DSMF 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 aprel 2012-ci il tarixli "1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" sərəncamı ilə Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılmışdır. Artıq fond tərəfindən birdəfəlik yardımın şamil olunmuş şəxslərə çatdırılması həyata keçirilmişdir. Sərəncama uyğun olaraq ayrılan məbləğ həmin şəxslərin hesablarına köçürülmüşdür.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məlumat vermişdir. O bildirmişdir  ki, sərəncam hazırkı vəziyyətdə 28 968 nəfərə şamil olunmuşdur. Bunlardan 2739 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır. Onlara 500 manat məbləğində birdəfəlik yardım göstərilmişdir. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. S.Müslümov vurğulamışdır ki, bu kateqoriyaya aid olan şəxslərin sayı isə 26 229 nəfər təşkil edir.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 5 may.- S. 7.