Azərbaycan dövlətinin dəstəyi ilə Serbiyada məscid kompleksinin və kilsənin təmir-bərpa işlərindən sonra açılışı olmuşdur

 

 Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 2-dən 4-dək Serbiya Respublikasında səfərdə olmuşdur.

Nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan dövlətinin dəstəyi ilə Novı Sad şəhərində yenidən qurulan "Müqəddəs Petka" kilsəsinin və paytaxt Belqradda "Bayraqlı Cami" məscid kompleksinin açılışında iştirak etmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin, Bakı və Azərbaycan yeparxiyasının başçısı Aleksandr işeyinindaxil olduqları Azərbaycan nümayəndə heyəti səfərin birinci günü Belqradın mərkəzində yerləşən Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil qoymuşdur.

Sonra görkəmli serb yazıçısı və filosof Milorad Paviçin bu parkda ucaldılmış abidəsi ziyarət olunmuşdur.

Daha sonra nümayəndə heyəti 1999-cu ildə NATO-nun hava hücumu nəticəsində həlak olan uşaqların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuşdur.

Taşmaydan ilə tanışlıq zamanı məlumat verilmişdir ki, bu parkın açılışı Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Serbiyaya rəsmi səfəri zamanı olmuşdur. Bu park Belqrad sakinlərinin ən sevimli istirahət məkanlarından biridir.

Həmin gün nümayəndə heyətinin Serbiyanın Pravoslav kilsəsinin patriarxı, Belqradın metropoliti İriney ilə görüşü olmuşdur.  "Azərbaycan ilə Serbiya coğrafi baxımdan bir-birindən uzaqda yerləşsə də, xalqlarımızın qarşılıqlı ehtiramı və sevgisi hər iki dövləti yaxınlaşdırır", - deyən metropolit qeyd etmişdir ki, onun ölkəsində  Azərbaycanın uğurları yaxından izlənilir.

Bu gün ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan metropolit İriney Azərbaycan nümayəndə heyətinin səfərinin uğurlu olacağını demişdir.

Azərbaycan Prezident İlham Əliyevin salamlarını Serbiyanın Pravoslav kilsəsinin rəhbərinə çatdıran Elçin Əfəndiyev bildirmişdir ki, nümayəndə heyətinin səfəri nadir xarakter daşıyır. Çünki bu səfər çərçivəsində Serbiyada kilsə ilə məscid kompleksi eyni gündə istifadəyə veriləcəkdir. Ölkəmizdə hökm sürən tolerantlıqdan, bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığından danışan Baş nazirin müavini vurğulamışdır ki, Azərbaycan dövlətinin başçısı buradakı məscid kompleksinin və kilsənin bərpa-təmir işlərini daim diqqətdə saxlamışdır.

Səfərin əhəmiyyətindən danışan Allahşükür Paşazadə metropolit İriney ilə görüşməkdən məmnunluğunu ifadə etmişdir. QMİ-nin sədri görüşün dövlətlər və xalqlar arasındakı əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə və dinlərarası dialoqda körpü rolu oynayacağına əminliyini bildirmişdir.

Sonra qarşılıqlı hədiyyələr təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.

 

* * *

 

Mayın 3-də isə Azərbaycan-Serbiya əlaqələrinin tarixində daha bir əlamətdar hadisə olmuşdur. Nəinki yerləşdiyi regionda, eləcə də dünyada dinlərarası dialoqa töhfə verən, tolerantlıq ənənələrinin daha da möhkəm təməllər üzərində qurulması istiqamətində taleyüklü işlər görən Azərbaycan dövlətinin dəstəyi ilə serb möminlərinə unudulmaz gün bəxş edilmişdir. Serbiyanın Voevodina muxtar diyarının paytaxtı və Belqraddan sonra ölkənin ikinci ən böyük şəhəri sayılan Novı Sadda "Müqəddəs Petka" kilsəsinin təmir-bərpa işlərindən sonra açılış mərasimi olmuşdur.

Kilsənin tikintisinə müxtəlif illərdə keçmiş Yuqoslaviyanın bəzi ərazilərindən buraya gələn qaçqınlar başlasalar da, maliyyə çətinliyi ucbatından işi başa çatdırmaq mümkün olmamış, kilsənin inşası yarımçıq saxlanılmışdır. Möminlər isə dini ayinləri yararsız halda olan məbəddə icra etmək məcburiyyətində qalmışlar. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Serbiyaya rəsmi səfəri zamanı Novı Sadda yaşayan qaçqınlar və bu şəhərin meri dövlətimizin başçısından kilsənin təmir-tikinti işlərinə kömək etməyi xahiş etmişlər. Keçən ilin oktyabrında burada Azərbaycan dövlətinin dəstəyi ilə əsaslı təmir-tikinti işlərinə başlanılmış və qısa müddət ərzində bütün işlər yüksək səviyyədə yekunlaşdırılmışdır.

Mərasim iştirakçıları kilsənin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostend ilə tanış olmuşlar.

Açılış mərasimində çıxış edən Srem regionunun yepiskopu Vasile Azərbaycan Prezidenti İlham Əliyevə kilsənin təmir-tikinti işlərində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir. Kilsənin Novı Sad şəhərinin mərkəzində yerləşdiyini və bundan sonra burada müxtəlif dini tədbirlərin yüksək səviyyədə keçiriləcəyini diqqətə çatdıran yepiskop mənəvi dəyərlərin həm Azərbaycan, həm də serb xalqlarını birləşdirdiyini vurğulamış,  Azərbaycan dövlətinə və xalqına sülh və əmin-amanlıq arzulamışdır.

Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tədbir iştirakçılarına salamlarını çatdıran Elçin Əfəndiyev bildirmişdir ki, ölkəmizdə dinindən, dilindən, irqindən asılı olmayaraq, hamı eyni hüquqlara malikdir. Dövlətlə yanaşı, Heydər Əliyev Fondunun da müxtəlif dinlərə mənsub abidələrə göstərdiyi diqqətdən danışan Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycanda tolerantlığın qədim kökləri vardır. Ümummilli lider Heydər Əliyev də bu ənənələrin qorunması, möhkəmləndirilməsi üçün mühüm addımlar atmış, bu gün ulu öndərin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

QMİ-nin sədri şeyxülislam A.Paşazadə qeyd etmişdir ki, Azərbaycanda dövlət-din münasibətləri çox yüksək səviyyədə qurulmuşdur. Ölkəmizdə mədəniyyətlər və dinlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində keçirilən mühüm tədbirləri xatırladan şeyxülislam ölkəmizin iqtisadi sahədə olduğu kimi, mənəvi sahədə də uğurlara imza atdığını bildirmişdir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışan QMİ-nin sədri vurğulamışdır ki, işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən müxtəlif dinlərə aid abidələr, maddi-mədəni irsimiz məhv edilmişdir. O, yaxın gələcəkdə Azərbaycanın işğal altındakı torpaqlarının azad olunacağına və həmin ərazilərdəki dini məbədlərin də bərpa ediləcəyinə ümidvar olduğunu demişdir.

Kilsənin açılışını mühüm hadisə adlandıran Bakı və Azərbaycan yepiskopu Aleksandr İşeyin isə vurğulamışdır ki, Azərbaycanda yaşayan xristianlar hökumət, parlament, biznes və digər sahələrdə təmsil olunurlar. Azərbaycanda tolerantlıq hökm sürür. Azərbaycan dövlətinin bütün dünyada tolerantlığa, mədəniyyətlər və dinlərarası dialoqa töhfələr verdiyini qeyd edən yepiskop demişdir ki, kilsənin açılışı bunun bariz nümunəsidir.

Belə bir əlamətdar mərasimdə iştirakından şərəf duyduğunu bildirən Serbiyanın xarici işlər naziri Vuk Yeremiç ölkələrimiz arasında əlaqələrin inkişafından danışmış, dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etmişdir. Azərbaycan hökumətinə göstərdiyi dəstəyə görə təşəkkür edən xarici işlər naziri Azərbaycan ilə Serbiya arasında qarşılıqlı anlaşma şəraitinin olduğunu vurğulamışdır.

Sonda Elçin Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından kilsəyə xatirə hədiyyəsi təqdim etmişdir.

Kilsənin ərazisində rəmzi olaraq ağaclar da əkilmişdir.

Sonra tədbir iştirakçıları Novı Sad şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət etmiş, önünə əklil qoymuşlar. Qeyd edilmişdir ki, abidənin yerləşdiyi park Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə yenidən qurulmuşdur.

 

* * *

 

Həmin gün Belqrad şəhər meriyasında Serbiyanın sabiq  prezidenti və hazırda prezidentliyə namizəd Boris Tadiçə Beynəlxalq İlyas Əfəndiyev mükafatının təqdimetmə mərasimi keçirilmişdir.

İlyas Əfəndiyev Fondunun rəhbəri Tural Əfəndiyev qurumun fəaliyyəti barədə məlumat vermişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə vətəndaş cəmiyyətinin inkişaf etdiyini diqqətə çatdıran fondun rəhbəri Azərbaycan və Serbiya dövlətləri başçılarının qarşılıqlı səfərlərinin iki ölkə arasında münasibətlərin inkişafındakı rolundan danışmışdır.

Sonra demokratiyasülhün inkişafındakı xidmətlərinə görə Boris Tadiçə Beynəlxalq İlyas Əfəndiyev mükafatı təqdim edilmişdir.

Mükafata layiq görüldüyünə görə şərəf hissi keçirdiyini deyən Boris Tadiç bunu ölkələrimiz və xalqlarımız arasında dostluğun təzahürü kimi qiymətləndirmiş, bunun təkcə ona deyil, təmsil etdiyi serb xalqına verilmiş bir dostluq mükafatı olduğunu vurğulamışdır. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkələrimizin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq etdiyini deyən Boris Tadiç Azərbaycanın inkişafı, Serbiyaya göstərilmiş dəstək barədə danışmışdır.

Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin Serbiyanın sabiq prezidenti Boris Tadiç ilə görüşü olmuşdur. Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin inkişafından məmnunluq ifadə edilmişdir.

 

* * *

 

Vaxtilə Osmanlı imperiyasının tərkibində olan Belqrad şəhərində 80-dən artıq məscid olsa da, bu gün şəhərdə onlardan yalnız biri - "Bayraqlı Cami" məscid kompleksi mövcuddur. XVI əsrə aid dini abidənin son dövrlərdə təmir-bərpa işlərinə böyük ehtiyacı olsa da, müsəlman icmasının və şəhər rəhbərliyinin bərbad vəziyyətə düşmüş kompleksin bərpasına imkanı yox idi.

Serbiyanın müsəlman icması və Belqrad şəhərinin müftisi məscidin təmirinə maddi dəstək üçün 2011-ci ildə Serbiyada rəsmi səfərdə olan Prezident İlham Əliyevə müraciət etdikdən sonra dövlətimizin başçısı məbədin təmir etdirilməsi istiqamətində müvafiq tapşırıq vermişdir.

Məscidin açılışında sülh və barışıq rəmzi olan göyərçinlər səmaya buraxılmışdır.

Açılış mərasimində çıxış edən Belqradın müftisi Muhammed Yusifspaxiç Prezident İlham Əliyevə Serbiyada yaşayan müsəlmanlar adından minnətdarlığını bildirmişdir. Müfti qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Belqradda bir çox yerlərdə abadlıq işləri aparılmışdır. Məscid kompleksinin bərpa olunması isə nəinki Azərbaycan-Serbiya arasında dostluğu dərinləşdirəcək, eyni zamanda, Serbiyada müxtəlif dinlərin nümayəndələri arasında həmrəyliyə töhfəsini verəcəkdir. Müfti həmçinin iki ölkə rəhbərlərinin timsalında Azərbaycan və serb xalqlarının dostluğunu yüksək qiymətləndirmişdir.

Diqqətə çatdırılmışdır ki, məscid kompleksinə daxil olan altımərtəbəli binada mədrəsə, islam elmləri fakültəsi, kitabxana, akt zalı möminlərin sərəncamına veriləcəkdir.

QMİ-nin sədri Allahşükür Paşazadə ölkəmizdə bütün dini abidələrə yüksək dövlət qayğısının göstərildiyini qeyd edərək tolerantlığın Azərbaycan dövlətinin əsas siyasi istiqamətlərindən biri olduğunu qeyd etmişdir. Ölkəmizdəki tolerantlıq barədə dünyada artıq  məlumatın olduğunu deyən şeyxülislam Prezident İlham Əliyevin bütün dinlərin nümayəndələrinə böyük qayğı ilə yanaşdığını diqqətə çatdırmışdır.

Serbiyanın Pravoslav kilsəsinin rəhbəri İriney dinlərarası dialoqun əhəmiyyətindən danışaraq Serbiyadakı kilsənin və məscidin Azərbaycan dövlətinin dəstəyi ilə yenidən qurulmasını ölkələrimiz, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsində növbəti mərhələ olduğunu demişdir.

Yepiskop Aleksandr İşeyin isə qeyd etmişdir ki, Azərbaycanda məscidlərlə yanaşı, sinaqoq və kilsələrə də böyük diqqət və qayğı göstərilir. Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə dini ayinlərini sərbəst həyata keçirmək üçün yüksək şərait yaratmışdır.

Serbiyanın müsəlman icmasının rəhbəri və müftisi Adam Zilkiç Prezident İlham Əliyevə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmiş, Azərbaycan dövlətinə və xalqına əmin-amanlıq arzulamışdır.

Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdıran Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan xalqı və dövlətinin tolerantlıq ənənələrinə sadiq olduğunu vurğulamışdır. Bu ənənələrin vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən inkişaf etdirildiyini qeyd edən Baş nazirin müavini demişdir ki, hazırda ümummilli liderin adını daşıyan fond da bu istiqamətdə mühüm işlər görür.

Elçin Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından məscidə xatirə hədiyyəsi təqdim etmişdir.

Bu mərasimə qatıldığına görə qürur hissi keçirdiyini bildirən Serbiyanın sabiq prezidenti Boris Tadiç isə Prezident İlham Əliyev ilə  dərin dostluq münasibətlərinin olduğunu qeyd etmiş, ölkəsinin Azərbaycan ilə əlaqələrin daha da möhkəmlənməsində maraqlı olduğunu bildirmişdir. 

Tədbirdə Serbiyada akkreditə olunmuş Türkiyə, ABŞ və digər ölkələrin səfirləri və diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

 

* * *

 

Səfərin yekunlarına dair AzərTAc-ın müxbiri ilə fikirlərini bölüşən Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan dövlətinin dəstəyi ilə Serbiyada yenidən qurulan məscid kompleksinin və kilsənin eyni gündə açılışının Serbiyanın müasir tarixində çox mühüm hadisəyə çevrildiyini bildirmişdir. Baş nazirin müavini demişdir ki, iyirmi ildə ilk dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti ilə görülən işlər sayəsində nəinki Serbiyada, eləcə də Balkanlarda müxtəlif dinlərin liderləri bir araya gəlmişlər. Bu, Azərbaycan-Serbiya münasibətlərinin gələcək inkişafı ilə bərabər, kifayət qədər mürəkkəb region olan Balkanlarda yerləşən Serbiyada ölkədaxili vətəndaş həmrəyliyi, dini tolerantlıq və müxtəlif dinlərin nümayəndələrinin dinc birgə yaşayışı üçün tarixi bir addım idi. Bu gün tam əminliklə demək  olar ki, tolerantlığı ilə tanınan Azərbaycan dünya tolerantlıq tarixinə, dinlər və mədəniyyətlərarası münasibətlər salnaməsinə yeni səhifə yazmışdır. 

 

 

Elgün NİFTƏLİYEV

 

Azərbaycan.- 2012.- 5 may.- S. 7.