Berlinin Brandenburq
qapılarını 416-cılar açdı
1939-cu ilin sentyabrında Almaniyanın Polşaya hücumu ilə İkinci dünya savaşı başladı. 1941-ci il iyunun 22-də düşmən aviasiyası qəfil hücuma keçərək SSRİ-nin bir neçə şəhərini bombaladı. Faşist təyyarələrindən atılan bombalar uğultu ilə yerə, binaların üzərinə tökülür, insanlar həlak olurdu. Bu, o vaxt Sovet İttifaqında birləşən bütün respublikalarda olduğu kimi, Azərbaycanda da həyəcanla qarşılandı. Hitlerin müharibə ilə bağlı hazırladığı planların bir qismi də Bakı ilə bağlı idı. Nəyin bahasına olursa-olsun Bakı ələ keçirilməli idi. Çox keçmədən Cənub ordu qrupunun qərargahında keçirdiyi müşavirədə Hitlerin çıxışının stenoqramı yayıldı: "Əgər biz Bakını, onun sərvətini ələ keçirə bilməsək, gərək başladığımız müharibəni dayandıraq". İkinci vəzifə Stalinqradın məğlub edilməsi idi. Bu da ona görə vacib idi ki, Stalinqrad işğal olunsa, Bakıya yollar açılırdı. Digər plana isə Ukraynanın cənub regionları, Donbas, Kuban, Krasnodar, Don, onların bərəkətli torpaqları, daş kömürü, sonra Qara dəniz, Xəzər və Azov dənizlərinin donmayan limanları daxil idi. Hitlerin planı vaxtilə Leninin nəzərdə tutduğu planla tamamilə üst-üstə düşürdü: "Əfqanıstana, hətta Hindistana gedən yol belə Bakıdan keçir, deməli, bütün yollar Bakıdan keçir". Necə deyərlər, Hitlerin ürəyi Bakının neft mədənlərindəki mancanaqlarla "bir vururdu".
SSRİ rəhbərliyi bu plandan xəbər tutan kimi Bakının müdafiəsini üç istiqamətdən gücləndirdi. Ölkənin hər yerində cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət edən gənclərin sayı-hesabı yox idi. Neft emal edən zavodlar istehsal güclərini artırmaqla yanaşı, təhlükəsizlik tədbirləri də görürdülər. Qısa müddətdə Bakıda 186.704 nəfərlik xalq qoşunu dəstələri yaradıldı. Respublikada 87 qırıcı batalyon, 1.124 özünümüdafiə dəstəsi təşkil edildi. Lakin Qafqaz istiqamətinin daha etibarlı müdafiəyə ehtiyacı vardı.
Ali Baş Komandanlıq Şimal qrupu qoşunları qarşısında vəzifə qoymuşdu: "Orconikidze və Qroznı-Mahaçqala-Bakı istiqamətlərini etibarlı surətdə qoruyaraq almanların 1-ci tank ordusunun qüvvələrini özünə cəlb edib onların Stalinqrad istiqamətinə atılmasına imkan verməmək". Belə bir çətin məqamda milli diviziyaların yaradılması zərurəti ortaya çıxdı. Zaqafqaziya cəbhəsinin komandanı, ordu generalı İ.V.Tülenev milli diviziyaların formalaşdırılmasını tezləşdirdi. Azərbaycan rəhbərliyi Ali Baş Komandanlığın qərar və tapşırıqlarını yerinə yetirir, milli diviziyaların formalaşmasında var gücü ilə çalışırdı.
1941-ci il avqustun 26-dan etibarən Azərbaycanda milli atıcı diviziyaların yaradılması prosesi sürətləndirildi. Diviziyaları formalaşdırma məkanı kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhəri seçildi. Şəxsi heyəti azərbaycanlılardan ibarət olmaqla, qısa müddətdə bir neçə milli atıcı diviziyanın hissə və bölmələri komplektləşdirilərək döyüş və siyasi hazırlığa başlandı. Azərbaycanlılardan ibarət 77-ci dağatıcı, 223-cü Belqrad milli atıcı, 396-cı atıcı, 402 və 416-cı milli atıcı diviziyaları yaradılaraq Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44, 45 və 46-cı orduların tərkibinə daxil edildi.
İkinci dünya müharibəsində Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazmış əfsanəvi 416-cı atıcı Azərbaycan Milli diviziyası haqqında Sovet İttifaqının ən nüfuzlu qəzetləri yazırdı: "Döyüşməyi İsrafil Məmmədovdan öyrənin", "416-cı Azərbaycan diviziyasının hər bir əsgəri qəhrəmandır" və sair. Qəzetlər 416-cının şahinlərinə səhifə-səhifə yer ayırırdı. Bu diviziya ilk dəfə Ucar və ətraf rayonların cəbhəyə gedən oğulları tərəfindən yaradılmışdı. Az-çox formalaşan kimi döyüş nöqtəsinə göndərilən diviziya 1941-ci ilin noyabrında düşmənin möhkəmləndirilmiş müdafiəsini yararaq Staro-Lednevi ələ keçirir. Bu döyüş diviziyanın ilk ciddi sınağı və əsl döyüş imtahanı idi. 23 faşist tankını pərən-pərən salmış döyüşçülər düşmənin atəş nöqtələrini və minaatan batareyalarını məhv etmişdi. Həmin döyüşdə ağır yaralanan batareya komandiri, baş leytnanat Əmrah Əhmədov yaralı olsa da, döyüşün sonuna qədər meydanı tərk etməmiş, düşmənin çox mühüm dayaq nöqtəsini məhv etmişdi. Ertəsi gün şəxsi heyətin igidliyi cəbhə komandanlığı tərəfindən yüksək qiymətləndirilmişdi. Diviziyaya göndərilən təbrik məktubunda deyilirdi: "Əsgərlərə, komandirlərə, siyasi rəhbərlərə və Azərbaycan xalqının şanlı oğullarına çatdırın ki, onların İşersk stansiyası rayonunda faşist işğalçılarına qarşı döyüşdə əldə etdikləri müvəffəqiyyət başlanğıcdır. Ümid edirəm ki, Bakı proletariatının döyüş ənənələri Böyük Vətən müharibəsi cəbhəsində sizin döyüş işlərinizdə cəmləşəcəkdir".
1943-cü ilin yayında 416-cı diviziya digər döyüş hissələri ilə birləşərək almanların üç zolaqdan ibarət "Mius-front" müdafiəsini yarır. İki sutka ərzində diviziyanın döyüşçüləri düşmənin 3 mindən çox əsgər və zabitini məhv edir. Ardınca sovet qoşunları Taqanroq şəhərini azad etməyə başlayır. 1943-cü il avqustun 30-da azərbaycanlılardan ibarət şanlı 416-cı atıcı diviziya Taqanroq şəhərini alman faşistlərindən azad edir. Həmin gün Ali Baş Komandanın əmri ilə diviziyaya fəxri "Taqanroq" adı verilir. "416-cı atıcı Taqanroq diviziyası". Axşam Moskvada qəhrəman azərbaycanlı döyüşçülərin şərəfinə ilk dəfə 220 topdan yaylım atəşi açılır. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri misilsiz qəhrəmanlıqlar göstərmiş döyüşçülərin görüşünə gedir, ən qaynar nöqtələrdə 416-nın əsgər və zabitlərinə konsertlər verir, onları qələbəyə ruhlandırırdılar. Azərbaycanlı analar-nənələr, qız-gəlinlər gecə-gündüz bilmədən yun paltar toxuyur, üzərinə yalnız bir ünvan yazırlar: "Cəbhəyə".
Azərbaycanda yaradılmış 8 milli diviziyanın hər biri müharibədə böyük qəhrəmanlıqlar göstərirdi. Mərkəzi mətbuatın səhifələrini müxtəlif orden və medallarla təltif edilmiş azərbaycanlı döyüşçülərin şəkilləri bəzəyirdi.
Taqanroqun
azad edilməsindən sonra milli diviziyalar 416-da birləşdi.
1942-ci
ilin martında göstərdiyi sücaətə görə
diviziyanın 8 döyüşçüsünə Sovet
İttifaqı Qəhrəmanı adı verildi. Diviziya bu dəfə
28-ci ordunun tərkibində Melitopolun azad edilməsi uğrunda
döyüşlərə atıldı. Kalmius çayı
üzərində düşmənin çox möhkəm
müdafiəsini yaran azərbaycanlı
"taqanroqçular" bir neçə günün içərisində
düşmənin 4 minədək əsgər və zabitini,
xeyli texnikasını məhv edərək Moloçnaya
çayı üzərində yeni qələbəyə imza
atır. Diviziya bu qələbədən sonra
"Qırmızı Bayraq" ordeni ilə təltif edilir.
Birinci taborun əsgəri Cəfərov Ağaşirin Məmməd
oğlu Kalmius çayı üzərində və Semenovka
yaşayış məntəqəsinin azad edilməsi
uğrunda döyüşlərdə göstərdiyi
şücaətə görə SSRİ Ali Soveti Rəyasət
Heyətinin qərarı ilə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülür.
Ukraynanı
az qala bütünlüklə faşistlərdən təmizləyən
416-cı diviziya digər ordu
hissələri ilə birlikdə Dnepri keçib Cənubi Buq
çayına çıxır. Diviziyanın şəxsi heyəti
arasında ölən və yaralananların sayı
artdıqca Azərbaycandan gedən gənc
döyüşçülər onları əvəz edir, bir
neçə həftəlik hazırlıqdan sonra
döyüşlərə atılırdılar. 1944-cü
ilin aprelində Odessanı xilas edərkən 416-nın əsgərləri
şəhərin küçələrində 3500 nəfər
faşist meyiti qoyub çıxırlar. Bu qələbəyə
görə diviziyanın
bayrağına 2-ci dərəcəli "Suvorov" ordeni də
əlavə edilir.
1945-ci iln
fevralında diviziyanın hissələri Oderin qərb sahilinə
çıxırlar. Kapitan Bahyəddin Mirzəyevin
batareyası möhkəm müqavimət göstərirdi.
Ağır yaralanan komandir son nəfəsinə qədər
müqavimət göstərərək düşmənin 9
topunu məhv edib qəhrəmanlıqla həlak olur. Ona
ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı
adı verilir. Yüksək döyüş qabiliyyətinə
görə diviziyanın komandiri general-mayor Sızranova və
şəxsi heyətə təşəkkür elan olunur.
Yanvarın 17-də 416-cılar Polşa ordusu ilə birgə
Varşavanı da azad edirlər.
Kyustrin
uğrunda döyüşlərdə Salat Mövlanovun taboru
şəhərin hərbi zavodunu ələ keçirir və
bununla da Berlinin giriş yolu açılır. 1945-ci il aprelin
21-i 416-cı diviziya üçün unudulmaz gün olur. Həmin
gün taqanroqçu azərbaycanlılar öndə olmaqla,
sovet qoşunları Berlin uğrunda həlledici hücuma
başlayır. Diviziya öz zolağında Berlinin möhkəmləndirilmiş
daxili və xarici müdafiəsini yararaq şəhər
uğrunda döyüşlərə başlayır. Marşal
Jukov bu barədə yazırdı: "Berlinə şərqdən
daxil olan ilk qoşunlar arasında 416-cı diviziya da var idi. Bu
diviziyanın 2 alayı mayın 2-də Sovet ordusunun başqa
hissələri ilə birlikdə düşmənin Berlinin cəmləşmiş
dəstələrini darmadağın etmək
tapşırığı ilə həlledici hücuma
keçdilər. Saat 10.30-da 416-nın hissələri cənub-qərb
istiqamətini yarıb Brandenburq qapılarını ələ
keçirdi". Diviziya formalaşdığı gündən
1945-ci il mayın 2-dək döyüşlərdə 22996
düşmən əsgər və zabitini məhv etmiş,
5474 nəfəri isə əsir almışdır.
Diviziyanın hissə və bölmələri almanların
195 müxtəlif növ iriçaplı silahını, 81
minaatanını, 210 dəzgahlı pulemyotunu, 84 əl
pulemyotunu, 4997 tüfəngini, 2150 anbarını məhv
etmişdir.
Ulu
öndər Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə 1980-ci il may ayının 8-də
Taqanroq şəhərini faşist
işğalçılarından azad etmiş azərbaycanlı
döyüşçülərin şərəfinə
Taqanroq şəhərində abidə
ucaldılmışdır. Abidənin
açılışında iştirak edən Heydər Əliyev
çıxış edərək müharibədə
düşmən üzərində qələbə
qazanılmasında azərbaycanlıların
iştirakını, 416-cı Azərbaycan Milli Taqanroq
Diviziyasının döyüş şücaətini yüksək
qiymətləndirmişdir.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2012.- 13 may.- S. 10.