Piratçılığa
qarşı mübarizə gücləndirilir
Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Elm və təhsil komitəsinin birgə iclası keçirilib. İclasda "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" (ikinci oxunuş) və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" (üçüncü oxunuş) qanun layihələri müzakirə olunub.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Ancaq müzakirələr zamanı qanun layihəsinin bəzi müddəalarına dəyişkliklərin edilməsi tövsiyə edilib. Əli Hüseynlinin sözlərinə görə, qanun layihəsi əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalının və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyəcək. Yeni qanun 4 fəsil, 17 maddədən ibarətdir.
Müzakirələr zamanı çıxış edən deputatlar Rafael Hüseynov, Bəxtiyar Əliyev, Gövhər Baxşəliyeva qeyd ediblər ki, qanun layihəsi əqli mülkiyyətin qorunması sahəsində qanunvericilikdə mövcud olan boşluğun aradan qaldırılması üçün vacibdir. Bu qanunun həm də maarifçilik əsasları var. Çıxışlardan sonra qanun layihəsi ikinci oxunuşda müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, qanun layihəsi ilə bağlı ATƏT-in Bakı Ofisi ilə əməkdaşlıq edilib və dünya standartlarına uyğunlaşdırılıb. Layihə barədə adıçəkilən komitənin üzvü Çingiz Qənizadə məlumat verib. Deputat bildirib ki, 4 fəsil və 50 maddədən ibarət qanun layihəsi həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Layihədə qeyd olunur ki, qadınlar 3 yaşınadək uşaqları öz yanlarında saxlaya bilərlər. Hamilə və ya yanında 3 yaşınadək uşaq olan qadınlar üçün yaxşılaşdırılmış maddi-məişət şəraiti yaradılır, onlar xüsusi tibbi yardım və yeməyin xüsusi normaları ilə təmin edilirlər. Gəzinti müddəti həmin qadınlar üçün normadan 2 saatadək uzadılır.
Müzakirələr zamanı çıxış edən deputatlar Qüdrət Həsənquliyev və Rafael Hüseynov qeyd ediblər ki, qanun layihəsi hüquqi islahatlar istiqamətində atılan ən mühüm addım hesab olunur. Bu sənəd mövcud problemlərin tam şəkildə aradan qaldırılmasını təmin edəcək. İclasda sənədə üçüncü oxunuş zamanı 1 müddəanın daxil edilməsi də təklif olunub. Qeyd olunub ki, həbs edilən şəxsə ailə üzvlərindən hər hansısa birinin vəfatı zamanı onun dəfn mərasimində iştirak etməsi üçün icazə verilməsi ilə bağlı müddəa daxil edilə bilər. İclasda iştirak edən ATƏT-in Bakı Ofisinin nümayəndəsi Monika Martinez də qanun layihəsinin beynəlxalq standartlara cavab verdiyini bildirib. O, qanun layihəsinin hazırlanması prosesində ATƏT-in Bakı Ofisi ilə mütəmadi məsləhətləşmələrin aparıldığını bildirib.
Sonda qanun
layihəsi üçüncü oxunuşda müzakirə olunması üçün Milli Məclisin
plenar iclasına tövsiyə edilib.
Azərbaycan.- 2012.- 5 may.- S. 7.