkəmiz "Əlil insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlil şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı"na qoşulan ölkələrdən biridir.
Azərbaycanda əlillərlə bağlı dövlət siyasətinin mütərəqqi dünya təcrübəsinə də istinad edilməklə daim təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin dolğun həyat şəraitinə malik olmaları istiqamətində tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.
Böyük strateq Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, eyni zamanda onun ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi iqtisadi strategiya öz parlaq nəticələrini verməkdədir. Məhz bunun nəticəsidir ki, Azərbaycan 1993-cü ildən ötən müddətdə inanılmaz yol qət edərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurlar əldə etmişdir.
Əbülfət
QASIMOV,
Müharibə Əlilləri
üçün
Müalicə Pansionatının direktoru
Azərbaycan.- 2012.- 5 may.- S. 6.